Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "AYGÜN Ağabalayeva"

ANANKAST ŞƏXSİYYƏT POZUNTUSU - Kimdir Onlar

Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf  biz oluruq.

Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir.

Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür.   Pedantik və  inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar.

Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir.  Bütün bunlar eqonun  artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir.

Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri  F60.5 aşağıdakı simptomları özündə ehtiva edir:

  1. Hədsiz xırdaçılıq
  2. Təmkinlilik
  3. Inadkarlıq
  4. Ehtiyatlılıq
  5. Şübhəli olmaq
  6. Rigidlik
  7. Pedantiklik

Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır.

Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq!

Dəyişməyə deyil və həzz almağa çalışın!

Aydan Xasməmmədzadə

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

pcc.az

Go Back

Qadın pula çatanda... - PSİXOLOJİ BAXIŞ

 

İndiki cəmiyyətimizdə əsrlər boyu mövcud olan vəziyyətdən tamamilə fərqli bir konsepsiya formalaşıb. Qadınlar bir çox sahələrdə çalışır, yaxşı pul qazanırlar. Bəzi ailələrdə ailə büdcəsinin əsasını qadınların gəliri təşkil edir. Belə vəziyyət əksər kişilərdə bir sıra psixoloji xarakterli problemlərin yaranmasına səbəb olur. Onu da qeyd edək ki, qadınlar da heç də ürək açan vəziyyətdə olmur. Çünki onun öhdəsində olan ev işlərinin üstünə digər məsuliyyətli iş gəlir. Maraqlı bir tendesiya müşahidə olunur. Qadın nisbətən çox qazandıqca, həyat yoldaşı yüksək maaşlı iş axtarışında əvvəlki həvəsi göstərmir. Bütün bunlarda təbii ki, ailə münasibətlərinə heç də yaxşı təsir etmir. Qadının qazancı üstünlük təşkil edən ailələrdə kişilərin əksəriyyətində özünüqiymətləndirmə səviyyəsi enir. Eyni zamanda kişilər bu vəziyyəti psixoloji cəhətdən qəbul edə bilmirlər. Və bu da kişilərin davranış tərzinə müəyyən təsir göstərir. Onlar belə situasiyada özlərini narahat hiss edirlər. Müxtəlif komplekslər yaranır. Və bu da ailədə normal münasibətlərə mənfi təsir göstərir. Qadın da ikili vəziyyətə düşür. Çünki ailə başçısı rolu qadına xas deyil, lakin yaranmış səbəblər üzündən onun üzərinə düşür. 35 yaş və daha yuxarı yaşda olan qadınlar artıq buna köklənirlər. Amma bir qədər gənc yaşda olan qadınlar bu yükü üzərilərinə götürsələr də uzun müddətli olmur. Ailə stereotiplərinin dəyişməsi cütlüyün intim münasibətlərinə də təsir göstərir. Kişi özünü sıxılmış hiss edərək cinsi əlaqələrdən də çəkinir. Qadında isə həyat yoldaşı ilə münasibətdə psixoloji çətinliklər yaranır. Əgər qadın ailədə bütün maliyyə məsələlərinə rəhbərlik edirsə, onda o özünü sevgili yox ailənin anası hiss edir. Çox yaxşı olardı ki, ərlərindən daha çox qazanan qadınlar, heç bir şəraitdə öz üstünlüklərini üzə vurmasınlar (Kişiyə minnət qoymaq, bunu hər gün vurğulamaq). Belə davranış təbii ki, mənfi reaksiya doğuracaq və ailədə problemi dərinləşdirəcək.

Həyat yoldaşınızın sizin üçün nə qədər önəmli olduğunu vurğulayın.Onun köməyinə, dəstəyinə hər zaman ehtiyac olduğunu bildirin. Qazancınızı ümumi ailə gəliri kimi yığın. Ailə üçün ev üçün nə isə əldə etmək qərarı verəndə mütləq məsləhətləşmək lazımdır. Ailədə münasibətləri daha etibarlı etmək üçün maaşınızın məbləğini gizlətmək lazım deyil. Yoldaşınızı günahlandırmayın, təziq göstəməyin. Bu yalnız mübahisələrə gətirib çıxaracaq. Amma həyat yoldaşınız bütün bunlara baxmayaraq yenə kobud diqqətsiz olursa – artıq düşünmək zamanı gəlir….. Hər halda qadın özü qərar verir.Bəzi işləyən yaxşı qazanan qadınları belə yaranmış vəziyyət qane edir.

Amma unutmayaq ailə müqəddəsdir.”Evlilik zənciri elə ağırdır ki, onun yükünü ikilikdə daşımaq lazım gəlir”. Ancaq qarşılıqlı məhəbbət və qarşılıqlı hörmət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Qurtula bilmədiyimiz QISQANCLIQ bəlası

Qısqanclıq ilan zəhərindən daha betərdir, çünki ilan zəhəri sadəcə bir insanı, qısqanclıq isə həm başqasını, həm özünü zəhərləyir. /J.Lubbock/

Yəqin ki, hər birimiz həyatımızda bir dəfə də olsa bu əzablı qısqanclıq hissini yaşamışıq. Qısqanclıq müxtəlif olur və fərqli sahələrdə yaranır: sevgidə, dostluqda, övlad – valideyn münasibətlərində. Qısqanclığa ən çox ailə münasibətlərində rast gəlmək olar. Və bu hiss yavaş-yavaş təsir edən zəhər kimi vaxt keçdikcə ailəni tamamilə dağıltmaq iqtidarındadı. Ailə münasibətləri psixologiyasına əsasən, qısqanclıq kişi və qadın arasında olan münasibətlərdə yer alan şübhə hissidir.Qısqanclığı bir neçə tipə ayırmaq olar.

1.Sevdiyi insana qarşı mənimsəmə hissi. Belə hallarda təbii ki, qarşı tərəf xeyli əziyyət çəkir. Bu tip daha inadkar, üstün olmağa meyil edirlər. Onlar insana nə hörmət qoymağı, nə bağışlamağı bacarırlar.

2. Özgüvən əksikliyi nəticəsində əmələ gələn qısqanclıq. Bu tip qısqanclıq özünə əmin olmayan, həyəcanlı olan insanlarda yaranır. Onlarda başqaları ilə müqayisədə ikinci dərəcəli olmaq qorxusu. Bu tip qısqanclıq qarşı tərəfdən çox, qısqanc olana əziyyət verir.

