Düşüncə Jurnalı

header photo

Gəlin Toydan Niyə Qaçdı?! (Psixoloji Təhlil)

Açığı, məni bu yazını yazmağa son zamanlar baş verən hadisələr vadar etdi. Lənkəranda qızın toy ərəfəsində evdən qaçması, Masallıda oğlanın gəlinsiz toy etməsi...

Coğrafi faktoru qabartmaq ola bilsin ki, bizi kimlərinsə qınağına tuş etsin. Ancaq bunu gözümüzə alıb da qeyd etmək istərdim ki, bəlli bölgədə tarixən kişi xaqanlığı daha qabarıq olub. (Əslində, biz bunu bütün Azərbaycana da şamil edə bilərik - E.R.) Yəni evdə söz sahibi daha çox kişilər olub. Hətta indinin özündə belə qız oğlanı görmədən belə onunla ailə qurmağa etiraz etmir. Çünki atası ondan əvvəl oğlanın atasına “həri”ni verib. (Diqqət edin, oğlana yox, məhz oğlanın atasına – E.R.) 

Qızın da buna hər hansı bir etirazı ataya və bütün ailə üzvlərinə qarşı hörmətsizlik kimi dəyərləndirilir.

Mətləbdən uzaqlaşmayaq. Anlatmaq istədiyim budur: mühafizəkar bir mühitdə böyüyən xanımlar necə olur ki, toylarında iştirak etmirlər. Haradandır onlarda bu cəsarət? Necə formalaşır? Buna nə şərait yaradır? Bunun üzərində dayanmaq istərdik. Çünki qorxumuz bunun kütləvi hal ala bilməsidir.

Bu cür hallar nə zaman baş verə bilər? Hansı qabaqlayıcı tədbirləri görmək lazımdır. Düşünürəm ki, bu sahədə birmənalı şəkildə kütləvi maariflənmə işi aparılmalıdır. Əks təqdirdə bu, bir virusdur. Zamanında tədbir görülməsə, digər bölgələrə də yayıla bilər. Çünki buna cəsarət edən tapıldı, məsələ işıqlandırıldı. Dolayısı ilə bu baryer də aşıldı və bu cür hallar qismən adiləşdi. İndi qalır gələcəkdə bu kimi halları azaltmaq üçün lazım olan profilaktik tədbirlər görməyə.

Baş verən hadisə bir qədər öncə Milli Məclisdə müzakirəyə çıxarılan evlilik öncəsi tibbi müayinə ilə yanaşı, psixoloji müayinənin də aparılmasını aktuallaşdırdı. Baş verən hadisə, əslində, quruluşçu rejissor Adil İskəndərov, ssenari müəllifi Sabit Rəhmanın olduğu “Əhməd haradadır?” filmində Leylanın timsalında ümumi şəkildə qoyulmuşdu. “Üzüyü qaytar, tez qaytar, indi XIX əsr deyil” şəklində. Ancaq filmin sonu çox yaxşı bitdi. Hətta gənclərə ailə qurmaq istiqamətində yaxşı bir yol da göstərildi.

Bir-birini tanımaq və sonda ailə qurmağa qərar vermək. Bu oldu keçən əsrin 60-70-ci illərində. O dövr üçün cəmiyyətə, ailə instituna bundan artıq mesaj göndərmək zatən qeyri-mümkün idi. Ancaq texnikanın inkişaf etdiyi müasir dövrdə, görünür, biz bəzi məsələlərdə keçən əsrdən də geri qalırıq. Nəticədə bu cür xoşagəlməz hallar yaranır.

Bizə irad tuta bilərlər. Ailə misalları göstərə bilərlər. “Toy günü bir-birini görüblər, çox xoşbəxtdirlər”. Deyə bilərlər. Bu günün reallığında belələri istisnadır, qayda deyil. Çünki bu gün daha problemli ailələrin olduğunun şahidi oluruq. O zaman sual olunur: evlilikdən öncə psixoloji müayinə, maariflənmə tərəflərə, ümumiyyətlə, cəmiyyətə nə verəcək?

Öncə onu qeyd edək ki, psixoloji müayinə nəticəsində ən azından tərəflər bir-birinin psixoloji, ailə vəziyyətini yaxşı tanıyacaq, zəif və güclü yanlarına daha yaxından bələd olacaqlar. Eyni zamanda, bu maariflənmə kişi və qadın psixologiyası haqqında bilgilənməyə də şərait yaradacaq.

Bu gün münasibətlərdə yaşanan ən böyük problem də, əslində, kişi və qadın psixologiyası haqqında tərəflərin bilgisiz olmasıdır. Bu məlumatsızlıq da sonda münasibətlərdə problemlərə yol açır. Bununla bağlı kitablar, məqalələr, tədqiqatlar var. Sadəcə, oxumaq, maariflənmək lazımdır. Başa düşürük, bu gün insanlar kitab oxumaqdan daha çox kitab oxumaq, onun faydası haqqında danışmağı sevirlər. Videoçarxlar hazırlamaq, filmlər çəkmək olar. Əgər bu maariflənmə işi aparılarsa, düşünürəm ki, bu kimi hallar da azalar. Əks təqdirdə problem daha da dərinləşə bilər. Hələliksə bir zərbə vurulub. Bu zərbə yeni ailə modelinə vurulan sillədir. Cavab şübhəsiz ki, sanballı olmalıdır. 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, Ailə Psixoloqu

Go Back

Comment