Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Fəridə Qasımova"

Oğlumla Söhbət - Özümə Nəsihət

Canım oğul...

Gözlərimin nuru oğul... kim olduğunu, nə məna kəsb etdiyini yetərincə anlada bilmədiyim oğul.. can parçam..barmağına daş dəysə bağrım yarılan... özləmi gözlərimi dolduran,varlığı qoluma qüvvə olan...

Oğul... bu dörd hərfdən ibarət sözcüyün içində daşıdığı, fəxri, qüruru, sevgini necə izah edəsən özgələrinə...sözümün əvvəli axırı oğul...

Gün keçdikcə böyüyürsən... addımların böyüyür, sözlərin böyüyür, baxışların böyüyür, öyrəndiklərin böyüyür, öyrətdiklərin böyüyür, yaşatdıqların böyüyür... nə qədər şablon səslənsə də səni sevirəm oğul... sarib içimdə saxlayıb heç kimsələrə göstərməyəcək qədər sevirəm. Bəzən qısqanıram səsini, sözünü, özünü bütün dünya varlıqlarına... hər kəsdən səni məhrum edib bir tək özümə saxlamaq istəyirəm... sonra dur deyirəm. Bir dayan... oğlunu sevdikcə ona zərər vermə deyirəm... oğlunu sev, onu dünyadakı hər şeydən daha çox sev bu sənin analıq haqqındır deyirəm amma sevginlə oğlunun gələcəyini zəhərləmə... zəhərləmə ki, oğlun azad böyüsün, zəhərləmə ki, oğlun yaşıdları ilə, digərləri ilə ünsiyyətə girməkdə çətinlik çəkməsin. Elə sev ki, oğlunu deyirəm, oğlun öz məsuliyyətlərindən boyun qaçırıb, onu ona sevgi göstərənlərin boynuna yükləməsin.

Elə mülayim, elə həlimcə sev ki,onu  o da insanları həqiqətən sevə bilsin. Elə dəyər ver ki, ona o da insan dəyərini bilən şəxsiyyət olsun. Qoy yıxılsın, qoy əzilsin dizi azacıq, qoy əziyyət çəksin biraz, qoy varlığın dəyərini bilsin,ama yoxluq olanda da anlayış göstərsin. Qoy oğlun əşyalarının dəyərini bilsin, paltarının dəyərini bilsin, onun olanların dəyərini bilsin, asanlıqla qıran,parçalayan və israrla yenisini istəyən uşaq olmasın. Qoy həqiqətən istəməyin və istədiyinə nail olmağın o şirin duyğusunu yaşasın.

 Elə istifadə et ki bu müqəddəs analıq hüququndan oğlun gələcəyin anasından asılı “xəstəsinə” çevrilməsin, elə sev ki oğlunu oğlun sevginin müqəddəsliyini anlayaraq böyüsün, onu təhdit silahına çevirməsin.

Fəridə Şərifova

Narınc Uşaq Psixologiya Mərkəzinin

Təhsil-Tədqiqat Şöbəsinin müdiri,psixoloq

Go Back

Güvənsizlik,Şübhə,İtirmək Qorxusu... Nə etməli?

Buraxın bahalı parfümləri getsin, güvən qoxmalı bir insan güvən...

Cəmiyyətin gəlib çıxdığı son durum... Güvənsizlik...Etibar edə bilməmək...Daim şübhəylə yaşamaq, şübhəylə yanaşmaq...Elə bir həddə gəlib çatıb ki,vəziyyət insan özünə belə güvənə bilməyəcək hala gəlib çıxıb. Özünə şübhə ilə baxmaq,özünə inamı itirmək.. Bəlkə də elə insanlara qarşı itən güvənin kökü buradan başlayır... Həyatımızdan güvənimizi yıxaraq gedən insanlar,içimizdən də bir şeyləri qoparıb aparır hər dəfəsində. Hər damla güvən qopduğunda içimizdən, biraz daha uzaqlaşırıq özümüz özümüzdən..

Dostluqda, sevgidə,işdə,evlilikdə... Şübhələr gəmirir içinizi..Rahat buraxmır,yaşayasınız qəlbinizdən keçən hər şeyi...

Şübhə niyə yaranar bir insana qarşı? Və ya sualı belə qoyaq, insan dəyər vermədiyi birindən şübhə duyarmı? Şübhə duyduğu bir insanı itirməkdən qorxmazmı əslində.. İtirməkdən qorxduğu bir insanı necə dəlicə sevər insan deyilmi? Sevgisi ağrımağa başlayar yaşadığı güvənsizlikdən... Hər addımda özünə olan inamını, özünə olan sayğısını, özünə verdiyi dəyəri zərrə zərrə itirər insan...

Nə etməli? Nədir çarə? Bir xəstəlikmi bu?...

Güvənsizlik,şübhə,itirmə qorxusu... bu üç termin yanyana qoyulduğunda böyük bir problemin təməlini təşkil edir əslində. Deyəcəksiniz ki,insan itirməkdən qorxmadığı birini niyə saxlasın ki həyatında. Deyəcəksiniz ki, şübhəni yaradacaq əsaslar varsa nə etməli? Zatən biz normalar daxilində olan duyğulardan danışmırıq. Norma həddini aşan hər duyğu zərərdir insana... İnsan psixikası elə həssas bir güzgüdür ki, yaşadığı hər şeyi,həbs edər öz aydınlığına. İzi silinməz əsla. Bir dəfə çat verdimi o aynanın bir parçası kifayətdir... Sonrakı həyatında unutdurmaz sənə yaşadığı o anı... Zireh hörər ətrafına toxuna bilməzsən bəzən yarana. Həyatına girən hər insana qarşı psixikandakı yara izi həyəcan təbili çalmağa başlayar... Bir daha yaşanmasın deyə sənə olmayanları olar edər... Təxəyyülün o qədər güclü iş rejiminə keçər ki, senarilər qurmağa başlayarsan... Qorxu alar canını yenə... Ruhun titrəyər.. O vaxt titrədiyi kimi... İtirməkdən qorxarsan yenə.. Güvənməkdən qorxarsan yenə... Məsafələr salar arana insanlarla psixikanın yaratdığı o qalın zireh.Kimsəni qoymazsan artıq yaxına. Yaxına gəlməslər qırılmaq təhlükəsi olmaz axı.. Beləcə ya yalnızlığına sarılıb çökdürərsən ruhunu, ya da hər an şübhə edərək yorarsan özünü və onu... Münasibətlər elə həddə çatar ki, bezdirərsən həyatındakı ən dəyərli parçanı. Özün öz əllərinlə itirərsən itirməkdən qorxduğun həyatını...

