Düşüncə Jurnalı

header photo

"Fərqli lakin EYNİ… AUTİZMli bir uşağın iç səsi…" -ELNARƏ ƏHMƏDLİ

01-12-2015

SALAM. Mən autizmli bir oğlan uşağıyam. Gündəlik yaşamda sizin hiss etmədiyiniz, diqqətinizi çəkməyən şeylər məni asanlıqla özümdən çıxara bilər. Yaşıdlarım üçün çox əyləncəli olan alış-veriş mənim üçün tam bir kabusdur. Hələ alış-veriş arabalarının qıcırtı səsi və ya hansısa xoşagəlməyən iy məni özümdən çıxara bilər. Bu zaman məni sakitləşdirmək üçün məni narahat edən şeylər uzaqlaşdırın. Danışdıqlarınızı eşitmədiyi fikirləşməyin. Eşidirəm lakin, eşitdiklərim mənə hansısa başa düşmədiyim bir dil kimi gəlir. Digər otaqdan məni qışqıraraq çağırdığınızda mən diqqətimi toplayıb nə dediyinizi başa düşə bilmirəm. Qışqıraraq çağırmaq əvəzinə yanıma gəlin. Ya da siz darıxmışam sözü əvəzinə burnumun ucu göynəyir deyəndə mən bunu sözün hərfi mənası ilə anlayıram və beynimdə qarışıqlıqlar yaranır. Bunun üçün sadə dildə danışın. Yorulmuş, qorxmuş, tədirgin ola bilərəm. Sizi başa düşmədiyim vaxt cavab vermək üçün mənasız sözlərdən də istifadə edə bilərəm. Edə bilmədiklərimin yerinə edə bildiklərimi düşünün. Düşününki bunları necə inkişaf etdirə bilərik. Güclü tərəflərimi kəşf etməyə çalışın. Düşünməyin ki mən öz yaşıdlarımla parkda oynamaq istəmirəm. Qıraqdan elə görünə bilərəm. Lakin hərdən bunu lap çox istəyirəm. Amma bunu necə etməli olduğumu bilmirəm. Sosiallaşmağa mənə kömək edin. Məni olduğum kimi qəbul edib sevin. Kaş ki belə olaydı, kaş ki bunu da bacara bilərdi kimk düşüncələri ağlınızdan silin. Siz ailənizin, ətrafınızdakıların bütün gözləntilərini qarşılaya bilirsiniz? Autizm mənim seçimim deyil. Unutmayın bu vəziyyəti mən yaşayıram, siz yox. Sizin dəstəyiniz olmada yaşaya bilmərəm. Səbr edin. Söz verirəm bacarmaq üçün əlimdən gələni edəcəm. Autizmə bir əskiklik, yarımağıllılıq kimi yox fərqli bir qabiliyyət, bacarıq kimi baxmağa çalışın. Bəli bəlkə də mən növbəti bir Messi ola bilmərəm, amma həddindən artıq diqqətimlə növbəti bir Nyuton, Mozart ola bilərəm. Axı çoxları onlarında autist olduğunu düşünülür. Amma unutmayın ki siz olmadan mən bunları bacara bilmərəm. Mən qorxuram. Dünyaya mənim gözümlə baxmağa çalışın. Mənim əlimdən tutun. Qorxmayın keçici deyil autizm. Mənim ailəm, dostum, müəlliməm olun. Görəcəksiz mən bacaracam.

 

BDU Sosial Elmlər və Psixologiya IV kurs-

Elnarə Əhmədli

 

Go Back

Sorğu göndər