3. Qısqanc insanın özü xəyanət edəndə. Bu halda əks tərəf əziyyət çəkir. Qısqanclığın real yada ki, uydurulmuş əsası həmişə var. Real deyəndə, yəni həyat yoldaşının fərqli, şübhə doğuran davranışı. Uydurulmuş halda qısqanclığın qaynağı qorxudur, inamsızlıqdı. Qısqanclıq insanın cinsindən, xarakterindən, insanın şəxsi əqidəsindən asılı olaraq müxtəlif olur.

Qısqanclıq üzücü bir hissdir, lakin müsbət tərəfidə var. Qısqanclıq qədərində olanda bu sağlam qısqanclıqdı, çünki sevgini daha da gücləndirir. Amma qısqanclıq qeyri –sağlam şəkildə olanda təbii ki, mənfi emosiyalara səbəb olur. İlk öncə sevdiyi insana qarşı yaranan inamsızlıq, güvənsizlik. Sonra qəzəb, əsəbililik – hansıların ki, nə üzə çıxaranda, nə daxildə boğanda müsbət nəticə vermir. Qorxular ortaya çıxır: atılma, tənha qalma qorxusu.” Hamı biləndə mənim haqqımda nə danışacaqlar” bu kimi fikirlər. Qısqanclıq psixosomatik xəstəliklərlədə bağlı tərəfləri var. Emosional stress qadınlarda birbaşa hormonal sistemə təsir edir. Kişilərdə isə xroniki yorğunluq sindromunun yaranmasına səbəb olur.

Qeyd etdiyim kimi qısqanclığın ailədaxili münasibətlərə mənfi təsiri çoxdu. Və ən kədərlisi odurki, bu qısqanclıq “səhnələri” övladların göz önündə baş verir.Hər bir uşaq üçün ilk gündən valideynləri yeganə sevimli modeldir. Kiçik yaşlarında hələ tam olanları kritik analiz edə bilmirlər, lakin bütün gördükləri şüuraltında yer alır. Və təbii ki illər keçdikcə müəyyən yaşa çatanda, münasibət quranda övladınıza öz mənfi təsirini göstərəcək. Kişi və qadın qısqanclığı fərqli olur. Kişilər həyat yoldaşını özündən diqqətini yayındıran hər kəsə qısqanır, hətta övladlarına, nəvələrinə. Təbii ki, başqa kişilərə də. Kişilər öz rəqibi ilə özlərini müqayisə etmirlər. Onlar üçün əsas qısqanclığın fakt olaraq özüdür. Qadınlar isə əksinə rəqibi ilə özlərini müqayisə edirlər. Və əgər kişinin xəyanətində kişi həyat yoldaşın ittiham edirsə, qadında özünügünahlandırma hissi ilə də rast gəlirik. Hətta bəzi xanımlarımız rəqiblərinə oxşamağa can atırlar. Hesab edirlər ki, qadınlar kişilərdən daha qısqancdı, çünki bu mövzuda tez-tez dava salırlar. Amma reallıqda başqa cürdür. Kişilərdən fərqli olaraq qadınlarımız xəyanətlə rastlaşanda çox vaxt bağışlayırlar əsasda övladlarına görə. “Bəs qısqanclığı necə aradan qaldıraq?” sualı ortaya çıxır. Hər bir insan özünə dəyər verməyi , özünüqiymətləndirməyi bacarmalıdı. Özünüzə vaxt ayırın. Fikrinizi daha əhəmiyyətli işlərə ayırın. Baş verənlərdən daha səmərəli nəticə çıxarın. Həyat tərzini dəyişməyə cəhd göstərin. Qısqanclığı anlamaq üçün onun səbəbini bilmək gərək. Səbəbi isə özünüqiymətlədirmənin aşağı olmasıdı. Həyatınızı qısqanclıq hissi ilə zəhərləməyin. Sadəcə özünüzə dəyər verin və həyatda birlikdə olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın!

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

PCC.AZ

 

Go Back

İnsanları cinayətə sürükləyən yollar- PSİXOLOJİ YANAŞMA

Heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır. Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri – qanuni hərəkətlərə hansı amillər səbəb olur?

  • həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək,
  • ailədə ata rolunun olmaması,
  • uşağa qarşı həddən artıq yumşaq davranış,
  • valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması,
  • ailədə münaqişələr və s

Təbii ki qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır. Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması. Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir. Müxtəlif növ cinayətlərin törədilməsinin psixoloji səbəblərindən biri – insanın cəmiyyətdən təcrid olunmasıdır. Şübhəsiz ki ,öncə qeyd etdiyim kimi bunun başlanğıcı ailədən irəli gəlir. Bəzən görürsən ki, tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır, nə dostu olur, hətta neytral ünsiyyət də alınmır.Və gələcəkdə uşaqda “sosiopatiya” formalaşır, bu da zaman keçdikcə qapaılılıqdan açıq aqressiyaya gətirib çıxarır. Özünəgüvənsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlər tərəfindən diqqətsizlik, çox ciddi cəza və ya yaşıdları tərəfindən aqressiya və s – bu fonda natamamlıq kompleksi və qorxu inkişaf edir. Gələcəkdə isə özünü təsdiq etmək üçün qanunazidd hərəkətlərə doğru addımlayırlar. Aydın məsələdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mənasızdır. O yaşa qədər uşaq, sosial normalara uyğun davranışa nəzarət etmir. İlk dəfə uşaq məktəbdə həqiqətən sosial tələblər ilə qarşı -qarşıya durur, artıq davranış qaydalarına ciddi riayət edilir. İbtidai siniflərdən başlayaraq antisosial davranış bu formalarda özünü biruzə verir:

  • nizamsız davranış,
  • məktəb qaydaların və intizamın pozulması,
  • dərslərdə davamiyyətin pozulması,
  • evdən qaçmalar,
  • yalanlar,
  • oğurluq.

12-17 yaşlarda qanunazidd hərəkətlər artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir. Elə şəxslər var ki, özünü ətrafdakılarla dostlarla, qohumlarla müqayisə edir. Və bu anda tamah hissi üstün gəlir. Belə situasiyalarda cinayətkar etdiyi hərəkəti ədalətin yerin tapması kimi qəbul edir və heç bir təəssüf hissi duymur. Ən çətin cinayətin səbəblərindən biri də psixi pozuntulardır. Çünki çətin sübut olunur, ətrafdakılar tərəfindən şübhə ilə yanaşılır.

