Düşüncə Jurnalı

header photo

AİLƏDƏ KONFLİKTLƏR VƏ ONLARIN TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

 AİLƏDƏ KONFLİKTLƏR VƏ ONLARIN

TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ

 

Piriyeva Elnarə Abbas qızı

Psixologiya üzrə fəlsəfə doktoru,

Həmidova Bəhiyyə İlham qızı

BDU-nun III kurs magistrantı

 

Açar sözlər: ailə institutu, ailədaxili münasibətlər, ailədaxili münaqişələr,

psixoloji iqlim, sosial rollar.

Ключевые слова: институт семьи, внутрисемейные отношения, внутрисемейные конфликты, психологический климат, социальные роли.

Keywords: institution of the family, family relations, conflicts within the family, psychological climate, social roles.

 Son dövrlərdə sosial psixologiyada ailədaxili münaqişə probleminə xüsisi diqqət yetirilir. Ailə üzvləri arasında münaqişənin olması təbii hal kimi qəbul edilir. Yəni ailə həyatı nə qədər xoşbəxt olsa da münaqişə onun tərkib hissələrindən biri olur. Çunki istənilən ailədə müəyyən maraqların, fikir və mülahizələrin toqquşması üçün bəhanə tapılır, başqa sözlə desek, ailə üzvlərinin bir-birinə qarşı durması üçün zəmin olur. Məhz həmin zəmində ailə üzvləri arasında münaqişələrin xarakteri, təzahürləri bir-birindən fərqlənir. Ailə canlı təsisatdır, onun görünən və görünməyən tərəfləri vardır. Təbii ki, ailələr eyni cür olmur. Bəziləri sülh və qarşılıqlı razılıq şəraitində yaşasa da, bəziləri ailə həyatının ilk günlərindən ziddiyyətlərlə qarşılaşırlar, nəticədə isə qarşısıalınmaz çətinliklərlə üzləşırlər. Müxtəlif məsələlərdə qarşılıqlı anlaşmanın olmaması ya nigahın dağılmasına, ya evliliyin xoşbəxt olmamasına gətirib çıxarır.

Ailədə qarşılıqlı münasibətləri nə qədər dərindən öyrənsələr də konfliktsiz ailələrin mövcudluğunun qeyri-mümkünlüyünə bir o qədər əmin olurlar. Psixologiya konflikt dedikdə, zidd məqsədlərin, maraqların, motivlərin, mövqelərin, fikirlərin, meyarların ünsiyyət prosesində bir-birinə qarşı durması başa düşülür. Konfliktlət aşkar və gizli olur. Aşkar konfliklər mübahisə, davadalaş şəklində olur. Gizli konfikrlər isə aydın təzahürə malik olmayıb daxili narazılığı bildirir və onlar münasibətlərə aşkar münaqişələrdən daha çox təsir edir. Konfiktli situasiyalar ailənin inkişafının müxtəlif mərhələləri üçün spesifikdir. Bu, xüsusilə uyğunlaşma dövründə olur. Eyni zamanda münaqişələr konstruktiv (arzuolunan və ailənin inkişafı üçün lazımlı) və destruktiv (adaptasiya prosesinə mane olan) olur .

Destruktiv ailədaxili konfiktlər o zaman meydana gəlir ki, tərəflərdən biri əxlaqi cəhətdən rəva görülməyən mübarizə üsullarına əl atır, çalışır ki, qarşı tərəfi psixoloji cəhətdən əzsin, sıxışdırsın, onu başqalarının gözü qarşısında nüfuzdan salsın. Adətən, belə münasibət, mübarizə üsulu qarşı tərəfdə kəskin müqavimət yaradır. Bu zaman isə ziddiyyətin həlli çətinləşir və ailədaxili münasibətlər pozulur.

Ailədaxili konfiktlər yalnız o zaman konstruktiv ola bilər ki, mübahisə edən tərəflər etika normalarını gözləyir, ədəb qaydalarından, ailə münasibətləri çərçivəsindən kənara çıxmırlar. Konstruktiv münaqişələr sosial-psixoloji proselərin strukturuna, dinamikası və məhsuldarlığına, ailə üzvlərinin özünütəkmilləşdirməsinə və özünü inkişafına müsbət təsir göstərir.