Bu cür gedirsə həyatın,bir dəqiqə dayan.. Durult fikirlərini... Hər şeyini beləcə itirə bilməzsən. Deməkki yolunda getməyən bir şeylər var və sən bunu görməkdə çətinlik çəkirsən... Bununla yaşamaq sənin qismətin deyil. Bacara bilərsən! Hər şeyin təməlində sənin özünə qarşı qırılmış inamının, özünə qarşı əskilmiş güvənin  olduğunu  görməklə başlamalısan işə!

Bu qorxunu yaradan ən böyük mənbə elə sən özünsən! Bir başqası deyil! Bununda öhdəsindən yalnız Sən gələ bilərsən! Sən dəyərini, hörmətini anladığın anda bunu hər kəsin anladığını görəcəksən! İtkilər ola bilər həyatında, layiqsizcə çıxıb gedənlər ola bilər...Şübhələrin üzündən İnsanların həyatını idarə etməyə çalışmaqdan, daim hər şeyi nəzarət altında saxlamaq istəyindən, itirmək qorxun üzündən  öz istəklərini başqasının istəklərinə qurban verməkdən, özünü daha aşağı,daha zəif görməkdən vaz keç artıq! Bəli, bu an qorxmalısan bəlkədə yenidən başlamaq üçün! Tək bir şeyi itirməkdən... Özünü itirməkdən...

PS: Əgər qorxularınla,içindəki şübhə ilə yalnızbaşına mübarizə apara bilmirsənsə, bir mütəxəssisdən yardım ala bilərsən! Unutma, Həyatı gözəl edən Sənin varlığındır! Varlığının fərqinə var!

Fəridə Şərifova

NUPM Təhsil və Tədqiqat Şöbəsinin müdiri,psixoloq

Go Back

Ailədə uğurlu ünsiyyət və onu əngəlləyən faktorlar

Bir-birlərini sevən cütlüklər ömür boyu birlikdə yaşamaq üçün evlənsələr də, zaman-zaman fikir ayrılıqları, mübahisələr yaşaya bilərlər. Bu da onların arasında aqressiyaların, münaqişələrin yaranmasına gətirib çıxara bilir. Bu münaqişələr, mübahisələr, fikir ayrılıqları tərəflərin bir-birlərini başqa bir yöndən tanıdıqları, sevgililik , nişanlılıq dönəmindəki xoş tərəflərindən əlavə digər xüsusiyyətlərini də kəşf olunduğu anlardır. Eyni zamanda bir sınaq meydanıdır sanki. Burada əsas məsələ ortaya çıxan problem deyil, o problemi hansı yolla həll edib münasibətlərin sonrakı gedişatına göstərcəkləri təsirdir.  Bütün bunların kökündə isə qadın, kişi və digər ailə fərdləri arasında qurulumuş sağlam ünsiyyət dayanır. Ata və ana arasında qurulmuş düzgün ünsiyyət ailənin digər fərdlərinə də sirayət edir. Odur ki, bu əlaqə uğurlu alınmazsa ailə birliyinin təməlində çatlar başlamışdır deməkdir.

Ailədə normal ünsiyyət və münasibətləri əngəlləyən faktorlar

  • Bütün ailə və ailəni təşkil edən fərdlərlə bağlı önəmli məsələləri əhəmiyyət vermədən üzdən danışmaq.
  • Aşırı dərəcədə sual vermək, yersiz şübhə və tərəddütlər
  • Süni münasibət qurmaq
  • Danışıb, izahat almadan qarşı tərəf haqqında qərar çıxarmaq
  • Keçmişdəki üzücü və pis hadisələrin sıxsıx gündəmə gətirilməsi
  • Verilən sualları cavabsız buraxmaq
  • Ailə üzvlərinə söz ilə hücum etmək
  • Başqaları ilə müqayisə etmək və qarşı tərəfin fikirlərini qəbul etməkdə çətinlik çəkmək
  • Günahlandırmaq, neqativ düşüncələr və aqressiya
  • Əmr vermək,təhdit etmək
  • Yalan söyləmək və səmimiyyətdən uzaq durmaq
  • Lağa qoymaq,alçaltmaq, fikirlərinə dəyər verməmək
  • Kiçik səhvləri həddindən artıq böyütmək
  • Fədakarlığı daima qarşı tərəfdən gözləmək
  • Birgə vaxt keçirməmək, ortaq məsuliyyətlərə önəm verməmək
  • Qarşı tərəfə özünü ifadə etmə imkanı verməmək
  • Ailəyə qarşı diqqətiz və hörmətsiz yanaşmaq

Ailə fərdləri bir-birlərindən aldıqları mesajlarla ( hiss, münasibət,davranış,bədən dili) özlərini dəyərli və ya dəyərsiz , güvəndə və güvənsiz hiss edə bilərlər. Bu vəziyyət də onların psixologi durumuna, psixo-sosial yaşantısına, insanlararası münasibətinə, işdəki uğurluluq dərəcəsinə əhəmiyyətli dərəcədə təsir edir. Çünki insan ailədə doğulur,böyüyür və şüuraltısında ailəsindən aldığı “mesajlarla” cəmiyyət içərisinə yol açır.

Uğurlu ünsiyyət üçün nə etməli?

