Düşüncə Jurnalı

header photo

Bənzər 2 dövr- Körpəlik və Qocalıq

İnsan həyatı müxtəlif yaş dövrlərinə bölünür. Bu yaş dövrünün başlanğıcı “körpəlik”, sonu isə “qocalıq” dövrüdür. Körpəlik və qocalıq: bunlar arasında zaman nə qədər böyük olsa da, sanki xüsusiyyət etibarilə bənzərlikləri də çoxdur. Uşaq anadan olan zaman valideyn və böyüklərdən asılı vəziyyətdə olur. Qida, qayğı, müdafiə, sevgi və s. kimi müxtəlif ehtiyaclar duyur. Bir sözlə, özü sərbəst addım atacağı dövrə qədər valideyn qayğısında olur. Uşağın həyata atılması üçün hətta ən kiçik detallar belə, valideynin nəzərindən qaçmır. Valideynin göstərdiyi diqqət uşağı sevindirir və bu, uşağın kiçik yaşlarında həyata marağını daha da artırır. Hər hansı bir işin öhdəsindən gələrkən təriflənməsi uşağı daha da işə cəlb edir. Uşağın gördüyü işə qiymət verilməzsə, o bədbinləşir və növbəti dəfə veriləcək işin öhdəsindən keyfiyyətsiz gəlir. “İkinci uşaqlıq dövrü” adlandırılan yaşlılıq həm fiziki, həm də psixoloji baxımdan insanın çətin dövrü hesab edilir. Bu dəyişmə insanın yaşadığı zaman 2 dəfə baş verir. Biri yetkinlik dövründə – bu vaxt insan təkmilləşməyə və inkişafa doğru gedir, ona görə də insan bundan məmnunluq duyur. İkincisi, yaşlılıq dövrü – bu dövrdə insan həm inkişafa, həm də ömrün qürubuna doğru gedir və onlar bundan qorxurlar. Bu qorxu onlarda psixoloji problemlər yaradır. Özünü gərəksiz, lazımsız və cəmiyyətdə artıq hesab etməyə başlayırlar. Yaşlılıq və qocalıq zamanı insan həyata küsmüş vəziyyətdə olur. Artıq heç bir işə yaramadığını düşünür, hər kəsə - övladlarına, nəvələrinə, ətrafdakılara qarşı özünü lazımsız biri kimi hesab edir. Lakin bu düşüncələri onlardan uzaqlaşdırmaq lazımdır. Buna görə, ilk olaraq, gənc nəsil və ailədəki insanlar yaşlılara qarşı anlayışlı olmalı, onlara hörmət etməlidirlər. Yaşlı insanlarda çox zaman unutqanlıq baş verir və eyni bir hadisəni eyni insana dəfələrlə danışa bilirlər. Bu zaman onların sözünü kəsib qəlblərini sındırmaq düzgün deyil. Səbirlə onlara qulaq asmaq məsləhətdir. Bunlarla yanaşı, qoca insanların qəlbi çox kövrək olur. Adi bir söz belə onları həyatdan küsdürə bilir. Onların istəyi o olur ki, övladları, nəvələri və digər gənc nəsil onları dinləsin və hər işi onların məsləhəti ilə görsün. Buna görə də, qocalara qayğı göstərməli və hər zaman sevgi ilə əhatə etməliyik. Övlad və nəvələr tez - tez nənə və babaya baş çəkməli, onlarla maraqlanmalıdırlar. Bu zaman həmin yaşlı insanlar gördükləri qayğı və sevgiyə görə sevinirlər, onların həyat eşqi artır. Bütün yaşlı insanlar bu dövrdə məhz bu cür həyat gözləyirlər. Övladlarından, nəvələrindən həmişə diqqət və qayğı istəyirlər. Lap uşaq kimi olurlar və körpələr kimi qocaların da bizim sevgi və qayğımıza ehtiyacları olur. Çünki onlar “İkinci uşaqlıq dövrü”nü yaşayırlar. Əbəs yerə deməyiblər ki, insan 2 dəfə uşaq olur. Birincisi, uşaqlıq dövründə, digəri isə, yaşlaşanda.

Mirzəyeva Sevinc

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Məktəbəqədər təlim və tərbiyə

Go Back

Sorğu göndər