Düşüncə Jurnalı

header photo

Psixoloq yazır - Səndən mənə bir ömürlük xatirə

12-02-2018

Səndən mənə bir ömürlük xatirə

Gəlmişəm otağına,
Oyadam səni, Qaragilə.

Misra Təbrizdə bir bəy tərəfindən bir xanıma bəslənən nakam sevgidən bəhs edən xalq mahnısındandı. Mahnının yaranma tarixi ilə maraqlanmaq istəyənlər elə internet üzərindən axtarış verib daha geniş məlumat ala bilərlər. Bizim mövzumuz tamam başqadı. Bəli, son günlər müzakirə obyekti olan orta məktəb, orada yaşanan hadisə və hadisədən narahat olan məktəblilər, onlardan daha çox narahat olan valideynlər, müəllimlər, daha kimlər. Əlbəttə ürək açan mənzərə olmadı, ancaq baş verdi. Ya vəlvələdən ya zəlzələdən yaxalandılar, məsələ də ictimailəşdi. Deyir sən saydığını say, gör fələk nə sayır.

Uşaqlar ata-analarında çox zəmanəyə bənzəyərlər. HZ. Əli

Bəli zəmanə pis zəmanədi. Öncə ailələrdə aşağı 4, yuxarı 10 uşaq olurdu. Hamı bir-birinin paltarını geyinib böyüyür, bir-birini tərbiyə edirdi. Açığı, pis də alınmırdı. Indi isə ailələrdə bir, iki, üç, maksimum dörd uşaq olur. Ancaq tərbiyə məsələsi çətinləşib. Hər iki tərəf üçün çətinləşib. Istər valideyn, istərsə də uşaq tərəfindən. Son dövrlər baş verənlərə diqqət etsək görərik ki, problemlər daha çox keçən əsrin 90-cı illərindən sonra yarandı. Öncə xarici seriallar, sonra internet, daha sonra mobil telefon daha sonra, daha sonra orta məktəb. Bəli bir vaxt biz doqquzuncu sinif anatomiya dərsində qarşı cins haqqında məlumat alırdıq. Hətta elə məktəblər var idi ki, müəllim həmin dərsi öncə qızları çölə çıxarıb oğlanlara başa salır, sonra isə əksinə. İzahat təqribi bu formada olurdu. Hələ dərsdən sonra utandığından qızaran üzləri demirəm. Çox zaman başlar belə aşağı əyilirdi. Indi isə doqquzuncu sinifdə oxuyan uşaq üçün həmin dərs bir o qədər də maraq kəsb etmir. Çünki, məktəblilər doqquzuncu sinfə qədər artıq qarşı cins haqqında kifayət qədər məlumat alırlar. Hətta deyərdim qədərindən artıq. Istədik, istəmədik bu baş verir. Heç kimə sirr deyil ki, bugünün əksər saytların aşağı hissəsində uşaq və yeniyetmələrdən uzaq tutacağımız saytlara keçid verilir. Bəli sadəcə ona tıklamaq kifayət edir ki, başqa bir dünyaya düşəsən. Bu reallıqdı və ona nəzarət etmək etiraf edək ki, əlimizdə deyil. Dünən bir idisə, bu gün iki, sabah yəqin ki, daha çox olacaq.Nə isə, sözüm onda deyil. Məkətəbdən danışmaq istərdim. Bəli, MƏKTƏBdən.

Bir yol var ki, dünyada,
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər
Bax, uşaqla doludur,
Bu yol məktəb yoludur.

O məktəbdən ki, indinin özündə də kiminsə haqqında danışanda “məktəb keçib” deyə fikir bildirirk. Dolayısı ilə məktəb həm də gələcəyə uzanan bir yoldu. Müstəqil həyata oradan qədəm qoyuruq. Orada öyrəndiklərimiz gələcək həyatımızı formalaşdırır. Məktəb bizim üçün hər zaman elm, təhsil və tərbiyə ocağı olub. Orada ara-sıra xoşagəlməz hallar olub, hazırda da var, yəqin ki, bundan sonra da olacaq. Ancaq nəzərə alaq ki, xoşagəlməzliklər qayda yox istisnadı. Bunlar böyük elm məbədinin adına xələl gətirməməlidi. Çünki, babalarımız övladlarının cəhalətdən qurtulub, təhsil alması üçün illərlə mücadilə apardı.  Bugün biz yenidən cəhalətə qayıda bilmərik. Qeyd edilən hal azruolunmazdı, həm də istisnadı. Bir anlıq o uşaqların, validynlərin, doğmalarının vəziyyətini düşünək. Hamımıza çətindi. Sosial şəbəkədən hər kəs fikir bildirir. Bu hər kəsin öz işidi. Ancaq nəzərə alaq ki, nəticəyə münasibət bildirmək rahatdı, özü də çox rahatdı. Bəli, biz fərqli bir epoxaya qədəm qoymuşuq. Bugün məktəb normal təhsil verir, ancaq tərbiyə prosesində axsayır. Çünki, tərbiyə məktəb divarını aşıb. O tək müəllimin öhdəsindən gələ biləcəyi iş deyil. Qlobal dünyada yaşayırıq. O qədər qlobal ki, yaxınlar doğmalaşır, doğmalar uzaqlaşır, yadlaşırıq. Bir-birimizdən o qədər uzaqlaşmışıq ki, çox zaman uşaqlarımızın hansı daxili narahatlıq yaşadıqlarının belə fərqində olmuruq. Çünki, öz narahatlıqlarımız az deyil. Qəbul etməsək də problemli ailələr və orada böyüyən uşaqlar var. Mərhəmətdən uzaq, bu günlə yaşayan, sabah haqqında düşünmək belə istəməyən, məktəbə də vaxtını keçirmək yeri kimi baxan məktəblilərimiz var. Azdı, ancaq var. Sabah onlar arta bilər. Ona görə də indidən tədbir görməliyik. Uşaqlar məktəbə getməlidi, təhsil almalıdı, gələcəyini düşünməlidi. Bu istiqamətdə hamımız onlara dəstək olmalıyıq. Yol maariflənmədi. Hamımız maariflənməliyik. Valideyn də, yeniyetmə də, cəmiyyət də. Belə olan halda məktəb təhsillə paralel, təlim, tərbiyə də verə bilər. Azından yeniyetmə psixologiyasını öyrənməli, onlarla davranış prosesində həmin biliklərdən faydalanmalıyıq. Onlara zaman ayırmalı, ünsiyyət qormalıyıq. Yeniyetmələrin buna çox ehtiyacı var. Maddiyat çox zaman diqqət deyil, vicdan duyğusunu aradan qaldırmaq vasitəsidi. Onlara zaman ayırsaq narahatlıqlarından vaxtında xəbər tutub, aradan qaldırmaq üçün vaxtında da tədbir görərik . Bu işdə istər valideyn, istər müəllim diqqətli olmalıdı. Heç bir problem birdən birə yaranmır. Zamanla formalaşır. Sadəcə biz problemləri zamana buraxırıq. Zaman isə bizi pis məqamda yaxalayır. Elə o yeniyetmələr kimi.

P.S. İndilik isə o yeniyetmə və onların ailələrinə təcili olaraq psixoloji dəstək göstərilməlidi. Sonra gec ola bilər. Müqəddəs kitabda deyildiyi kimi; Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək.” (Luka 6:37-42)

Elnur Rüstəmov

E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq  

 

 

 

Go Back

Sorğu göndər