Düşüncə Jurnalı

header photo

YENİYETMƏLƏRDƏ ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN FORMALAŞMASI

Kazımova Z . C.

BDU-nun psixologiya kafedrasının magistrantı

Açar sözlər: Yeniyetmə, keçid dövrü, özünüqiymətləndirmə, mənlik şüuru ,məktəbli, böhran dövrü, şəxsiyyət, özünütənzimetmə, özünə nəzarət

Ключевые слова: Подросток, переходной период, самооценка, самосознание, школьник, кризисный период, личность, саморегулирование, самоконтроль

Key words: Teenager, transition period, self-certification, self- consciousness, schoolboy, crisis period, personality, self-regulation, self- control

Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü”, ”çətin dövr”, ”dönüş dövrü”, hətta “böhran dövrü” belə adlandırmışlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Bu vaxt istər fiziki, istərsə də psixi inkişaf həm sürətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət əsaslı dəyişikliklərə uğrayır. Belə ki, bu yaşda onlar “kicik”uşaqdan “böyük”uşaga cevrilir. Yeniyetməlik dövründə uşaqların davranış və rəftarında əvvəlki yaş dövürlərində müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır. Hələ yeniyetməliyin əvvəlində o qədərdə fərqlənməyən uşaq sanki birdən birə dəyişir, yaşlılaşır. Bu cür dəyişmə çox vaxt böyüklər üçün gözlənilməz olur, yeniyetmənin böyüklər üçün o qədər də rəğbətlə qarşılanmayan davranışında təzahür edir. Həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetginliklər, dəyişikliklər, törəmələr baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında müxtəlif tipli çətinliklər: şıltaqlıq, inadkarlıq, tənbəllik, kobudluq, qapalılıq, adamdan qaçmag və bu kimi keyfiyyətlər meydana gəlir, uşagı cəzalandırmaq qətiyyən fayda vermir, valideyn uşaqla “ümumi dil” tapmaqda çətinlik çəkir. Yeniyetmə get - gedə valideynlərindən uzaqlaşır və öz qapalı şəxsi həyatını yaşamağa başlayır.

Bu yaş dövrü ən tərəddüdlü, ən böhranlı və ən müvazinətsiz dövrdür. Yeniyetmə yaşında şəxsiyyətin inkişafi , bu sahədə özünü göstərən dəyişikliklər onda yaşlılıq hissinin formalaşması, yeni tip qarşılıqlı münasibətlərin meydana gəlməsi, sərvət meyillərinin təşəkkülü, özünüqiymətləndirmənin formalaşmasi , mənlik şüurunun inkişafa başlamasi və s. cəhətlər təzahür edir. Yeniyetməlik dövründə şəxsiyyətin strukturunda nəzərə çarpan əsaslı dəyişikliklərin biri uşağın özünüderketməsinin inkişafinda keyfiyyətli irəliləyiş baş verməsindən ibarətdir. Məhz buna görə də yeniyetmə özünü artıq heç də uşaq deyil, yaşlı hesab edir və onda belə bir təlabat əmələ gəlir ki, ətrafdakı adamlar ona kiçik uşaq kimi deyil, yaşli adam kimi yanaşsınlar.Psixoloji ədəbiyyatda yeniyetmənin özünü dərk etməsində baş verən bu spesifik törəməni, adətən yaşlılıq hissi adlandırırlar[1]. Kicik məktəb yaşı dövründən fərqli olaraq, yeniyetməlik dövründə yaşlılıq hissinin meydana gəlməsi uşaqların özünü qiymətləndirməsinədə əsaslı təsir göstərir.