Qeyri – qanuni hərəkətlərə səbəb olan anomaliyalar hansılardır:

  • psixopatiya,
  • alkoqolizm,
  • nevrotik pozuntu,
  • kəllə-beyin travmaları,
  • intellektual çatışmazlıq.

Bu mövzuda hələ çox danışmaq olar. Cinayətin törədilməsi üçün müxtəlif səbəblər ola bilər. Hər bir halda kökündə cinayətin təməlində özünəgüvənsizlik durur. Təəssüf ki, insanlar özünü təsdiq üçün çox vaxt yanlış yol seçirlər. Unutmayaq ki, heç bir cinayət cəzasız qalmır!

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

İnsana qalan xatirələrdir - Psixoloji baxış

Bu dünyanın gerçəyi,

Yalanı xatirədir……

Baba Vəziroğlu

İnsanın yaddaşı xatirələrdən ibarət unikal bir xəzinədir. Zaman keçdikcə, biz qeyri- ixtiyari həyatımızda olub keçən hadisələri xatırlayırıq. Bəzən keçmişdə olan hadisələri yada salmaq o qədər xoşdurki. O an hisslər canlanır, ürək elə döyünürki, sanki o günlərə qayıdırıq, o anları yenidən yaşayırıq, həmin hisslər, həmin emosiyalar. Bəzən onlar qayıdır…. Bəzilərində tez-tez, bəzilərində gec-gec.Kimlərdə isə parlaq, kimlərdə isə solğun. Yaddaşımızda təzələnib ruhumuzu narahat edirlər. Onlar həm sevindirici, həmdə kədərli olur. Elə xatirələr var ki, həyatımızı sanki parlaq boyalarla çiçəkləndirir, üzümüzdə təbəssüm doğurur. Amma həyatımızı dözülməz edən, hər zaman göz yaşlarına səbəb olan xatirələr də var. İllər ötdükcə həyatımızda baş verənlərə münasibət dəyişir. Başqa bir mənzərə olur. Bəzən onları geri qaytarmaq istəyi olur, bəzən isə tamamilə yaddaşdan silmək istəyi. Ruhumuza acı verən hadisələri xatırlayanda nə baş verir? İnsan o hissləri,o mənfi emosiyaları yenidən yaşayır.O keçirdiyi hisslər onun daxilində ( orqanizmində) zərərli dəyişikliklər yaradır. Bu isə birbaşa sağlamlığa, ümumi həyat tonusuna təsir göstərir. İndiki real həyatında hər bir şey qaydasında olsa belə, insan mənfi xatirələr əhatəsinə düşürsə,  mənəvi əzab çəkir, real həyatını yaşamağa taqəti qalmır. O da təbii ki psixoloji narahatlığa səbəb olur. İnsan pis xatirələrə qapanmaqdansa mənfi olanlardan nəticə çıxarmalıdı. Əgər mənfi xatirələrdən qurtula bilsəniz, vəziyyətiniz tək mənəvi cəhətdən yox, həm də fizioloji cəhətdən xeyli yaxşılaşacaq. Əksinə, əgər insan yalnız müsbət olanları, gözəl anları yadda saxlamaq iqtidarında olsaydı, o həyata nikbin baxardı.Amma istənilən anda pis xatirələri tam unutmaq olmur. Onların mənfi təsirindən həyatımızı qurtarmaq olar.

Gözəl xatirələr – insanın daxilində daim enerji mənbəyidir. Belə xatirələr həyatımızı bəzədiyi və zənginləşdirdiyi üçün lazımdır.Hər kəs yaddaşında yalnız müsbət xatirələri saxlamağa çalışmalıdı. Onlar bizə müsbət enerji ötürür, bizə sevinc bəxş edir, gələcək işlərimizə ruhlandırır.O insanlar ki bir qayda olaraq yalnız xoş xatirələri yada və neqativ fikirlərini yayındırır, təbiiki gələcəyə nikbin baxacaq. Amma nə qədər xoş, sevindirici və ya kədərli olsalar da xatirəsiz həyatımız mənasını, bütövlüyünü itirmiş olar. Keçmişimiz – gələcəyimiz üçün qoyulan bir təməldir. Müsbət xatirələr insanın ruhun işıqlandırır. Və arzu edərdim ki, illər ötdükcə, yaşa dolduqca rahat deyək: “Mən xoşbəxt,mənalı həyat yaşamışam!

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

HALLUSİNASİYA NƏDİR

Hallusinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallusinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur. İndiki zamanda daimi stress hallusinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallusinasiya nədir? Hallusinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsidir. Hallusinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallusinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır. Psixoz xəstəliklərində hallusinasiya hallarına tez-tez rast gəlinir. Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da bəzən müvəqqəti hallusinasiyalar yaranır. Hallusinasiyaların təsiri altına düşən xəstə intihar edə bilər. Gözə görünən hallusinasiyalara əsasən müxtəlif şəkillər aiddir. Onlar qəribə, qeyri-adi heyvanlar, qorxunc başlı insanlar və s. görürlər.

Hallusinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən mövcuddur.

Psevdohallusinasiya anlayışı da mövcuddur. Psevdohallusinasiyada xəstələr öz yanlış xarakterini dərk edirlər. Hallusinasiyanı illüziyadan fərqləndirmək lazımdır. İllüziya (latınca illusio — yanlış fikir, yalan) — real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır. Amma hallusinasiya zamanı yanlış qavrayış subyekt özü olmadığı halda yaranır.

Hallusinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallusinasiyanın yaranmasına gətirib çıxarır. Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular görürlər. Hallusinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində də yarana bilər. Həmçinin, psixoloji depressiya da bura aiddir. Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və yaşlı xəstələrdə tez-tez rast gəlinir.

Hallusinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir. Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və əhəmiyyətlidir.

 

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Uğur Qazanmağın Ən Asan Yolu-ONLARI PLANLAŞDIRIN!!

Hər bir  problemin həlli var, yeganə  çətinlik  onu  tapmaqdan   ibarətdir.                                            /Evvi  Nef/ 

Görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz  və uyğun variantı seçməyə çalışırsız. 

 Biz  gündəlik  iş   prosesində,  müxtəlif   situasiyalarda  qərarlar  qəbul  etmək  məcburiyyətindəyik. Çox  düşünürük,  tələsirik, sonradan  isə  nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar  həyatımızda  çox mühüm  rol oynamır.  Amma  elə vəziyyət də olur ki, yalnış  qərarlar  taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq.

