Düşüncə Jurnalı

header photo

Yusifli Ayişə - ƏZİZƏ CƏFƏRZADƏ “VƏTƏNƏ QAYIT” VƏ İOHANN VOLFHANQ HÖTENİN “GƏNC VERTERİN İZTİRABLARI” ƏSƏRLƏRİNİN TƏHLİLİ

11-03-2015

Hal-hazırkı dövrdə ətrafımızdakı insanların əksəriyyətindən hər hansı bir xoşagəlməz halla qarşılaşdıqda yaranan əhval pozğunluğu zamanı və ya özlərini yaxşı hiss etmədikdə soruşsaq ki, nə olub? çox zaman eşidəcəyimiz cavablar bir-birinə  oxşar olacaq. Həmin şəxslər bunu düzgün dəyərləndirə bilmədikləri, bu qeyri-müəyyənliyin səbəbini  tam aydınlaşdırmağı bacarmadıqları üçün  əksər hallarda çox yayılmış və konkret bir cavaba çevrilən “Deyəsən depressiyadayam”, “Depressiyaya düşmüşəm” cavabını verirlər. Bu cavabı verənlərin hamısı anlamadan, dərk eləmədən belə cavab verir deməzdim. Çünki bu barədə məlumatlı insanlar da günümüzdə çoxluq təşkil edir və bu çoxluğun tərkibinə bu yolda maariflənmiş insanlar daxil olmaqda davam edir. Lakin bununla belə depressiyanı adi kefsizlik, həvəssizlik kimi dərk eləyib və ya daha “eleqant” səslənsin deyə “Depressiyadayam” deyənlər də az deyil. Bütün bunları nəzərə alaraq bu barədə cəmiyyətin maarifləndirilməsinə və məlumatlandırılmasına ehtiyac vardır.

Depressiya dövrümüzdə izini qoymuş xəstəliklərdən biridir. Insanla həyat arasındakı ən güclü əlaqələrin, tellərin qopmasına gətirən, ən azından zəiflədən problemdir. Elə bu səbəblə də həyati təhlükəsi ürək-damar xəstəlikləri qədər olmasa da, insan üçün belə həyati təhlükə yarada biləcək xəstəliklərə də gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq əgər depressiya diaqnozu qoyulmuşdursa bu zaman mütləq mütəxəssislərə müraciət etmək lazımdır.

 

Depressiyanın yaranmasında müxtəlif  bioloji, psixoloji, sosial amillərin təsiri vardır. Bioloji amillər, o cümlədən irsiyyət, bəzi xroniki-somatik  xəstəliklər, alkoqolizm və narkomaniya bu sırada adı çəkilənlərdəndir. Bioloji amillərin təsirinə geniş yer ayıran bir qrup alimlərin fikrincə isə depressiya irsi yolla keçən bir xəstəlikdir və o, xarakterin anadangəlmə zəifliyidir.

Psixoloji amillərə uşaqlıq dövründə yaşanan müxtəlif psixotravmaları, ailə daxilində yaşanan problemləri- ailə üzvləri arasında konfliktlər, ər-arvad münasibətlərindəki ziddiyyətlər, gəlin-qaynana, valideyn-övlad münasibətlərinin kəskin pisləşməsi, zorakılıq və s., yaxın adamın vəfatı və ya yaşanmış ayrılıqlar, ağır xəstəliyə tutulma zamanı yaranan həyəcan hissi, güclü stress keçirmə və s. misal ola bilər.

Bundan əlavə, müharibə, təbii fəlakətlər, dağıntılar, günü-gündən çətinləşən həyat şəraiti, yoxsulluq, işsizlik kimi bir sıra sosial faktorlar da depressiya yaradan amillər kimi çıxış edirlər.