Konstruktivdən fərqli olaraq destruktiv münaqişələr mövcud rəftar və davranış normalarını dağıdır, konflikt situasiyanı daha da dərinləşdirir. Bu münaqişənin iştirakçıları öz vaxt və strategiyalarını bir-birlərinə nəzarət etməyə, müqavimət göstərməyə sərf edirlər.

 Ailədaxili konfiktlərin müxtəlif cəhətləri və təzahürləri vardır. Sosioloqlar, demoqraflar ailədaxili münaqişələri daha çox nigahın davamlılığı nöqteyi – nəzərindən araşdırırlar. Başqa sözlə, nigaın davamlılığı ilə ər-arvad arasındakı konfliktlilik eyni bir problemin iki əsas cəhəti və ya qütbüdür. Buna görə də ailə münasibətlərindəki konfiktlərin mühüm təzahürü kimi nigahın möhkəmliliyinin araşdırılması istər sosioloji, istərsə də sosial-psixoloji tədqiqatlarda mühüm yer tutur. Çünki nigahın möhkəmliyi bir sıra sosialpsixoloji amillərlə şərtənir. Bu cəhətdən T.Şibutani də xüsusi olaraq qeyd etmişdir ki, “nigahda insanın mühüm sosial tələbatlarından biri – məhəbbət tələbatı, öz şəxsiyyətinin təkrarolunmazlığına, əhəmiyyətliliyinə, unikallığına, qiymətliliyinə inam tələbatı təmin olunmalıdır”. Burada öz “Mən”ini dərk edən sosial varlıq kimi insanın çox mühüm bir sosial tələbatı ətraf adamlar tərəfindən dərk edilib, düzgün qiymətləndirilmək tələbatı ödənilməlidir. Yəni özünü dərk edən hər bir ailə üzvü ailə içərisində belə öz sosial mövqeyini qoruyub saxlamağa can atır. Təsadüfi deyildir ki, öz valideynlərinə dərin hörmət bəsləyən övlad belə, bəzən başqa adamların, hətta digər ailə üzvlərinin yanında belə onun ləyaqətinə toxunan, şəxsiyyətini təhqir edən iradlara dözə bilmir, asilik edir, valideynlərinə qarşı kobudluq etməkdən çəkinmir. Buraya onun emosional haləti ilə yanaşı hansı əhatədə olarkən ona irad tutulması faktı mühüm rol oynayır. Bunun nəticəsində də ailə üzvlərinin özünəhörmət hissi onlara başqa adamların yanında tutulan iradlara xüsusi emosional reaksiyalarla cavab verməsinə gəətirib çıxarır.

Ümumiyyətlə, ailədaxili münaqişələrdən danışarkən uşaqlarla valideynlər arasındakı münaqişələri xüsusilə qeyd etmək lazımdır. Valideyn və uşaqlar arasında olan münaqişələr gündəlik həyatımızda ən geniş yayılmış münaqişələrdən biridir. Bu məsələ müəyyən dərəcədə mütəxəssislərin – psixoloq və pedaqoqların diqqətini cəlb etmişdir.

 Ailə üzvləri arasında münasibətlərin pozulmasına ailə üzvlərinin tələbatlarının ödənilib ödənilməməsi məsələsinin də təsiri vardır. Burada onu qeyd etmək lazımdır ki, ailə üzvlərinin maddi (mənzil, yemək-içmək, geyim və s.) tələbatları ilə yanaşı mənəvi sosial tələbatlarının – hörmət və nəvazişə, emosional istiiyə, şəxsi ləyaqətinin təsdiqinə, öz şəxsiyyətinin vacibliyi və gərəkliliyini dırk etmək, ünsiyyət tələbatı, qarşılıqlı anlaşmaya və ehtirama və s. olan tələbatları da ödənilməlidir. Yəni insanın ailədə belə sosial-psixoloji tələbatlarının ödənilməsi onun mənəvi rahatlığını təmin edir, ailə münasibətlərinin tənzimi üçün ciddi əhəmiyyət kəsb edir. Bunların hamısı ailə münasibətlərində təməl və ya istinad tələbatları hesab olunur. Belə təməl tələbatlarının ödənilməməsi şəxsiyyətin psixoloji dözümlülüyünə xələl gətirir, narahatlıq duyğusu törədir, nəticədə ailə həyatından narazılıq hissi yaradır.