            İnsan daima seçim arasındadır:  “nahara nə alsın?”, “dincəlməyə hara getsin?”, “hansı ali təhsil müəssisəsində təhsil alsın?”, “hansı peşəni seçsin?”, “millyon necə qazansın?” və s. Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur. Nəinki ciddi seçim qarşısında qalmaq. Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə ,uğursuzluğa, itkiyə səbəb ola bilər.

           Düzgün seçim həyata keçirmək üçün mütləq  müddətini  təyin etmək lazımdır. Vaxtla yanaşı, emosiyalar da qərarın qəbul olunmasında  maneələr yaradır. Çünki  duyğular  üstün gələndə insan obyektiv düşünə bilmir və düzgün qərar qəbul etmir. Belə bir vaxtda insan rahat və sakit olsa, daha yaxşıdır. Qərar qəbul edilmə prosesində düşüncələrimizdə mütləq prioritet qoyulmalıdır, fikirlərin ardıcıllığı olmalıdır. Əlbətdə ki, düzgün qərar qəbul etmək, əsasən, insanın təcrübəsindən  asılıdır. Necə deyirlər: “Müdriklik illərlə gəlir”(düzünü desək, bunu da  hamıya  aid etmək olmaz).

      Uğursuzluq qarşısında qorxu hissi də düzgün qərar verməyə mane olur. Qorxunu aradan qaldırmaq üçün alına biləcək nəticələri ətraflı təhlil  etmək lazımdır. Addımlarınızı götür-qoy edin. Kiçik qərarlardan başlayın. Əvvəlcə  təyin  edin ki,  hansı  qərarı  qəbul  etmək  fikrindəsiz. Sizdə bir neçə variant olmalıdır. Münasib variantı müəyyən edib seçməlisiz. Eləcə də, vəziyyəti analiz edin. Demirəm ki, oturub hansısa bir vəziyyətin təhlili üçün bütün vaxtınızı sərf edin. Yəqin ki,  yatmazdan əvvəl gün ərzində baş verən hadisələri asanlıqla  təhlil edib  müvafiq nəticələr çıxarmaq olar. İnsanın şüuraltında (təltəlşüuru) hər bir yaranmış vəziyyətdən mümkün çıxış yolları var. Yuxu zamanı  fasiləsiz təhlil prosesi keçir. Səhər isə təltəlşüurunuz sizə optimal variantı verə bilər.

       Planlaşdırın! Siz görüləcək işləriniz barədə qeydlər edin.Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz  və uyğun variantı seçməyə çalışırsız. Eyni zamanda, qeydlər keçmişdə gördüyünüz səhvlərə əsaslanaraq gələcək qərarların düzgün qəbul olunmasına kömək edir.

        Düzgün qərar qəbul olunmasını təmin edən amillərdən biri – obyektivlikdir. Vəziyyəti olduğu kimi qəbul etmək  lazımdır. Yalan, şişirtmə faktlar yanlış seçimə gətirib çıxarır. Bəzən elə olur ki, müəyyən detalların aydınlaşdırılması  seçimi geciktirir. Lakin buna da aldanmayın, yeni faktlar qərar qəbul edilmə prosesini daha da çətinləşdirir, çünki yeni məlumatları dəqiqləşdirmək istəyi  yaranır. Zaman müxtəlif  variantları təhlil etmək imkanlarını məhdudlaşdırır. Məsələn, sizə münasib olan iki müxtəlif yerə iş təklifini almısınız və siz qərarsızsınız. Əlbəttə  gec  qərar  qəbul  etsəniz  nəticədə  işsiz  qala bilərsiz.

      Hansısa bir ciddi məsələni həll etmək üçün siz doğmaların və dostlarınızın həqiqətən faydalı məsləhətlərini də nəzərə ala bilərsiniz. Amma  bir məqamı unutmayın- hamıya və hər kəsə öz problemləriniz haqqında  danışmağa dəyməz. Daxili dialoq da bir çox hallarda faydalı ola bilər.

        Alternativ yollar  axtarın.Yalnız  bir  çıxış yolu ilə kifayətlənməyin. Heç olmasa müqayisə etmək üçün bir neçə variantlar fikirləşin. Təsəvvür edin ki, ilkin ideya mövcud  deyil, belə vəziyyətdə nə  edəcəksiniz? Əlbətdə bir neçə alternativ yollar tapacaqsınız.

          Qərar qəbul etdikdən sonra, tam əminlik yaranır  və uğur gözləmək olar. Amma yenə də diqqətli olun. Unutmayın ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini tez-tez  dəyişir. Çeviklik və  inad arasında balans  tapın. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcəksiz və lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə bilərsiniz. Bir daha qeyd etmək istərdim ki, düzgün qərarlar qəbul etməyi öyrənmək üçün şəxsi təcrübədən istifadə etmək lazımdır. Bununla yanaşı  yuxarıda göstərilən məsləhətləri də nəzərə alın. Qərar qəbul etmə və həyata keçirmə prosesində çevik olun.

Bəs, yanlış qərar qəbul  etmisizsə, necə hərəkət etmək lazımdır? Cavab  – bunu cəsarətlə  etiraf edin və  yaranmış  vəziyyəti  aradan  qaldırmaq  üçün özünüzdə  güc  tapın. İnanın ki, bu  sonradan hər zaman gunahkarlıq hissiylə yaşamaqdan asandır. Yalnız vəziyyəti  düzgün yola qoyaraq  və ya  heç olmasa buna cəhd  edərək siz rahatlığınızı əldə edə bilərsiniz. İnsan  özü-özündən qaça bilməz – bu  fikir dəfələrlə  təsdiq olunub.

       Əslində  toxunduğumuz  mövzu  ilk  baxışdan  göründüyü  kimi sadə  deyil. Belə ki, insanın  həyatı verdiyi  qərarların  nəticələrindən  asılıdır. Düzgün qərar verməyi bacarsaq həyatımız  daha yaxşı olar.

Sizə hər zaman uğur gətirən düzgün qərarlar qəbul etməyi arzulayıram.

 

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

 

 

 

 

 

 

 

Go Back

PAXIL Olmaq Pisdirmi?!!

Paxıllıq  nədir? Paxıllığın səbəbləri, kimlərə  və  niyə  paxıllıq  edirik? Paxıllıq   hissini   necə  aradan  qaldırmaq  mümkündür? Bu məqalədə  suallarınıza   cavab tapacaqsız.