  1. Gözəl ünsiyyət üçün qarşılıqlı xöşgörüş, hörmət, anlayış və diqqət lazımdır. Tərəflərin bir birlərinə yanaşmaları onlar arasında düzgün ünsiyyətin yaranmasında bilavasitə rol oynayır.
  2. Unutmamamq lazımdır ki, daima münasibətləri düzəltmək zəminində çalışılmalıdır nəinki yıxmaq, dağıtmaq. Çalışmaq lazımdır ki, qarşıdakı insana bir başa ittiham edici tonla yanaşılmasın. Bu onu müdafiə mövqeyinə keçirməkdən və sizi dinləməyə qarşı özünü kilidləməkdən başqa bir işə yaramaz.  Çünki həmin anda onun yeganə düşündüyü sizin hücumunuza uyğun cavabı verməkdir. Sizi dinləməz,dinləməzsə anlamaz və özünü anlada bilməz,beləliklə bütün ünsiyyət qopmuş olar.
  3. Hər zaman üçün tutacağımız mövqe belə olmalıdır: Qarşıdakına qulaq asmaq və onu başa düşməyə çalışmaq. Bəzən susmaq lazımdır bütün qaranlıq qalan məqamları aydınlatmaq üçün, susmaq və dinləmək! Səbrlə dinləmək!  Çünki insan duyğularını və fikrilərini danışaraq başa salır. Əgər ona bu haqqı tanımazsaq, nəyi, niyə etdiyini heç vaxt anlamarıq. Bu həmin səhvin bir daha təkrarlanmasına zəmin yaradan ən vacib nüanslardandır.
  4. Ailə üzvülərinizdən birinin hər hansı yalnışlarını hər fürsətdə dilə gətirməkdənsə etdiyi yaxşı,təqdirəlayiq işlərindən danışıb onu yaxşı olanlara həvəsləndirin. Çünki, qadağa formasında və ya səhvini unutmaması üçün etdiyiniz bu hərəkət ( səhvini tez tez vurgulamaq) tədricən onun şüuraltısına oturacaq və istəmədən belə olsa həmən səhvi yenidən təkrarlamasına səbəb ola bilər. Təklif cümlələri qurmaq əmr cümlələrindən daha təsirli və effektli olur.
  5. Ailə üzvlərinizə qarşı bərabər və ədalətli davranın. Eyni və ya oxşar hərəkəti etdikdə hamısına eyni mənfi və ya müsbət tutumu göstərin. Ailə fərdlərinin  yaşına,cinsinə və s. digər xüsusiyyətlərinə görə öz davranışınızı dəyişməyin. Bu ailəniz arasındakı ünsiyyət və emosional bağılılıqda çatlara nədən olacaq.
  6. Ailə fədləri arasında münasibət daima dost xarakteri daşımalı. Valideyin-uşaq, ər –arvad,bacı-qardaşlar arasında dostluq münasibətləri nə qədər sıx olarsa onlar birbirlərinin problemləri ilə o qədər yaxından və səmimiyyətlə maraqlanarlar. Çünki dost münasibəti birlik və bağlılığı qüvvətləndirən önəmli amillərdəndir. Bu ailə üzvlərinin bir-birlərinə açılmalarını,dərdləşmələrini və ya sevinclərini paylaşmalarını asanlaşdırar. Ailə təsəllini, rahatlığı və hüzuru kənarda ,yalnış adamlarda və yalnış yollarda aramaz.
  7. Ailə üzvləri özəl günlərdə, bayramlarda, qeyd olunması gərəkən hadisələrdə daima birlikdə olmağa xüsusilə diqqət və qayğı göstərməlidirlər.
  8. Ailə fərdləri heç olmasa şam yeməyi  zamanını birlikdə keçirməli və bu zaman ümumi söhbət edilməlidir. Ailənin hər bir üzvü bu məsuliyyəti dərk edərək hörmətlə yanaşmalıdır. Çünki gərəksiz kimi görünən bu qısa zaman kəsiyi sizə ailənizin bütövlüyünü qorumaqda və isti münasibət yaratmaqda təsəvvür etmədiyiniz qədər yardımçı olacaqdır.

 Ailənizi qoruyun, çünki o sahib olduğunuz ən dəyərli sərvətdir!!!

 

Fəridə Qasımova

Go Back

Psixosomatik xəstəliklər

Psixosomatik xəstəliklər , əsasən gənc yaşlarda başlayan və illərcə davam edən , özünü müxtəlif bədənsəl ( fiziki) simptomlarla biruzə verən bir psixoloji narahatlıqdır. Bədənsəl simptomlar arasında vücudun müxtəlif hissələrində olan ağrılar ( baş ağrısı, bel ağrısı,qarın ağrısı və s.), ürək bulanması, qusma, gəyirmə, əl və ayaqda uyuşma- qıcolma, səsin tutulması, menstural pozğunluq sıx-sıx rastlananlardandır. Bu simptomların heç bir tibbi açıqlaması olmur və təmamən psixoloji rahatsızlıqla əlaqədardır. Ruhi sağlamlığımız ilə bədənimizin fiziki funksiyaları daim qarşılıqlı əlaqədədir. Necə ki, tibbi bir xəstəlik keçirən zaman psixoloji olaraq da bundan narahatlıq keçirir, əhvalımız korlanır, eynilə də hansısa qorxu, stress, həyəcanverici bir hadisə ilə qarşılaşdıqda bu hallar özünü somatik olaraq biruzə verə bilir, bulantı, baş ağrısı, qıcolma, tərləmə və s. kimi.

Bəzən psixosomatik ağrılardan xəstələr illər boyu can qurtara bilmirlər. Bütün həkimlərdə olur, qəbul etmədikləri dərman qalmır, amma ağrılar, narahatlıqlar keçmir. Bu zaman bir dayanın və psixoloji durumunuza nəzər salın. Əslində yaşadıqlarımız və mühitimiz xəstəliklərimizin ən yaxşı təyinedicisidir.

İllərdir yaxa qurtara bilmədiyiniz bu səbəbi tapılmayan ağrılar Psixogen ağrılar adlanır. Psixogen ağrılar insanın psixoloji durumundan qaynaqlanan ağrılardır. Əsasında psixi səbəblərin, gərginliyin, mənfi psixoemosional yüklənmənin , qorxu və həyəcanın durduğunu xəstələr çox vaxt qəbul etmək istəmir və hansısa bir reseptlə bütün narahatlıqlardan qurtulmaq istəyirlər. Halbuki, psixosomatik ağrılar dərmanla aradan qalxan deyil! İlk öncə bunu qəbul etmək lazımdır! Psixoloji faktor aradan qalxmadıqca ağrıların da aradan qalxmayacağı labüddür.

Psixosomatik xəstəliklərin bir neçə forması var. Bunlardan ən geniş yayılanları psixogen baş ağrıları, ürək və qarın nahiyəsində olan psixogen ağrılardır. Psixogen baş ağrılarını miqrendən fərqləndirmək lazımdır. Belə ki, psixogen baş ağrıları bütün baş nahiyəsində, ənsə nahiyəsində olur və ağrılar gözlərə vurur. Çox vaxtə əsas şikayət kimi ağırlaşmanın çiyin nahiyəsindən başlayıb başa keçdiyi söylənilir.  Miqren isə birtərəfli , ancaq başın bir nahiyəsində, ritmik bir ağrı şəklində olur. Baş ağrılarının ilk öncə  həkim nəzarətində  EKQ, MRT, KT və s. kimi bir sıra müayinələrdən keçdikdən sonra heç bir tibbi səbəb tapılmazsa  psixogen olduğunu söyləmək olar.

