Autizm həyatın ilk üç ili ərzində meydana çıxan və bütün həyat boyu davam edən, ictimai qarşılıqlı münasibətlər, sosiallaşma, dil, ünsiyyət sahələrində problemlər, təkrarlayıcı davranış və məhdud maraq dairəsi ilə xarakterizə olunan inkişaf pozuntusudur. Hələ autizm termini istifadə olunmadan, bugün qəbul etdiyimiz autizm anlayışından ilk dəfə 1700-cü illərdə fransız elm adamı Jan İtard bəhs etmişdir. O, autistik əlamətləri olan Viktor adlı bir yeniyetmə ilə uzun müddət işləmişdir. Beləliklə, o, özü də bilmədən autizmi araşdırmış və autist insanları hər hansı bir diaqnoz qoymadan “fərqli insanlar” olaraq adlandırmışdır. Autizm sözü ilk dəfə 1910-ci ildə İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən istifadə olunmuşdur. Bleuler bu sözü yunanca autos (öz mənasında) sözündən törətmiş və adamın özünə olan “xəstəlikli heyranlığı” mənasında istifadə etmişdir. Bu dövrdə autizm həqiqətlə əlaqə yaratmaq pozuntusu olaraq xarakterizə edilmiş və uşaqlıq şizofreniyası olaraq adlandırılmışdır. Amerikalı uşaq psixiatrı Leo Kanner isə 1943-cü ildə on bir uşaq üzərində ilk dəfə apardığı araşdırmalar nəticəsində autizmin fərqli bir pozuntu olduğunu qeyd edərək, bu pozuntu üçün “Erkən Uşaqlıq Autizmi” terminindən istifadə etmişdir. Kanner autizmi bir sindrom olaraq müəyyənləşdirmişdir. Kannerə görə autizmin: - autistik yalnızlıq, - dəyişikliklərə qarşı müqavimət, - fərqli maraq və qabiliyyətlər olmaqla üç əsas xarakterik xüsusiyyəti vardır. Kannerin autizmdə vurğuladığı “autistik yalnızlıq” psixoloji bir yalnızlıqdır və bugün də autizm diaqnozunun qoyulmasında əhəmiyyətli bir yer tutmaqdadır. 1944-cü ildə avstriyalı uşaq psixiatrı Hans Asperger müstəqil olaraq eyni problemlərə malik və bənzər xüsusiyyətləri daşıyan uşaqlardan bəhs etmişdir. 1 Asperger autizmi davranışla əlaqəli bir sindrom olaraq təsvir etmişdir. Aspergerə görə bu uşaqları digər uşaqlardan ayıran əsas xüsusiyyət, insanlarla sosial qarşılıqlı münasibəti başladarkən və davam etdirərkən çətinlik yaşamalarıdır. O, eyni zamanda qeyd etmişdir ki, bu uşaqlarda digər insanlarla qarşılıqlı münasibət qurmaq niyyəti olmaqla birlikdə bu münasibət əcaib, tək istiqamətli, ya da ictimai qarşılıqlı münasibətlərdəki qaydaların yerinə yetirilməməsi şəklində olmaqdadır. 1952-ci ildə Amerika Psixiatriya Assosiasiyası tərəfindən dərc olunmuş Psixi Pozuntuların Diaqnostik və Statistik əl kitabında autizmdən uşaqlıq şizofreniyasının bir növü olaraq bəhs edilmişdir. 1970-ci illərdə araşdırmaçılar, autizmin diaqnoz meyarlarını əhatə edən bir araşdırma aparmışlar. 1980-ci ildə üçüncü dəfə dərc olunan əl kitabında autizm uşaqlıq şizofreniyasından və digər psixozlardan ayrılmış və yayılmış inkişaf pozuntusu adı altında araşdırılmışdır. 1994-cü ildə dördüncü dəfə dərc olunan kitabda yayılmış inkişaf pozuntularına dörd fərqli diaqnoz da daxil edilmişdir.
Onlar aşağıdakılardır:
1. Asperger sindromu;
2. Rett sindromu;
3. Uşaq dezinteqrativ pozuntusu;
4. Atipik autizm (başqa cür adlandırıla bilməyən yayılmış inkişaf pozuntusu).
1970-ci illərin sonunda Eric Schopler Kannerin görüşlərinin əksinə olaraq autizmi emosional bir pozuntu olaraq deyil, "nevro inkişaf pozuntusu" olaraq adlandırmışdır. Eric Schopler autizmi nevro inkişaf pozuntusu olaraq təyin etməklə yanaşı, autizmin eyni zamanda mədəniyyət kimi bir funksiya yerinə yetirdiyini də qeyd etmişdir. Mədəniyyət insanların düşünmək, yemək, geyinmək, işləmək, hava vəziyyəti, ya da təbiət hadisələrini anlamaq, boş vaxtı dəyərləndirmək, ünsiyyət qurmaq və sosial qarşılıqlı münasibətlərinə təsir etməkdədir. Mədəniyyətlər bu bucaqlardan fərqliliklər göstərir. Buna görə, bir mədəniyyətə aid insanlar digər mədəniyyəti anlamaqda çətinlik yaşaya bilər.