      Paxıllıq  başqa  bir  insanın  hansısa bir üstünlüyünü, uğurlarını  görən  zaman  yaranan  mənfi  hissdir. Bu  hissə  adətən gözəllik, zənginlik, sağlamlıq, hakimiyyət,  istedad, ağıl və s. səbəb olur. Bir çox insanlar  özlərini  ətrafdakıları  ilə  müqayisə edirlər. Müqayisə isə paxıllıq hissini yaradan birinci  səbəbdir. Mükəmməl olmaq mümkün deyil. Birinin ali təhsili var, o birinin şəhərin mərkəzində böyük mənzili. Birinin  gözəl  ailəsi var, o biri nüfuzlu  iş yerində işləyir. Bir sözlə paxıllıq  hissi  insanın ürəyinə daxil olmaq üçün dolayısı yollar seçir.

İnsan paxıl  doğulmur. Paxıllıq insanın qəlbində  uşaq vaxtından kök salır. Məsələn, valideynlər hər zaman öz övladına həmyaşıdlarından kimisə  nümünə gətirir, lakin bunu düzgün  formada etmirlər. Uşağın da  qəlbində sağlam  rəqabət  hissi əvəzinə paxıllıq, əsəbilik  və qəzəb yaranır.

     İnsan  əsasən yaxın ətrafında olan insanlara paxıllıq hissi duyur. Elə deyilmi? Hansısa gözəl aktrisaya və ya aktyora paxıllıq hissi yox həsəd aparırıq. Cəmiyyətdə paxıl insanlara mənfi münasibət göstərirlər. Birimizə sual verilisə: “Sən kimə isə paxıllıq edirsən?” Cavab verəcək: “Yox, sən nə danışırsan, mən heç kimin pisliyini istəmirəm”. Çox nadir hallarda kimsə paxıl olduğunu etiraf edər. Lakin bu hissin obyekti olmaq heç də xoşagələn hal deyil.

      İnsan sözlə bir çox şeyi deməyə bilər, lakin jestlər  bunu bildirir. Paxıllıq  edən  insanın ünsiyyət  zamanı qeyri –verbal hərəkətlərinə diqqət yetirin. Əgər sizi dinlədikcə insan bir qədər qapalı poza alırsa - gözlərini çəkir, əllərini  sinəsinə çarpazlayır, özünü narahat  hiss edirsə, söhbəti davam edib etməməyiniz  haqqında düşünməyə dəyər. Belə ki, o, sizə paxıllıq edir.

Paxıllıq  şəxsiyyətin özünü qiymətləndirməsinə və davranışına  böyük təsir göstərir. Bu hiss özünü  3 səviyyədə göstərir:

1.Şüur səviyyəsində - insan öz vəziyyətinin səviyyəsini  dərk edir, normal qəbul edir və bu ona narahatlıq vermir.

2.Emosional həyəcan səviyyəsində - əsəbilik, qəzəb hissi, utancaqlıq.

3. Real davranış səviyyəsində. Bu səviyyədə artıq paxıllıq hissi  davranışın əsas aparıcı motivi  olur. Bir çox cinayətlərin motivi  paxıllıq hissindən yaranır.

Paxıllığın bir müsbət tərəfi var. Burada sağlam rəqabət müşahidə olunur. Bu zaman insan öz daxilində mübarizə aparır, bu hiss irəli getmək üçün stimul verir, onun xəyali rəqibi ağlında olmur.

Bəs, necə edək ki, bu hiss həyatımıza, davranışımıza mənfi təsir göstərməsin? Paxıllıq edərək, həyatımızdan narazı olaraq biz ilk növbədə öz əhval-ruhiyyəmizi korlayırıq.Nəticədə səhv etməyə başlayırıq və öz həyatımızı daha da ağırlaşdırırıq. Düzdür, ətrafımızda heç vaxt heç kəsə paxıllıq etməyən insan tapmaq mümkün deyil. Bu vəziyyətdən çıxmaq üçün özünüzü başqaları ilə  yox, özünüz  ilə müqayisə  edin, öz yolunuzu seçin. Paxıllıq insanın öz daxili dünyasını yeyir. Bu hissi yaşayan  insanların özünü qiymətləndirməsi aşağı olur və bunun səbəbini özündə deyil, kənarda axtarır. Paxıllıqdan irəli gələn əməllər və fikirlər insanın həyatı boyu etdiyi yaxşılıqları da heçə endirir. Paxıllıq hissindən müdafiə olunmaq üçün insan  özünü  dərk  etməli, həyatını zənginləşdirməli, həyatında baş verən hadisələrin məsuliyyətini  öz üzərinə  götürməlidir.

Aygün  Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

 

 

Go Back

Onu Bağışlamaq Olarmı??

Hər bir insanın tərbiyəsindən, şəxsi keyfiyyətlərindən asılı olaraq dünyaya baxışı formalaşır. İnsanlar arasında münaqişələr, incikliklər yaranır. İnsan kimdənsə inciyir və daxilində qəzəb hissi oyanır. İnciklik - gizlədilmiş qəzəb deməkdir.

Hər birimiz nə vaxtsa kiminsə tərəfindən incidilmişik, pis rəftara məruz qalmışıq. Hər birimiz də kiminsə xətrinə dəymişik, hansısa xoşagəlməz söz və ya hərəkət ilə kimisə narahat etmişik, qəzəbləndirmişik. Elə olub ki , kiminləsə istəmədən pis rəftar edirik  və sonra vicdan əzabı çəkirik. Düzdür, bu hissləri hər kəsə aid etmək olmaz.

Adətən qəlbimizi yaxın, dəyər verdiyimiz insanlar yaralayır. Yaxın  adam xətrimizə dəyəndə, sanki dünyamız məhv olur. Özümüzə söz veririk ki,  onu heç vaxt bağışlamarıq.

Lakin nəzərə almalıyıq ki, bağışlamaq bacarığı çox vacıbdir. Bağışlamağı  bacaran insan gözəl, təmiz daxili aləmə malikdir. Əlbəttə bağışlamaq  çox çətindir. Hər birimiz bilirik ki, bu ağır bir yükdür. Həqiqətən, mənfi fikirlər insanın əhval-ruhiyyəsinə təsir göstərir, ürəyimizdə qalan incikliklər bir çox problemlər yaradır. Başqa insanlarla ünsiyyətdən, ailədən, işdən yayındırır. Biz qəzəbin tələsinə düşürük. Həmin anlarda ətrafımızdakı heç bir günahı olmayan yaxınlarla belə aqressiv, kobud davranırıq. Bu hissdən elə də asanlıqla azad ola bilmirik. Lakin təcrübələr göstərir ki, bu hissdən xilas olmaq insanın sağlamlığına və ümumiyyətlə, həyatına  müsbət təsir göstərir.