Təsadüfi deyildir ki, V.A.Sisenko tələbat nəzəriyyəsindən çıxış edərək münaqişələrin müxtəlif məzmun və formasına görə maraqlı təsnifatını verərək həmin amillərdən asılı olaraq ailə münaqişələrinin 3 qrupunu ayırd edir:

1. Ailədə əmək bölgüsünün düzgün aparılmamasından törəyən konfliktlər, yəni ailə üzvlərinin öz hüquq və vəzifələrinin müxtəlif şəkildə başa düşülməsindən, bu və ya digər ailə üzvünün ev əməyinə, özünəxidmətə lazımınca cəlb olunmamasından irəli gələn ziddiyyətlər.

2. Ailə üzvlərindən kiminsə hər hansı tələbatlarının xroniki olaraq uzun müddət ödənilməməsindən törəyən konfliktlər. Buraya maddi və mənəvi tələbatlarla yanaşı bioloji tələbatlar da daxildir.

3. Ailə üzvlərinin tərbiyəsində, xarakterində. əxlaqi tərəqqisində nəzərəçarpan çatışmazlıqdan törəyən konfliktlər.

V.A.Sisenkonun fikrincə şəxiyyətin bu və ya digər tələbatlarını ödəmək imkanının olmaması qeyri-adi situasiya yaradaraq insanda mənfi hisslər doğurur, sosial və psixoloji narahatlıq, məhrumiyyətlilik yaradır. Tələbatların ödənilməməsi insanda aqressivlik, qəddarlıq kimi mənfi keyfiyyətlərin yaranmasına da gətirib çıxarır.

Ailədaxili münaqişələr qlobal problemdir, ona görə də ona təsir edən amillər həddən artıq çoxdur, həm də hər bir təsiredici amil hər yerdə və hər zaman eyni nəticəni vermir, buna görə də daha daha çox amillər kompleksindən və onun başlıca nəticələrindən, yəni əsas təzahürlərindən danışılmalıdır. Məlumdur ki, əslində ailə cəmiyyətin əsas nüvəsini təşkil edir. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək axlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışır. Ailə münasibətlərinin tənzimi üçün müxtəlif qanunvericilik aktlarından istifadə olunur. Hətta həmin qanunvericilik aktlarında hər bir ailə üzvünün hüquq və vəzifələri də əks etdirilmişdir. Əlbəttə, ailə münasibətlərinin bütün çalarlarını qanunlarla tənzim etmək mümkün deyildir. Sanki hər bir ailənin də öz daxili, yalnız özünəməxsus qayda və qanunları vardır. Çox zaman onlar ümumi ictimai qayda və qanunlara o qədər də uyğun gəlmirç öz məxsusiliyini qoruyub saxlayır. Bu həm də onunla əlaqədardır ki, hər bir xalqın, hətta hər bir ailənin özünəməxsus ideal ailə təsəvvürü olur. Bu təsəvvürlər bir sıra hallarda reallıqla uyğun gəlmir ki, bu da təbiidir.

Ailə inkişaf etdikcə ailə münasibətləri də mürəkkəbləşir, çoxsahəli, çoxplanlı olur, həmin münasibətlər sisteminin müxtəlif təzahürləri meydana çıxır. Ailə münasibətlərinin müxtəlif təzahürləri içərisində ailədaxili münaqişələr özünəməxsus yer tutur və yeni məzmun və xarakter kəsb edir. Ailədaxili münaqişələrin təzahür sahələrinə uşaqlar, ailə üzvləri, yaxın qohumlar və dostlar, cəmiyyət aid edilir. Halbuki normal ailə şəraitində boya-başa çatan uşaqlarda yüksək əxlaqi keyfiyyətlər, insansevərlik, mənəvi mədəniyyət daha asanlıqla təşəkkül edə bilir. Münaqişəli ailələrdə isə uşaqlarda insan münasibətlərinin pis nümunələrini nümayiş etdirirlər. Belə bir mənfiliklər uşaqların şəxsi tərbiyəsində möhkəmlənə bilir, başqa insanlarla rəftat və davranış qaydaları üçün meyar ola bilir.

