Əhməd Kərədi Məhəmməd oğlu Zəkuyev 1888-ci ildə Dağıstanın Lak rayonunun Qumuç kəndində anadan olmuşdur. Fəlsəfə elmləri doktoru, filosof, professor Zəkuyevin Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Ə.K.Zəkuyev 1917-ci ildə Dağıstanda «İlçi» qəzetində redaktor kimi fəaliyyət göstərmişdir. Daha sonra Türkiyədə oxumağa gedən alim, 1921-ci ildə ( İstanbul Universiteti, fəlsəfə fakultəsi ) təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə APİ-də dərs demişdir.
Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi.
1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdə psixologiya ixtisası üzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, D.Q.Qulyayev, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofiq və başqalarını buna misal göstərmək olar. Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahə üzrə kadr hazırlığına A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya - fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin böyük təsiri olmuşdur.
1931-ci ildə Azərbaycan Elmi–Tədqiqat Pedaqogika İnsititutu fəaliyyətə başlayır. İnsititutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət göstərir. Yaş və pedaqoji psixologiya kafedrasının inkişaf tarixindən danışarkən A.O.Makiovelski, Ə.K.Zəkuyevin adlarını xüsusilə qeyd etmək lazımdır.
1950-ci ildən başlayaraq aspirantura yolu ilə kadr hazlrlığına ciddi fıkir verilmişdir. S.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, A.U.Məmmədov, İ.A.Fərəcov və başqaları 1950-ci ildən sonrakı dövrlərdə APİ-nin psixologiya kafedrasında aspirantura yolu ilə təhsil almış, əməkdar elm xadimi, professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilmişdir
1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsinə işə təyin olunur.. 1960-cı ildə isə professor Ə.K.Zəkuyevin “Azərbaycanda 40 ildə psixologiya elminin inkişafı”na aid (ADPU-nin Elmi əsərləri, 1960, IX) iri həcmli məqaləsi bu sahədə daha uğurlu bir addım oldu. Məqalədə, psixologiyanın ümumi nəzəri məslələri, yaş psixologiyası və pedaqoji psixologiya, əmək psixologiyası və digər sahələrə aid yazılmış əsərlər təhlil olunur, milli kadrların hazırlanması, psixologiyanın tədrisi problemləri açıqlanır. Zəkuyevin də həmmüəllif olduğu “Psixologiya” kitabı bu dövrlərdə ali məktəb tələbələri üçün təməl dərslik olaraq istifadə edildi.
Ə.K.Zəkuyev 1960-cı ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsində çalışmışdır.
Dahi alim 1968 – ci il də Bakı şəhərində vəfat etmişdir.
Qısa Xronoloji siyahı
~ Zəkuyev/Zəkuzadə Əhməd-Kərədi Məhəmməd oğlu 1888-ci ildə Dağıstan, Lak r. Qumuç k.
~ Dağıstanda «İlçi» qəz. red: 1917;
~ İstanbul Univ. fəlsəfə fak. bitirib: 1921;
~ ADU-da dosent: 1942-ci ilədək
~ APİ-də kafedra müdiri: 1943-1956
~ Filosof; fəlsəfə elmləri doktoru, prof: 1949.
~ Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi: 1944-1968
~ Vəfat etmişdir: 15.06.1968
Elmi Əsərləri
~Ə.K.Zəkuyevin “Azərbaycanda 40 ildə psixologiya elminin inkişafı”
~Ə.K.Zəkuyev,A.K.Abdullayev,Ş.S.Agayev,M.Mustafayeva ”Psixologiya”
Mənbələr:
1. R.Əliyev «Psixologiya tarixi» (2006)
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.
3. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007
4. http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_K%C9%99r%C9%99di_Z%C9%99kuyev
5. http://adpu.edu.az/gen/html/azl/fakulte/Pedaqogika_fakultesi/kafedra/Umumi/index.htm#z_tarix
6.http://kayzen.az/blog/psixologiya/8001/az%C9%99rbaycanda-elmi-psixologiya.html
7. http://kitabxana.net/files/books/file/1414873137.pdf
9.http://www.adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=2079&Itemid=53
10.http://ek.anl.az/search/query?term_1=z%C9%99kuzad%C9%99&theme=e-kataloq
Hazırladı: Fəridə Qasımova