Düşüncə Jurnalı

header photo

Nigar Rəhimli - DEPRESSİYA VƏ SUİSİD

04-03-2015

Özünü öldürən insanların 90% -i depressiya xəstəsidir. Depressiya və digər ruhi xəstəliklər ilə birlikdə pis həyat hadisələri də intihar riskini artırmaqdadır. İntiharın fərdi olduğu qədər ictimai ölçüsü də vardır. İntiharlar önəmli sağlamlıq problemlərindən biridir. Bütün dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verməkdədir. Bütün dünyada hər 42 saniyədə bir adam həyatına son vermək üçün intihara cəhd edir, 17 dəqiqədə isə bir adam intihar səbəbiylə həyatını itirir. İntihar sıxlığı yaş qruplarına görə və cinsiyyətə görə fərqlənir. Xüsusilə gənclərdə önəmli bir problemdir. ABŞ-da edilən araşdırmada 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutur. İntihar səbəbləri çox çeşidlidir. Bunlar arasında: psixiatrik xəstəliklər, sosial səbəblər, psixoloji səbəblər, bioloji səbəblər, genetik səbəblər, fiziki xəstəliklər sayıla bilər.

İntihar səbəbləri gənc və yaşlılarda ümumiyyətlə daha fərqlidir. Edilən araşdırmalarda yaşı 30-dan yuxarı olan insanların intihar hadisələrində ən tez intihar səbəbinin anti-sosial şəxsiyyət pozğunluğu və spirt-maddə asılılığı olduğunu, yaşı 30-dan aşağı olan insanlarda isə depressiyanın ən tez səbəb olduğunu göstərir. İntihara gətirib çıxaran əhəmiyyətli həyat hadisələri isə 30-dan aşağı olan insanlarda boşanma, rədd edilmə, işdən çıxarılma və qanuni problemlər; 30-dan yuxarı olan insanlarda isə fiziki xəstəliklər olaraq təyin olunmuşdur.

Yaş artdıqca intihar nisbətləri də artmaqdadır. Kişilərdə ən sıx 45 yaşlarında, qadınlarda isə 55 yaşlarında intihar görülməkdədir. Qadınlar intihara daha çox meyl göstərir, lakin intiharda ölüm nisbəti kişilərdə daha çoxdur. Evli insanlarda intihar nisbəti boşanmış şəxslərə görə daha azdır. İşləmək adamı intihardan qoruyan əhəmiyyətli bir xüsusiyyətdir. İşsiz insanların sosial-iqtisadi vəziyyətləri pozulur, onlarda psixiatrik problemlər ortaya çıxır (xüsusilə narahatlıq və depressiya) və stress verən vəziyyətlərlə qarşılaşma ehtimalı artır. Bu səbəblə işsiz qalan insanlarda intihar etmə ehtimalı artmaqdadır.

İntihar etməyi düşünən insanlar bu cəhdlərini reallaşdırmadan əvvəl bəzi siqnallar verir. Buraya ani davranış dəyişiklikləri, davamlı olaraq ölümdən və ya ölmə istəyindən danışmaq, intihar etməyi düşündüyünü söyləmək, vida və ya ayrılıq sözləri söyləmək, məktublar yazmaq, tanışları ilə küsülülükləri sonlandırmaq, həyatın əhəmiyyətsiz olduğunu ifadə edəcək mesajlar vermək aid oluna bilər.

Gənclərdə və uşaqlarda intihar etməyi asanlaşdırıcı bəzi həyat hadisələri mövzusunda məlumat sahibi olmaq da, intiharı əngəlləməkdə bizə kömək edə bilər. Aşağıdakı hadisələr depressiyada olan bir uşaq və ya gənc üçün “stəkanı daşıran son damla” ola bilər. Onsuz da həyata istəyi çox azalmış olan gənc ümidsizliyə qapılaraq həyatına sonlandırmağa qərar verə bilər;

• ailə içi ağır konflikt

• cinsi təcavüz və ya fiziki şiddət

• təhqir və ya alçaldılma (xüsusilə başqalarının yanında)

• məktəb müvəffəqiyyətsizliyi (sinifdə qalma, məktəbdən kənarlaşdırılma və s.)

• ağır bir haqsızlığa məruz qalma

• cəzalandırılma qorxu və qayğısı

Daha əvvəldən intihar cəhdində olan kəslərin yenidən intiharı sınama ehtimalları böyükdür. Bu səbəblə əvvəldən intihar cəhdində olan gənclərin valideynləri bu mövzuda çox diqqətli olmalıdırlar. Ailələr və pedaqoqlar, xəstəliklərin kimsəyə imtiyaz tanımadığını, hər gəncin depressiya keçirmə riski daşıdığını unutmamalı və şübhələndikləri bir vəziyyətlə qarşılaşdıqlarında heç zaman itirmədən bir mütəxəssisə müraciət etməlidirlər.