Ailədaxili münaqişələrin mənfi sosial nəticələri bütün ailə üzvlərində hiss olunur. Ailədə münaqişənin kəskinliyi nəinki uşaqlara, eyni zamanda ərarvada, ata-anaya, gəlin və qaynanaya, baldız və gəlinə, qardaş və bacılara da xüsusilə mənfi təsir göstərir. Bu halda ailədə parçalanma baş verir, onun ən ağır nəticəsi isə ailədə boşanma hallarının baş verməsində özünü büruzə verir. Ailədaxili münaqişələrin təzahür forması kimi özünü göstərən boşanma halına çox vaxt böhrandan çıxış yolu kimi baxırlar. Boşanmanın səbəblərini araşdıran rus müəlliflərindən olan L.V.Çuyko boşanmaya səbəb olan aşağıdakı motivləri xüsusi olaraq qey edirlər:

1. Ər və ya arvadın alkoqolizmə meyl etməsi.

2. Ailədə xəyanət.

3. Başqa şəxslərin müdaxiləsi.

4. Nigahın saxtalığı.

Müəllifin sadaladığı motivləri bizim respublikamıza aid etmək zənnimizcə düzgün olmazdı çünki sadalanan motivlərdən bəziləri bizim milli əxlaqi dəyərlərə istinad edən ailə münasibətləri üçün tamamilə yaddır. Bu onu göstərir ki, ailə münasibətlərinə etnik-psixoloji amillər də ciddi təsir göstərir. Psixoloji tədqiqatlardan məlumdur ki, istər ailə münaqişələri, istərsə də hər hansı bir münaqişə 3 səviyyədə təzahür edir: insanın rəftar və davranışında, emosional sferasında və koqnitiv (yəni idrak fəaliyyətində) səviyyədə.

Konflikt şəraiti insanda emosional böhran halətləri yaratmaqla yanaşı rəftar və davranışın tənziminə, idrak fəaliyyətinin intensivliyi və məhsuldarlığına mənfi təsir göstərir. Ona görə də belə gümün etmək olmaz ki, ailədaxili münaqişlərdə iştirak edən bu və ya digər tərəf udur, qazanır, digər tərəf isə yalnız uduzur və ya itirir. Əslində isə ziyan hər iki tərəfə dəyir. Burada söhbət hansı tərəfin çox əzab çəkməsindən (emosional səviyyədə), yaxud özünü itirməsindən (rəftar və davranış səviyyəsində), hadisələri adekvat qiymətləndirə bilməməsindən (qnostik səviyyədə) gedə bilər. Əslində münaqişə iştirakçılarının hamısı bu və ya digər mənəvi və psixoloji əzaba düçar olur.

Deməli, ailədaxili münaqişələr bütün ailə üzvlərinə təsir etməklə yanaşı, yaxın qohum və dostlara, son nəticədə isə ümumən cəmiyyətə mənfi təsir göstərir. Ona görə də həmin təsirləri və mənfi nəticələri təfsilatı ilə şərh etmədən əsas məsələnin həmin münaqişələrin vaxtında düzgün təhlil edilməsi, onları doğuran səbəb və nəticələrin dəqiq müəyyənləşdirilməsi və aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasındadır.

 Ədəbiyyat:

1. Bаyrаmоv Ə.S. Еtnik psiхоlоgiyа məsələləri. Bаkı: Еlm və həyаt, 1996, 202s.

2. Əlizаdə Ə.Ə. Uşаq və yеniyеtmələrin cinsi tərbiyəsi. Bаkı

 

İstinad:SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR PROBLEMLƏRİ” - ELMİ ƏSƏRLƏR TOPLUSU, BURAXILIŞ № 10, BAKI – 2013

 

 

Go Back

Sorğu göndər