Düşüncə Jurnalı

header photo

Şizofreniya xəstələrinin psixoloji xüsusiyyətləri

24-12-2014

Şizofreniya duyğu, təfəkkür, davranış pozuntuları ilə meydana çıxan beyin xəstəliyidir. Xəstəlik 17-25 yaşlarında özünü göstərə bilər. Şizofreniya "şizo"- bölürəm "frenikus" - düşüncə sözlərindən ibarət olub, "ikiyə ayrılmış düşüncə" mənasını verir. Statistik araşdırmalar xəstəliyin son 20-30 il ərzində artdığını göstərmişdir. Şizofreniya hər 100 adamdan birində müşahidə edilir. Bütün dünya ölkələri üçün bu risk faktoru 1% təşkil edir. Hal -hazırda dünyada 60 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Şizofreniya xəstəliyinin qurbanına çevrilən şəxslər real aləmi tanıya bilmir, insanlardan uzaqlaşıb öz xəyal aləmlərində yaşayırlar. Hallusinasiya, illuziya, naməlum şəxslərin görülməsi, müəyyən səslərin eşidilməsi, başqalarına və özünə ziyan vurma, təfəkkür və emosional pozuntu, özünə qapanma şizofren xəstələrə xas olan xüsusiyyətlər sırasına daxildir. Xəstələr tez-tez "məni öldürəcəklər", "məni zəhərləyəcəklər", "mənə cadu ediblər", "məni izləyirlər" kimi kəlmələrdən istifadə edirlər. Şizofrenlərin hiss və davranışlarında bəzən paradokslar müşahidə edilir. Lüzumsuz gülmə və ya ağlama , yüksək həyacanlılıq, həddindən artıq aktivlik və ya özünəqapanma, həyatdan zövq almama, səsə və rənglərə qarşı həssaslıq ən bariz nümunə hesab edilə bilər.

Xəstəliyin yaranma səbəbi beyində dofamain maddəsinin miqdarının artmasıdır. Şizofreniya genetik faktorlarla əlaqəlidir. Valideynlərin hər ikisi şizofreniyadan əziyyət çəkirsə doğulacaq körpənin şizofren olması riski 50% , valideynlərdən birində müşahidə edilərsə  25% təşkil edir. Nənə və ya babada bu xəstəliyin olması körpənin şizofren olması riskini 11% ə endirir. Sosial və psixoloji problemlər, keçirilmiş xroniki depressiya, postravmatik stress pozuntusu xəstəliyin yaranmasına yalnız təkan verə bilər. Bunlar risk faktorudur. Hamilə qadının düzgün qidalanmaması, keçirdiyi stresli situasiyalar, zəhərlənmə halları, hamiləliyin 2-ci 3 ayında qrip və digər viruslara yoluxma doğulacaq körpənin şizofren ola biləcəyinə lüzum yarada bilər. Şizofreniya xəstəliyinə daha çox intellekt səviyyəsi yüksək olan şəxslərin tutulduğu qeyd edilir. Məşhur holland rəssamı Van Qoq, görkəmli rus yazıçısı Qoqolun şizofren olduqları danılmaz faktdır. Şizofreniya xəstəliyindən əziyyət çəkən Nobel mükafatı almış riyaziyyatçı John Nashı da bura aid etmək olar. 2001-ci ildə çəkilmiş "A beautiful mind" filmində onun  həyatı əks olunub. Filmdə şizofren xəstənin psixoloji vəziyyəti, rəftar və davranışı, ailədə mövqeyi aydın şəkildə canlandırılmışdır

Şizofreniyanın tam olaraq müalicəsi elm adamlarına təəssüf ki, məlum deyil. Xəstələrin 25-30% i sağalmır. Müalicəsi zamanı xəstələrdə müəyyən qədər yaxşılaşma-remisiya müşahidə olunur, ancaq bir müddət sonra əlamətlərin yenidən  baş qaldırması özünü göstərə bilər. Bu müddət 1 il, həmçinin 10 il də ola bilər. Müalicə zamanı dofamin maddəsinin miqdarı azaldılır. Antipsixotik preparatların qəbulu, xəstənin xəstəxana şəraitində müalicəsini davam etdirməsi, ailə və yaxın insanların dəstək və sevgisi vacib şərtlər sırasına daxil edilmişdir. Qəbul edilmiş preparatların bəzən əks təsiri də özünü göstərir.

Müalicə üçün başlıca şərtlərdən biri xəstənin öz xəstəliyini qəbul etməsidir. Əksər hallarda xəstə sağlam olduğunu iddia edir, daima nələrisə ətrafdakı insanlara sübut etməyə çalışır, amma nəticə gözlənilən olmur. Belə olduqda müalicə prosesində müsbət nəticələr əldə edilməsindən söz gedə bilməz. Bu istiqamətdə prioritet məsələ xəstənin sosial həyatının yaxşılaşmasına nail olmaq və xəstəni normal həyata qaytarmaqdır.

Cəmiyyətimizdə anormal sosial davranış hesab edilən şizofreniya və həmçinin digər buna bənzər xəstəliklər birmənalı qarşılanmır.  Bu xəstələrlə ünsiyyət saxlamaq, onlarla iş mühitində olmaq insanlarda qorxu və dəhşətli hisslər yaradır.

Yadda saxlamaq lazımdır ki, şizofreniyadan əziyyət çəkən şəxslər heç də qorxulu deyillər, onlardan uzaq durmaq, lağ etmək, qınamaq əvəzinə yardım məqsədilə ciddi işlər görülməli, insanlar arasında kütləvi şəkildə təbliğat aparılmalı, maarifləndirmə tədbirləri həyata keçirməklə belə xəstələrlə necə rəftar etməyin yolları aşılanmalıdır.

Leyla  Abdurəhimova

Azərbaycan Müəllimlər İnstitutu, "Təhsildə  sosial- psixoloji xidmət", 4-cü kurs

Go Back

Sorğu göndər