Nəticə olaraq, intihar önəmli ictimai bir problemdir və qarşısı alına biləcək bir ölüm səbəbidir. Yetər ki zamanında hiss edilsin. İntihar mesajları verən kəsləri mütəxəssislərə yönəltmək yaxınların edə biləcəyi ən böyük köməkdir. İntiharların ən böyük səbəbi depressiyadır və müalicə edilsə intihar riski azalır. Bu baxımdan depressiyanın müalicə edilməsi çox əhəmiyyətlidir. İntihar cəhdi olan yaşlı xəstələrlə edilən araşdırmada bu xəstələrin 70%-nin intihar cəhdində olmadan əvvəl həkimə müraciət etmədikləri göstərilir.

Depressiya; bəli, həqiqətən də nədir depressiya? Artıq hər kəs “Depressiyadayam” deyir. İstəksizlik, həyatdan zövq ala bilməmək, heç bir şey etmək istəməmək depressiyanın əsas əlamətləridir. Depressiyamənəvi boşluq içindəki cəmiyyətləri məngənəsinə alan xəstəliklərdən biridir. Depressiyanın pessimizm, dalğınlıq, unutqanlıq, konsentrasiya çətinliyi, qərarsızlıq, gərginlik, böhran və narahatlıq halı; iştahanın azalması, kilo itkisi, qarın ağrıları, yuxusuzluq və s kimi əlamətləri də vardır. Depressiyadakı adam köhnə maraqlarını itirər, heç bir şeydən zövq almaz, məhsuldarlığı azalar. Xəstə tez-tez günahkarlıq duyğuları içində özüylə zidd düşər, özünü dəyərsiz, işə yaramaz olaraq görməyə başlayar.

Bir də gündəlik gəlib gedən sıxıntı, kədər, əhval pozğunluğu vəziyyətləri vardır. Ümumi mənada “demoralizasiya” dediyimiz, lakin xalqın özünə depressiya diaqnozu qoyduğu hallar. Bu ikisi çox tez qarışdırılır. İnsan gəlib gedəcək bir demoralizasiya yaşayır, öz halını yaxın ətrafında gördüyü vəziyyətlərlə müqayisə edir ya da internetdə araşdırma edir, baxır ki depressiyaya girib. Halbuki depressiya ciddi ağır bir vəziyyətdir. O qədər ağırdır ki, intihara qədər gedə bilər. Bu səbəbdən son günlərdə depressiv xüsusiyyətlər daşıdığını düşünən kəslər mütləq mütəxəssislərdən kömək almalıdır. Lazımdırsa dərman istifadə etməlidir. Dərmanın işi bitdiyində bu ruh halının keçəcəyini bilməlidir.

Depressiv pozğunluq adamın yemək yeməsindən yatmasına, fiziki dayanıqlığından sağlam düşüncəsinə qədər hər şeyini poza bilər. Depressiyada olan insanların hamısı özlərini yalnız həyatın axışına buraxaraq sağala bilməzlər. “Öz-özünə sağalma” depressiya keçirən xəstələrin yarısında mümkündür. Ancaq müalicə olunmadığından əlamətlər (simptomlar) həftələrcə, aylarca, hətta illərcə davam edə bilər. Halbuki düzgün müalicə depressiyadakı çox insana kömək edə bilər. Depressiyada şiddətli kədər ya da ümidsizlik hissi vardır və ən az iki həftə davam edir. insanın iş görmək, yemək yemək, yatmaq kimi gündəlik həyat fəaliyyətləri pozulur. Depresiv insanlar ümidsiz olmağa və kimsədən kömək görə bilməyəcəklərinə inanmağa meyllidirlər. Belə hiss etdikləri üçün də özlərini günahlandırırlar. İctimai fəaliyyətlərə qatılmaqdan qaçınar, ailə və yoldaşlarından uzaqlaşarlar. Hətta bəzən ölümü ya da intiharı düşünə bilərlər.