Uşaqda onun yaşlılaşması haqda təsəvvür o vaxt meydana gəlir ki, o, özü ilə yaşlı arasında oxşarlıq olmasını müəyyən edir: bu oxşarlıq müəyyən sahələrdə-bilik bacarıq və vərdişlərdə, cəsarətlilikdə, boyda, gücdə və s. özünü göstərə bilər. Adətən bu vaxt yeniyetmə yaşlı ilə özünü müqayisə üçün ele cəhətləri seçir ki, həmin cəhətlər onda daha çox üstünluk təşkil edir. Bununlada yeniyetmə özünün yaşlı adamdan xeyli üstün olmasını sübut etməyə çalışır. Məsələn,”mən almanca sərbəst oxuyuram ,o, isə ikicə kəlmənidə başa düşmür”. Belə bir cəhəti də qeyd etmək lazim gəlir ki, uşaqlar yaş məsələsinə, hətta özlərindən bircə yaş belə böyük olanı da yaşlı hesab edir. Uşaq özündən böyüklərlə bir qrupda olduğu şəraitdə , onlarla birgə oynadıqda , söhbət etdikdə, yaxud hər hansı bir işi icra etdikdə, ələlxüsus yaşlılar uşaqlarla hesablaşdıqda bu, onları xeyli yaşlılaşdırır.

Yaşlılaşmanın inkişafi və sərvət meyillərinin təşəkkülü yeniyetmənin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Yeniyetmənin tələbləri onun həyat təcrübəsi və ixtiyarında olan müstəqillik imkanı ilə müqayisdə xeyli irəli qaçır, yeniyetmə həyat tərzini hec də öz imkanlarına müvafiq deyil, onlardan xeyli geniş şəkildə qurmağa can atır. Buna görə də yaşlılar bir tərəfdən yeniyetmənin müstəqilliyə olan hədsiz meylini müəyyən qədər məhdudlaşdırmalı, digər tərəfdən isə onlarda yaşlılığa olan tələbatı durmadan inkişaf etdirməli, şagirdləri elə mürəkkəbləşən fəaliyyət növlərinə cəlb etməlidirlər ki, bu proses, onlarda çatışmayan müstəqillik, özünütənzimetmə, özünənəzarət və özünü adekvat qiymətləndirmə vərdişlərini formalaşdıra bilsin.

Kiçik məktəblidən fərqli olaraq , yeniyetmələrdə özünə, öz şəxsi həyatına, şəxsiyyətin xüsusiyyətlərinə maraq yaranır. İndi yeniyetmə əvvəlki kimi öz həyatına passiv münasibət bəsləmir. Bu cür özünəyönəliş maraqların təsiri altında yeniyetmələrdə özünüqiymətləndirmə tələbatı, özünü, öz imkan və bacarıqlarını başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Özünüqiymətləndirmə - insanın özünə verdiyi qiymətdir: özünün keyfiyyətləri, imkan, qabiliyyəti və fəaliyyətinə verdiyi qiymətidir. İnsan özü-özündə hansı cəhətləri qiymətləndirir?

Onun üçün bir insan kimi mühüm olan hər şeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, əməllərini, öz imkan və perspektivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri və s. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kolleltivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yrandıqda və s. -də özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Aydın məsələdir ki, özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünüəhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözüylə baxır, bir qayda olaraq, özünü onlarla müqayisə edir. Özünüqiymətləndirmə insanin fəaliyyətinin səmərəliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir. İnsanin başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayri - ayri həyati situasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır.

Özünüqiymətləndirmənin strukturu iki komponentdən - koqnitiv və emosional komponentdən ibarətdir.

Koqnitiv komponent insanın özü haqqında bilikləri, düşüncələri təşkil edir.

Emosional komponentə isə onsanın özünə münasibəti aiddir.

Özünüqiymətləndirmə prossesində bu komponentlərin heç biri ayrı ayrılıqda məna kəsb etmir[5]. Özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin – müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir. Özünüqiymətləndirmə zamanı qiymətin müxtəlif növlərindən -əxlaqi, estetik, intellektual ,emosional və s. qiymətlərdən istifadə olunur. Lakin bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur: əxlaqi qiymət də, intellektual qiymət də özünüqiymətləndirmə səviyyəsində emosional çalar kəsb edir. Özünüqiymətləndirmə, hər şeydən əvvəl, özünüsevmə, özünəhörmət, öz ləyaqətini saxlamag və s. kimi hisslərlə çulğaşır, yəni emosional qiymətlərə əsaslanır.

