Düşüncə Jurnalı

header photo

Nizami Əlisoy - İNTİHARA APARAN YOLLAR

04-02-2015

                                                                                          

Alın yazısına inan insan təsədüflərə inanmaz, təsədüfə inan adamsa öz alın yazısını əlində tuta bilməz demişlər.. Mən də öz alın yazımı əlimdə tuta bilmədim.

Xoşbəxt insanlar heç nə düşünmədən ürək dolusu çox rahat gülə bilirlər. Bəs mən?! Bircə gülümsəmə üçün hər cür şərait olduğu halda, yenə də açılmayan qaşqabaq, nifrət dolu sima.. Sanki gülməyi unudanlar şəhərindən qaçmış bir bəndəyəm..

Düşünürdüm, düşündükcə düşüncələrimlə savaşırdım. Nələr görmədim ki, mən bu dünyada. Görəsən bu insanlar niyə belədilər?! Heç kimə etibar qalmayıb! Bilmirsən dostun kimdi, düşmənin kimdir.. Həyata olan sevgimi insanlar tükətmişdilər. Təsəlli axtardığımda özümü şüşənin yanında tapmışdım. Kimsənin haqqı yox idi məni bu vəziyyətimə görə günahlandırsın. Nə vermişdilər ki mənə, nə də istəsinlər? Həyatın əsl üzünü intihara gedən yollarda öyrənmişəm mən. Yollar öyrətmişdi nifrətin açan tumurcuğu ilə mərhəmətin bitdiyini.

Həqiqətən də, biz özümüzü doğub, özümüzü öldürəcək qədər qəddar cəlladlarıq! Küçədəydim onda, insanların sıx hərəkət etdiyi bir küçədə. Sentyabr ayı olduğundan havalar meyxoş keçirdi. Yağışlar payızın gəlişini yada salırdılar. Bəzənsə külək vıyıltısı əsrarəngiz fon yaradırdı Bakı üçün. Məni gözləyən birinin xəyalı ilə arxama baxmadan atdımlayırdım. Mən getdikcə yol da gedirdi, yol getdikcə, mən də gedirdim.

Bütün gecəni qısa fasilələrlə naməlum istiqamətdə addımlayaraq keçirtmişdim. Düşdüyüm haldan utanırdım. Məni tanımasınlar deyənə üzümü gizlədirdim. Nəm küçələrdən keçdikcə sevinirdim, qəmlənirdim, həyacanlanırdım. Arxada qalan uşaqlıq, gənclik, qorxular, pis günlər, problemlər irəllədikcə uzaqlaşıb itirdilər. Çoxdan bu yolu keçməli idim. Yolun sonunda məni xoşbəxtlik gözləyirdi. Buna əmin idim! Sonu düşündükcə sevinirdim, qanad açıb uçmaq istəyirdim..

Çiyinlərimdə qısa həyatımın əzabını aparırdım. Əlimdə çeynənmiş qürurum, gözlərimdə doğmalaşan nifrət var idi. Ayaqlarım tələsirdi. Bom-boz ömrümü son kəs daşıyırdım. Tələsirdim.. Varlığımı son nəfəsə sürükləyirdim. Çürümüş hisslərimdə acı-acı bir cəsarət yaşayırdı. Yavaş-yavaş yolun sonuna yaxınlaşdığımı hiss edirdim.. Atdımlarım susdu birdən. Qollarımı geniş açdım, hönkürtü ilə güldüm içdən. Kirlənmiş sifətimi tozlu ovucuma alaraq, hey qış olan yaz ömrümü günahlarıma bələdim. Başım döndü bir anda. Donmuş sözlərimdə bu həyatın acığına xoş söz demək daha azdı.. Uduzduğum həyatın son bir qələbəsi vardı, intihar!

Bu da son!.. Yolun sonunda başqa bir yol başlayırdı. Necə? Demək kimsə məndən qabaq artıq tapmışdı mənim xoşbəxtliyimi..

Nizami Əlisoy

Go Back

Sorğu göndər