 Qeyd etmək lazımdır ki, xüsusilə sıxıntılarını, narahatlıqlarını dilə gətirə bilməyən, daim içinə atan insanlarda bu xəstəliklər daha sıx müşahidə olunur. Yəni, problemlər sözə çevrilməyincə vücudumuz danışmağa başlayır. Bu ağrılar özünü Nevrozlar formasında da göstərir və genetik xarakter de daşıya bilir. Belə  ki, psixosomatik narahatlıqlar yaşayan ailə fərdlərinin bir neçəsində bu hala tez-tez rast gəlmək mümkündür.  Belə ailələr əsasən aşırı dərəcədə qoruyucu, ailə sərhədlərinin sıx olaraq iç-içə keçdiyi və problemlərini danışaraq həll etmək potensial aşağı olan ailələrdə daha çox müşahidə olunur.

Xəstəliklər əsasən 25- 30 yaşlardan sonra başlayır və qadınlarda ortaya çıxma faizi üstünlük təşkil edir. Həddindən artıq psixi gərginlik, xroniki yorgunluq, hər hansı bir yenilik zamanı neqativ düşüncələrə qapılanda, özgüvənin və özünü qiymətləndirmənin aşağı olduğu hallarda, aqressiya, qısqanclıq hissləri üstünlük təşkil edəndə, yuxarıda qeyd etdiyimiz kimi hisslərini biruzə verə bilməyəndə, dilə gətirə bilməyəndə, mühitə uyğunlaşmada çətinlik çəkəndə, sosial və digər fobiyalar zamanı, isterik şəxsiyyət tipində və s. hallarda psixosomatik əlamətlərin üzəçıxma ehtimalı artmış olur.

Ömür boyu bu ağrılarla yaşamağa məhkum deyilsiniz! Biraz özümüzə zaman ayırın, psixi dünyanıza qulaq verin və narahatlıqlardan qurtulun....

Psixi sağlam qalmanız diləyilə..........

 

 

Fəridə Qasımova

"Düşüncə" jurnalının redaktoru, AMEA-nın doktorantı

Go Back

Bir Qadın Yalnız Qalarsa

 Bir Qadın yalnız qalarsa…..

Yalnızbaşına ağlarsa…

Bax bu bütün fəlakətlərin başlanğıcı deməkdir həyatında.

Arzuların yıxımı, uçqunlar altında qalmış ümidlərin işartısıdır ən son anda…

Bir qadın yalnız qalarsa…

Qadınlığı bitər ... obrazını dəyişər… ata da olar bəzən…

Kişi əbasına bürünüb, taksi sürər,

üzünü gizləyib yer süpürər,

gecələr səhərədək əl isi görər…

Cəmiyyət sıxar onu… təklər onu…

O qədər sıxar ki, ya kişi edər, ya fahişə edər,

Ya da  istəksizcə hicaba salar  onu…

Bir qadın yalnız qalmasın bu həyatda!

Qalarsa əgər….

Bu həyat yeyər onu!

 

Bir qadın yalnız qalarsa..

Gözlərindən axan hər damla yaşda gün gələr boğar ONU!

Qadın məhv edər Onu…

Damla-damla axıdıb ürəyindən, nifrətinin atəşində qurudar onu…

Ağlayar… ağlayar…. Susar…

Güclənər, düşünər, ayağa qalxar…

Irəli baxar…. Içində bastırılmış  intiqamın kölgəsində

Böyüyər, ucalar… zirvəyə qalxar!

Unutmaz əsla! Öz rifah təbəssümülə

Gün gələr tərkedənin canını yaxar!

Və budur illərin savaşı bitdi…

Artıq yeni sahillərə yelkəni açar!

 

Yalnız qalarsa bir qadın…

Ağlayar, ağlayar, susar…

Həyatının sonunu qaranlıq yazar…

Güc alar gücsüzlüyündən, acizliyindən…

kimsəsizliyinə tutunub unutdu sanar onu!

Tərkedilmişliyindən güc alıb biçarə qadın,

Tərk edən qismində , onlarla bədəndə unudar onu…

İndi bataqlığın ən dibində… işıq gözləyir ümidsizcə…

Işıq varmı? Işıq yox… çarə varmı, çarə yox..

Çarə  tərkedənin gözlərində… ümid tərkedənin sözlərində…

Hələ də gözləyir tənha qadın… hələ də gözləyir ümidsizcə….

 

PS:  Əsla qoyma  bir qadını yalnız başına.…

                    Dəyməsən belə!

      Məhv edər həyatını kor inadına!

 

Fəridə Qasımova

Go Back

Nə olar məni bağışlayın, mən ağlaya bilmirəm

Bugünlərdə belə bir hadisə ilə rastlaşdım. Doğum evində bir ailə yeni doğulacaq nəvələrinin gəliş xəbərini gözləyirdilər. Və nəhayət bu xəbər gəldi. Ana, qaynana, qaynata, ata, qardaş, bacı hamı sevincindən və saatlardır çəkilən stress səbəbindən kövrəlir, göz yaşlarını saxlaya bilmirdilər. Bir xanım var idi aralarında. Nə qədər həyəcanlı olduğu duruşundan, əllərinin titrəməsindən, ilk dəfə qazandığı bibilik statusunun sevincindən ,qardaşına ilk övladının muştuluq xəbərini verərkənki səs tonundan təmamilə hiss olunurdu. Amma ətrafındakı hər kəs sevinc gözyaşları axıdarkən, birdən bu xanım digərlərinə üzünü tutdu və üzr istərcəsinə “nolar bağışlayın məni, mən ağlaya bilmirəm “ dedi!

Nə qədər qəribədir deyilmi? Bu cümlə məni o qədər düşündürdü ki... İlişib qaldı xəyallarımda. Həqiqətən də nə qədər müxtəlifdir insan həyatı, insan psixologiyası, insan xarakteri. Biri-birindən fərqli, fərdi, özünəməxsus, təkrarsız. Bəzən insanlara zahirən dəyər veririk, bir anda qiymət biçirik, bu “yaxşı”dır deyirik, bu “ pisdir” qərar veririk. Bu soyuq adamdır bundan dost çıxmaz, bunun saçı uzundur bundan “kişi” olmaz, o qisa ətək geyinib onda “qadın” lıq qalmaz, bu uşaq söyüş söydü ondan adam  olmaz...

Önyarqılarımız bizi təpədən dırnaga günaha sürükləyir bəzən! Önyarqılarımız mərdi qova qova namərd edir hərdən. Sonra birşey olur, birşeylər baş verir. Sirr pərdəsi aralanır. Gerçəklər bəlli olur. Peşmanlıqdan çox başlar dəli olur...  Onda anlayırsan, o soyuq adamın sənə min yol can deyəndən daha möhkəm dost olduğunu, onda dərk edirsən saçı uzun olanın saçı qısa şərəfsizdən min qat daha kişi olduğunu. Bir hekayə dinləyirsən bəzən. Bir həyat hekayəsi... Üzünə şillə kimi dəyən bir cümlənin nəhayətində anlayırsan qısaətək qadının, tanıdığın min qadından daha mərd olduğunu, daha “Xanım” olduğunu! Söyüş söyənin əslində uşaq deyil , ata olduğunu anladığın vaxt, səndən adam olmaz dediyin uşağın böyüdüyündə sənin uşağından daha adam olduğunu gördüyün vaxt, həyat öyrədir sənə! Başına vura-vura öyrədir! Qınadığın hər bir şeyin iç üzünü sənə göstərmədən dincəlməz həyat, sənə yaşatmadan uyutmaz həyat... Sən ha get yat, yatırtmaz həyat!