Bu onunla bağlıdır ki, özünüqiymətləndirmə eyni bir adamın şəxsində birləşir: mən-mən - ə qiymət verir. Bu zaman insan hətta müəyyən obyektiv meyara əsaslansa belə özünüqiymətləndirmədə subyektiv amillər əsas yer tutmağa başlayır. Atalar sözlərində özünüqiymətləndirmənin bu xüsusiyyəti dəqiq ifadə olunmuşdur: ” öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir ”. Bu o deməkdir ki, özünütərbiyənin səviyyəsi insanın özünə tənqidi yanşıb yanaşmamasından, özünə qarşı tələbkar olub olmamasından bilavasitə asılıdır.

Özünüqiymətləndirməni sistemli təhlil edərkən aşağıdakı cəhətləri xüsusilə nəzərə almag lazımdır:

- Özünüqiymətləndirmə prosesində “ real mən ” obrazı ilə “ ideal mən ” obrazının müqayisə edilməsi mühüm rol oynayır. Onların bir - birinə uyğun gəlməsi psixi sağlamlığın əsas şərtidir. İnsanın “ real mən “ obrazı “ ideal mən ” obrazına mürvafiq olduqda, o, adətən özünü yüksək qiymətləndirir. İnsan bu iki amil arasında uçurum hiss etdikdə özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür.

- Yaş artıqca insanın sərvət meyilləri formalaşır, idealların xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürəkkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydınlaşdırmag üçün onun özünü hansı etalonla tutşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun “ ideal mən ” inin məzmununu təhlil etmək imkanı əldə edirik. Çünki müvafiq etalonlar “ ideal mən ” də xüsusi yer tutur.

- İnsanın özünəməxsus qiymətlər sistemi vardır. Bir tərəfdən, insan öz - özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfindən qiymətləndirilir. Bundan başqa, insan bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamların, həmyaşıdlarının, dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərlə gözlənilən qiymətlər bir - bir ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun şəxsiyyətə verdiyi qiymət real qiymətdir[4].

Psixoloji tadqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirmək imkanı verir. Adekvat özünüqiymətləndirmədə şagird özünün ayrı – ayrı keyfiyyətlərini əsasən düzgün qiymətləndirir. Tutaq ki, onun qabiliyyəti “ 5 ” ə bərabərdir. O, özünə “ 5 ” qiymət verir. Müəyyən edilmişdir ki, insanın “real mən ” obrazı “ ideal mən ” obrazına müvafiq olduqda o, adətən özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteriztika arasında uçurum hiss etdikdə isə, özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür. Əgər şagird özünə adekvat qiymət verirsə, onu daha da möhkəmləndirmək lazımdır. Şagirdin özünə qeyri - adekvat qiymətlər verməsini şərtləndirən amilləri müəyyənləşdirmək və aradan qaldırmag lazımdır. Ailənin tipi [ uğurlu və ya uğursuz tam-natamam, çoxuşaqlı-təkuşaqlı ] ailə münasibətlərinin xarakteri, tərbiyə üsulu[ avtoritar və ya demokratik ],sinif kollektivində şagirdin mövqeyi ,onun fiziki və psixi inkişaf səviyyəsi – bunların hamısı özünüqiymətləndirməyə mühüm təsir göstərir və onun adekvatlıq dərəcəsini müəyyən edir.

Özünüqiymətləndirmə müxtəlif üsullarla öyrənilir. Məsələn, şagirdlərə özlərini sərbəst surətdə təsvir etmək təklif olunur, yaxud onlara müəyyən qiymətverici hökmlər yazılmış vərəqlər verilir: bu zaman şagirdlərə onların zahiri görkəmini və ya hisslərini ifadə edən vərəqləri qruplaşdırmag təklif olunur :

-Mən ən yaxşı şagirdlərdən biriyəm;

-Mənim qabiliyyətlərim orta səviyyədən yüksəkdir;

-Mənim qabiliyyətlərim orta səviyyədən aşağıdır;

-Mən az qabiliyyətli şagirdlərdən biriyəm.