Bağışlamağı bacarmayan insan mənfi emosiyalarla dolu olur. Nəticədə insan hər cür xəstəliklərlə üzləşir. Xəstəliklərin yaranmasına stress səbəb olur. İnsanın beyni stress harmonları olan kortizol  və adrenalini artıq dozada yaratmaq üçün endokrin sisteminə siqnal göndərir. Bunun nəticəsində əzələ gərginliyi yaranır və qan təzyiqi artır. Ürək döyüntülərinə və ümumiyyətlə, immun sisteminin zəifləməsinə səbəb olur.

Bağışlamağı necə öyrənək? İlk növbədə incikliyin, narazılığın səbəbini  aydınlaşdırmaq  lazımdır. Elə olur ki, insan özü üçün araşdıranda incikliyin səbəbinin  o qədər də mühüm olmadığını anlayır.

“Onu heç vaxt bağışlamaram” deməkdən öncə özünüzü  həmin adamın  yerinə qoyun və onu anlamağa cəhd göstərin. Qeyd etdiyim kimi, elə anlar olar bilər ki, özünüz də istəmədən kiminsə xətrinə dəyə bilərsiz. İnsan ilk növbədə  ona dəyən zərərə görə narahat  olur. Bu məqamda  kədərləndirən hadisənin təsadüfən və ya qəsdən  baş verməsi onu maraqlandırmır . Bəzi insanlar öz inciklik hisslərinə qalib gələ bilmirlər və buna fərqli yanaşırlar. Bəziləri həqiqətən məyus olur, özlərini günahkar hiss edirlər, bəzilərisə  qisas planı hazırlayırlar.

Bağışlamağı öyrənmək  elə də çətin deyil. Lakin  bağışlamağı istəmək, buna qarşı addım atmaq çətindir. Həmin an, həmin o incidiyimiz gün bağışlamaq vacib deyil. Bu nəinki çətindir, bəzən heç mümkün deyil. Əlbəttə bir az zaman lazımdır. Çünki həmin an insan həm qəzəbli olur, həm acı cəkir. Nə qədər vaxtın lazım olduğunu demək çətindir, çünki bu bir çox amillərdən asılıdır: sizin xətrinizə deyən insanla münasibətdən, incikliyin ciddiliyindən və s..

Bağışlayanda ürəkdən bağışlamaq lazımdır. Çünki əks halda incidiyin insana süni gülmək və ya istəmədən, özünü məcbur edərək onunla danışmaq insanı daxildən narahat  edir. Bağışlamaq o demək deyil  ki, olanları unuduruq və ya unutmalıyıq. Bağışlamaq həm də bağışladığımız insanın öz davranışını dəyişəcəyinə zəmanət vermir. Bağışlamaqla siz  daxilinizdə  olan qəzəb, inciklik və ağrıdan özünüzü azad edirsiz.

İnsan gördüyü işi, etdiyi hərəkəti təhlil etməlidir. Nəyi pis, nəyi yaxşı etdiyini araşdırmalıdır. Pis hesab etdiklərini düzəltməyə çalışmalıdır. İnsan öz fikirlərinə, öz hərəkətlərinə, istifadə etdiyi kəlmələrə diqqət yetirsə, əlbəttə ki, özündə müsbət keyfiyyətləri formalaşdıraraq həm özünün, həm də ətrafdakıların hörmətini qazanar.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

Go Back

Qapalı yer qorxusu:Klostrofobiya!!!

 Panik pozğunluğu məşhur anksiyete pozğunluğu və fobiyalardən bəhs edib,insanın ən fundamental qorxularından biri olan claustrophobic`dən bəhs etməmək əskiklik olar.

Bunu bəzən özbaşına dilə gətirirlər,bəzən də əhəmiyyət vermirlər,hətta normal qarşılayır amma soruşduqda izah edirlər.Ən çox qarşılaşılan vəziyyət,həyatını liftə minə bilməmə,qapısı bağlı otaqda yata bilməmə,dar sahədə durmama kimi bəzi əlamətləri, öz idarəsində basqılayan,bu vəziyyətlərdən qaçınan və əhəmiyyət verməyən adamın MR çəkilişi lazım olduğunu öyrənməsi ilə yaşadığı böhrandır.Tibbi bir zərurət vardır,tunel kimi,dar bir maşına girməsi və orada yarım saata yaxın müddət keçirməsi lazım gəlirdi.Amma bu onun üçün tabuta girib məzarın içində gözləməkdən fərqsizdir.MR çəkdirməyə müraciət zamanı %10 ətrafında klostrofobiya müəyyən olunmuşdur.Bu kəslərə ya anesteziya altında yatırdılaraq çəkiliş edilər,ya açıq MR-ə girərlər ya da klostorfobiya üçün müalicə görüb dərman alaraq girə bilərlər.MR ən dəqiq tətikləyən vəziyyətdir amma lift,hamam,kiçik və basıq tavanlı otaqlar, qapının kilidli olduğu bilinən hər hansı bir yer, sıxlıq mühitlər, mağaralar, tunellər,metro və hətta boğazı bir az sıxan bir qalstuk və ya boğazlı paltar belə claustrophobic bir vəziyyət ola bilər.Bəzi klostrofobiklərin bərbər kreslosunda oturarkən belə,qalxa bilməyəcəklərini düşünərək panikaya qapıldıqlarını bilirik.Adam da nəfəs darlığı,hava aclığı,baş gicəllənməsi,bayılacak kimi hiss,ölüm qorxusu,ağlını qaçırma qorxusu kimi bir sıra əlamət yaradar.Bu şiddətə çatdığında, vəziyyət artıq panik ataktır.Onsuz da bir çox hallarda klostrofobiya ilə panik atak pozğunluğu bir aradadır.

