Düşüncə Jurnalı

header photo

Əkbər Bayramovun Azərbaycan Psixologiya Tarixində Rolu

25-03-2015

Bayramov Əkbər Salman oğlu - psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor.

Həyatı

30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954-1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958-1960).

Elmi yaradıcılığı

1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik və 1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.

1965-1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965-1983) orada işləmişdir.

1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə ADU-da pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra BDU-də psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.

1960-2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.

1955-2004-cü illərdə Ə.S.Bayramovun 46-ya qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 250-dan artıq elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlrinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.

Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə haqlı olaraq yazır ki, «Elmin zirvəsinə yol fədakarlıqdan və istedaddan keçir. Ancaq ağır zəhmətə qatlaşanlar, bütün həyatının mənasını elmə həsr etməkdə görən istedadlı şəxslər bu zirfəyə yüksələ bilərlər. Bu gün həmin zirvədə duranlardan biri ömrünün müdriklik çağını yaşayan görkəmli psixoloq, əməkdar elm xadimi, professor  Əkbər Salman oğlu Bayramovdur. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər müəllimin xidməti əvəzsizdir».

Ə.S.Bayramovun 1955-ci ildən başlayan çoxsahəli elmi yaradıcılıq fəaliyyətində bir neçə mühüm istiqamət diqqəti cəlb edir.

1. Təfəkkür probleminin, xüsusən də təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmalar. Həmin tədqiqatlarla respublikada eksperimental psixologiyanın inkişafında yeni mərhələ başlanmışdır. O, kifayət qədər öyrənilməmiş mühüm bir problemin- ağlın keyfiyyətləri probleminin tədqiqinə başlamış. Təfəkkür probleminin ayrı-ayrı cəhətləri başqa mütəxəssislər tərəfindən də tədqiq edilmişdir. Lakin həmin tədqiqatlarda təfəkkür proses kimi öyrənilirdi, onu şəxsiyyətlə bağlayan cəhətlərə isə diqqət yetirilmirdi. Ə.S.Bayramov bu baxımdan təfəkkür psixologiyasında mahiyyətcə yeni eksperimental istiqamət müəyyən etdi. O, təfəkkürün müstəqillik və tənqidliyinin inkişaf xüsusiyyətlərini öyrənmək üçün adekvat tədqiqat metodikası işləyib hazırlamışdır. Təsadüfi deyildir ki, o dövrdə xüsusən də Moskvanın, Leninqradın görkəmli psixoloqları istedadlı tədqiqatçının müasirlik hissini, ən başlıcası isə orijinal yaradıcılıq səylərini yüksək qiymətləndirirdilər. Professor Ə.Ə.Əlizadə haqlı olaraq qeyd edir ki, Ə.S.Bayramov özünün sonrakı tədqiqatlarında bu «səmərəli toxumu» necə deyərlər, gərgin zəhmətin sehrində boya-başa çatdırdı. Geniş nəzəri ümumiləşdirmələr apardı, «persepiv» inikasdan tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etdi, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və mənşəyini aydınlaşdırdı. Bu sahədəki tədqiqatlarının nəticələri müəllifin 3 monoqrafiyasında və 58 elmi məqalə və məruzə tezislərində öz əksini tapmışdır.

2. Respublikanın ali məktəbləri üçün psixologiya elminin müxtəlif sahələri üzrə dərslik və dərs vəsaitlərinin yazılıb nəşr edilməsi. Onlardan: «Psixologiya» (1989), «Sosial psixologiya» (1986), «Məhkəmə psixologiyası» (1985), «Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri» (1987), «Etnik psixologiya» (2001) və s. Bununla bərabər, müəllif həmin vacib dərsliklərdən «Psixologiya» (2002) və «Sosial psixologiya» (2003) dərsliklərini professor Ə.Ə.Əlizadə ilə birlikdə yeni proqramlar əsasında yenidən işləmiş və nəşr etdirmişdir. Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirir və bununla bərabər həmin dərsliklər Milli zəmində zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək əsasında yazılmışdır.