Bəzi tadqiqatlarda eksperimental tapşırıqlardan istifadə edilir. Şagirdlərə ayrı - ayrılıqda belə bir sual vermək təklif olunur: tapşırığı icra edə biləcəksənmi? Bu zaman hansı bal ala bilərsən?

Bundan sonra aşağıdakı sual verilir: Bəs sənin sinif yoldaşların Anar, Nigar və başqaları bu tapşırıqların öhdəsindən gələ biləcəklərmi? Bu zaman şagirdin özünə verdiyi qiymətlərlə onun yoldaşlarına verdikləri qiymətlərin əlaqəsi müəyyən olunur.

Bir çox tədqiqat metodikalarında şagirdlərin özlərinə verdikləri qiymətlər obyektiv məlumatlarla – fizioloji göstəricilər, imtahanların real nəticələri, psixoloji testlər və qrup qiymətlərinin yekunları, zəruri hallarda isə eksperiment qiymətləri ilə müqayisə edilir.

Yeniyetməlik yaşında yoldaşa sadiq qalmag, düzgünlük və doğruçuluq, bərabərlik və qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçərək “ yoldaşlıq məcəlləsi ” normasına çevrilir, əxlaqi - etik meyar məzmunu daşıyır və onlar bir - birilərini qiymətləndirərkən bu meyara xüsusi diqqət yetirirlər. Eyni zamanda yeniyetmə yoldaşlarının iradlarını, tənqidi göstərişlərini qəbul edir, həmyaşıdların rəy və qiymətlərilə razılaşır tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə qeyri - adekvat, həddindən artıq qiymət verən yeniyetmə nüfuzdan düşür, ” yoldaşliq məcəlləsinin ” etik məzmununu təhlil edə bilmir və nəticədə qarşılıqlı münasibətlər pozulur.

Yeniyetmələrin yoldaşlığı tadricən seçici xarakterdə inkişaf edir. Adətən yeniyetmələr yuxarıda göstərdiyimiz keyfiyyətlərə , yaxınlıq dərəcəsinə görə yoldaşını üç tipdə qiymətləndirir : sadəcə olaraq yoldaş, yaxın yoldaş və şəxs dost. Yeniyetmə əvvəlcə özünə yaxın yoldaş və dost seçir, sirdaşını həmkarını müəyyənləşdirir; seçdiyi dostunu özü ilə müqayisə edir, onu müxtəlif nöqteyi nəzərdən qiymətləndirir. Bu baxımdan, yeniyetmələrdə “ oğlan – qız ” münasibətləri də formalaşır, onlar bir - birilə maraqlanır, bir -birinin xoşuna gəlməyə cəhd edirlər. Oğlan və qızların qarşılıqlı münasibəti onların bir - birinə tələbkarlığında, qayğı və hörmətində, inam və etibarında ifadə olunaraq kollektivçilik hissinə çevrilir. Lakin yeniyetmə yaşının ayrı-ayrı dövrlərində “ oğlan və qız ”münasibətlərində fərqli cəhətlər özünü göstərir[3].

Buradan aydın olur ki, yeniyetmələr bir - birilərinə fəal qarşılıqlı münasibət bəsləyir; onlar nəinki özlərinin, həmdə yaxın yoldaş və dostlarının nöqsanlarına dözmür, onları islah etməyə çalışır, bir növ, bir - birlərinin tərbiyəçisi kimi çıxış edirlər. Psixoloji ədəbiyyatda bu cəhətə yüksək qiymət verilərərək göstərilir ki , həmin zəmində yeniyetmədə yeni və çox mühüm bir xüsusiyyət – başqa adamlara təsir göstərmək cəhdi əmələ gəlir. Bu isə yeniyetmənin ictimai fəallığını ifadə etməklə yanaşı, həmyaşıdları ilə qarşılıqlı münasibətlərinin yeni xarakter kəsb etdiyini, yaşlılara məxsus normalar əsasında qurulduğunu göstərir[2].