Depressiyadan danışarkən bu barədə Ziqmund Freydin də fikirlərini qeyd etmək yerinə düşərdi. Ziqmund  Freyd depressiyanı günahkarlıq hissi və daxili konfliktlə əlaqələndirirdi. O, bunun insanın öz içindəki səslə mübahisə və mübarizəsi nəticəsində meydana gələn, sonda isə xarici mühitdə biruzə verən bir xəstəlik olduğunu bildirirdi. Həqiqətən də, insan ətrafında cərəyan edən, şahidi və bilavasitə iştirakçısı olduğu bir sıra hadisələri öncə ətrafındakı insanlarla bölüşmür, məhz öz daxili aləmində bunları analiz etməyə, hansının onun istədiyi kimi, hansının isə onun istəklərinin əksinə cərəyan etdiyini, mövcud vəziyyətdə bunların baş verməsində onun özünün nə qədər rol oynadığını aydınlaşdırmağa və bunları qəbul etməyə çalışır. Elə daxili konflikt deyəndə də bu nəzərdə tutulur.

Depressiyanın bir sıra əlamətləri vardır ki, bunlara əsasən diaqnoz qoymaq mümkündür.

  • ·   Özümü ümidsiz, dəyərsiz, kədərli, çarəsiz hiss edirəm. Içimdə sanki böyük bir boşluq var.
  • ·  Daha əvvəllər mənə zövq verən iş, fəaliyyət və əyləncələr indi çox maraqsız və mənasız görünür. Hətta cinsi həyatımda da bu təsirini göstərir.
  • ·   Qərar verməkdə çətinlik çəkirəm. Yaddaşımda və diqqətimdə pozulmalar hiss edirəm.
  • ·  Yuxu rejimim pozulub. Normal yuxu yata bilmirəm (və ya həddindən çox yatıram). Iştahım yoxdu, yemək istəmirəm (və ya hədddindən çox yeyirəm, yeməkdən özümü saxlaya bilmirəm).
  • ·    Enerjimin tükəndiyini düşünürəm, özümü çox yorğun və gücsüz hiss edirəm. Ən xırda şeylərdən də çox tez əsəbiləşirəm.
  • ·   Işdən əlim üzülüb, heç bir iş görə bilmirəm.
  • ·   Mənə elə gəlir ki, heç kəsə lazım deyiləm, ətrafımda baş verən problemlərin, tərsliklərin, çətinliklərin səbəbkarı elə  mən özüməm.
  • ·   Insanlardan uzaqlaşmaq, tək qalmaq istəyirəm.
  • ·   Dostlarım da dəyişildiyimi deyir.

·  Son zamanlarda spirtli içkilərdən, siqaretdən daha çox istifadə etməyə başlamışam.  Sakitləşdirici dərmanları əvvəlki vaxtlara nəzərən indi daha çox atıram.

·  Tez-tez özümə zərər  vermək, intihar etmək barəsində düşünürəm, planlar qururam (hətta buna cəhd də eləmişəm). Öz cənazə mərasimim barəsində düşünürəm, gözümün önündə canlandırıram. 

Əgər siz də yuxarıda sadalanan əlamətlərin hamısı olmasa da, ən azı üçü olmaqla bəziləri məndə var deyirsinizsə, bu depressiyanın göstəricisidir. Sadəcə belə olan halda əlamətlərin çoxluğu və ağırlıq dərəcəsinə əsasən depressiyanın dərəcəsini müəyyənləşdirmək lazım gəlir. Ancaq bununla belə nəzərə almaq lazımdır ki, yaşanan hər xırda kədər və ya ruh düşkünlüyü depressiya deyildir.

