Düşüncə Jurnalı

header photo

"Heç bir uşaq dünyaya autizm sindromlu biri kimi gəlmək istəməzdi... - KÖNÜL CƏLİLLİ

01-12-2015

Hal–hazırda yaşadığımız dövrdə müasir problemlərdən biri autizm sindromudur. Mütəxəssislər və pedaqoji təhsil alanlar autizm haqqında kifayət qədər məlumatlı olsalar da təəsuflər olsun ki, əksər valideynlər bu məsələyə bəzən etinasız yanaşırlar. Ciddi xəstəliklər haqqında da məlumatsız olmaq onların gələcəkdə xəstə uşaq dünyaya gətirmələrinə səbəb olur. Gəlin bu günahsız, məsum uşaqları qoruyaq, gələcəkdə onları incidən xəstəliyin olmamasına çalışaq və autizmə yox deyək.

Autizm nedir?

Autizm- Erkən yaş dövründən başlayan, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən məhdud və təkrarlanan davranışlara gətirib çıxaran,beynin inkişafina maneə törədən bir xəstəlikdir.Xüsusi qayğıya ehtiyacı olan bu tip uşaqların sosial adaptasiyası, cəmiyyətə inteqrasiya olunması, özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi və bu məqsədlə onların valideynlərinin maarifləndirilməsi pedaqoq və psixoloqların diqqət mərkəzindədir.  Autizm termini müxtəlif dərəcədə nəzərə çarpan əlamətləri ilə xarakterize olunur.

1. Sosial münasibətlərdə pozğunluq

– Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik,

– Ətrafdakılara yad və laqeyd münasibət,

– İnsanlara cansız əşyalara olduğu kimi münasibət,

– Başqa insanlarında istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək.

2. Nitq və ünsiyyətdə pozğunluq

– Sözlərin mənasını anlamaqda çətinlik,

– Ancaq öz ehtiyaclarının ödənilməsi ilə məhdudlaşan ünsiyyət,

– Başqa insanların jestlərini, mimikasını təqlid etməkdə çətinlik.

3.Təsəvvür etməkdə çətinlik

 – Bir fikirdən digərinə keçməkdə çətinlik,

 – Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət).

Autizmə xas olan xüsusiyyətlər hansılardır?

 –Başqalarına qarşı maraqsızdır,

 –Göz təmasından qaçır,

 –Başqaları ilə ünsiyyət qurmur,

 –İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir,

 –Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir,

 –Mənasız sözləri ardıcıl təkrarlayır,

 –Təmasdan və qucağa alınmaqdan xoşlanmamaq. Normal doğulan, boya-başa çatan uşaqların sevib seçdikləri bütün gözəlliklərdən autizm sindromlu uşaqlar imtina edirlər. Ətrafda baş verən dəyişikliklər, yeniliklər onları qorxudur, qıcıq verir və özlərindən çıxmalarına səbəb olur. Onlar yorulmadan eyni bir hərəkəti təkrar etməyi sevirlər,  məsələn saatlar ilə evin küncündə dayanmaq, qapını dəfələrlə açıb-bağlamaq kimi hərəkətləri təkrar etməkdən xoşlanır.

Autizm əqli çatışmazlıqdırmı?

–Autizmli uşaqlar əsasən öyrənmək və dərk etməkdə çətinliklər çəkirlər.

– Autizmli uşaqların böyük əksəriyyətində müxtəlif səviyyəli əqli çatışmazlıq özünü biruzə versə də əqli səviyyələri normal olan autizmli uşaqlar da var.

– Ancaq ümumi əqli vəziyyətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq autizmli uşaqlar onları əhatə edən dünyanı dərk etməkdə çətinlik çəkirlər.

Bütün bu xüsusiyyətlərdən də məlum olur ki, autizm sindromu ilə doğulan uşaqlar normal doğulmuş uşaqlardan fərqli xüsusiyyətlərə malikdir. Bu fərqliliklərə görə də onlardan imtina edək kimi mənfi düşüncələrdən uzaq olaq və əksinə daima onları qoruyaq, onların düzgün müalicə olmalarına yardımçı olaq. Əgər bizim düşüncəmiz sağlamdırsa və əgər düşünürük ki, bizim əqli geriliyimiz yoxdur onda bu zaman öz düşüncəmizlə düşünək və anlayaq ki, heç bir uşaq dünyaya autizm sindromlu biri kimi gəlmək istəməzdi.

 

 ADPU –nun Pedaqogika və Psixologiya fakültəsinin 4 kurs tələbəsi

Cəlilli Konul Cəlil qızı,

22 yaş

 

Go Back

Sorğu göndər