Autizm bir xəstəlik deyil! Autizm fərqli qavramadır!
Autizmli uşaqlarda sosial bacarıqlar, üsiyyət qurmaqda problemlər və bununla yanaşı, təkrarlayıcı, takıntılı davranışlar müşahidə olunur. Ancaq bu məhdudluqlar uşağın edə biləcəklərinə sərhəd çəkməməlidir. Ətrafdakılar hər zaman uşağın fərqliliklərini olduğu kimi qəbul etməli və məhdudiyyətləri aradan götürməlidir. Onu da qeyd edək ki, fərqli olmaq yalnış və ya pis bir şey deyildir. Bizlər fərqli davranışları anlamadığımız ya da qəribə gördüyümüz üçün səhv və ya pis deyə xarakterizə edirirk. Autizmdə möcüzələrə yer yoxdur: bunun yerinə hər bir fərdi tutumu ən yüksək səviyyədə istifadə edə bilmə və yetkin həyata hazırlanma hədəfi, səyi vardır. Ekolali uşağın duyduqlarını eyni səs tonu ilə təkrar etməsidir. Ekolali danışıq qabiliyyəti olan autizmli uşaqların çoxunda müşahidə olunur. Yaş artdıqca və uşaq təhsil aldıqca ekolalidə azalma müşahidə olunur. Autizmli uşaqlarda ekolali - anında ekolali və gecikmiş ekolali olaraq iki yereə ayrılır. Anında ekolali danışdığı müddətcə söylənənlərin təkrar edilməsidir. Gecikmiş ekolali isə uşağın günlər, aylar öncə duyduğu hər hansı sözləri təkrarlamasıdır. Ekolalinin autizmli insanlar üçün bir çox funksiyaları ola bilər. Məsələn; diqqət çəkmə, söhbəti uzatma və ya müəyyən bir ifadəni anlamaq kimi. Autizm çoxəhatəli bir mövzu olduğu üçün mən insanlar tərəfindən daha az diqqət ayrılan <<Autizmli uşaqların özünə qulluq bacarıqları və bu bacarıqların öyrədilməsində tətbiq olunan üsullardan>> danışacam. Özünə qulluq bacarıqları insanın yaşamasını rahat bir şəkildə davam etdirə bilməsi üçün lazım olan bacarıqlardır. Bu bacarıqlar bunlardır: tuvalete getmə, öz başına geyinib-soyunma, yemək yemə qabiliyyəti, vaxtlı vaxtında yuyunmaq və s. Bu bacarıqlar çox əhatəli olduğu uçun mən yalnız bədən təmizliyi və geyinib-soyunma mövzusuna diqqət edəcəm. Normal uşaqlarda belə bəzi vaxtlarda çətin vəziyyətdə qaldığımz geyinib-soyunma bacarığı autistik uşaqlarda daha böyük problem doğurmaqdadır. Belə ki, autistik uşaqlar bəzi geyimləri geyinmək istəmir, bəzi paltarlara isə taklıb qalırlar, yalnız bir paltar, rəng və ya çeşiddən istifadə edirlər. Hər işdə olduğu kimi, autizmli uşaqlara geyinməyi öyrətmək üçün ilk növbədə geyinməyi sevdirməklə başlamaq lazımdır. İlk öncə rahat geyniləbilən, düyməsiz, bağsız geyimlər seçilməlidir. Geyindiriləcək geyimlərdən- şalvar, köynək, ayaqqabı və s.