Düşüncə Jurnalı

header photo

NƏRGİZ ALLAHQULUZADƏ - Depressiya və Suisid

31-03-2015

Belə deyə bilərik ki, kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edir, ruh düşkünlüyü yaşayır.Depressiyalı adamı yemək-içmək maraqlandırmır , günəşin çıxması, yağışın yağması,ümumiyyətlə heç nə ona sevinc gətirmir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın,fikir və düşüncələrimizin nəticəsidir.Mütəxəsislərin fikrincə, depressiya çox zaman nevrozun fonunda başlayır. Depressiyanın ağır forması zamanı insan evə qapanır və heç kəslə görüşmək istəmir, bütün günü hərəkətsiz uzanır və s. İlkin mərhəllələrdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa, evdən çıxır, istəməsə belə işə gedir. İstəmirəm, lakin bunu etməyə məcburam arasındakı halın özü də insanı qıcıqlandırır.

Dəyişənxasiyyətli, özünəqapanan, ən xırda problemi ürəyinə salan insanlar depressiyaya daha tez düşürlər. Məsələn, tutaq ki, biri yolda gedərkən hər hansı bir dostu onunla soyuq davrandı, dilucu salamlaşdı. Həmin şəxs gün ərzində baş verən bu hadisəni götür-qoy edir.Hardasa bunu özünə dərd edir desək yanılmarıq. Mövhumatçı, əlamətlərə inanan insanlar daha bədguman olurlar.Məsələn, evdən çıxarkən qarşısından qara pişik keçdisə, deməli, nəsə pis hadisə olacaq.

Depressiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər bəzən də ömür boyu davam edə bilər.

Depressiya dəyişik şəkillərdə ortaya çıxa bilər:

~Bəzisində səbəb olmadan birdən ortaya çıxar

~Bəzisində stressli bir həyat hadisəsindən sonra başlayır

~Bəzən bir bədbəxt hadisədən sonra həyat boyu davam edə bilər

~Bəzən təkrar təkrar bədbəxt hadisələr fonunda yaranır və.s

Həyat boyu depressiya keçirmə riski 15% civarındadır. Qadınlarda bu nisbət 25%-ə qədər çıxmaqdadır. Qeyd etmək olar ki, bütün cəmiyyətlərdə depressiya qadınlarda iki qat daha çox rast gəlinir.Hamiləlik zamanı, doğum sonrası  kimi dövrlərdə depressiya keçirmə riski artar. Bunun səbəbi tam olaraq bilinmir, ancaq qadınların hormonları bu riski artırır.Fiziki xəstəliyi olanlarda da daha çox görülür. Məsələn sonsuzluq müalicəsi alan qadınlarda normal qadınlara görə iki-üç qat çox depressiyada olurlar. Depressiyalı insanlar əksər hallarda müalicə almaq istəməz, lakin psixoterapiya və bioloji üsullarla yəni dərman vasitəsilə müalicə almaq mümkündür. Bəzən daha çətin depressiya zamanı elektroşokdan da istifadə olunur. Dərman müalicəsi ən azından 3-4 həftə çəkir, psixoterapiyalar zamanı isə terapiyanın abu havasından, gedişatından aslı olur. Psixoterapiyalar qrup və tək halda keçirilə bilər. Qeyd etdiyimiz kimi tam səbəbləri bilinməyən depressiya beyindəki kimyasal pozuntulardan, B12 vitamini əksikliyi, tiroid, xronik və.s kimi xəstəliklər zamanı yarana və ya arta bilər.

Depresiyyalı insanların müalicə görməsi vacibdir, melanxolik depressiyalı insanlar intihara daha çox meyilli olanlardır. Yüngül depressiyalar zamanı bu hiss olunmaya bilər lakin bu sonralar daha da pisləşə bilər.

Dünyada depressiyadan 154 milyon insan əziyyət çəkir. ABŞ xəstəxanalarında hər il 12 milyona yaxın qadın depressiyadan müalicə olunur və depressiya xəstələrinin 2/3-si müxtəlif səbəblərə görə müalicə ala bilmir.

Xəstələrin 50% -i 20-50 yaş arasındadır. Bununla birlikdə uşaqlarda və yaşlılarda da depressiya halı müşahidə olunur.Evlilərə nisbətən boşanmış, ayrı yaşayan və ya yalnız yaşayanlar daha çox depressiya keçirirlər. Qeyd etdiyimiz kimi yalnız yaşayan yəni tənha insanlar daha çox bədgüman olur və depressiyaya meyilli olurlar. Onların həyatında böyük boşluq olur və həyat mənasızlaşınca suisidal davranışlara meyilli olurlar.

