Düşüncə Jurnalı

header photo

Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası həyata keçirilib

"Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi icra edilib". Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev dünən keçirdiyi mətbuat konfransında bildirib. 

Rauf Rzayevin sözlərinə görə, bu əməliyyatlar Azərbaycan həkimləri ilə yanaşı Belarus həkimlərin dəstəyilə həyata keçirilib: "Hal-hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədirlər".

O qeyd edib ki, MDB məkanında sümük iliyinin köçürülməsi yalnız Rusiyada, Ukraynada, Belarusda, digər dünya dövlətləri arasında isə indiki zamanda 16 ölkədə mövcuddur: "Bu növ transplantasiyanı həyata keçirə bilən ölkələrin sayca azlığı sümük iliyinin tranplantasiyasının kifayət qədər mürəkkəb yüksək texnoloji proses olması ilə yanaşı özəl tələblərə cavab verən tibbi avadanlıq təminatının və xüsusi hazırlıq keçmiş tibbi heyətin zərurəti ilə izah olunur. Sevindirici haldır ki, artıq Azərbaycan bu çətin işi aparan ölkələr arasında dayanmaq hüququnu qazanmaqdadır. Böyük minnətdarlıqla qeyd etmək istəyirəm ki, əldə etdiyimiz nəticələrdə Heydər Əliyev Fondunun və Səhiyə Nazirliyinin daimi diqqəti və dəstəyinin mühüm rolu olub".

Mərkəzin direktoru əlavə edib ki, belaruslu həkimlərin bu işdə dəstəyi təsadüfi deyil: "Belarus keçmiş Sovetlər İttifaqı məkanında sümük iliyinin transplantasiyası ilə ən böyük müvəffəqiyyətlər əldə etmiş bir ölkə kimi tanınmışdı. Bunun özünün də məntiqi əsası var. Belə ki, 1986-cı ildə Ukraynada baş verən Çernobıl AES qəzası zamanı daha çox Belarusun ərazisini tutdu. Və Belarusda leykoz baş alıb gedirdi. Bu dövlət dilemma qarşısında dayanmışdı: ya sümük iliyi transplantasiyasını həyata keçirmək, ya da millətin böyük hissəsi dünyasını dəyişə bilərdi. Ona görə də 7 il ərzində Belarus dövləti almanların dəstəyi ilə sümük iliyinin transplantasiya mərkəzini yaratdı. 20 ildən artıqdır ki, bu əməliyyatları müvəffəqiyyətlə aparırlar. Və bu sahədə dünya liderləri sırasında gedir".

Mərkəzin direktoru isə əlavə edib ki, bu müdaxilələrin hamısı pulsuz, dövlət hesabına həyata keçirilir: "Biz bu əməliyyata başlamamışdan əvvəl həkimlərimiz, tibb bacılarımız Türkiyədə, Belarusda sümük iliyi transplantasiya mərkəzində xüsusi təlim keçiblər və bu indi də davam edir. Biz daim öz mütəxəssislərimizə bu işlə məşğul olan müxtəlif ölkələrdə təcrübə ilə bəhrələnmək imkanı yaradırıq".

Sümük iliyinin transplantasiyasının hələ ki, talassemiyalı xəstələr üzərində aparıldığını deyən direktorun sözlərinə görə, əməliyyata ehtiyacı olan kifayət qədər xəstə var: "Ümumilikdə, bu əməliyyatlar müxtəlif onkoloji və qeyri-onkoloji xəstəliklərdə də aparılır. Hələ ki, biz bunu yalnız talassemiyalı xəstələrdə aparmışıq. Gələcəkdə ümid edirik ki, başqa xəstəliklərlə bağlı da mərkəzdə sümük iliyinin transplantasiyası aparılacaq".

Onun dediyinə görə, Talassemiya Mərkəzində bütün müraciətlərin araşdırılması üzrə komissiya yaradılıb və heç bir müraciət cavabsız və araşdırmasız qalmır: "Bütün müraciətləri araşdırırıq. Sümük iliyi tranplantasiyası heç də xəstələrin hamısında mümkün olmur. Müdaxilənin konkret göstəriciləri var. Müəyyən fəsadlaşmış hallarda bu əməliyyatı keçirmək olmaz. Yaradılmış komissiya bütün müraciətləri araşdırır və dolğun cavablandırır".

Mərkəzin direktoru bildirib ki, donor bacı və qardaş olmaya da bilər: "Dünya transplantasiya təcrübəsində Dünya Donor Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur. Dünya Donor Bankının qeydiyyat sistemində 25 milyona kimi potensial donor var. Dünya təcrübəsində həmin donorların iliyindən istifadə edilir. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin həmin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması vacibdir. Bu da görünür ki, yaxın gələcəyin işidir. Hal-hazırda Azərbaycan Dünya Donor Bankına daxil deyil. Amma dövlət bu işlə məşğul olursa, demək, Dünya Donor Bankına da inteqrasiya var".

Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyevanın sözlərinə görə, 2013-cü ilin noyabrından indiyə kimi mərkəzə sümük iliyinin transplantasiyası ilə bağlı 24 xəstə müraciət edib: "Onların 10 nəfərinin bacı və qardaşı donor kimi uyğun gəlib. Həmin şəxslərin 3 nəfəri artıq bacı və qardaşının donorluğu ilə əməliyyat olunub".

Yaş məhdudiyyətinə gəlincə, N.Əliyeva bildirib ki, mərkəzə 5 16 yaşına qədər uşaqları götürürlər.

N.Əliyevanın bildirdiyinə görə, ölkədə ən azı 100-ə yaxın sümük iliyinin transplantasiyası olmalıdır ki, həmin ölkə Dünya Donor Bankı qeydiyyat sisteminə daxil olsun.

Əməliyyatdan sonra reabilitasiya müddətinə gəlincə, şöbə müdiri bildirib ki, hal-hazırda xəstələrin vəziyyəti stabildir: "60 gün reabilitasiya sürür. Bundan sonra xəstələr 1 il müddətində daim xəstəxanaya gəlib müşahidə olunmalıdır. 2-ci transplantasiyaya ancaq onkoloji xəstələrdə ehtiyac ola bilər" deyən N.Əliyeva əlavə edib ki, qardaş-bacıdan olan transplantasiya uğurlu sayılır.

Sümük İliyi Transplantasiya şöbəsinin həkimi Sahilə Sultanovanın sözlərinə görə, oktyabrın əvvəllərində növbəti əməliyyatın icrası nəzərdə tutulur. O, 4 xəstə üzərində əməliyyat aparılacağını deyib.

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.