Əbəs yerə deyilməyib, “başqasını qınadığın vaxt, həyatı özünlə duelə çağırmış olarsan!”

Həyatı duelə çağırmayın, qalib gəlmədən buraxmaz həyat....

Fəridə Qasımova

Go Back

AİLƏ PSİXOLOQU KİMDİR? NƏ ÜÇÜN LAZIMDIR?!

Ailə terapiyası,ailə üzvləri arasındakı anlaşılmazlıqların, münaqişə və problemlərin ailə psixoloqunun köməyi və nəzarəti ilə çözümlənməsi prosesidir. Ailə hansı hallarda ailə psixoloquna müraciət edə bilər:

  • Yeni ailə qurmaq üzrə olan gənclərlə bağlı problem yaranarsa
  • Ailə üzvləri arasındakı problemlər varsa
  • Ailə üzvləri arasındakı əlaqə və sərhədlər düzgün qurulmamışsa və bir-birini anlamasında ciddi problemlər varsa
  • Antisosial davranışlar göstərən bir yeniyetmənin varlığı zamanı
  • Ailədə xəstəlik, ani itkilər yaşanarsa
  • Boşanmalar zamanı: boşanmış ailələrdə uşaqlarda və yeniyetmələrdə hansısa problemlər yaşanırsa
  • Emosional qırğınlıq və aldatma varsa və s.

İndi çoxlarımız sual edəcək: Əvvələr də bu cür problemlər vardı amma ailə psixoloqu yox idi, problem həll olunmurdumu? Doğrudur, ailə içi problemlər hər zaman olub və olacaq da. Çünki ailə elə bir sosial strukturdur ki, illərlə bir-birindən tamamilə fərqli formada, fərqli ailələrdə, fərqli psixologiya və mühitdə, fərqli adət-ənənələrlə yetişdirilmiş iki insan bir araya gəlir, bir evin içərisində , bir həyat paylaşırlar. Təbiidir ki, sürtünmələr, çatışmalar qaçınılmazdır. Ancaq gəlin etiraf edək ki, əvvəllər ailə faktoru daha başqa cür qavranılırdı, ailə daha müqəddəs, daha bölünməz idi. Son illərdə hədsiz dərəcədə artan boşanmaların sayı da bugünkü “ailə” anlamının fərqli olduğu və yetərli dəyər görmədiyini sübut edir. Əvvəllər ağsaqqallar, ağbirçəklər vardı evlərimizdə, hansı ki, onların statusu bugünkündən daha böyük, daha güvənilir və yaxşı mənada ciddi tənzimləyici idi. Ancaq indi dövr və dövrün özüylə gətirdiyi tələblər və şərait çox dəyişib. Gənclər artıq özləri müstəqil bir həyat, ailə, münasibət istəyirlər və bəzən təcrübəsizlikləri, bəhs etdiyimiz ağsaqqal, ağbirçəklərin yoxluğu və ya dinlənilməməsi, insanlararası münasibətlərin artıq daha soyuq, güvənsiz və yıxıcı xarakter alması, dost faktorunun əsl mahiyətinin itirilməsi, müxtəlif sosial və məişət problemləri, əvvəlki dövrlərlə müqayisədə günümüzdə əsəb, stress, həyəcan pozunutusu, depressiya və s. halların artması bərabərində müxtəlif yönümlü problemlər gətirib çıxarmışdır.

Yeni qurulmuş gənc bir ailə düşünün, boşanmanın bir addımlığında olan. Evlənmədən öncə qurduqları xəyallar ilə gerçəklik arasında qatı bir sərhəd görmüş, çox keçmədən münaqişələr başlamış, səslər yüksəlmiş, qırıcı sözlər sərf edilmiş… Amma hisslər bitməmiş… Araya ailələr qarışmış… Biri razı,digəri narazı… Sərhədlər pozulmuş, gənc ailə çıxılmaz bir labirint içərisində ilişib qalmış…

Bir ailə düşünün,ya da çox düşünməyə nə gərək zatən ətrafımız dolu deyilmi, alkoqolun, narkotikin dağıtdığı, dağıtmaq üzrə olduğu və ya bədbəxt etdiyi ailələrlə.Bu ailə içərisində travma alaraq böyümüş bir uşağın cəmiyyətdəki mövqeyi və gələcəkdə quracağı dağılmağa və ya sürdürülməyə məhkum, daha bir bədbəxtlik saçan ailə həyatını düşünün. Nə addım atacaqlarının, bununla necə baş edəcəklərini bilmədən azıb qalmışlar yol ayrıcında…

Həyat yoldaşının onu saymaması, yetərli diqqəti verməməsi, dinləməməsi üzündən özünü ona təsdiqlətmək, “Mən də varam”, “Mən də bacarıram” deyə bilmək üçün o qədər başqa yollara girib çıxa bilməyənlər var ki…

Sonra balaca bir uşaq düşünün xroniki baş ağrıları, ürəkgetmələri ilə ailəsini həkim-həkim gəzdirən amma tibbi olaraq səbəbi anlaşılmayan… Bir yeniyetmə düşünün atası evdə daha çox olsun deyə özü evə sığmayan, anasına toxunmasın deyə heç evdən çıxa bilməyən ,hər gecə yuxusunda kabus deyə atasını görən uşaqları düşünün birdə… Yoldaşından əvvəlki sevgini, qayğını görə bilməyənlər, bununla baş edə bilmək üçün bir anlıq zəiflikdən istifadə edib başqa yerlərdə qayğı axtaranlar, sonra peşman olanlar, peşmançılıqlarının dilə gətirə bilməyib əsəbə, hirsə, şiddətə çevirənlər, ailəni idarə etmək istəyərkən sükanı itirənlər var birdə…

Bu sıranı təəssüf ki, o qədər artırmaq, o qədər uzatmaq olar ki… Sadəcə ətrafa bir qədər diqqət kəsilsəniz hər gün insanların nə qədər müxtəlif problemlərlə baş etmək məcburiyyətində qaldığını müşahidə edə bilərsiniz. Bax bütün bu problemlərin öhdəsindən daha rahat bir şəkildə gəlmək, qarşıdakının hisslərini doğru dürüst anlamaq, ailə bütovlüyünüzü qorumaq, ailənizdə xöşbəxt və rahat ola bilmək və övladınızı sağlam bir psixoloji mühitdə böyütmək üçün indi köməyinizə ailə psixoloqunuz çata bilər!

