Düşüncə Jurnalı

header photo

Fuad İbrahimbəyovun Azərbaycanda psixologiya elminin inkişağında rolu

14-12-2014

Fuad İbrahimbəyli Azərbaycanda psixologiya elminin bir elm kimi qərarlaşmasında və inkişafında görkəmli rol oynamışdır. O, özünün elmi – pedaqoji fəaliyyətində psixologiya elminin inkişaf tələblərini nəzərə almağa çalışmışdır. Fuad bəy bu gün ali məktəblərimizdə çalışan, psixologiya kafedrasına rəhbərlik edən kadrların bütöv bir nəslinin bilavasitə müəllimi olmuşdur. O, yüksək ixtisaslı psixoloq kadrlar yetişdirilməsinə əsl atalıq qayğısı göstərmiş, kadr hazırlığına böyük əmək sərf etmişdir. Fuad müəllim onu tanıyanların yaddaşına həm də sadə, səmimi, nəcib, müəllim şəxsiyyətini yüksək tutan alim – pedaqoq kimi həkk olunmuşdur. (F. Q. Köçərli)

Həyatı

Fuad Əhməd oğlu İbrahimbəyov 1901 – ci il dekabrın 29 – da Azərbaycanın gözəl, füsunkar güşələrindən biri olan Şamaxıda dünyaya gəlmişdir. Hələ uşaqlıq illərində özünün dərin zəkası, hadisələri təhlil etmək, ümumiləşdirə bilmək qabiliyyəti ilə fərqlənmişdir. O, əmək fəaliyyətinə çox erkən, 15 yaşından başlamışdır. Xalqını sevən bu gənc az sonra pedaqoji işə keçmiş və əsl maarifpərvər kimi fəaliyyət göstərmişdir.

Elmə olan böyük həvəs onu bir yerdə dayanıb durmağa qoymamışdır. Məktəbdə işləyə - işləyə İbrahimbəyov Azərbaycan Dövlət Universitetində öz təhsilini davam etdirmiş və 1925 – ci ildə tibb fakültəsini bitirmişdir.

Tibb elminin müxtəlif sahələri ilə yanaşı psixologiya elmi də ilk gündən onun diqqətini özünə cəlb etmişdir. Ona görə də 1926 – cı ildən başlayaraq əvvəlcə tibb fakültəsinin nevrologiya kafedrasında çalışmaqla, sonra isə psixiatriya kafedrasında assisent vəzifəsində, eləcə də müalicə - profilaktika müəssisələrində işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitutunda psixologiya kursunu oxumağa başlamışdır. Ali məktəbdə işlədiyi ilk günlərdən başlayaraq  Fuad müəllim özünün elmə və onun tədrisinə ciddi münasibət bəsləməsini büruzə vermişdir. Psixologiya elmini dərindən öyrənmək və onu yüksək elmi – metodiki səviyyədə tədris etmək məqsədilə o, 1926 – cı ildə respublikada ilk eksperimental  psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. Beləliklə də gənc müəllim ali məktəbdə elmi – pedaqoji fəaliyyətə başladığı ilk gündən normal və patoloji psixologiyanı birgə öyrənmişdir ki, bu da onun tədqiqatlarının məhsuldarlığına təsir göstərmişdir. Gərgin əmək, inadkar axtarışlar da öz bəhrəsini vermiş və ona görə də artıq 1931 – ci ildə Fuad müəllimə VII Beynəlxalq psixotexnika konfransının tribunasından çıxış etmək nəsib olmuşdur.

Sonrakı illərdə Fuad müəllim yorulmadan ciddi elmi – tədqiqat işləri aparmış, pedaqoji kadrlar hazırlanmasında iştirak etmişdir. Onun gərgin əməyi bəhrəsiz qalmamışdır. 1933 – cü ildə ona psixologiya üzrə pedaqoji elmlər namizədi elmi dərəcəsi və psixologiya kafdrası üzrə dosent elmi adı, 1939 – cu ildə isə tibb elmləri namizədi elmi dərəcəsi və psixiatriya kafedrasının dosenti elmi adı verilmişdir.