3. Xalqımızın ədəbi-bədii irsində, «Kitabi-Dədə Qorqud» dastanlarında, xüsusən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafı tədqiq edilmiş. Həmin tədqiqatlarla əlaqədar olaraq proessor Ə.Ə.Əlizadə yazır ki: «Son illər Ə.S.Bayramovun yaradıcılığında yeni bir istiqamət formalaşır: Milli psixoloji fikir tariximizin araşdırılması. Azərbaycanda psixoloji fikrin tarixi qədimdir. Təəssüf ki, biz də bu tarixi əsaslı surətdə öyrənməmiş, onun köklərini və qaynaqlarını kifayət qədər tədqiq etməmişik. Halbuki bu məsələlərin öyrənilməsi Azərbaycanda təkcə psixoloji fikrin deyil, bəlkə də ilk növbədə ictimai fikrin inkişaf xüsusiyytlərini yeni materiallar əsasında aydınlaşdırmaq son dərəcə vacibdir. Ə.S.Bayramovun Azərbaycan ədəbiyyatı korifeylərinin-Nizami, Füzuli, Nəsimi, M.F.Axundov, A.A. Bakıxanov və M.Ə.Sabirin psixoloji görüşlərinə həsr olunmuş məqalələri bu baxımdan diqqəti cəlb edir. Nizaminin ölməz əsərlərində rənglərin simvolikası, hürufizmin psixoloji kökləri, Məcnunun autizasiyası –bu mürəkkəb elmi məsələlərin hər biri həmin məqalələrdə sərrast nəzəri ümumiləşdirmələr, dünya psixoloji fikrinin müqayisəli təhlili yolu ilə aydınlaşdırılır. Məsələn, müəllif Nəsiminin özünəməxsus psixoloji konsepsiyasını nəinki qədim hindu və zenbuddizm təlimləri ilə müqayisə edir, həm də onları müasir psixoloji cərəyan və nəzəriyyələr- freydizm və ekzistensial psixologiya istiqamətində araşdırır. Onu da qeyd edək ki, bu məqalələr SSRİ Pedaqoji Elmlər Akademiyasının «Voprosı Psixoloqii» jurnalında, eləcə də, SSRİ EA-nın «Psixoloqiçeskiy jurnal»ında dərc olunmuş və psixologiya tarixçiləri onları yüksək qiymətləndirmişdir». Bununla bərabər, həmin tədqiqatların nəticələri müəllifin 3 kitabında və respublikanın elmi jurnal və toplumlarında nəşr edilən onlarca elmi məqalə və məruzə tezislərində öz əksini tapmışdır.

4. Şəxsiyyətin təşəkkülü, onun özünüdərki və özünüqiymətləndirməsinin psixoloji problemləri ilə bağlı tədqiqatlar. Həmin araşdırmaların nəticələri müəllifin 3 monoqrafiyasında, nəinki respublikada, eləcə də başqa ölkələrdə dərc edilən onlarla elmi məqalələrində öz əksini tapmışdır.