Niyə axı ilişib qaldığınız, dönüb dolaşıb eyni yerə qayıtdığınız o labirinti, onun rahat çıxış yolunu bilən biri ilə keçməyəsiniz ki…

Niyə öz ailə psixoloqunuzla azıb qaldığınız bu yolu daha az iz buraxacaq şəkildə keçib, yepyeni aydınlıq bir yola yetməyəsiniz ki…

Övladınızın mövcüd problemlərini öz ailə psixoloqunuzun köməyilə sağlam bir şəkildə yox etməyəsiniz ki…

Xoşbəxtliyin standart bir resepti yoxdur. Hər bir ailənin hüzur və xoşbəxtlik mənbəyi fərqli fərqlidir. Gəlin biraz düşünək… Daha rahat, hüzurlu və sevgi dolu bir ailə seçənəyi varkən, öz problemlərimiz içində boğulmayaq…

Hər zaman hüzurlu qalmağınız diləyilə…. 

Qasımova Fəridə

AMEA -nın doktorantı, kiçik elmi işçi

pcc.az

Go Back

BİZİ özündən QORU ATA!!!

Bir uşağın başına gələcək ,uşaqlığını əlindən alacaq və sonrakı inkişafı,həyatı, fərdi xarakteri və şəxsiyyət kimi formalaşmasına təsir edən ən böyük travmalardan biri də ailəiçi şiddət görməsi və ya məruz qalmasıdır.

Ata onun gözündə böyük bir məbəd idi… Ən güvənli sığınacaq,ən uca zirvə idi… Bütün problemlərin açarı idi Ata, bütün çətinlikləri asan edən idi onun gözlərində. Ata bir dağ idi, güvən dağı… Ən kiçik narahatlıqlarda qaçıb qollarına sığındığı idi… Ən yaxşı oyun yoldaşı idi. Qollarında göylərə qaldırıb,səmalarda uçuran idi… Ata yaxşı idi…  O atanı sevirdi,Ata böyük idi…

Bir gün o qollar yenə qalxdı. Sandı ki, yenə uçuş vaxtıdır, gözləri sevincdən böyüdü. Diksindi… O qalxmış qollar yumruq olaraq endikdə ananın üzərinə… O anda bitdi… Nə olduğunu anlamadı… Böyümüş gözlərindəki sevinci,qorxu təəccüb aldı… bu nə demək idi axı… düşünməyə başladı…

Ana ağlayırdı…

Pis idiki atanın etdiyi?

Ana niyə ağlayırdı?

Axı Ata pis şey etməz!…

Ananın rəngi dəyişib elə bil. Əsasən də gözünün aşağı hissəsində… Aa bəlkə ata da mənim boyama kitabımda qızları boyadığım kimi etmək istəyib… Oynamaq istəyib ana ilə bəlkə… Amma axı mən boya qələmləri ilə boyayırdım… Həm də ki, Ana mənə deyib ki,boyama kitabından başqa yeri boyamaq olmaz… Bəs elə isə… Ata niyə belə elədi ki?!.. O, istəsə mən ona verərdim boyama kitablarımı… Vallah verərdim… Ana da hirslənib ağlamazdı!  Ata bilməyib yəqin…

ATA SƏHV EDIB…

Mən səhv edəndə o həmişə məni bağışlayırdı. Anaya deməliyəm… Qaçıb anasına sarıldı… Ana ağlama,ata birdə belə etməz…Bağışla onu…

Ana bağışlamış kimi göründü… Oh,hər şey düzəlir deyəsən…

Amma Ata birdə etdi… Nədənsə son vaxtlar ana ilə oynamağı çox sevir… Amma bu mənim xoşuma gəlmir,nədə ananın. Bugun yenə ananın üzünü boyadı. Bu dəfə daha da çox.  Mən birdə boyamayacağam artıq,bəlkə ata da vaz keçər.  Heç bir oyunu sevmirəm artıq. Qərar verdim, Artıq bugündən OYUN OYNAMAYACAĞAM!!!

Ata evdə yox idi. Ana ağlayırdı yenə, paltarları da cırılmışdı biraz. Üzü yenə boyalı idi,ağzının kənarında qırmızı nəsə vardı. Ata hara getmişdi bəs? Mən həyətə gedəndə  axı evdə idi?!  Mən getdim deyə hirslənib anaya yəqin… Kaş getməzdim…  Qərar verdim,BUNDAN SONRA ANANIN YANINDAN GETMƏYƏCƏYƏM…

Mən hər gün biraz daha böyüyürəm amma atanın səhvləri heç qutarmır… Ana artıq ağlamır… Amma üzü yenə boyalı olur… Mənimlə  də çox az danışır. Hərdən gecələr məni qucaqlayıb biraz ağlayır. Anam ağlasın istəmirəm…

Ata harasa gedib-gəlir bu aralar. Deyəsən həkimə…Ata qışqırmır artıq. Ananın üzü həmişə öz rəngində olur. Evdə sakitçilikdi. Ata yaxşılaşır deyəsən…

Amma məncə O yaxşı deyil artıq…

Gecə yata bilmirəm,bəlkə də ona görə…

Çünki,yuxularımda

Ana hələ ağlayır… Ata hələ qışqırır…

Ata itələyir,Ana yıxılır..

Atanın “Güclü” qolları yenə göylərə qalxır…

Ananın üzü yenə boyanır…

BÜTÜN RƏNGLƏRƏ NİFRƏT EDİRƏM ARTIQ…

 

Fəridə Qasımova

AMEA,Genetik Ehtiyatlar İnstitutun doktorantı,kiçik elmi işçi

 

Go Back

PS: Oxumayın,Burada Özünüzü Tapa Bilərsiniz!!!

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, qırğınlıqların.. Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə....

Hər insanın ağlından keçər bir gün Xəyanət etmək, ən çox sevdiyinə. Ən çox can yandırdığına,ən çox əmək verdiyinə.. Dəyərsiz olduğunu gördüyü o an hər kəs bir anlıq xəyanət etmək istər beləcə həyat eşqinə...

Yalan danışar hər kəs bir günən çox inandığına,ən çox etibar etdiyinə... Ən zərbə aldığına hər kəs bir gün yalan danışmaq istər qisas almaq istərcəsinə...