Autizm təbii ki, tam olaraq bir mədəniyyət deyil, amma hər 2 necəsə fərdlərin yemək, geyinmək, boş vaxtını dəyərləndirmək, ünsiyyət qurmaq formalarına və s. təsir etməkdədir. Beləcə sanki bir mədəniyyətmiş kimi görünməkdədir. Dünya Sağlamlıq Təşkilatının Ruhi və Davranış Pozuntularını təsnif edən Klinik təyin və Diaqnozlar əl kitabına görə “autistik pozuntu” və ya “ünsiyyət pozuntusunun” əlamətlərindən bəziləri bunlardır:
- Üç yaşından əvvəl meydana çıxır;
- Yayılmış bir inkişaf pozuntusudur;
- Sosial münasibətlərdə, ünsiyyətdə və təkrarlanan məhdud hərəkətlərdə funksiya pozuntuları tipikdir;
- Sosial mühitə görə davranışlarını nizamlaya bilməmək;
- Mövcud olan dil bacarıqlarının funksional istifadə edilə bilməməsi;
- Səs tonu və vurğuların uyğunsuzluğu;
- Jest və mimikaların uyğunsuzluğu;
- Bəzi davranış və vərdişlərin şablon halını alması;
- Ətraf mühitin dəyişməsinə müqavimət.
Autizmli fərdlər ilk vaxtlar insanlarla sosial qaşılıqlı münasibətlər qura bilmədikləri, ünsiyyətə girmədikləri üçün insanlarda onlarda əqli inkişaf geriliyi olduğu düşüncəsini yaratmaqdadır. Lakin hər autist fərd əqli inkişafdan geri qalmır. Bu o demək deyil ki, autist insanların hamısı əqli inkişaf cəhətdən normal olurlar.
Ümumi statistikaya nəzər saldıqda müəyyən olur ki, autizm diaqnozlu fərdlərin təxminən 10-15%-i normal və normadan yüksək əqli inkişaf səviyyəsinə, 25-35%-i yüngül əqli inkişaf geriliyinə malikdir. Geriyə qalanların əqli inkişaf səviyyəsi isə orta və ağır dərəcədədi. Autizmin yayılması ilə əlaqədar dəqiq məlumatlar bilinməməklə yanaşı, fərqli mənbələrdə fərqli rəqəmlər verilməkdədir.
Məsələn, 1996-2001-ci illərdə aparılan elmi araşdırmalarda autizmin yayılma nisbətinin 10/10 000 olduğu bildirilmişdir. 3 Xəstəliklərə nəzarət etmə və qarşısını alma mərkəzi tərəfindən 2007-ci ildə aparılan araşdırma nəticəsində isə bu sayın 1/150 olduğu müəyyənləşdirilmişdir. Amerikada aparılan ən son araşdırmalarda bu sayın 1/88 olduğu açıqlanmışdır. Bu sayın getdikcə artması mütəxəssisləri narahat edir. Azərbaycanda hələlik bu cür statistik araşdırma keçirilməmişdir. Bununla yanaşı araşdırmalar göstərmişdir ki, autizmin görülmə nisbəti oğlanlarda qızlara nisbətən 3-5 dəfə çoxdur.
Autizimdə " Mən " anlayışı Mən öz dünyamın mərkəzindəyəm.- Mən bunu belə etmək istəyirəm.- Mən bu köhnə rahat geyimi xoşlayıram.- Əgər mən pis iylənirəmsə mənim üçün fərq etməz.LAKİN !- Mən istəyirəm ki,cəmiyyət məni qəbul etsin.- Mən gülünc vəziyyətə qoyulmağı xoşlamıram.- Mən iş əldə etmək istəyirəm.- Mən istəyirəm ki,adamlardan yaxşı iy gəlsin.
Autist uşağın ailəsinin keçirdiyi sosial-psixoloji mərhələlər Ailə – insan növünün davamlılığını təmin edən, ilk ictimailəşmə müddətini meydana gətirən, qarşılıqlı əlaqələri müəyyən qaydalara bağlayan, cəmiyyət mədəniyyətini nəsildən nəsilə ötürən, bioloji, psixoloji, iqtisadi, hüquqi və s. istiqamətləri olan ictimai bir qurumdur. Ailə, ana, ata və uşaqlardan ibarət ən kiçik cəmiyyət vahididir. Eyni dam altında yaşayan, eyni gəliri paylaşan, evlilik, qan qohumluğu ilə birləşən və oynadığı müxtəlif obrazlarla biri-birinə təsir edən fərdlərin təşkil etdiyi sosial bir qurumdur. Ailə məhdud bir böyüklüyə sahibdir və sosial varlıqların ən kiçiyidir. Hər cəmiyyətdə və hər dövrdə ailə var olub. Uşağın mənliyi ailədə formalaşır. İlk davranışlar ailədə qazanılır. Valideynlər uşağın həyatında ən güclü təsirə malik insanlardır. Uşaqlar doğulduqları ilk gündən bir çox bacarıqları anaları, ataları və digər ailə üzvlərindən öyrənirlər. Valideynlər uşaqlarına köməyə ehtiyacı olduğunda dəstək verən, onları öyrəndikləri hər bacarıqda tərifləyən ilk müəllimlərdir.
Xəlilzadə Sitarə