5. Etnik xüsusiyyətlər və etnoslararası qarşılıqlı münasibətlərin psixoloji problemləri ilə bağlı tədqiqatlar. Belə araşdırmalar xüsusən də müəllifin: «Psixoloji düşüncələr» (1994), «Etnik psixologiya məsələləri» (1996), «Kitabi-Dədə Qorqud» dastanlarında etnik psixoloji xüsusiyyətlərin inikası» (2000) və s. monoqrafiyalarında , «Etnik psixologiya»(2001) dərsliyində və onlarla elmi məqalələrində öz əksini tapmışdır. Professor Ə.Əlizadə yazır: «Ayıl xalqım ayıl!» nidası müəllifin «Psixoloji düşüncələr» və «Etnik psixologiya məsələləri» adlı kitablarının əslində leytmotivini təşkil edir və müəllif bu yanğı ilə tez-tez Sabirə, böyük lakin cəfakeş xalqınının taleyüklü problemlərini hələ XX əsrin əvvələrində mütəfəkkir dünyaduyumu ilə görmüş və bənzərsiz psixoloji kontekstdə əks etdirmiş böyük şairə özünün həmdərdli müasiri kimi müraciət edir və hər bir azərbaycanlının qəlbinə hopmuş hikmətli misraların psixoloji qatlarını məharətlə oxuyur. Müəllif yazır: … belə olmasaydı bəs bir əsr ərzində millətimizin, xalqımızın başına gətirilən və dəfələrlə, demək olar ki, eyni ssenari üzrə təkrar edilən fəlakətdən düzgün nəticə çıxarılardı. Başımıza gətirilən faciələr bu etnosun qan yaddaşında vaxtında və dəqiq surətdə həkk olunardı. Kitabda erməni vəhşiliklərinin psixoloji kökləri araşdırılır, nekrofiliya (E. Fromm) anlayışı axarında ermənilərin etnik xüsusiyyətləri psixoloji ədəbiyyatda ilk dəfə olaraq açıqlanır, erməni faşizminin iç üzünü bütün təfərrüatı ilə səciyyələndirmək imkanı verən zəngin materiallar, başqa sözlə inkar edilməz dəlillər əsasında aydınlaşdırılır».

Bir cəhət də qeyd edilməlidir ki, Ə.S.Bayramov xalqımızın ədəbi-bədii irsində etnik psixoloji xüsusiyyətlərin inikası probleminə gənc tədqiqatçıları cəlb etməklə (onun elmi rəhbərliyi ilə həmin problemlə bağlı 10-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir) yəni bir psixoloji məktəb yaratmışdır. Heç şübhəsiz, bu da elmimizin inkişafı ilə yanaşı, xalqımızın özünüdərkinə, Milli şüurunun formalaşmasına yaxından kömək etmiş olar. Təsadüfi deyildir ki, professor Ə.S.Bayramov bu məsələyə xüsusi diqqət yetirir.

O haqlı olaraq göstərir ki, «hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və mənəvi tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keşmişinə deyil, həm d öz psixoloji keçmişinə dərindən bələd olmalıdır. Yəni etnos və ya xalq kimi olduğunu, özünü nə zaman və necə dərk etdiyini, hansı mənəvi psixoloji keyfiyyətlərə malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını da yaxşı bilməlidir. Bu isə xalqın etnik - psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı öyrənmədən mümkün deyildir».

Bu cəhətdən Ə.S.Bayramovun fəaliyyətində söz və əməlin vəhdəti insanı heyran edir. yəni, o, yalnız kiməsə məsləhət görmür ki, öz xalqının psixoloji keçmişinin araşdırılması ilə məşğul olsun, ilk növbədə məhz özü bu sahədə əməli addım atır. Bu cəhətdən Ə.S.Bayramovun belə bir ideyası diqqəti xüsusi olaraq cəlb edir ki, «xalqa məxsus etnik xüsusiyyətlər xalqın folklor və bədii ədəbiyyat materiallarında maddiləşir». O, öz tədqiqatları ilə bu ideyanı əyani surətdə həyata keçirmişdir.

6. Psixologiya elminin aktual problemləri ilə bağlı geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi-kütləvi əsərlərin yazılması və nəşri. Bu istiqamətdə aparılan işlər müəllifin 6 elmi-kütləvi kitabında, eləcə də müxtəlif jurnallarda dərc olunan onlarla məqalələrdə öz əksini tapmışdır. Bununla bərabər, Ə.S.Bayramov 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtləif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmilər namizədi və elmlər doktoru dissertasiyası yazılmış, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. bununla bərabər o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Professor Ə.S .Bayramov 1993-cü ildən 2000-ci ilə kimi M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin nəzdindəki (n.054.03.04) psixologiya elmləri üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur. 2000-ci ildən indiyə kimi Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvüdür.

SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü, onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının (1994-2000) sədri, Respublika Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur (2000-2004).

Ə.S.Bayramov «Fədakar əməyə görə» yubiley medalı (1970), «Şərəf nişanı» ordeni(1976), «SSRİ maarif əlaçısı» (1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahələrində xidmətlərinə görə «Şöhrət ordeni» (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Professor Ə.S.Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 35-ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Təhsili, elmi dərəcəsi və elmi adları

~1945-1949-cu illərdə ADU-nun Filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirmişdir.

~1954-cü ildə Universitetin Böyük Elmi Şurasının qərarı ilə Psixologiya ixtisası ilə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspirantura təhsil almışdır.

~(1954-1957) 1959-cu ildə «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

~1969-cu ildə «Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və psixologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyəti

~2000- hazırki dövrə kimi – Respublika Prezidenti yanında Ali Attestasiya komissiyasının ekspert şurasının üzvü

~1997- hazırkı dövrə kimi - BDU-nun psixologiya kafedrasında professor

~1993-2000 - M.Ə.Rəsulzadə adına BDU-nun nəzdindəki (N.054.03.04) psixologyia elmləri üzrə ixtisaslaşdırılmış müdafiə Şurasının sədri

~1992-1997 – BDU-nun Psixologiya kafedrasının müdiri

~1971-1992 – ADU-nun pedaqogika və psixologiya kafedrasının müdiri

~1970-1971 – APİ-də Psixologiya kafedrasında professor

1965-1969 - əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnsitutunda baş elmi işçi

1960-1970- APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor

«Etnik psixologiya», «İnkişaf və istedad», «Milli psixologiyanın aktual problemləri», «İdarəetmənin sosial-psixoloji problemləri», fənləri üzrə mühazirə və seminar dərsləri aparır. 40-a qədər monoqrafiya, dərslik, dərs vəsaiti, 250-dən artıq elmi məqalə və tezisin müəllifidir.

Tədqiqat sahəsi

~Sosial psixologiya

~Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı[redaktə]

~1960-1995-ci illərdə Rusiyada, həmçinin Pribaltika və Zaqafqaziya ölkələridə keçirilən elmi konfranslarda iştirak etmişdir.

Kitabları

~Psixologiya (Ensiklopediya üçün). Bakı, 2007

~Pedaqoji psixologiya. 19.00.07-Pedaqoji psixologiya ixtisası üzrə namizədlik minimumunun proqramı. Bakı, 2005

~Azərbaycan Milli Ensiklopediyası: psixologiya elmində işlənilən anlayışların şərhi. Bakı, 2006

~Psixologiya haqqında adı həqiqətlər. Anfas» elmi- kütləvi, ədəbi – bədii jurnal, Bakı, 2008, № 3, s. 16-18-24-26

~Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı, 2002

~İnsan və cəmiyyət. I hissə, Bakı, Təhsil Nəşriyyatı, 2003.

~Sosial psixologiya. Bakı, 2003 (dərslik).

~Hüquq psixologiyası. Dərslik. Bakı, 2009

Yükləyə biləcəyiniz kitablar

Mənbə 

1."Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

2. R.Əliyev  «Psixologiya tarixi» (2006)

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

4.Ə.T.Baxşəliyev  “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

http://az.wikipedia.org/wiki/%C6%8Fkb%C9%99r_Bayramov

http://adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&catid=0&sobi2Id=2150&Itemid=66

http://dede.musigi-dunya.az/e/etnik_psoxo;oji.html

http://kayzen.az/blog/psixologiya/8001/az%C9%99rbaycanda-elmi-psixologiya.html

http://socialogy.bsu.edu.az/az/content/bayramov_kbr_salman_olu__psixol_elm_dok_mkdar_elm_xadimi_prof_173

 

 

Go Back

Sorğu göndər