Ali məktəbdəki elmi – pedaqoji fəaliyyəti ilə yanaşı Fuad İbrahimbəyov insanların sağlamlığını qorumaq işini də davam etdirmişdir. Böyük Vətən müharibəsi illərində o, psixiatrik ekspert komissiyasının sədri və Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatoru vəzifəsində çalışmışdır. Ömrünün axırlarına qədər Bakının psixiatriya müəssisələrində məsləhətçi olmuşdur. 60 illik elmi axtarış dövründə F.Ə. İbrahimbəyov psixologiya psixologiya elminə 80 – dən artıq orijinal əsər bəxş etmişdir ki, bunların 50 – dən çoxu azərbaycan, rus, fransız və ingilis dillərində çap olunmuşdur. Hər bir elmin yayılmasında, tələbələrin və geniş oxucu kütləsinin malı olmasında dərslik və dərs vəsaitlərinin əvəzolunmaz rolu vardır. Bu cəhəti nəzərə alan F. Ə. İbrahimbəyov respublikamızın ali məktəblərinin tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasının da qayğısına qalmışdır.

O, hələ 1935 – ci ildə K. N. Kornilovun “Psixologiya” dərsliyinin Azərbaycan dilinə tərcüməsinin, sonra psixopatalogiya üzrə dərs vəsaitinin elmi redaktoru olmuşdur. 1964 – cü ildə ümumi psixologiya üzrə nəşr olunmuş və hal – hazıra qədər respublikamızın pedaqoji institutlarında istifadə olunan dərsliyin ən çətin, mürəkkəb fəsilləri olan “Psixikanın inkişafı” və “Temperament” fəsilləri onun tərəfindən yazılmışdır.

Elmi fəaliyyəti

Fuad müəllimin elmi yaradıcılığına nəzər salarkən böyük iftixar hissi ilə demək olar ki, psixologiya elminin bir sıra ən vacib sahələrinin republikamızda inkişafı məhz onun adı ilə bağlıdır. Eksperimental psixologiyanın inkişafı da məhz belə sahələrdən biridir. Belə ki, əsrimizin əvvəllərində dünya psixologiyasında eksperimental tədqiqatlara geniş yer verildiyi, psixoloji tədqiqatlarda testlərdən, texniki vasitələrdən geniş istifadə edildiyi halda Azərbaycanda daha çox köhnə üslubda yazılmış psixoloji ədəbiyyatlar diqqəti cəlb edirdi. Psixologiya elminin yeni istiqamətdə inkişafına təkan vermək üçün Fuad İbrahimbəyov 1926 – cı ildə Ali Pedaqoji İnstitutda ilk eksperimental psixologiya laboratoriyasını təşkil edir. Həmin laboratoriya nəinki psixoloji cihazlarla zəngin təchiz edilmişdir, həm də orada zəngin mütəxəssislər cəmləşmişdi, ən əlamətdar cəhət odur ki, Fuad İbrahimbəyov o dövr üçün bütün dünyada geniş yayılmış “Bine – Simon” testlərini dərindən təhlil etmiş və onları milli xüsusiyyətlərə uyğunlaşdırmışdır. Belə bir əməliyyat özünün həqiqi dəyərini on illərdən sonra ala bilmişdir. Belə ki, məşhur psixoloq Filipp Vernon 70 – ci illərdə qeyd etmişdir ki, milli mədəniyyətdən, etnik xüsusiyyətlədən xali olan testlər yoxdur və ola da bilməz.

Psixologiya laboratoriyasında eksperimental psixologiyada tətbiq olunan bir sıra metodlar yerli şəraitə uyğun olaraq yaradıcı surətdə yenidən işlənmişdir. Bu da respublikada bir sıra yeni eksperimental metodların hazırlanmasına imkan vermişdir. Təsadüfi deyildir ki, 1931 – ci ildə F. İbarahimbəyov VII Beynəlxalq konfransda intellektin tədqiqi ilə əlaqədar öz orijinal metodikasının təqdim etmişdir. Həmin metodika mütəxəssislərin diqqətini xüsusi olaraq cəlb etmişdir.  Həmin dövrdə F. İbrahimbəyovun hazırladığı  psixoloji tədqiqat metodları sonrakı dövrlərdə geniş tətbiq olunmuş və bir sıra tədqiqat işlərinin eksperimental əsasını təşkil etmişdir.  Xüsusən də F. İbrahimbəyovun 50 – ci illərdə bilinqvizmin (2 dil öyrənmənin) psixologiyası ilə əlaqədar işləyib hazırladığı tədqiqat metodikası  çox geniş yayılmış və ciddi praktik əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, həmin metodikadan müvəffəqiyyətlə istifadə edərək respublikamızda onlarla mütəxəssiz namizədlik dessertasiyası yazmış, bununla da xüsusi psixoloji məktəb formalaşmışdır.