Depressiyadan əziyyət çəkən qadınların sayı kişilərin sayına nəzərən çoxluq təşkil edir. Depressiyadakı qadınların bir çoxunun əsas problemi “başa düşülməmək”, “anlaşılmamaq”dır. Kənardan baxanda həyatları son dərəcə qaydasında maddi və mənəvi durumları yerində olduğu vəziyyətdə belələrini rahatlığın sıxdığı da düşünülə bilər. Depressiyada olan şəxsə “Gəz, istirahət elə, fikrini dağıt, başqa işlərlə maraqlan, bu barədə düşünməməyə çalış, boş ver, özünü ələ al, özün özünün həkimi (psixoloqu) ol” kimi sözlər ətrafındakı insanlar tərəfindən çox deyilir. Bu məqamda nəzərə almaq lazımdır ki, həmin adam onsuz da bunları etməyə çalışır, ancaq bacarmır. Ətrafındakılar bu problemin onun istəklərindən kənar olduğunu bilmədiyi üçün depressiyadakı şəxsin vəziyyətini daha da ağırlaşdırırlar.

Bunlardan əlavə qadınlarda depressiyaya qapı açan səbəblərə menustrasiya prosesindəki pozuntular, hamiləlik, doğumdan sonrakı artıq çəkilər, klimaks zamanı baş verən hormonal dəyişiklikləri misal göstərmək olar.

Ümumilikdə götürdükdə isə depressiyanın ən ağır nəticəsi məhz elə suisid, digər adı ilə desək intihardır. Bunlar bir-biri ilə sıx şəkildə əlaqəsi olan problemlərdir.

Insanların hərəkətlərinə diqqət yetirərək onlarda intihara meyillilik və ya intihar etmə istəyi olub olmadığını müəyyənləşdirmək mümkündür. Intihar etmək fikri yaranan insanların davranışında müəyyən dəyişikliklər yaranmağa başlayır. Həmin insanlarda

  • ·         Psixikasında müxtəlif pozuntuların olması
  • ·         Ölüm riski ola biləcək dərmanlardan istifadə etmə
  • ·         Uzun müddətdən bəri ünsiyyətdən qaçma, özünə qapanma
  • ·         Ətrafında cərəyan edən hadisələrə, insanlara marağın olmaması
  • ·         Cinsi həyatla maraqlanmama
  • ·         Sevdiyi əşyalarını yaxınlarına paylama
  • ·         Tez-tez ölümdən danışma

kimi əlamətlər özünü göstərir. Belə zamanlarda insanların çox elədiyi bir səhv hərəkət o olur ki, ətrafında bu əlamətlərə təsadüf olunan birisi varsa və o insan ölümdən çox danışırsa, ya həmin anda belə demək lazımsa başdan eləməkdən ötrü, ya inanmadığı, inanmaq istəmədiyi üçün adi təskinlik verici sözlərdən istifadə edir və ya “Fikir verməyə dəyməz, sadəcə diqqəti öz üstünə çəkmək istəyir”, “Artistlik edir” deyib fikir vermirlər. Sonu isə çoxdan gözlənilən bədbəxt hadisə ilə nəticələnir.

Insanlar müxtəlif səbəblərdən həyatlarına son qoyur, ölümü seçirlər. Əslində dərindən düşündükdə görmək mümkündür ki, əgər həyatında hər şey yolunda gedirsə, günü xoş keçirsə nəyə görə bir insan ölümü seçsin? Elə intihar edənlərin də həyatında bir sıra sosial, psixoloji amillərin təsiri nəticəsində yolunda getməyən nələrsə olur ki, bunların təsirindən onlar intihar edirlər. Lakin bəzi faktlar da vardır ki, həyatında hər şeyin həddindən artıq qaydasında olmasına, problemsiz bir yaşayışı, maddi və mənəvi durumunun qaydasında olması halında belə intihar edənlər olmuşdur. Bəs bunun səbəbi nədir? Bunun kökündə dayanan isə həyatdan doymuşluqdur. Belə insanlar həyatda əldə etmək istədiklərini tez bir zamanda tamlığı ilə qazandığına görə artıq yaşamaq onlar üçün mənasız və əhəmiyyətsiz olur.