Sözün kökü,Latınca claustrum yəni "bağlı yer" və phobia "qorxu"dan gəlir.Tətikləyən düşüncə adamın o an orada çarəsiz və bağlı olduğu,istəsə də çıxa bilməyəcəyi,kömək ala bilməyəcəyi fikridir.Klassik psixologiyadakı bu öyrənilmiş,şərtlənmə şərhinin yanında,klostorfobiya üçün daha bioloji şərh də vardır,beyində duyğuları idarə edən amygdala adlı sahənin claustrophobic kəslərdə daha kiçik olduğunu göstərən tədqiqatlar vardır.Bir digər görüş isə bəzi ailələrdə claustrophobic daha tez olduğu,bunun genetik faktorla açıqlana biləcəyidir.Bəlkə də insanın içində yaranmasından bu yana olan ölüm qorxusuna işarə edir.Müasir həyatda əsrlər boyunca,insanın ən dərin,gizli qorxularından biri ölmədən məzara girməkdir.Qəzada öldü sanılmaq və basdırılmaq,oyandığında çarəsiz və hərəkət edə bilməz halda məzarın içində olmaq.Bu qorxu,tarix içində özünə yeni ticarət sektorları yaratmışdır.Daha köhnə dövrlərdə cənazənin biləyinə bir ip bağlayıb,ipin ucunu məzarın xaricindəki bir çana məzmuna,daha yaxın zamanlarda izə kameralarla təchiz tabutlar,insanın bu qorxusunun məhsuludur.

Uşaqlıqda başı barmaqlıqlar arasına sıxışan,bir hovuza düşüb boğulma təhlükəsi keçirən,qaranlıq bir otaqda kilidli qalan,ailə tərəfindən kilidli bir avtomobildə buraxılan uşaqlarda,irəlidə klostrofobi inkişaf riski daha çoxdur.Bu da claustrophobic öyrənilən bir tərəfi olduğunu düşündürər.Klostorfobiyanın müalicəsində müxtəlif müalicə üsulları istifadə edilər.Claustrophobic adam,yaşadığı vəziyyətdən deyil,o vəziyyətə aid nəticələrdən qorxur.Qorxulan liftə minmək deyil, orada bağlı qalar və liftdən çıkamazsa huşunu itirmə keçirib kimsədən kömək alamamaqdır.Koqnitiv müalicədə adamda lift və bağlı qorxu ilə əlaqədar məlumatlar yenilənir,yenidən qurulur.Liftin qorxulacaq,zərər verəcək,həyati təhlükə meydana gətirəcək bir alət olmadığı,bağlı qalması vəziyyətində nələr ediləcəyini yenidən öyrədirlər.Məruz buraxma müalicəsindən isə,insan gedərək artan şiddətdə,qorxduğu vəziyyətə məruz buraxılar,alışması hədəflənər.Məsələn,liftə terapevt ilə birlikdə minmə və qapının açıq olaraq gözlənilməsi,biri aşağıda gözləyərkən bir qat çıxma,birinə xəbər verərək beş qat çıxma kimi.Bilinən ən təsirli müalicə üsulu budur,müvəffəqiyyət nisbəti 70%-ə yaxındır.

 

Nərmin Quliyeva

Xəzər Universiteti,Psixologiya fakultəsinin III kurs tələbəsi

Go Back

Geyimdə rəng psixologiyası

Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Bu rənglər bizə yaraşır, bizi rahatladır. Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin bəzi rənglərin geyimdə psixoloji təsirlərinə nəzər yetirək.

Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzdə simpatiya cazibədarlığı vurğulayın. Amma həddini aşmayın.

Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. İdeal uyğunluq isə ağ-qaradır.

Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüş və alovlu əjdaha simvolu sayılır. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.

Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa, onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.

Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.

Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.

Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Göy rəngi sevən insanlar yaxşı dost olurlar.

Mavi etibar, təmkin və hörmət rəngidir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.

Geyimdə qəhvəyi rəngə özünə inanan, dürüst və sadə insanlar üstünlük verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.

Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığı və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.

Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.

Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi “Bacarıqla seçilmiş rəng çalarları və rəng uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər”.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin Psixoloqu Aygün Ağabalayeva

 

 

 

 

 

Go Back

İlk təəssürat özünü doğruldurmu?

Tanımadığımız bir insan görəndə nəyə fikir veririk? 

Bir gün bir ağsaqqal öz şagirdlərini çağırıb onlara təmiz ağ rəngin mərkəzində balaca qara nöqtə olan vərəqi göstərdi. Müəllim soruşdu: “Siz burada nə görürsünüz? Şagirdlərdən biri cavab verdi: “nöqtə”. “Qara nöqtə” - digəri də təsdiqlədi. “Yağlı qara nöqtə”, - üçüncü bunu dəqiqləşdirdi. Həmin an onların sevimli müəllimi ağladı. Şagirdlər təəccüblənərək bu göz yaşlarının səbəbini soruşdular. Müəllim cavab verdi: “Bütün şagirdlərim burada yalnız balaca qara nöqtəni gördü və onlardan heç biri təmiz ağ vərəqi görmədi...

Adətən biz insanların hansısa bir kiçik səhvi ilə rastlaşaraq, onun elədiyi bütün yaxşılıqların dəyərini unuduruq.

Tanımadığımız bir insan görəndə ilk növbədə nəyə fikir veririk? Zahiri görünüşünə? Geyiminə? Səsinə, jestlərinə? Hansı xüsusiyyətlərə əsaslanaraq, bu insanı bəyənib bəyənmədiyimizi müəyyən edirik? Onu həyatımıza buraxmağı qərara alırıq? Və nəyə görə bəzən həyata baxışları uyğun gəlməyən insanlar zamanla yaxşı dosta çevrilirlər?

Həyat bizə dəfələrlə sübut edir ki, heç nə əbədi deyil. Bəzən görürsən dünən fəhlə və ya ofisiant işləyən bir insan, sabah uğurlu bir ticarətçi olur və ya əksinə. Əlbətdə hər bir uğurda məncə, bir az da olsa, “bəxt gətirmə” amili də var. Amma fürsətdən düzgün istifadə edib və həyatını yaxşılığa doğru dəyişən insan hörmətə layiqdir.

İnsan haqqında məlumatı biz vizual alırıq, ona görə də zahiri görünüşün vacibliyi təəccüblü deyil. Amma daxili gözəllik deyilən bir anlayış var. Biz o daxili gözəlliyi görməyi bacarırıqmı? Ətrafdakılar haqqında hansısa bir fikir söyləyəndə, onları qiymətləndirəndə nə dərəcədə obyektiv oluruq?

