Düşüncə Jurnalı

header photo

Xəstəliklərin əlamətləri alnımızda yazılıb

Üzün yaşıl rəngə çalması inkişaf etməkdə olan xərçəngdən xəbər verir

İnsanın xarici görünüşünə baxmaqla onun hansı xəstəlikdən əziyyət çəkdiyini bilmək olar. Üz dərisinin rəngi, gözlərin forması, qırışlar, ayaqlardakı damarlar və bədəndə yaranan müxtəlif dəyişikliklər, dırnaqların rəngi belə sağlamlığımızın hansı səviyyədə olduğunu göstərir.

Alimlər bildirirlər ki, xarici görünüşdəki dəyişikliklər üzrə xəstəliklərin əlamələrini oxumaqla bir çox xəstəliklərdən başlanğıc mərhələsində xəbər tutmaq olar. Terapevt Cəmilə Ağayevanın sözlərinə görə, insanlar tez-tez üzə lazımi qulluğun edilməsinə, makiyaj vurulmasına baxmayaraq, təravətini itirdiyini bildirirlər: "Bu əlamətlər xroniki yorğunluq, pis əhval-ruhiyyə və ya xəstəliklə bağlı ola bilər. Nəzərə almaq lazımdır ki, bir çox ciddi daxili xəstəliklər əlamətsiz olur, lakin xarici görünüşdə öz mənfi təsirini göstərir. Əgər üz dərisi çox ağdırsa və yanaqlarda qızartı yoxdursa, üstəlik gicgahda dərinin altında damarlar mavi rəngdə görünürsə, şəxs anemiyadan əziyyət çəkir. Mavi və ya boz rəngə çalan üz ürək-damar xəstəliklərdən xəbər verir. Dərinin sarımtıl rəngi isə ciyərin fəaliyyətindəki problemləri göstərir. Bu tip problemlərə yanaqlarda və burnun yanlarında damar ulduzları da işarə edir".

C.Ağayeva bildirib ki, mum çalarlı, lakin həddindən çox qırmızı yanaqlı dəri şəxsin vərəmdən əziyyət çəkdiyini göstərir: "Ən qorxulusu isə üz dərsinin yaşımtıl rəngə çalmasıdır. Belə ki, yaşıl çalar inkişaf etməkdə olan xərçəngdən xəbər verir. Üzün dərisində bir neçə çaların mövcudluğu isə cinsiyyət sistemi və qalxanvari vəziyə görə hormonal pozğunluğun göstəricisidir".

Həkim qeyd edib ki, insanın hansı xəstəlikdən əziyyət çəkdiyi alnında yazılıb: "Əgər alnın dərisi çox qalındır və üzərində dərin çapıqlar varsa, deməli, böyrəklərdə problem var. Alındakı tor şəkilli qırışlar ciyərin zəif fəaliyyətindən xəbər verir. Əgər alında hissə-hissə tüklər tökülübsə, cinsiyyət vəzilərində problemlər yaşanır. Alında saçların dibində qəhvəyi rəngdə ləkələr yaranıbsa, ciyər üzərinə düşən ağır yüklə bacarmır".

İnsanın boynuna baxmaqla da onun hansı xəstəliyə məruz qaldığını bilmək olar. Boyunda qabarıqlar görünürsə, şəxs endokrinoloqa müraciət etməlidir. Ola bilsin ki, qalxanvari vəzidə problemləri var. Sinədə sızanaqların olması isə bağırsaqda nəyinsə baş verdiyini göstərir. Boyunun qatlarında qəfil ləkələrin yaranması bağırsaqda qurdların olmasından və ya öd kisəsində problemlərdən xəbər verir.

Onun dediyinə görə, dodaqlarda yaranan dəyişikliklər də xəstəliklərin göstəricisidir: "Məsələn, dodaqların uclarında çatların olması orqanizmin zəhərlənməsinə və ya vitamin çatışmazlığına işarə edir. Solğun dodaqların al qırmızı haşiyəyə alınması isə anemiyanın inkişaf etməsindən və daxili iltihab proseslərindən xəbər verir. Dodaqların kənarındakı qatların dərinləşməsi və qızarması isə bağırsaqda seliyin yığılmasını göstərir. Dodaqlar quruyursa, deməli, orqanizm susuzluqdan əziyyət çəkir, həzm sistemində problemlər və A vitaminin çatışmazlığı var. Dodaq və burun arasındakı hissədə mavi çalarda üçbucağın olması ağ ciyər xəstəliklərindən və astmadan xəbər verir".

Göz ətrafında demək olar ki, səhhətimizlə bağlı cüzi problemlər və yorğunluq da əksinin tapır. Şişmiş üst göz qapaqları böyrəklərin hədsiz yüklənməsini və bu yükə tab gətirə bilməməsini göstərir. Gözlərin altının şişməsi isə işlə bağlı yorğunluğa, mədəaltı vəzinin funksiyasının təzyiq altında olmasına işarə edir.

Həmsöhbətimiz əlavə edib ki, gözlərin yaşarması və qızarması allergik reaksiya, qaymorit və ya konyuktivitin əlamətləridir: "Göz ağının sarımtıl olması hepatit və ciyərdəki problemlərdən xəbər verir. Donbalan gözlər isə qalxanvari vəzinin hədsiz fəallığını göstərir. Xüsusilə də, son vaxtlar heç nə etmədən asanlıqla arıqlamısınızsa, gözləriniz isə çox donbalırsa, deməli, sizdə bu problem var".

Bədənin digər hissələrindəki anormallıqlar da orqanizmdəki xəstəliklərdən xəbər verir. Misal üçün, topuqlar iç tərəfdən kənarlardan formasını dəyişibsə, reproduktiv orqanlarda problemlərin olduğunu göstərir. Topuqlar ümumiyyətlə, formasını dəyişibsə, limfalardakı durğunluğa işarədir. Ayaq pəncələri şişibsə, sidik kisəsində dəyişikliklər var. Topuqlarda və dizlərdə şişkinliksə revmatizm artirt xəstəliyindən xəbər verir. Ayaq pəncələrinin hədsiz ağ rəngdə olması isə ateroskleroz xəstəliyinin göstəricisidir".

Müsahibimiz deyir ki, dırnaqların rənginə görə də hansı xəstəlikdən əziyyət çəkdiyimizi bilmək olar: "Dırnaqların göy rəngdə olması ürək çatışmazlığı, çirkli boz rəng anadangəlmə sifilis, sarı rəng hepatit, serroz, ciyər xəstəlikləri, tünd qəhvəyi rəng ağır qızdırma, qırmızı rəng qan xəstəlikləri, aritmiya, açıq çəhrayı anemiya, sarı ləkələr beyində pozğunluqlara, sar- yaşıl rəng orqanizmdə irinli proseslərə işarə edir".

Terapevt əlavə edib ki, daim stress, həyəcan və qayğılarla yaşayanda dəri təravətini itirir, quruyur və solğun olur: "Bu səbəbdən də diqqətli olmaq lazımdır. Belə ki, gənc yaşlarda da həyata düzgün yanaşmadığımız üçün tez yaşlana bilərik".

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.