Intihar müxtəlif yaş dövrlərində rast gəlinən bir prosesdir. Bir qədər yumoristik şəkildə demək lazım gəlsə, hər yaş dövründə intihara meylli, intihar edəcək adam üçün səbəb var. Bəs intiharın əsas səbəbləri nədir? Səbəblər müxtəlif ola bilər. Aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, düşüncədə yaranan pozuntular, müxtəlif psixi pozuntular və s. Hal-hazırda işsizliyin, pul qazanıb ailəsinin ehtiyaclarını ödəyə bilmədiyinə, ailənin yanında özünü dəyərsiz, lazımsız biri kimi hiss etdiyinə görə bu vəziyyətə dözə bilməyib son çıxış yolunu intiharda görən insanların sayı durmadan artır. Eynilə, buna yaxın bir vəziyyət  həyat yoldaşıni itirmiş, tərk edilmiş qadınlarda rast gəlinən haldır ki, bu zaman qadın həyatın ağırlıqlarını, çətinliklərini təkbaşına daşıya bilməyəcəyini düşünür. Əgər uşaq da varsa məsələ daha ciddi vəziyyət alır. Uşağının lazımi ehtiyaclarını ödəmək üçün imkanı olmayan ana buna tab gətirə bilmir.

Sadalanan hallarda intihar edəcək insanların düşüncəsi belə olur: “Əgər mən ölsəm hər şey qaydasına düşəcək. Bütün problemlər bundan sonra həll olunacaq”. Həmin vəziyyətdə onlar sağlam düşünərək görə bilmirlər ki, ölüm heç də çıxış yolu deyil. Onlar canlarına qəsd etdikdən sonra geridə qoyduqlarının vəziyyəti ya daha da ağırlaşacaq, ya da heç bir dəyişiklik olmadan beləcə davam edib gedəcək.

Intihar hadisələrinin böyük qisminin yeniyetməlik və gənclik yaşı dövrlərində olması heç də təsadüfi deyildir. Yeniyetməlikdən etibarən şəxsiyyətin inkişafının ən burulğanlı və böhranlı dövrü başlayır. Artıq uşaqlarda özünü azad, müstəqil biri kimi görmək meylləri yaranır və bunu ərtafdakıların da qəbul etməsinə, onları dəstəkləməsinə ehtiyac duyurlar. Bu zaman valideynlər mümkün olduğu qədər övladlarına qarşı sakit, səbirli davranmalı, kəskin əmrlər vermək, qadağalar qoymaq, öz dominantlığını, gücünü onlar üzərində sübut etmək əvəzinə onları başa düşməyə çalışmalı və bunu onlara hiss etdirməli, sözügedən mövzu ərtafında onlarla razılaşmasalar belə yenə kəskin fikirlər söyləməyərək onların qərarına hörmətlə yanaşmalı və hiss etdirmədən onları düzgün yola yönləndirməyi bacarmalıdırlar. Əks təqdirdə, bu kəskin mühafizəkarlıq onları bezdirərək intihara sövq edir.

 