Digər bir mühüm cəhət odur ki, Fuad müəllimin yalnız eksperimental psixologiya sahəsində deyil, eyni zamanda elmin başqa sahələri üzrə yerinə yetirdiyi işlər respublikamızda bir sıra mütəxəssislərin taleyində mühüm rol oynamış, xüsusi psixoloji məktəblərin formalaşmasına imkan vermişdir. (Ə. S. Bayramov – BDU)

 F. Ə. İbrahimbəyovun elmi fəaliyyəti çoxsahəlidir, geniş diapazona malikdir. Bu genişlik onun böyük erudisiyaya malik olmasından irəli gəlir. Onun elmi axtarış dairəsi psixoloji tədqiqat metodikasını, şüurun, şəxsiyyətin, təfəkkürün və nitqin, bilinqvizmin, əmək psixologiyasının, patoloji psixologiyanın, sosial tarixi psixologiyanın, psixologiya tarixinin, psixolinqvistikanın bir sıra problemlərini, eləcə də psixoloji terminologiya məsələlərini əhatə edir.

F. Ə. İbrahimbəyovun işləyib hazırladığı “Hiperemosiyaların motor – ifadəli tədqiqi metodikası”, “Əqli funksiyaların tədqiqi metodları”“Milli respublikalarda psixotexniki tədqiqat aparan praktik işçilər üçün qurğu” 1930 – cu ildə Leninqradda keçirilən insan davranışı üzrə I Ümumittifaq qurultayında və VII Beynəlxalq psixotexniki konfransda müzakirə olunmuş və yüksək elmi dəyərə malik olan işlər kimi məsləhət görülmüşdür. Onun “Milli testlər problemi haqqında” əsəri ölkənin sənayeləşdirilməsi illərində peşə orientasiyası və peşəseçmə məsələlərinin həllində böyük rol oynamışdır.

F. Ə. İbrahimbəyovun tarixi psixologiya sahəsində apardığı tədqiqatlar onun sosial psixologiya, şüurun inkişafı və şəxsiyyətin təkamülü üzrə öyrəndiyi problemlərlə əlaqələnmişdir. Arxeoloji, etnoqrafik faktları, eləcə də klassik Azərbaycan ədəbiyyatı əsərlərini tarixi psixologiyanın və psixologiya tarxinin mənbəyi kimi nəzərdən keçirməklə, o, eyni zamanda şüurun genişlənməsi, şəxsiyyətin sonrakı təkamülünün onun tarixən dəyişməsi əsasında öyrənilməsi ideyasını irəli sürmüşdür. Onun sosial psixologiya ilə tarixi psixologiyanı birgə öyrənmək sahəsindəki tədqiqatları “Multikultural çarpazlaşma və psixikanın inkişafı” adlandırdığı problemə gətirib çıxarmışdır.

Bu qocaman alimin elmi yaradıcılığında əsas yerlərdən birini institutumuz üçün əsas problem olan bilinqvizim psixologiyası problemi olmuşdur. Psixoloji və linqvistik nəzəriyyə, eləcə də rus dili və xarici dillərin tədrisi metodikası üçün zəruri olan bu problemə onun 20 – yə qədər əsəri, elmi məruzəsi və məlumatı həsr olunmuşdur.

1931 – ci ildən başlayaraq bir – birinin ardınca onun Bakıda, Moskvada, Leninqradda, Tbilisidə, Yerevanda, Alma – Atada, Daşkənddə, Amsterdamda, Londonda, Tokioda əsərləri çap olunmağa başlayır. Bunlardan “Fərdi şüurda dillərin qarşılıqlı təsiri haqqında”, “İkidillik, onun strukturu və fərdi tipologiyası”, “Bilinqvizm və poliqlosiya zamanı ikinci siqnal sistemində qarşılıqlı təsir haqqında”, “Dili hiss etmə haqqında”, “Bilinqvizm zamanı nitqin qavranılması” və başqalarını göstərmək olar.