Çox vaxt ilk dövrlər yeniyetmənin özünüqiymətləndirməsi faktik imkanlarına ,kollektivdəki real mövqeyinə uyğun gəlməsə də yəni iddia səviyyəsinin həddindən artıq yüksəkliyi ilə xarakterizə olunsada bunun sayəsində o, bir növ öz “ mən ” ini kəşf edir. Bu isə uşağın sonrakı həyat və fəaliyyəti üçün zəruri əhəmiyyətə malikdir. Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir.

Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyətlərinə, fikir və hisslərinə , davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Mənlik şüurunda şüurun bütün xüsusiyyətləri insanın “ məni ” vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Bu o deməkdir ki, mənlik şüuru bimodal xarakter daşıyır: onda eyni vaxtda həm “ mən ” ə, həm də “ qeyri – mən ” ə mənsub olan cəhətlər əks olunur. Təcrübə göstərir ki, mənlik şüurunun formalaşmağa başlaması və sonrakı inkişafi yeniyetmənin bütün psixi həyatına , onun təlim fəaliyyətinin xarakterinə, gerçəkliyin onu əhatə edən cisim və hadisələrinə münasibətinə, yaşlılarla, yoldaşları, şagird kollektivi üzvlərilə qarşılıqlı münasibətlərinə əsaslı təsir bağışlayır. Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik yaşı dövründə formalaşır. Lakin o, birdən - birə əmələ gəlmir. Əvvəlki yaş dövrlərində körpə uşağın özünü güzgüdə tanıması,”bədənin sxeminin”təşəkkülü ,refleksiyanin əmələ gəlməsi –bunların hamısı mənlik şüurunun yenityetməlik yaşı dövründə keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə daxil olmasını şərtləndirir.

Yeniyetmələrdə öz davranışını, özünün mənsub olduğu mənəvi keyfiyyətləri, xarakter və qabiliyyətlərinin xüsusiyyətlərini dərk etmələrinin başlanğıcı həm də mənlik şüurunun formalaşmağa başladığını göstərir. Belə ki, kiçik yeniyetməlik dövründə uşaqlar özlərini ən çox böyüklərin verdiyi qiymətlə qiymətləndirdiklərinə görə onların mənlik şüurunun əsasını başqa adamların onun haqqındakı mülahizələri təşkil edir. Ona görədə böyüklərin onun haqqındakı fikri düzgün olduqda yeniyetmənin özünü qiymətləndirməsi də düzgün olur. Yaş artıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır. Bu baxımdan yeniyetmənin başqalarının və özünün qiymətləndirmə meyarlarına, əxlaq normalarına yiyələnməsi onda mənlik şüurunun formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Yeniyetməlik yaşı dövründə mənlik şüurunun mühüm bir cəhəti kimi cinsi mənlik şüuru formalaşır.A.İ.Belkin konstant ve konseptual mənlik şüurunu fərqləndirirlər. Konstant mənlik şüuru bütün cinsi davranış aktlarında iştirak edir.Məlum olduğu kimi , uşaq kiçik olduqça, bu özünəməxsusus nəzarət valideynlər, müəllimlər və başqa adamlar vasitəsilə həyata kecirilir[7]. Belə hesab etmək olar ki, konstant cinsi mənlik şüuru valideyn nəzarətinin uşaqlar tərəfindən mənimsənilməsi yolu ilə formalaşır. Cinsi konseptual mənlik şüuru isə əsasən stress şəraitində, şəxsiyyət üçün bu və ya digər situasiyada mühüm məna kesb edən, ümumiyyətlə, həyati əhəmiyyətə malik olan problemləri həll etmək zərurəti meydana cıxdıqda aktivləşir[6].

