Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.
Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional xüsusiyyətlərinin kontrastlılığı ; intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir.
Beyində olan "məhəbbət sindromunu", yəni, fərdin "sevib-sevmədiyini" aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:
- Fərd məhəbbət bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
- Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır;
- Onun emosional halı ona daha tez sirayət edir (məsələn; onun şən halında sevinir, kədərlənəndə qəmlənir);
- Onun yanında özünün yalnız yaxşı cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;
- Onun yanında "açıq tipli" jestlərdən daha çox istifadə edir (məsələn; söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);
- Fikirlərinin çox hissəsini o məşğul edir, o cümlədən, onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər onun özünə və istərsə də ətrafdakılara);
- Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;
- Onun fikirlərinə avtoritet kimi inanır və ona etimad göstərir, onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;
- Uzun müddət xəyalında canlandırdığından, onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
- Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məsələn; zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
- Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;
- Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz olur.
Məqalə müəllifi: Abbaslı Vəzifə (Narınc könüllü qrupun üzvü)