Weissman (1974) depressiyanın intihar ilə çox yaxın əlaqəsi olduğunu; intihar cəhdində depressiyanın intihar meyilinin dərəcəsi ilə əlaqəli olduğunu bir çox dəfə göstərmişdir. Bu mövzudakı tədqiqatlar ümidsizlik anlayışı və bu anlayışın depressiya və intihar meyli ilə olan əlaqəsinə diqqət çəkmişdir. Baumeister də (1990) ümidsizliyin statistik olaraq nəzarət edildiyində depressiyanın intiharın qabaqcıl əlaməti olma xüsusiyyətini itirdiyini bildirmişdir. Wetzel (1976) intihar cəhdində və təhdidində olan xəstələrlə apardığı tədqiqatda intiharın depressiyadan çox ümidsizlik ilə əlaqəli olduğunu tapmışdır. Dyer və Norman Kreitman (1984) da daha əvvəlki işlərə bənzər şəkildə depressiya və intihar meylinin əlaqəsinin birbaşa ümidsizlik ilə intihar meyli arasındakı əlaqəyə bağlı olduğunu ifadə etmişdir. Bir çox tədqiqatçılar ümidsizliyin idraki müalicə kimi spesifik üsullarla azaldıla biləcəyini və bunun intihar riskinin qarşısının alınmasında əhəmiyyətli bir vasitə olacağını bildirmişlər.

Depressiya beyindəki kimyəvi pozulmanın və bəzi hormonların azalmasıyla ortaya çıxan xəstəlikdir. Bu xəstəliyin mütəxəssis həkimlər tərəfindən diaqnoz edilməsi, insana depressiya diaqnozu qoyulduqdan sonra yenə həkimlər tərəfindən dərmanla müalicə edilməsi lazımdır. Lakin əhəmiyyətli olan nöqtə; adamın həyat qarşısında məğlub hiss etdiyi nöqtələrin itkidən qazanca çevrilməsidir. Dərmanlar bu işi etməz. Yəni adamın dünyagörüşünü dəyişdirməz. Sadəcə hadisələr qarşısındakı dözüm gücünü artırar. Yaxşı bir müalicə dərman + psixoterapiya şəklində aparılan müalicədir. Hətta bir çox mütəxəssislər dərman vermək yerinə psixoterapiya ilə müalicəni üstün görür. Orqanizm pis vəziyyətdədirsə dərman dövrəyə salınır.

Bəs depressiyadan qorunmaq üçün nə etmək lazımdır? Daimi olaraq edilən məşq xüsusilə açıq havada və günəşli mühitlərdə edilən aerobik xüsusiyyətli idman depressiyanın ortaya çıxmasında son dərəcə qoruyucu bir təsirə malikdir. Bəzi fərdlər gün işığına həssasdırlar və depressiya hücumları mövsümi xüsusiyyət göstərə bilər. Payız-qış dövründə depressiya sıxlığında artım olmaqdadır. Qış dövründə xüsusilə çox yatmaq, çox karbohidrat istehlak etmək və ağırlaşma ilə gedən atipik depressiya ehtimalı çoxalmaqdadır. Depressiyadan qorunmaq üçün ekoloji faktorların təşkili də əhəmiyyətlidir. Nizamlı məşq etmək, sağlam və yüngül qidalanmaq da insana kömək olur. Duyğuların daha çox ifadə edildiyi, sevgi və güvənin suveren olduğu sağlam insan münasibətlərinə sahib olmaq həm depressiyanın qarşısının alınmasında, həm də depressiya dövründən çıxmaqda bənzərsiz bir dəyərə malikdir. Universitetə qəbul imtahanları da gənclərin bəzilərində depressiya halı ilə müşahidə olunur. Onlar bu dövrü “böhran” kimi gördüklərini söyləyirlər. Universitetə qəbul imtahanlarının gənclər üzərində çox böyük bir ruhi və fiziki təzyiqi vardır.

Universitetə ​​hazırlıq prosesi şagirdlər üçün uzun, çətin və stressli bir müddət olaraq yaşanır. Məhz buna görə də tələbələr bu müddətdə ailə dəstəyinə daha çox ehtiyac duyurlar. Bunun üçün ailələrə psixoloji məsləhət xidməti təqdim edilə bilər. Xüsusilə məktəblərdə çalışan psixoloji məsləhətçilər bütün valideynlərə istiqamətli psixo-öyrədici proqramlar hazırlayıb təqdim edə bilərlər. Universitetə qəbul imtahanına hazırlaşan və depressiya keçirən abituriyentlərin psixoloji dəstək alması vacibdir. Aşağıdakı psixoloji söhbət buna misal ola bilər.

Psixoloq: universitetə qəbul imtahanından keçməsən nə olmasından qorxursan?

Leyla: Ailəmi xəyal qırıqlığına uğratmaqdan, üzülməkdən, ətrafdakıların mənim haqqımda mənfi düşünməsindən, yaxşı gələcəyimin olmamasından, məni xoşbəxt edəcək işi tapmamaqdan, həyatımın məhv olmasından.