Yeniyetmələr arasında yayılmış intihar hallarına aid çəkilmiş “Virgin Suicides”  filmi bu mövzuda olan bəzi məsələləri özündə əks etdirməyi bacarmışdır. Filmdə 70-ci illərdə Amerikada yaşayan bir ailənin qızlarının intiharından danışılır. 5 qız uşağına sahib olan ailədə ata və ana qızlarına qarşı həddindən artıq mühafizəkar və məhdudiyyətçidir. Ailənin yaşadığı ilk bədbəxt hadisə evin ən kiçik qızının intihara cəhd göstərməsi olur. İlk cəhdində xilas edilən qıza psixoloq müayinəsi nəticəsində diaqnoz qoyulur və valideynlərinə bildirilir ki, əslində qız özünü öldürmək istəməyib. Onun bunu etməsi ailənin bu qədər sərt olan qayda-qanunlarına qarşı öz etirazıdır. Valideynlər bunu nəzərə alıb öz günlük qaydalarında bəzi dəyişikliklər etməyə cəhd göstərsələr də bu alınmır. Belə sərt tutumun və rəftarın davam etdiyini görən qız yenidən intihara cəhd göstərir və bu dəfə onu xilas etmək mümkün olmur. Kiçik qızın intiharından sonra ailədə bir müddət kök salan dərin hüzn yavaş-yavaş dağılmağa başladığı bir zamanda ata-ana qızlarına qarşı daha mülayim olmağa və onlara istədikləri sərbəstliyi qismən də olsa verməyə cəhd göstərirlər. Lakin bunun sonunda evin 4-cü qızının atdığı səhv addım və bakirəliyini itirməsi vəziyyəti daha da gərginləşdirir. Evdəki qaydalar daha da sərtləşir, qızlar ictimai fəaliyyətlərdən, bütün məşğuliyyətlərindən kənarlaşdırılır, hətta məktəb həyatlarına belə son qoyulur. Bunun nəticəsi olaraq qızlar valideynlərindən gizlin, müxtəlif yollarla qonşuluqdakı oğlanlarla əlaqə yaradır, bu yolla ətrafla əlaqələrini az da olsa saxlamaq istəyirlər. Amma bütün bunlar da artıq belə bir ailə mühitində yaşamaq üçün onlara yetərli olmur. Valideynlərin bu mühafizəkar rəftarı, tətbiq elədiyi sərt qaydalar, həyata  keçirdikləri bu rejimin sonu qızların dördünün də eyni anda intiharına gətirib çıxarır.

Intihar edənlər arasında depressiya xəstələri üstünlük təskil edir. Bunun özü də bu iki problemin qarşılıqlı şəkildə bir – biri ilə əlaqədə olduğunu bir daha göstərir.

Intihara cəhd göstərən qadınlar kişilərə nisbətdə üstünlük təşkil etsələr də, intihar nəticəsində həyatına son qoyan kişilər qadınlardan daha çoxdur.

Bu yaxınlarda ailədaxili münasibətlərdəki ziddiyyətlər, münaqişələr və zorakılıqla bağlı yaranmış psixoloji problemlə bağlı müraciət edən bir qadının həyatında baş vermiş intihara cəhd hadisəsini elə onun öz dilindən yazmaq istərdim: “ 18 yaşımdan ailəliyəm. Istəməyərək ailə qurmuşam. Həyat yoldaşımı sevməsəm də, buna etiraz etməyim mümkün deyildi və mən də razılaşdım. Elə nişanlılıq dövründən etibarən həyat yoldaşım məni döyməyə və təhqir etməyə başlamışdı. Ailə qurduqdan sonra isə bunun on qatı əzab-əziyyət çəkməyə başladım. Yalnız həyat yoldaşım tərəfindən deyil, həmçinin qayınata və qayınanam tərəfindən də söyülür və təhqir edilirdim. Amma ən çox təsir edəni həyat yoldaşımın hərəkətləri idi. Ən azından ondan qayğı görmüş olsaydım digərlərinə dözmək asan olardı. Heç bir yerə getməyə icazəm yox idi. Evdən kənara çıxmırdım. Özü əgər harasa aparırdısa da, elə getdiyim yerdə də az zülm çəkmirdim. Heç vaxt heç bir hərəkətinə, sözünə qarşılıq verməmişəm. Hamısına dözürdüm. Həm də düşünürdüm ki, ailədə belə halların olması normaldı. Indi bunu “uşaq cahilliyi” adlandırıram. Uzun müddət belə davam elədi. Bir müddətdən sonra həyat yoldaşımın hərəkətlərində, davranışlarında qəribəliklər yaranmağa başlamışdı. Heç özündə deyildi. Paranoyaklaşmışdı. Hər addımımdan şübhələnirdi. Hər hərəkətimə göz qoyurdu. Ondan elə ailə həyatı qurduğumuz ilk gündən qorxurdum. Bu hərəkətləri də məni həm qorxudur, həm də çox sıxırdı. Artıq dözmək mümkün deyildi, amma övladlarımın xətrinə dözürdüm yenə də. Son addım kimi məni əxlaqsız qadın adlandırmağa başlamışdı. Hər an məni izləyir və deyirdi ki, mən bilirəm sən gündə biri ilə görüşürsən. Hər şeyə dözsəm də artıq bunları qulaqardına vura bilmirdim. Təkcə mən yox qohumlar da hiss edirdi ki, onun nəsə psixoloji problemi var. Danışıqları, hərəkətləri, verdiyi reaksiyalar normal deyildi. Həkimə göstərmək lazım olduğunu bilirdik, amma onu razı salmaq olmurdu. Məni ən çox qorxudan isə o idi ki, birdən oğlum bunlardan xəbər tutsa mənə yox, ona inanar. El içində rüsvay olmaq qorxusu və bütün bu çəkdiyim əzablar məni son həddə çatdırdı. Özümü asmaq qərarına gəldim. Hər şeyi hazırladım, bu işə son qoyacaqdım. Hamısını planlaşdırdığım kimi etdim. Artıq ipi də boynuma keçirmişdim. Tez bir zamanda bu əzablara son qoymaqdan və canımı xilas etməkdən başqa heç nə düşünmürdüm. Lakin son anda birdən övladımın məni axtararaq çağırdığını eşitdim. Əlim-qolum boşaldı. Elə bil yuxudan ayıldım və nə elədiyimi dərk etdim, dərhal ordan uzaqlaşdım.