İnsan psixologiyasında,insan şüuraltısında təhrikedici qüvvələr daima mövcuddur.  Bu qüvvələr illərlə yığılıb qalan aqressiya, neqativ hadisələr,  incinmiş duyğular,  tamamlanmamış arzular, gerçəkləşməmiş xəyallar fonunda formalaşır. İnsan dözür-dözür, hər çətinliyə sinə gərir və nəhayət bir gün... Gücsüz düşdüyün anda bütün organlar və duyğular ayağa qalxır. Üsyan edir... Onlari məhkum etdiyin vəzifələrdən bir anda imtina edir. Və budur möhtəşəm bir xaos. Azıb qalırsan. İllərlə Özün bahasına qurduğun nizam indi səni məhv etməyə yönəlmiş silaha çevrilir sanki. O an hər şeyi etməyə qadıirdir insan. Ən ağılasığmaz hərəkətləri,ən gözlənilməz çılğınlıqları, geridönülməz peşmanlıqları edə bilərsən o an. Məşhur bir deyim var, “hər dərdi içinizə atarsanız,gün gələr yerinizdən qalxa bilməzsiniz”... Daş kimi yığılarlar içinə aqressiyaların, qırğınlıqların,göz yaşların. ... İllərlə içinə atıb qalaq etdiyin dərdlərin səni daşlamağa başlayar.

Zərbələr kəskin. Zərbələr  ağır, zərbələr ağrıverici. Bu ağrını çəkə-çəkə Xəyanət də edər insan,yalan da söyləyər,içkidə içər, hətta intahar da edər!

Duyğuları,fikirləri şahə qalxmış insan hər şeyə qadirdir! Hətta öldürməyə də.

Heç düşündünüzmü, Insanlar niyə bu qədər çox intahar edir? Gənclər niyə evdən qaçır? Niyə Xəyanətlər çoxalır? Niyə boşanmalar artır?? Niyə cinayətlər olur? Ata qızını, qadın ərini, uşaq yoldaşını niyə bıçaqlayır??? Niyə insanlar söyür,niyə təhqir edir? Niyə təhqir edilir???

Bütün bunlar hamısı o “Bir An” da (affekt vəziyyəti)  verilən qərarların nəticəsidir. Hansı ki, insan artıq ən son həddə çatmış... İnsan yorulmuş.. İnsan tükənmiş... Beyin dayanmış o an, sadəcə hisslər danışmış çılğıncasına... hisslər yönləndirmiş o an səni... O an sadəcə ehtiyacın ödənsin istəyərsən... Sadəcə səni üsyana təşviq edən ehtiyacın ödənsin,başqa heçnə düşünə bilməzsən... Zatən insanı hər yola sürükləyən elə ehtiyacları deyilmi?!

Odur ki bircə anlıq dayanmalı... şahə qalxmış insan duyğuları “dağ çayına” bənzər. Zirvədən sürət götürüb endiyi an qarşısına nə çıxsa sürüyüb gətirər. Daş,çınqıl, ağac, zibil... Nə çıxsa baxmaz ağına- bozuna... Mənsəbinə çatana yaxın sakitləşər,bütün artıqlıqları,lazımsızları geridə bir  yerlərdə buraxıb,durular... İnsan da beləcə... Gözünü əsəb , hikkə, ağrı, bürüdüyü an nə istəsən edə bilər... Amma bir duruldumu, sakitləşdimi gətirər özü ilə peşmançlıqlar, peşmançılıqlar, peşmançılıqlar....

Bəs sonraki peşmançılığın faydası varmı?? Əlbətdəki yox... Elə isə düşünün. Ətrafımızı bürümüş aqressiya selinə siz də qapılmayın! Peşmançılıqlardan uzaq durun!!! Peşmançılıq yaşamayın! Peşmaçılıq yaşatmayın...

Fəridə Qasımova

AMEA-nın doktorantı,kiçik elmi işçi

Go Back

“MÖHTƏŞƏM ÜÇLÜK” VƏ YA “YAZI TERAPİYA”SI

Yazmaq sağaldır insanı, yaxşılaşdırır, bütünləşdirir ağlı ilə qəlbini, üzləşdirir qorxularıyla, deyə bilmədiyi sözləri, ifadə edə bilmədiyi hissləriylə. Yazmağın nə bir şərti var, nə bir xərci. Sadəcə kağız, qələm və siz... Bu möhtəşəm üçlük təsəvvür belə etmədiyiniz möcüzəvi bir qüvvəyə malikdir.  Şəxsən heç bir tanışlığın olmasa da yazdıqları əsərlərlə sanki qırx illik dostunmuş kimi hiss elətdirən şairlər,yazıçılar da elə sözün bu sehrindən ustalıqla istifadə edənlər deyilmi?

Psixoterapiyada “yazı terapiya”sı deyilən bir metod da var.Amerikada Texas Universitetinin professoru James Pennebaker tərəfindən kəşf edilmişdir. Yazı terapiyasına əsasən bütün pis,neqativ, sizdə hirs, əsəb, üzüntü yaradan hissləri bir kağıza yazmaqla  onlardan qurtula bilərsiniz. Aparılan bir çox tədqiqatlar ilə  insanların problem və  duyğularını yazmaqla psixi və fiziki narahatlıqlardan, hətta aids, astma və artrit kimi xəstəliklərdən qurtulduğu dəfələrlə sübut edilmişdir.

Sizi incitmiş,  üzmüş birimi var? Iş yerində haqsızlığamı uğramısınız, rəhbərlik ilə aranızda problem yaranıb? Əsəbi və gərginsiniz? Tamamdır, götürün kağız və qələmi ( ən çıxılmaz halda telefonun “qeydlər” bölməsi)  ona məktub yazın. Göndərməyəcək olsanız belə, yazın. Demək istəyib də hansısa səbəblər üzündən deyə bilmədiklərinizi, incinmiş duygularınızı, hirsinizi, kininizi hamısını tökün sətirlərə. Nə qədər rahatlayacağınızı özünüz görəcəksiniz. Bunların içinizdə yığılıb qalaraq , stresə, həyəcan pozuntusuna, bəzi psixosomatik xəstəliklərə çevrilməsinə izin verməyin!!!

Informasiya texnologiyalarının  inkişafı, ağıllı telefonlarımız, sosial şəbəkələr... Bunlar nə yazıq ki həyatımıza müəyyən rahatlıq gətirməklə yanaşı məhz ən gözəl duygularımızı da əlimizdən alır. Bəzən boşuboşuna sosial şəbəklərdə, internetde o qədər vaxt keçiririk ki, nəinki sevdiklərimizə özümüzə belə ayırmaga vaxt tapmırıq. Ayda ildə bir dəfə (onu da facebook vasitəsilə öyrənirik) edilən təbrik mesajları belə şablonlaşıb artıq.  Nəinki ətrafımıza özümüzə belə göstərməmiz gərəkən diqqəti qayğını avtomatlaşdırılmış müasirliyə qurban veririk.