Psixoloq: Bu qədər stresi yaşamağına təəccüblənməmək lazımdır. Dediklərinin yükü ağırdır. indi sualı bir az dəyişdirəcəm. Tutaq ki universitet imtahanından keçdin. Bu halda nə olmasından qorxursan?

Leyla:Ailəmi xəyal qırıqlığına uğratmaqdan.

Psixoloq: Amma bayaq da belə demişdin.

leyla:Bəli. Çünki qəbul olsam belə onları xəyal qırıqlığına uğrada bilərəm. Bəlkə qəbul olduğum universiteti və ya fakültəni zamanında bitirə bilməsəm yenə də xəyal qırıqlığına uğraya bilərəm.

Psixoloq: universiteti bitirib iş tapa bilməyənlər var.

Leyla: Düz deyirsən. Universitetə qəbul imtahanına böyük anlamlar yükləmişəm.

Psixoloq: Mühit bizi belə düşünməyə vadar edir. Bunu özümüzə dərd edirik. Önəmli olan imtahanda əlindən gələni etməkdir. Amma bu stressiz də ola bilər, elə deyilmi?

Leyla: Bəli.

Psixoloq: İmtahandan keçməsəm həyatım məhv olar demişdin. Bu düşüncəyə inandığın zaman nə hiss edirsən?

Leyla: Sıxıntı keçirirəm…

Psixoloq: Gələcək haqqında düşünərkən gözünün qarşısında hansı səhnə canlanır?

Leyla: Heç nə. Sadəcə qaranlıq.

Psixoloq: Tutaq ki, həyatının məhv olması düşüncəsi ağlına heç gəlməyib. O halda özünü necə hiss edərdin?

Leyla: Daha rahat olardım və ümid işığı görərdim.

Psixoloq: İndi düşüncəni tərsinə çevirək.

Leyla: İmtahandan keçməsəm həyatım məhv olmaz.

Psixoloq: Bu düşüncənin doğru ola biləcəyinə dair mənə 3 misal çək.

Leyla: Birincisi həyatım doğrudan da məhv olmayacaq. Bəlkə ilk vaxtlar çox üzüləcəm amma ondan sonra keçəcək. Həyat davam edəcək. Özümə başqa bir yol çizəcəm. Ya universitetsiz bir həyat yaşayacam, ya da gələn il bir daha imtahan verəcəm.

Psixoloq: Digər tərsinə çevirmə nə ola bilər?

Leyla: Universitetə qəbul olsam həyatım məhv olar. Niyə məhv olar bir düşünüm… İstədiyim fakültəyə düşməsəm. Universitetə getdiyimdə istədiklərimi əldə edə bilməsəm.

Psixoloq: Tamamilə doğrudur.

Leyla: İndi anladım ki imtahandan keçməsəm arzularım məhv olar, həyatım məhv olmaz.

Psixoloq: Mən də universitetə qəbul olanda bütün arzularım məhv oldu çünki pedaqoji universitetdə deyil, Bakı Dövlət Universitetində oxumaq istəyirdim. Amma indi düşünürəm ki, mənim üçün ən düzgün seçim elə Pedaqoji universitet idi. Bunu o an anlasaydım və dəyərini bilsəydim əminəm ki oraya daha xoşbəxt gedəcəkdim.

Leyla: Bu günkü söhbət mənə universitet imtahanına daha fərqli baxmağa kömək etdi. Təşəkkür edirəm.

Universitetə qəbul imtahanı biliyin ölçüldüyü bir imtahanıdır. Qətiliklə bir şəxsiyyət testi deyil. Ölüm-dirim savaşı deyil. Həyatda olduğumuz müddət içərisində bir sıra eniş və çıxışlarımızın olması təbiidir. Həyatımız boyunca bir çox imtahanla qarşılaşacağıq. Universitet imtahanı yalnız bunlardan biridir.

Depressiya xəstələrinin böyük bir qismi müalicə görmür və öz başlarına xəstəliyə qalib gəlməyə səy göstərirlər. Kimi qonşunun təklif etdiyi dərmanı alır, kimisi aptekdən yuxu dərmanı alaraq “yola verir”, kimisi isə heç dərman qəbul etmədən xəstəliyi yaşayır. Müalicə olunmayan depressiya bir çox hallarda suisidlə nəticələnir. Depressiya xəstələrini psixoloqa istiqamətləndirmək və həkimə getməsini təmin etmək ailəsinin, yoldaşların və yaxınların vəzifəsidir.

Nigar Rəhimli

Azərbaycan Müəllimlə İnstitutunun, Təhsildə sosial-psixoloji xidmət fakültəsinin tələbəsi

pcc.az

Go Back

Sorğu göndər