F. Ə. İbrahimbəyovun bütün bu tədqiqatları psixologiyasında mühüm bir cəhətə - bilinqvizmin fərdi şüurunda formalaşması və fəaliyyət göstərməsinin psixoloji mexanizmləri barədə əsaslı nəzəriyyənin hazırlanmasına kömək etməyə yönəlmişdir. Onun tədqiqatları mühüm nəzəri müddəalarla zəngin olması ilə yanaşı böyük praktik əhəmiyyət də daşımışdır. Bacarıqlı alimin əsərlərində rus dili və xarici dillərin tədrisinin səmərəliliyini artırmağa kömək edən sanballı təklif və mülahizələr irəli sürülmüş və buna görə də bu sahədə çalışan müəllim və metodistlərin fəaliyyətində öz əksini tapmışdır.

F. Ə. İbrahimbəyovu təkcə respublikamızın deyil, keçmiş ittifaqın respublikalarının mütəxəssisləri görkəmli psixoloq kimi tanıyır və onu yüksək qiymətləndirirlər. Buna o, öz qələmi, zəkası, insanlarla qarşı münasibəti, qayğıkeşliyi ilə nail olmuşdur.  Onunla bir dəfə görüşən adam ayrılmaq istəmir, onu dinləməkdən həzz alırdı. Ayrıldıqda isə bir daha, bir daha görüşmək istəyir, buna can atırdı. Ona görə də Fuad müəllimi bütün elmi məclislərdə dinləmək istəyirdilər.  O, psixologiya üzrə bütün ümumittifaq, respublikalararası simpoziumların, konfransların, qurultayların fəal iştirakçısı olmuş, burada maraqlı və dərin məzmunlu  məruzələrlə yanaşı ayrı – ayrı bölmələrdə rəhbərlik etmiş, plenar iclasları aparmışdır. Azərbaycan psixoloqları fəxr edirlər ki, görkəmli psixoloqlar sırasında son illərdə F. Ə. İbrahimbəyov Amsterdamda keçirilən XVI , Moskvada keçirilən XVIII, Londonda keçirilən XIX Beynəlxalq psixoloji konqreslərdə respublikamızın psixologiya elmini təmsil etmişdir.

F. Ə. İbrahimbəyov 20 ilə yaxın psixologiya kafedrasında müdirlik etmiş, 15 ildən artıq Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinə rəhbərlik etmiş, Cəmiyyətin Mərkəzi Sovetinin üzvü seçilmiş, demək olar ki, psixoloqların Zaqafqaziya konfranslarının hamısının təşkilat komitəsinin üzvü olmuşdur.

F. Ə. İbrahimbəyovun xidmətləri hökümət səviyyəsində qiymətləndirilmiş, o, “Şərəf nişanı” ordeni, üç medal, “Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı” ilə təltif olunmuş, “Respublikanın əməkdar həkimi” fəxri adına layiq görülmüşdür. (M. Ə. Həmzəyev, C. Səməndov – APXDİ)

 
Əsərləri:

1.“Hiperemosiyaların motor – ifadəli tədqiqi metodikası”,


2.“Əqli funksiyaların tədqiqi metodları” 


3. “Milli respublikalarda psixotexniki tədqiqat aparan praktik işçilər üçün qurğu”  


4.“Fərdi şüurda dillərin qarşılıqlı təsiri haqqında”,


5.“İkidillik, onun strukturu və fərdi tipologiyası”,


6.“Bilinqvizm və poliqlosiya zamanı ikinci siqnal sistemində qarşılıqlı təsir haqqında”, 


7.“Dili hiss etmə haqqında”,


8.“Bilinqvizm zamanı nitqin qavranılması”

 

Mənbələr:

 

1.Fuad iBrahimbəyov 90 il. Yubileyinə həsr olunmuş kitabdı. Red.heyəti: Z.N.Verdiyeva və s. Bakı, 1992. 136 səhifə 

 

2. R.Əliyev  «Psixologiya tarixi» (2006)

 

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., - Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, - 620 səh.

 

4.Ə.T.Baxşəliyev  “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.

5. "Psixologiya" (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı - 2007

6.  http://psychology.az/multi_ibragimbekov.php

7. http://psixologiya.net/

 

 

 Hazırladı: Aytən Eminova

BDU Sosial Elmlər və Psixologiya Fakultəsi II kurs

 

 

 

 

 

 

Go Back

Sorğu göndər