Düşüncə Jurnalı

header photo

Psixoloq Elnur Rüstəmov: " Apardı Sellər Saranı..."

Gedin deyin xan çobana,

Gəlməsin bu il Muğana

Homer yazırdı ki, bir halda ki, insan yaşayır, o iztirab çəkməyə məhkumdur.

Bunu başa düşdük. Ancaq iztirabın da bir səhrədi olmalıdır. Günümüzdə bu səhrədin tez-tez pozulmağının şahidi oluruq. Bəla müxtəlif istiqamətlərdən gəlir. Biri bitməmiş, o biri başlayır. Proses o qədər sürətli gedir ki, qısa zaman kəsiyində belə nəzarət etmək müşkülə çevrilir. İnsan havalanır. Bilmir kimə və nəyə reaksiya versin, yaxud ümumiyyətlə verməsin. Narahatçılığın bir neçəsinə ümumi şəkildə diqqət yetirməyə çalışarıq.

Heç kimə sirr deyil ki, hər bir cəmiyyət özünün inkişafı üçün qaydalar  sistemi formalaşdırır ki, o qaydalarda həm insanın fərd olaraq hüququ qorunur, həmdə cəmiyyətdə digər insanlarla birgə yaşayışı mümkün olur. Bu qaydalar pozulduqda, yəni fərd yalnız öz məqsədləri üçün mübarizə aparanda norma patologiyaya çevrilir. Dolayısı ilə patoloji cəmiyyət formalaşır. Fərdi maraq ictimai marağı üstələyəndə, ona qarşı müqavimət göstərəndə fərdin özünün daxili narahatçılığı artır, zaman keçdikcə bəşəri dəyərlərdən uzaqlaşır. Proses uzun müddət davam etdikdə isə fərd özünün maraqlarının girovuna çevrilməyə başlayır. Problemin yaranma dinamikasına baxsaq görərik ki, bəşər tarixi yaranandan indiyə qədər bu proses davam edib. İndiki məqama çatana qədər uzun bir yol qət edib. Dünənə qədər insan prosesi idarə edə bilirdisə , bugün özü bunun girovuna çevrilib. Nəticədə gəldiyimiz  yolda itirdiklərimiz qazandıqlarımızdan çox oldu. Hazırda elə bir nöqtəyə gəlib çıxmışıq ki, özümüz özümüzdən qorxuruq. Bu belə, keçək başqa məsələyə...

O da məlumdur ki, praktik zəka öz fəaliyyətini faydalılıq prinsipi üzərində qurur. Yəni, o əsas prinsip kimi faydalılığı götürür. Şübhəsiz digər insanların həyatına ziyan verməmək şərti ilə. Onun azadlığa yanaşma forması da buna əsaslanır. Adi adamlar qaydalara münasibətdə özlərini müti kimi aparırlar. “Azca aşım, ağrımaz başım” prinsipi ilə hərəkət etməyə çalışırlar. Fəaliyyət göstərən insan isə öz fəaliyyətini qaydalar çərçivəsində tənzimləyir. Mübarizə prosesində qarşıya çıxacaq bütün maneələrə rasional prizmadan yanaşır və çözməyə çalışır. Şübhəsiz ki, hansı yola çıxdığını, orada onu nələr gözlədiyini gözəl bilir. Fəaliyyət prosesində bacardığı qədər bu məqamları gözləməyə çalışır. Qərb bu məntiqi bütün varlığı ilə çoxdan qəbul edib. Fəaliyyətini də bunun üzərində formalaşdırıb. İdeologiyaları da Praqmatizm (“praqma” – iş, hərəkət) üzərində qurub. Şərqin bu məsələyə yanaşması bir qədər fərqli olub. Məqsədimiz kimin yanlış kimin doğru olduğunu müəyyənləşdirmək deyil. Bu qərarı oxucunun, insanın özü verməlidir. Kiminsə seçim azadlığına müdaxilə etmək kimi bir fikrimizdə yoxdur.   

Şərqin özündə də məsələyə yanaşma müxtəlif istiqamətdə olub. Yaponlar “kimi insan adlandırmaq olar?” sualına cavab olaraq sözlərə, hərəkətlərə, xariciliyə və ehtiraslarına hakim olan insanı əsl insan kimi dəyərlənirirdilər. Bugün bu atributlar müşkülə çevrilib. Söz mahiyyətdən, hərəkət davranışdan, təzahür mahiyyətdən  uzaq düşüb. “Hamı günahkardır dünyada, ancaq dünyada heç kimin günahı yoxdur”  misalı kimi. Nəticədə psixoloji problemlər həndəsi silsilə ilə artmağa başlayır. Patoloji arzu ilə real şərait arasında fərq indi bütün dövrlərdən köklü sürətdə fərqlənir. Heç kimə sirr deyil ki, ifrat özünüsevmə ruhi xəstəlikdir. Yaşamaq üçün insanlar tərəfindən müəyyən olunmuş normalar sistemi mövcuddur. O norma və qaydalar sistemi mənimlə başqaları arasında nizamlayıcı funksiyanı yerinə yetirir. Hər bir insan o qaydalar çərçivəsində yaşayır, fəaliyyət göstərir. Nəzəri olsa belə həyat bu formada davam edir.

 Bugün insan arzularını nə cilovlaya, nə də tam şəkildə həyata keçirə bilir. İstək potensiala çox zaman tərs mütənasib olur. Bugün insan arzu və tələblərinin arasında boğulur. Müdafiə olunmaq istəyir. Əslində insan ideyasını arzulardan kənarda təsəvvür etmək də çətindir. Freyd qeyd edirdi ki, arzu ən əsas affektdi, orqanizmin nəyəsə sahib olması və ya nəsə törətməsi üçün edilən cəhddir. İnsanların arzuları onların dünyagörüşü ilə birbaşa bağlıdır. Təhtəlşüurun, instinktlərin üstünlük təşkil etdiyi fərd və cəmiyyətlərdə arzular özləri də vəhşiləşir, antihumanist xarakter daşıyır. Şüurun inkişaf etdiyi cəmiyyətlərdə isə arzu rasional xarakter daşıyır, dolayısı ilə fərd və cəmiyyətin rifahına xidmət edir. Cəmiyyət özü də sağlam şəkildə formalaşır. Qeyd etdiyimiz kimi bu prosesdə dünyagörüşü mühüm rol oynayır. Dünyagörüşü nə qədər geniş olarsa, psixoloji problemlər də bir o qədər az olar.

Bu gün hər birimiz texnologiyanın əsirinə çevrilmişik. Bir vaxtlar öz gücümüzə əlavə kimi yaratdığımız texnika bugün bizi ruhumuz belə incimədən idarə edir. İfrat komfort insanı onun ilkin mahiyyətindən uzaqlaşdırdı. Nəticədə ruh, texnogen ruha çevrildi. Müqəddəslik arxa plana keçdi, fərd eqoistləşdi. Eqosunu məmnun etmək üçün can verən insana kömək etmək yerinə onu telefonun yaddaşına yazdı. Anı əbədiləşdirdi, ölümsüzləşdirdi. Axırıncı qeyd etdiyim məqam lap yaxınlarda baş verdi. Belə yerdə deyirlər, Allah betərindən qorusun.  

 

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

 

 

Go Back

Comment