Insan xarakteri şifrələnmiş səhifələrdən ibarət bir kitaba bənzəyir. Qeyd etdiyim kimi, biz adətən insanları ilk təəssürata nəzərən q iymətləndir i r ik .  Bununla belə, Çarlz Dikkens şikəst, Lüdviq Van Bethoven kar, Platon isə qozbel idi. Lakin onların dünya incəsənətində və elmində rolu əvəzsizdir. Uolt Disney, Avraam Linkoln, Napoleon – bu insanlar kasıb ailələrdə tərbiyyə alıblar. Amerika psixoloqları maraqlı bir təcrübə keçiriblər. Təcrübə üçün zahirən müxtəlif insanları yığıb və onların arasından yüngül atletika üzrə çempionu göstərməklərini istəyiblər. Hamı enli kürək, hündürboy, əzələli olan bir oğlanı qeyd etdilər. Əslində isə çempion alçaq boy, arıq bir adam idi. Biz ümumiyyətlə, stereotiplərin əsiriyik. İnsan haqqında bir fikir söyləmədən öncə onun fikirlərinə və əməllərinə diqqət yetirmək lazımdır. Bu da əlbətdə zaman tələb edir.

İlk təəssürat duyğulamıza bağlıdır, sonrakı isə ağlımıza.O insan ki, öz intuisiyasına etibar etməyi adət edib, çətin ki, ilk baxışdan ona xoş gəlməyən bir adama ürəyini açar. Başqasının konkret əməllərinə görə nəticə çıxaran insanlar ilk təəssürata əhəmiyyət vermirlər.

İnsanlar haqqında fikir söyləyəndə, analiz edəndə öz şəxsi fikirlərimizə və prinsiplərimizə əsaslanırıq. Deməli, hər şey ətrafdakı insanlardan deyil, bizim özümüzdən asılıdır.

Psixologiyada insanda ilk təəssüratın formalaşması amilləri var: üstünlük, cazibəlik və bizə qarşı olan münasibət amili. 

Üstünlük faktoru

Bir-biri ilə ünsiyyətə girən insanlar sosial statusuna, həyat təcrübəsinə görə, intellektual potensialına görə fərqlənir. Bu vəziyyətdə üstünlük faktoru tətbiq olunur. Adətən insanlar ilk dəfə görüşəndə hansısa parametrə görə həmsöhbətini üstün biləndə onu daha da yüksək qiymət lənd i r i r l ə r.  İnasanın geyim tərzi, istifadə etdiyi atributlar (eynək, bəzək əşyaları), davranış tərzi və s. hansı sosial vəziyyətdə olduğunu bildirir.

Cazibə faktoru

İnsanın zahiri görünüşünün çox böyük təsir qüvvəsi var. Əgər kimsə zahirən gözəl görünüşə malikdirsə, adətən o  insan haqqında fikir söyləyəndə ilk təəssürata nəzərən müsbət fikirlər daha çox söylənilir.

İnsanın bizə qarşı olan münasibəti

Adətən bizə qarşı yaxşı münasibətdə olan insana biz daha artıq müsbət keyfiyyətlər şamil edirik. Halbuki reallıqda tərsinə də ola bilər.

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, insanın insan haqqında söylədiyi fikir qiymətləndirən tərəfin şəxsi keyfiyyətlərindən asılıdır. Bura özünə güvən dərəcəsi, ətraf mühitə münasibəti, xeyirxahlığı, emosional vəziyyəti və s. Başqa bir insanı qəbul etməyimiz bizim emosional vəziyyətimizdən və ünsiyyətdə olmaq istəyimizdən asılıdır.

İnsanın həyat təcrübəsi ilə ilk təəssürat düzgün formalaşa bilər. Hansısa stereotiplərə fikir vermək lazım deyil. İlk təəssürata görə insanın mənəvi dəyərlərini mühakimə etməyin!

Psixologiya və Konsultasiya
Mərkəzi (PCC) - nin psixoloqu Aygün Ağabalayeva

Go Back

Evlənmək çətin deyil, evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.
Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.
Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.
Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.
Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?
Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.

Qadınlara məsləhətlər:
Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.
Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, geri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.
Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.
Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək.

Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.
1: Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.
2: Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.
3: Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.
4: Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.
5: qəbul edirlər. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).
6: Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar.

Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır.

Psixologiya və Konsultasiya
Mərkəzi (PCC) - nin psixoloqu
Aygün Ağabalayeva

Go Back

İşinizdən bezmisinizmi?

Emosional yanma sindromu.

Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin öhdəsindən gəlməyi bacaracaqsınız.

Yanma sindromu deyəndə insanda emosional, zehni
və fiziki yorğunluqla müşahidə olunan psixi proses
nəzərdə tutulur. Yanma sindromu hansı hallarda baş
verə bilər:
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gələcəyə aid perspektivlərin görünməməsi.
7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.

Beləliklə , emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s..

Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.

Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:
1: Emosional tükənmə - peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2: İkinci mərhələdə insanda qıcıqlanma , acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.
3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.

Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.
Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1: Fiziki yüklənmə - autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.
2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.
3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.
5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.
6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.

Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın.

 

Psixologiya və Konsultasiya Mərkəzi
(PCC) - nin psixoloqu
Aygün Ağabalayeva

Go Back

Hallusinasiya

Hallusinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallusinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur. İndiki zamanda daimi stress hallusinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallusinasiya nədir? Hallusinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsidir. Hallusinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallusinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır. Psixoz xəstəliklərində hallusinasiya hallarına tez-tez rast gəlinir. Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da bəzən müvəqqəti hallusinasiyalar yaranır. Hallusinasiyaların təsiri altına düşən xəstə intihar edə bilər. Gözə görünən hallusinasiyalara əsasən müxtəlif şəkillər aiddir. Onlar qəribə, qeyri-adi heyvanlar, qorxunc başlı insanlar və s. görürlər.
Hallusinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən mövcuddur.
Psevdohallusinasiya anlayışı da mövcuddur. Psevdohallusinasiyada xəstələr öz yanlış xarakterini dərk edirlər. Hallusinasiyanı illüziyadan fərqləndirmək lazımdır. İllüziya (latınca illusio — yanlış fikir, yalan) — real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır. Amma hallusinasiya zamanı yanlış qavrayış subyekt özü olmadığı halda yaranır.
Hallusinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallusinasiyanın yaranmasına gətirib çıxarır. Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular görürlər. Hallusinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində də yarana bilər. Həmçinin, psixoloji depressiya da bura aiddir. Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və yaşlı xəstələrdə tez-tez rast gəlinir.
Hallusinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir. Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və əhəmiyyətlidir.

 

PCC-nin psixoloqu
Aygün Ağabalayeva

Go Back

15 nəticə göstərilir