Həmin gün əgər məni çağırmasaydılar indi hər şey bəlkə də tamam fərqli olacaqdı. Düşünəndə isə çox peşmançılıq hissi keçirirəm və “Nə yaxşı ki məni çağırdılar intihar edə bilmədim” deyirəm”.

 

 Uzaq keçmişlərdən günümüzə doğru öz aktuallığını qoruyub saxlamış olan suisid bədii ədədbiyyat nümunələrində də özünə yer etməyi bacarmışdır. Istər xarici, istərsə də yerli ədəbiyyatda buna rast gəlmək olar. Və mən elə bu barədə  yerli ədəbiyyatımızdan misal çəkmək istərdim: Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanı. Romanda bütünlükdə bu problemə toxunulmasa da, bu barədə xırda da olsa çox təsirli nüans diqqəti çəkir. Əsər Azərbaycan şairi Nişat Şirvaninin həyatından bəhs edir. Yazıçı onun həyat yolunu oxucuya çatdırarkən onun bir hissəsi olan nakam məhəbbətini də vurğulamışdır.

Qızla-oğlanın birləşə bilməməsinin əsas səbəbi dinlərinin fərqli olması və ailələrin buna etrazıdır. Məhz buna dözə bilməyən erməni qızı olan Maro sevdiyi insandan ayrı qalmaqdansa ölməyi seçir və o zamanlar Hindistandan gəlmiş bir tacirin gözlənilmədən vəfat etməsi nəticəsində dostlarının onun üçün öz adətlərinə uyğun olaraq təşkil etdikləri dəfn mərasimində iştirak etməyə razılıq verir. Ölən tacirin arvadı ondan uzaqda olduğu üçün Hindistan adətlərinə uyğun olaraq onun yerinə arvadı kimi ölü ilə birlikdə tonqalda yandırılmağı qəbul edir və özünü yanar oda atır. Kənardan bunu görüb dözə bilməyən bir azərbaycanlının onu yanar odlardan çıxarması ilə xilas olsa da, tanınmaz hala düşür.

