Düşüncə Jurnalı

header photo

Uşaqlara məsuliyyet hissinin aşılanması və bunun zəruriliyi.

"Məsuliyyetli olmalısan"," məsuliyyetli olsan bacararsan" .Bu ve bu kimi ifadələrlə hər birimiz tez-tez rastlaşırıq ,ən əsas da bir işə başlayarkən ilk olaraq bu mövuda təlimatlandırılırıq.Bəs məsuliyyet       deyə adlandırdığımız bu hiss bu ifadə hansı mənanı kəsb edir?

Öncəliklə məsuliyyət hissi əxlaqi hisslərdən biridir və bir insan şəxsiyyeti üçün çox önəmlidir.Məsuliyyət hissi qüdrətli əxlaqi qüvvədir.

Biz psixologiyanın tələblərinə uyğun olaraq bir insanı fərd və şəxsiyyət kimi xarakterizə edə bilərik.Hansi ki, fərd termini altında insanın bioloji varlıq kimi psixoloji xüsusiyyətləri, şəxsiyyət termini altinda isə onun sosial varlıq kimi psixoloji xüsusiyyətləri qeyd olunur.Və sosial varlıq olan insan şəxsiyyətinin inkişafında məsuliyyət hissinin mövcud olmasi vacib şərtlərdən biridir.Burada bir məsələni xüsusi vurğulamaq lazımdır.Şəxsiyyətin inkişafı üçün onun özgüvəni ,özunə olan inamı mutləqdir o bunun sayəsində uğur əldə edə bilər.Və bu hisslər düz mütənasib  olaraq qarşılıqlı əlaqədədir.Belə ki, insan özünə güvəndikcə uğura bir addım daha yaxın olur.Eləcə də hər uğur qazandıqca insanın məninə olan inamı, özünə olan güvəni daha da artmış olur.Və unutmayaq ki, uğura aparan hər bir yolun başında məsuliyyət hissi durur, qazana biləcəyimiz uğur bunun sayəsində mümkündür.Bunlarin fonunda aydin olur ki, məsuliyyət hissi insan övladının şəxsiyyət kimi formalaşması və inkişafında irəli sürülən vacib tələblərdəndir.

Bir sıra psixoloqların da gəldiyi qənaətə əsaslanaraq deyə bilərəm ki ,məsuliyyət hissi ən qədim hisslərdəndir.Bu hiss insanın özü və başqaları qarşısında vəzifələr daşımağa və bu vəzifələr üzərində düşünməyə başladığı dövrdən etibarən yaranmışdır.Bu hiss fəaliyyətin və insan münasibətləri sisteminin müvəffəqiyyətini şərtləndirən əsas amillərdən biridir.

Məsuliyyət hissi əxlaqi hisslərdən biri olmaqla, digər hisslərlə də qarşılıqlı əlaqədədir.Özündə məsuliyyət hissi daşımayan insanlar digər bir sıra əxlaqi hisslərdən və keyfiyyətlərdən də məhrumdur desək yanılmarıq.

Əksər hallarda valideynlər övladları yetkinlik yaşına çatdıqdan sonra, üzərinə müəyyən öhdəliklər düşdükdə ondan məsuliyyətli olmağı ciddi bir şəkildə tələb edirlər.Və ya daha yaxşı halda erkən məktəb yaşı dövründə, ilk siniflərdə uşaqlardan ciddi şəkildə məsuliyyət tələb olunur, dərslərində məsuliyyətsizlik müşahidə olunduqda uşaqlar valideynləri tərəfindən sərt və yalnış şəkildə cəzalandırılır.Amma bu yerdə bir şeyi unutmaq olmaz ki, sabahkı gündə qarşısında məsuliyyətli övlad görmək istəyən hər bir valideyn vaxt itirmədən ,elə bu gündən erkən uşaqlıq vaxtından- uşaq tərbiyəsinin bünövrəsinin qoyulduğu bir vaxtdan uşaqda məsuliyyət hissinin ilk toxumlarını əkməli, uşağa məsuliyyət hissini aşılamalıdır. GƏLƏCƏYİN MƏSULİYYƏTLİ ŞƏXSİYYƏTİ NAMİNƏ!

Uşaq böyüdükcə tədricən onun tələbat sahasi genişlənir, yavaş-yavaş ətraf mühiti qavramağa başlayır, insanlarla ünsiyyətdə olmağa can atir.Məhz bu dövrdən uşaqda mürəkkəb hisslər ,əxlaqi hisslər təşəkkül tapmağa başlayır.Artıq üç yaşlı uşaq tədricən tərif və iradın menasını  dərk edir və bununla əlaqədar olaraq onda sadə əxlaqi hisslər,eləcə də məsuliyyət hissi özünü yüngül formada göstərir. Hər bir valdeyn öz uşağını düzgün tanımalıdır,gündəlik olaraq onda baş verən hər bir psixloji dəyişiklikləri nəzarətdə saxlamalıdır,öz uşağı haqqında diaqnoz qoymağı bacarmalıdı. Bunun üçün isə onunla eyni həyatı yaşamalı, eyni oyunu oynamalı, maraq dairəsini doğru müəyyənləşdirməlidir. Bu şəkildə uşağa daha yaxın olmaq mümkündür. Oyun zamanı əyləncələrlə, hədələrdən, sərt qadağalardan kənar şəkildə tərbiyə olunan uşaq tərbiyə prosesində ona verilən tələblərin bir məcburiyyət deyil də, zərurət olduğunu anlayır. A.S.Makarenko yazırdı ki,"oyun uşağın həyatında böyük əhəmiyyətə malikdir. Yaşlı adamın həyatında iş, faliyyət nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və əhəmiyyətlidir. Uşaq oyunda necədirsə, böyüyəndən sonra işdə də bir çox cəhətdən elə olacaqdır. Ona görə gələcək xadimin tərbiyəsi hər şeydən əvvəl oyun prosesindən keçir."