Yeniyetmənin öz şəxsiyyətini dərk etməsi tədrici xarakter daşıyır. O, əvvəlcə təlim təlim fəaliyyətinin icrası ilə baglı olan keyfiyyətləri , sonra başqa adamlara münasibəti ifadə edən keyfiyyətləri dərk etməyə başlayır. Bu yaş dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də , onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə, məhz burada axtarmaq lazımdı .Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların – yaşlıların və yoldaşların ona münasibəti arasında zidiyyətdən nəşət edən münaqişələr meydana çıxir. Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbati yaranir ki, bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqi etalon müstəsna rol oynayır.

Yeniyetmələrin şəxsiyyətinin inkişaf xüsusiyyətlərini öyrənməklə əlaqədar V.A.Krutetski,L.İ,Bojoviç və başqalarinin apardıqları tədqiqatlar göstərmişdir ki, yeniyetmələrin öz şəxsiyyətini dərk etməsi bütün sahələrdə birdən - birə baş vermir . Yeniyetməlik dövrü şexsiyyətin inkişafının ikinci mərhələsidir. Bu dövrdə yeniyetmə böyüklər tərəfindən başa düşülməməkdən, xoşagəlməz hisslərdən, niyyətlərdən, maraqlardan əziyyət cəkirlər. Yeniyetmələrin kobud, özünəqapalı olması böyüklərə əzab verir. Əbəttə ki, yeniyetmələrin dünyası çox çətindir, hər saat, hər gun onlar dəyişirlər. Yeniyetmələr iki müxtəlif, hətta bir - birinin əleyhinə olan həvəsə sahibdir: a)ətraf aləmə, hədsiz maraq və b)öz daxili aləmlərinə, fikirlərinə, hisslərinə, həyəcanlarına diqqətli baxış.Yeniyetmənin öz davranış və rəftar xüsusiyyətlərini , şəxsiyyətin digər əlamətlərini dərk etməsi sadəcə psixi keyfiyyət olaraq qalmır. Bu sahədə özünüdərketmə şagirdə öz şəxsiyyətindəki, davranışındakı qüsurları aradan qaldırmag, müsbət keyfiyyətləri inkişaf etdirmək imkanı verir. Ona görə də müəllim və valideynlər yeniyetmələrin özünüqiymətləndirməsinə, özünüdərketməsinə lazımi şərait yaratmalı, onlarda özünütərbiyə tələbatının formalaşmasının qayğısına qalmalıdırlar.

Ədəbiyyat:

1. Qədirov. Ə .Yaş psixologiyası. Bakı, Maarif, 2003

2. Quliyev E. M. , Əzimov Q. E., Əlizadə Ə. Ə. Yaş və pedaqoji psixologiya. II hissə, Bakı, 1978

3. Əlizadə. Ə. Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı, Maarif, 1986

4. Bayramov Ə. S. , Əlizadə Ə. Ə. Sosial psixologiya. Baki, 2003

5. А. А. Реан. Психология подростка. Москва, 2004

6. Л. А. Регуш. Психология современного подростка. Санкт - Петербург, 2005

7. Кочетиов А. И. Перевоспитание подростка. Москва, 1972

8. Абрамова. Г. С. Возрастная психология. Москва, 1972

9. Фельдштейн. Л. И. Психологии воспитания подростка. Москва, 1978

Формирование самооценки у подростков

В данной статье автор исследовал психологические особенности возрастного периода у подростков. Также были рассмотрены исследования проведенные в этой области, была дана критическая оценка этим исследованиям. В заключении статье было систематизированы исследования, проведенные в этом направлении. Наравне с этим, в статье выводится на передний план вопросы, связанные с решением проблем возникающих в этом возрастном периоде и факторы которые должны учитываться в процессе воспитания.

Formation of self-certification in adolescents

In this article, the author investigated the psychological characteristics of adolescent age period. Also reviewed studies conducted in this area, was given a critical assessment of these studies. In conclusion, the article was systematized studies in this direction. On a par with this, the article appears to the fore issues relating to the solution of problems arising in this age period and the factors to be considered in the process of education.

Go Back

Sorğu göndər