Lakin bir fakt kimi onu da qeyd etmək yerinə düşər ki, bəzi yaradılan sənət əsərləri özündə intihar səhnələrini əks etdirməklə bərabər özləri də dövründə kütləvi intiharlara səbəb olublar. İohann Volfqanq Götenin məktublar formasında yazdığı “Gənc Verterin iztirabları” sentimental romanı da buna bir nümunədir. Göteyə böyük uğurlar qazandırmış romanın əsas mövzusu Verter adlı gəncin öz xəyali dostu Vilhelmə məktublar şəklində yazaraq öz yaşadığı həyatdan, düşüncələrindən və nəcib bir ailənin nişanlı qızı olan Lotteyə duyduğu məhəbbətdən bəhs edir. Verter uzun müddət bu mümkünsüz məhəbbətin alovunda yansa da, bu əzabı öz içində daşısa da, sonda Lotte də bundan xəbərdar olur. Lottenin özünün də Verterə münasibəti fərqli olsa da, nişanlı olmasını nəzərə alıb, dostluq ilə sevgi arasındakı o incə xətti keçməkdən ehtiyat etdiyi üçün əlaqəni kəsir. Elə bundan sonra da Verter üçün həyat daha dözülməz olur və o intihar edir.

Roman ilk çapdan çıxdığı andan etibarən böyük oxucu kütləsinin diqqətini cəlb edərək, Avropaya səs salsa da, özünün ardınca kütləvi intiharlar da gətirmişdir. Həmin dövrdə bir-birinin ardınca və elə bir-birinə bənzər intihar hadisələri baş verməyə başlayır ki, bu da dövlət adamlarını qorxuya saldığı üçün əsərin nəşr edilməsinə və çapına bir sıra yerlərdə qadağalar qoyulur.

Əsərin belə təsirli olmasının və kütlə tərəfindən bu cür qarşılanmasının səbəbi onun yazı dilindədir. Yazıçı məktublar şəklində yazdığı bu romanında məhəbbət duyğusunu çox gözəl tərənnüm etməyi bacarmışdır. Bundan əlavə o, Verterin çəkdiyi məhəbbət əzabını əks etdirərkən ən xırda nüansları da çox gözəl vurğulamışdır. Sevginin nə demək olduğunu anlayan, özü sevgini, ayrılığı yaşamış hər bir insanın yaşadığı və düşündüklərini ən xırda detalına kimi əks etdirmişdir. Yazıçı oxucuya oxucunun öz dilindən hadisələri deməyi bacarmışdır ki, bu da əsərin təsir qüvvəsini artırmışdır.

Bununla yanaşı Verter gənclər arasında bir fenomenə çevrilmişdir, Avropanın bir çox yerlərində romanda təsvir olunduğu kimi Verter üslubunda geyinilməyə başlanmış və  bu “Verter effekti” adlandırılmışdır.

Problemlər haqqında yuxarıda vurğulanan bütün bu nəzəri məlumatları, elmi izahları, bədii ədəbiyyat və film nümunələrini, həyatı faktları nəzərə alaraq sonda bildirmək istərdim ki, hər hansısa bir problemi, xəstəliyi heç də gözardı etmək, belə mühüm mövzulara məsuliyyətsiz yanaşmaq olmaz. Depressiyada olan və intihara meylli və ya cəhd göstərən şəxslərə köməklik edilməyə çalışılmalıdır. Bundan ötrü problemi həll edə bilmə bacarığı üzə çıxarılmalı, çətinliklərin öhdəsindən gəlmə bacarığı inkişaf etdirilməli və bu işlərdə həmin şəxslər dəstəklənməli, idman və ictimai fəaliyyətlərdə daha aktiv iştiraka cəhd göstərilməli, həyatın düşünüldüyü qədər mənasız və əhəmiyyətsiz, göründüyü kimi çətin olmadığı, gözəl tərəflərinin daha çox olduğu diqqətə çatdırılmalı və aşılanmalıdır. Bütün bunlar həm mütəxəssis nəzarəti altında, həm də ətrafdakı insanların köməyilə həyata keçirilməlidir.

Sonda isə özümə həyat devizi kimi seçdiyim sözləri vurğulamaq istərdim. Səhvlərini sev, ən azından cəhd göstər, nə olur olsun yaşamağa dəyər.

Yusifli Ayişə 

Gəncə Dövlət Universitetinin, Psixologiya ixtisasının məzunu

 

 

 

 pcc.az

 

 

 

 

Go Back

Sorğu göndər