Düşüncə Jurnalı

header photo

Şizofreniya və Xəstənin Psixologiyası-ƏN POTENSİALLI İŞTİRAKÇI

Tək bir söz insanın həyatını ələ keçirə bilərmi? Həyatda etmək istədikləri arzuların  önündəki ən böyük əngəl-ŞİZOFRENİYA...

Şizofreniya olan biri, sadəcə kimsəsiz bir adada insandır. Şizofreniya yaşadığın yox, başqa bir dünyanın qapılarının açılmasıdır. Amma onlar bu dünyada uzun müddət qala bilməzlər. Onların gerçək həyata mütləq geri dönmələri  lazımdır. Gerçək həyata geri dönmələri  üçün də sevəcəkləri, güvənə biləcəkləri insanlara çox  ehtiyacları olur. Şizofrenlər gerçəklə xəyalı çox zaman  qarışdırırlar. Yaşadıqları bəzi xəyalların həqiqi olduğunu düşünürlər və bu da onlara yeni hüznlü bir dünyanın qapılarını açır.

Şizofreniya bir növ beyin xəstəliyidir. Demək olar ki, hər 100 nəfərdən biri şizofreniya xəstəsidir. Əsasən, bu xəstəliyə 15-25 yaş arası insanlar tutulur. Xəstəlik nə qədər erkən başlayarsa, normal bir həyat sürmə şansı da azalar.

Bu xəstəliyin ən pis xüsusiyyətlərindən biri də, tamamilə müalicə oluna bilməməsidir. Müalicə olunduqdan bir müddət sonra  xəstəlik özünü yenidən biruzə verir. Müalicə olunduğu müddətdə yaxşılaşma dövrü baş verir ki, məhz bu remissiya adlanır. Şizofreniya haqqında bəzi yanlış fikirlər vardır. Məsələn, bu xəstəliyin yoluxucu, tam müalicəsinin olduğu, həmin xəstəliyə tutulan insanların dahi, aqressiv insanlar olması və s. Lakin biz bilirik ki, yoluxucu olan xəstəliklər əsasən infeksion  xəstəlikləri olur,  şizofreniya isə ruhi-əsəb xəstəliyidir. Düzdür, bu insanlar çox ağıllı, məntiqli fikirlər yürüdə bilir, hətta şizofren xəstələrin içərisində Nobel mükafatı alan xəstələr də olub, amma  bu heç də hamısının dahi olduğu nəticəsinə gəlmir. Bu cür xəstələr aqressiv yox, əksinə sakit və yalnızlığa meylli olurlar. Onlar özlərini çox tənha hiss edir, daima nədənsə qorxur, kiminsə onları izlədiyini düşünürlər. Yaşadıqlarının yuxu yoxsa gerçək olduğunu ayırd edə bilmirlər. Əksərən yuxusuzluq kimi problemlərə düçar olurlar. Xəstələr fərqli bir xarakter yaradıb, onun həyatında yaşadığını düşünürlər. Məsələn, televizorda xəbərlər verilişi gedir, şizofren ora baxdıqda ona elə gəlir ki, orda onun özü haqqında danışırlar. Daima müxtəlif səslər eşidir, nə edəcəklərini  bilmir, utanc duyğusu ilə yaşayırlar. Onlar üçün müxtəlif sahələrdə çalışmaq, insanlarla ünsiyyət qurmaq çox çətin olur. İnsanların əksəriyyəti onlardan qorxur. Əslində isə daha çox şizofrenlər insanlardan qorxur, çünki onlar daima kiminsə onlara ziyan verəcəyini düşünürlər. Bəzi insanların fikrincə isə, şizofrenlər ətrafa ziyan vururlar  və  onlar təhlükəlidirlər. 

Əgər biz bu xəstələrə təhlükəli insan kimi baxsaq, onlardan qorxsaq, hər 10 şizofrendən 9-na haqsızlıq etmiş olarıq. Şizofrendə ətrafa qarşı ziyanvericilik müalicənin olmadığı vaxtda başlayır. Əgər xəstə müalicə olunursa, bu nisbətən riski azaldır. Biz heç birimiz onların psixologiyasını tam anlaya bilmərik. Şizofrenlər hətta özləri belə deyirlər ki, bunu yaşamayan bilməz. Bu xəstəlik insana yaşarkən cənnəti də göstərir, cəhənnəmi  də... Ümidsizlik insanı ölümə belə götürə bilər. Məhz ən çox ümidsizliyə düçar olan insanlarda elə şizofrenlərdir. Onların bəziləri yaşadıqları əzabverici həyata dözə bilməyərək xilası intiharda görürlər. Əslində isə onları bu həyatdan çəkib çıxardacaq bir şeylərə ehtiyacları olur. Heç bir dərman xəstənin ətrafla ünsiyyət qurmasını,  hər hansı bir şeyi daha yaxşı öyrənməsini,  bir işə girib işləməsini təmin etməyə kifayət etmir.Yalnızca dərman və azacıq dəstək, bir başqa insan tərəfindən başa düşülmə duyğusunu əvəz edə bilməz. Tənhalığıyla baş-başa buraxılmış insan bir yalnız mənlik olaraq qalar. Buna görə də həmin xəstənin öz qaranlıq  dünyasından çıxarılmasına çox ehtiyacı olur. Bu cür insanlardan ümidi üzmək yerinə onlara sevgi ilə yanaşmaq lazımdır. Çünki ən çox bu insanların sevgiyə ehtiyacı var. Hər şey tam qaydasıyla gedərkən bir gün şizofreniya qapımızı döyə bilər. Gəldiyində bizi  sevdiklərimizdən ayırıb öz içimizdə itə biləcıyimiz uzaq bir ölkəyə apara bilər...

               

Hacıyeva Sevinc Nizami qızı, 18 yaş

“Xəzər” Universiteti, Sosial və humanitar fənlər fakultəsi, “Psixologiya” ixtisası, I kurs tələbəsi

 

        

 

 

Go Back

Sorğu göndər