Suisidal davranış intihara meyilli davranışdı.Suisid latın sözü olub, “sui”- özünü  “saedere”- öldürmək sözlərin birləşməsindən yaranıb. Mənası özünü öldürmək deməkdir. XIX əsrdən etibarən suisidal davranışların statistikası daimi və bərabər şəkildə artır, bütün dünya ölkələrində müşahidə olunur.İntihara meyilli etnik qruplar mövcuddur. Eyni zamanda müxtəlif peşələr üçündə intihar  (1dən- 10 a qədər qiymətləndirəndə) riski belədir: birinci yerdə musiqiçi (8.5 bal), sonra tibb bacıcı (8.2), diş həkimi (8.2), maliyyəçi (7.2), psixiatr (7.2), kitabxanaçı (3.2) ve satıcı (2.1) hesab olunur.

İntiharın bir çox səbəbi ola bilər. Depressiyaya aid olunan səbəblərin daha da kəskinləşməsi suisidal davranışa səbəb ola bilər.İctimai katalizmlər suisidal davranışa birbaşa təsir göstərə bilər.Məsələn, Berlin divarının qurulmasından sonra Şərq sektorunda intiharların səviyyəsi 25 dəfə artdı.İqtisadi böhranlar yalnız maddi duruma yox,həm də psixi vəziyyətə təsir göstərir.Bu vəziyyətdə gələcək son dərəcə qeyri-müəyyən görsənir.Təxminən 80% intihar edən öz niyyətləri haqqında ətrafdakılara qabaqcadan xəbər verirlər, hərçənd bu haqda xəbərin üsulları gizlədilmiş ola bilər.12%- i iki il ərzində intiharın uğursuz cəhdindən sonra onu təkrarlayırlar və arzu olunana çatırlar.80% özünə qəsd etmiş, keçmişdə ən azı bunu bir dəfə etməyə çalışmışlar.Özünə qəsd etmiş hər bir insanın ətrafında orta hesabla 6 insan qalır, onlar üçün də intihar ağır travmadır.

Depressiya və suisidal davranış haqqında  “Wilbur ölmək istəyir” filmində görə bilərik.Filmin mövzusuna görə təxmini 30 yaşlarında olan iki qardaş Wilbur və Harbour atalarından qalma kitab dükanını işlətməkdədir. Qardaşı Wilburun həyata bağlarını itirmiş olması və davamlı intihar cəhdlərində olması, Harbouru çox narahat edir. Son zamanlarında həyatda böyük çətinliklər ilə mübarizə edən Wilbur, artıq son nöqtəyə gəldiyini düşünür. Bir dəfə evdə qazı açıq buraxaraq intihar edər, daha sonra bunu görən qardaşı evdə bütün kəsici və təhlükəli alətləri gizlədər,lakin yenə də intihar üçün Wilbur nəsə tapar. Bu dəfə də o, evin elektrik məftillərindən özünü asmaq üçün kəndir kimi istifadə edər. Yenə bacara bilməyən Wilbur bu dəfə də özünü suya atar, su dayaz olduğuna görə intihar cəhdi uğursuz olar.Daha sonra biləklərini kəsər, binadan atlanmaq istəyər amma hər dəfə bunu bacara bilməz. Intihara meyilli olan Wilburun ən qısa müddətdə bir müalicə görməsi lazımdır.Wilburun intihar probleminin yalnızlıq,sevgilisizlik olduğunu müdafiə edən psixoloqun fikirlərinə böyük qardaşı Harbour da dəstək verir. Bir gün, dükanlarına, yaxındakı bir xəstəxanada təmizlikçi olaraq çalışan Alice və qızı Mary girər və həyatlarını dəyişir.Alice ilə tanış olduqdan sonra Wilburun həyatında hər şey dəyişər, hətta o intihar etmək istəyən birinə mane olar. Yeni məqsədlər, yeni insanlar, yeni maraqlar bu vəziyyətdə olan insanları həyata təkrar bağlayır.

Allahquluzadə Nərgiz

Bakı Dövlət Universitetinin, Psixologiya ixtisasının III kurs tələbəsi

pcc.az

Go Back

Sorğu göndər