-nin ən asan geyiniləni seçilməlidir. Məsələn, örnək üçün köynək geyindirək. Bunun üçün ilk növbədə lazımi ortam hazırlanır, geyim uşağa təqdim olunur. Daha sonra öyrədici insan öz köynəyini də göstərək, “indi köynək geyinib-soyunacağıq” deyir. Bu hərəkəti özü öz üzərində bir neçə dəfə təkrar edir və öyrəncinin onu mütəmadi izləməsini təmin edir. Daha sonra öyrənciyə əmr ederək “indi köynəyini sən çıxaracaqsan” deyir. Burada uşağın ilk həmləsinə diqqət yetirilməlidir. Bu zaman uşaq ilk öncə sağ əlini sol, sol əlini sağ qarın boşluğunun altından köynəyin ətəklərindən tutaraq, başından çıxarıb öncə bir qolunu, sonra digər qolunu çıxarmalıdır. Bu bacarıqların bir çalışmada qavranılması çətin olduğu üçün tez-tez təkrarlanmalıdır. İlk çalışmalarda fiziki yardım göstərilə bilər. Bir çox ailələrdə ya duyğusal yanaşaraq, ya da işi tezləşdirmək üçün həmən özləri geyindirməsi hallarına rast gəlinir.Bu zaman isə yaxşılıq edim deyərkən ən böyük pisliyi etmiş olurlar. Eləcə də şalvar geyinib-soyunma da bir neçə təkrardan sonra uşağa mənimsədilir. Düyməli paltarlarda uşağın ilk öncə düyməni açıb-bağlama çalışması edərək, düymə açıb-bağlamağı öyrənməsi lazımdır. Burada diametri 2-3 sm olan düymələr seçilməlidir. Özünə qulluq bacarıqlarının ən önəmlilərindən biri də bədən təmizliyi bacarığıdır. Bu bacarıqla uşaq eyni zamanda sağlamlığını qorumağı da öyrənmiş olur. Bədən təmizliyinin başında əl-üz yuma vərdişi durur. Uşağın suya qarşı mənfi reaksiyası ola bilər. Çünki hər uşaq fərqli özəllikdədir. Bu prosesi vərdişə çevirmək üçün lazımi mühit yaradılmalıdır. İlk öncə əllərimizi çirkləndirəcək bir işlə məşğul oluruq və ya yemək yeyirik, sonra nümunə kimi özümüz uşağın gözü önündə əllərimizi yuyuruq. Daha sonra “indi sən yuyacaqsan” deyib, sabun götürdülməli, kran açıldılmalı, əllər və barmaq araları yaxşı-yaxşı yuyulmalıdır. Bir autistik şagirdə əl-üz yumağı öyrətmək daş daşımaqdan çətindir. Uşaqların suya reaksiyasını aradan qaldırmaq üçün suyla oynama, qabdan-qaba su boşaltma, oyuncaq çimdirmə, oyuncaq heyvanları üzdürmə- yuyundurma və s. kimi oyun üsullarından istifadə edilə bilər. Əgər bu da kömək etməzsə, ən çox sevdiyi oyuncağı suya ataraq götürmsini gözləmək lazımdır. Suya reaksiyası olan uşağın duşa girməsi də problemlidir. Belə bir vəziyyətdə oyuncaq kukladan istifadə edərək “gəl, kuklamızı yuyunduraq sən də mənə yardım et” demək lazımdır. Bu çalışma bir neçə dəfə təkrarlandıqdan sonra “sənin də duş almaq vaxtındı, istərsən sən də duş ala bilərsən” deyərək, onu buna məcbur etmədən razı salmaq lazımdır. Eləcə də dırnaq və saç kəsdirmək də belə uşaqlada böyük problemə çevrilir. Bu çalışmalarda da oyuncaq kukla və hazır vəsaitlərdən istifadə oluna bilər. Bütün bu bacarıqları qazandırmağa çalışırkən çox səbirli və sevgi ilə davranmalı, bezmədən təkrar edilməlidir.
“MƏN autizmli bir uşağam. Dünyanı digər uşaqlardan fərqli qavrayıram və bəzən həyat mənim üçün çox çətin olur. Narahat olma, erkən dioqnoz və təhsillə BÖYÜYÜNCƏ həyatıma tək başına davam edib, NƏ olacağıma özüm qərar verə bilərəm. Təhsil almağa erkən yaşlarımdan başlasam, bəlkə bir gün mən də sənəd sahibi OLACAĞAM. Mən kiçik bir toxumam, günəşim ol ANA!”