Düşüncə Jurnalı

header photo

Ağarmayın, ay saçlarım, amandı...

Saçların ağarması yaşlılara xas problem olsa da, gənclər arasında da saçları sürətlə ağaranlar olur. Saçların erkən ağarmasına stress, daim gərgin vəziyyət, genetik faktorlar, xəstəliklər, pəhrizlər və düzgün olmayan həyat tərzi səbəb olur. Mütəxəssislər bildirirlər ki, vaxtında saçların ağarmasına qarşı görülən tədbirlər, bu prosesi yubada bilər. 

Terapevt Cəmilə Mirzəyevanın sözlərinə görə, saç ağarmasını çox vaxt müxtəlif xəstəliklər üzündən saçların rənginin dəyişməsi ilə səhv salırlar: "Hətta düzgün aparılmayan gigiyena prosedurlarına görə də saçlar ağara bilər. Saç vaxtından əvvəl ağarmağa başlayarsa, həkimə müraciət etmək məsləhətdir. Xəstəlik müalicə olunandan sonra saçların ağarması prosesi də dayana bilər".

Mirzəyeva bildirib ki, saçın ağarmasına ən güclü təsir edən amil əsəbdir: "Çox əsəbiləşən insanların saçları da tez ağarır. Çətin həyat, daim stress vəziyyəti, həyəcan, gərginlik yaşlanmanı sürətləndirir. İnsan əsəbləşərkən neyropetidlər artmağa başlayır ki, bu da melaninin azalmasına, nəticədə saçların ağarmasına səbəb olur. Ümumiyyətlə, saçın rəngini saxlayan melanindir. Melanin açıq rəngli saçlarda daha az olur. Ona görə də sarışınların saçı daha tez ağarır".

Saçın tez ağarması genetik faktorlardan da asılıdır. Genetik amillərlə mübarizə aparmaq çox çətindir. Misal üçün, valideynin saçı tez ağarıbsa, övladının da saçı tez ağarmağa başlayacaq.

Pəhriz saxlamaq da saçların korlanmasına və tez ağarmasına gətirib çıxarır. Az yemək yemək, ac qalmaq, hansısa vitaminləri qəbul etməmək saçlara və bütün orqanizmə mənfi təsir göstərir.

Həmsöhbətimizin sözlərinə görə, tez yaşlanma necə həyat tərzi sürməyimizdən də asılıdır. Tək pəhrizlər deyil, düzgün qidalanmamaq da saçların tez ağarmasına səbəb olur. Kalsium, B qrup vitaminlərin yoxluğundan saçlar ağarır. Əgər saçların ağarması vitamin çatışmazlığı üzündən başlayıbsa, saçların əvvəlki rəngini bərpa etmək olar. Bunun üçün düzgün qidalanmaq, kalsium və vitamin preparatları qəbul etmək lazımdır.

Soyuq havada baş örtüklərindən istifadə etməmək də saçların tez ağarmasına gətirib çıxarır. Soyuq havada baş istidə qalmalıdır. Əks halda qan dövranı pozulur və saçlar zəifləyir. Yayda da baş örtükləri mütləqdir. Baş örtüyündən istifadə etmədikdə həm günvurma halları baş verir, həm də saçlar gün şüalarının təsirindən yanaraq zəifləyir. Bunun da təsirindən ağarır.

Spirtli içkilər və qəhvə də saçların ağarmasını sürətləndirir. Müvəqqəti saç ağarmalarına miqren də səbəb olur. Bu səbəbdən də miqreni vaxtından müalicə etmək lazımdır.

Onun dediyinə görə, ümumiyyətlə, keçirdiyimiz xəstəliklər saçın ağarmasına təsir edir: "Bu səbəbdən də saçın ağarmasına təsir edən faktorları tapmaq və onları aradan qaldırmağa çalışmaq lazımdır. Əgər saçlar vaxtından əvvəl ağarıbsa, müalicədən sonra saçlar öz rəngini alacaq. Müalicə müddəti ərzində əgər ağ saçlar azdırsa, saçı rəngləmək məsləhət deyil. Saçı rənglədikdə saç zəifləyir və parlaqlığını itirir. Saça bir qədər kölgə atmaqla ağarmış saçları gizlətmək olar. Ağarmış saçları yerindən qoparmaq isə qətiyyən olmaz. Bunu etdikdə onlar daha da çoxalır. Əvəzində balaca qayçı ilə ağarmış saçları dibindən kəsmək olar. Əgər ağ saçlar çoxdursa və onları gizlətmək olmursa, yeganə çıxış yolu saçı rəngləməkdir. Bunun üçün çalar verən şampun, toniklərdən və ya saç boyasından istifadə etmək olar".

Müsahibimiz bildirib ki, tərkibində zülal çox olan qidalar da saçın rəngini parlaq edir: "Zülal saçın rəngini saxlayan melaninin artmasına kömək edir. Zülal bir sıra heyvan və bitki mənşəli məhsullarda olur. Ət, toyuq, dəniz məhsullarında və süd məhsullarında kifayət qədər zülal var. Saçların ağarmasına qarşı "xoşbəxtlik hormonu" kimi tanınan şokolad da müsbət təsir edir. Şokolad melonini sintezinə müsbət təsir göstərir. Çəki artmasın deyə acı şokolad yeməklə, saçların ağarmasının qarşısını almaq olar. Giləmeyvə də yemək faydalıdır. Giləmeyvə orqanizmin vitamin C ehtiyacını ödəyir, bu vitamin saçların ağarması ilə mübarizədə yaxşı nəticə verir, həm də kollageni artırır. Kollagen dəridə qırışların yaranmasının qarşısın alır və ümumilikdə orqanizmi cavan saxlayır. Saçın ağarmasına qarşı bol çiy tərəvəz və meyvə yemək effektivdir".

Qeyd edək ki, saçların ağarması ilə mübarizə aparmaq üçün xalq təbabətindən də istifadə etmək olar. Misal üçün, hər gün 1-3 xörək qaşığı cəfəri, kərəviz, cır havuc şirəsini qəbul etmək olar. Saçın köklərinə ərik, albalı şirəsi və ya gicitkan dəmləməsi çəkmək də yaxşı effekt verir.

Saç ustası Nurlana Zeynalovanın sözlərinə görə, ağ saçları saç boyası ilə yaxşı gizlətmək olsa da, saça zərəri az olsun deyə bitkilərlə də saçı boyamaq olar: "Məsələn, saçların rəngi açıqdırsa, qızılı rəng almaq üçün çobanyastığı dəmləməsindən istifadə etmək olar. Bunun üçün çobanyastığını qaynatmaq və 30-40 dəqiqə saxlamaq və 5 ml qliserin əlavə etmək lazımdır. Zəif rəng almaq üçün 500 ml suya 100 q, güclü rəng üçün eyni miqdarda suya 150 q çobanyastığı əlavə olunur".

Müalicəvi şampunlar da saçın ağarmasının qarşısını alır. İdmanla məşğul olmaq, düzgün həyat tərzi sürmək daha pozitiv olmaq, yaxşı qidalanmaq yaşlanmanın qarşısını müvəqqəti ala bilər. Lakin ilk ağ saçların 30-35 yaşında yaranması normal haldır və qarşısını almaq olmur.

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.