 Təbii olaraq,məsuliyyət hissi uşaq dünyaya gələrkən, ona ilahi qüvvə tərəfindən bəxş edilmir. Bu gözəl hiss də başqa əxlaqi hisslər və keyfiyyətlər kimi düzgün təşkil olunmuş sistemli tərbiyənin və uşaqın düşdüyü həyat şəraitinin məhsuludur. Kiçik yaşli uşaqlarda müəyyən hisslərin yaranmasında yaşlıların, ətrafdaki insanların təsiri olur. Məsələn,yaşlı bir adam uşağın yanında hər hansı bir əşyaya qorxaraq toxunarsa, uşaq  da ondan qorxmağa başlayır və həmin əşyaya  qorxa-qorxa əl atır. Yəni böyüklərin hər bir davranışı uşaqlar üçün bir nümunədir. Uşaqda məsuliyyət hissinin yaranmasına nitqin inkişafı da özünəməxsus şəkildə təsir edir. Uşaq valideyn və ya başqa insanların məzəmmət, narazılıq, razılıq, sevinc, inciklik və s. ifadə edən sözlərindən  davranışı üçün nəticə çıxarır. Məsuliyyət hissinin inkişaf etdirilməsində uşaqların yaşına uyğun əmək fəaliyyətinə cəlb edilməsi çox vacibdir. Eyni zamanda insan həvəsi olduğu sahəyə yönləndirilməlidir. Çünki o bu sahədə daha məsuliyyətli olar. Məsuliyyət hissinin inkişafında ev işlərinin uşağa müəyyən vaxt üçün bir vəzifə kimi tapşırılmasının çox böyük əhəmiyyəti vardır.Uşaq ailənin əmək həyatında çox kiçik yaşlardan iştirak etməlidir.Bu yolla uşaq məsuliyyət hissinə daha erkən yaşlarında yiyələnmiş olur. Bir cəhəti nəzərə almaq lazımdır ki, uşaqlara evdə iş tapşırılarkən, onlara yaşlarına uyğun, həvəslə icra edəcəkləri, bacaracaqları iş tapşırılmalıdır. Əks halda onlar işi maraqsız, həvəssiz, könülsüz icra edərlər. Və bu məsuliyyət işinin inkişafında irəli atılmış qeyri-düzgün addım olar.

 Tərbiyəçilər, valideyinlər tələbkar olmalı, tapşırılan işin yerinə yetirilməsi üçün uşağa müntəzəm nəzarət etməli və heç bir zaman güzəştə getməməlidirlər. Çünki uşaq ona tapşırılan işi yerinə yetirməkdən boyun qaçırırsa valideyn və ya tərbiyəçi buna əhəmiyyət vermir,güzəştə gedirsə uşaq gələcəkdə də ona tapşırılan işə səhlənkar yanaşar. Nəticədə uşaqda işə məsuliyyət daşımaq hissi sönə bilər.

 Eyni zamanda təlimə məsuliyyət hissini tərbiyə etmək üçün də valideyn uşağa ciddi tələbkarlıqla yanaşmalıdır. Valideyn tapşırığı hazır edib ona verdikdə uşaq valideynə arxayınlaşır, öz gücünə inamı azalır, dərsə məsuliyyətsiz yanaşır.

 Bütün deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, əgər valideyn öz işində məsuliyyətli olarsa, yəni uşaq tərbiyəsinə məsuliyətlə yanaşarsa gələcəkdə həmin uşaq məsuliyyət hissinə sahib şəxsiyyət kimi formalaşacaqdır.

Görkəmli filosof prof.Z.Göyüşov belə bir ifadə irəli sürmüşdür: "- Məsuliyyət hissi öz əhəmiyyəti və perspektivliyi baxımindan əxlaqın ən yüksək göstəricisidi." Məsuliyyət hissinin bir insanın şəxsiyyət kimi düzgün inkişafı üçün nə qədər zəruri olması bu cümlə ilə öz təsdiqini tapır. Bir şeyi unutmaq olmaz ki, insanın uğuru onun məsuliyyətidir.

ABUŞOVA SEVİNC LATİQ QIZI.

Azərbaycan Dövlət Pedaqoji Universiteti. IV kurs. Təhsildə sosial-psixoloji xidmət.                                                                                                                                    

 

Go Back

Sorğu göndər