Son zamanlar ən çox danışılan müzakirə edilən mövzulardan biridir keçmiş dostluqlar, sevgilər, insanlararası möhkəm, qırılmaz, güvən verən münasibətlər. Bunun bir çox səbəbləri var təbiiki. Amma işin məğzinə baxdıqda bir faktora diqqətinizi çəkmək istəyirəm. Keçmiş ilə indi arasında ən çox itirdiyimiz, ünsiyyət və bunun bir forması olanMəktublaşmaq. Buna  vərdişmi deyim, dəyərmi deyim  bilmirəm. Ama hər nədisə bax bunun əskikliyi sevdiklərimizlə münasibətdə böyük qırılmalara, soyumalara gətirib çıxarıb. Əvvəllər dostlar  bir-birlərinə məktublar yazar, hətta içinə şəklini qoyar göndərər, sonrada həyəcanla gələcək cavabı gözlərdilər.  Analar uzaqda təhsil alan, işləyən və ya əsgər getmiş övladlarının məktubunu üzünə-gözünə sürərək oxuyar, sanki uzaq yollar keçib gəlmiş bu kağız parçasından övladının qoxusunu alardılar. Sevgililər min bir risk, qorxu,təşviş içərisində məktublar yazar, hisslərini, deyə bilmədiklərini, gözlərinə baxarkən min bir söz ilə yüklənib  susan dilin   kilidini sətirlərdə açardılar. Elə isə sizcə o vaxtkı dostluqları,sevgiləri qirilmaz, möhkəm, sədaqətli edən şey  bu munasibətlərin qurulması üçün verilən əmək, çətinlik , diqqət deyilmi?

Bir düşünün bugün insanlar ən çox nədən şikayət edirlər, münasibətlər nədən bitir, nədən soyuqlaşır, valideyin  övladdan   niyə inciyir? ! Bunun kökündə nə yatır?!  Diqqətsizlik!!!  O zamanlar, məktub yazmağı dəyərli edən ən böyuk səbəb də bu idi yəqin. Çünki yazmaq bir diqqətdir, dəyərdir, əməkdir. Bütün günlük işlərin arasında vaxt tapıb sevdiyinə ayırdığın özəl bir zamandır, hansı ki, bəlkə də yanında oldugun bir gündən belə daha dəyərli daha unudulmaz qısa bir zaman kəsiyidir.

Hami diqqət axtarır, diqqət gözləyir. Amma heç kim həll yolu axtarmaq istəmir. Bəlkə bu aksiyanı elə ilk özümüz başladaq?  Sevgiliniz, həyat yoldaşınız, dostunuz ən yaxınınızda kim varsa, hədəfinizi müəyyən edin. “Möhtəşəm üçlük” ü fəaliyyətə keçirin. Və yazın... Bugünə qədər  ürəyinizin ən dərinlərində gizləyib, deməyi unutduğunuz, çəkindiyiniz nə varsa yazın... Bütün səmimiyyətinizi, sevginizi, qəlbinizi qatın bu işə... Səhər yoldaşınız oyanarkən baş ucunda, dostunuz kitabı arasında, sevgiliniz bir çiçəyin üzərində bu məktubu tapanda onun möcüzəvi gücünün şahidi olacaqsınız...

                                                                                    PS: Sınamadan bilməzsiniz...

Fəridə Qasımova

AMEA -nın doktorantı, kiçik elmi işçi

 

 

Go Back

Saçyolmanız tutub??? Dayanın!!!

Saçyolmanız tutub??? Dayanın!!!

Hansısa bir stres, əsəb, narahatlıq  keçirdiyiniz zaman özünüzü saçlarınızı “yolarkən” tapırsınız? Övladınız mütəmadi olaraq saçlarınımı qırır?  Artıq gözlə görülür dərəcədə saç azlığımı yaranıb? Özünüzü və ya övladınızı heç cürə bundan vaz keçirə bilmirsiniz?  Bundan bezmisinizmi? Elə isə biraz da yaxın gəlin. Böyük bir ehtimalla  siz, Trikotilomaniyaya “yoluxmusunuz”.

 

Trikotilomaniya gözə çarpar  dərəcədə saç itkisi ilə nəticələnəcək qədər daim təkrarlanan saç qoparma davranışıdır. İlk dəfə 1889-cu ildə fransalı dermatoloq Hallopeau tərəfindən öyrənilmişdir. Qədim yunan sözü olub “saç qoparıram” mənasını verir. Bu xəstəlik hər yüz insandan 4-ündə təsadüf edilir. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.  Trikotilomaniya ən çox saç qoparma, az hallarda isə qaş, kiprik, saqqal-bığ və  s. bədən tüklərinin qoparılması şəklində özünü göstərir. Adətən evin birinci uşaqlarında daha sıx rast gəlinir ki, buna da əsasən qısqanclığın səbəb olduğu düşünülür. Eyni zamanda  ata-ananın aşırı mükəmməlliyyətçi olduğu və  ya hisslərini bəlli edə bilmədiyi  ailədə böyüyən uşaqlarda da çox müşahidə edilməkdədir. Daha çox uşaq və  yeniyetmə yaşlarında rast gəlinən bu xəstəlik ani bir travma, stressli həyat, diqqət və qayğı əksikliyi, depressiya nəticəsində də yarana bilir. İlk başlarda dərs oxuma zamanı saçların çəkişdirilməsiylə başlayıb, zamanla daha da irəli kiprik, qaş yolunmasına qədər gedib çıxa bilir.  Saç və digər tüklərin qoparılması gərginlikdən qurtarma, rahatlama hissi yaradır.

Aparılan kliniki-psixoloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki , trikotilomaniyalı insanlar saçlarını “yolarkən” ağrı hiss etmirlər, əksinə saçı qoparmamışdan öncə şiddətlə artan gərginlik, narahatlıq hissi, saçı qopardıqları anda  həzz və rahatlama hissinə çevrilir. Bu bir növ onların stress, əsəb və ya hər hansısa gərginliyə qarşı göstərdikləri reaksiyadır.  Və nə yazıq ki, trikotilomanların tüklərini yolarkən aldıqları zövq onların seyrəkləşən saçlarına, kiprik və qaşlarına baxarkən hiss etdikləri üzülmə hissini aradan qaldırmır. Xəstəlikdə iradə sanki öz funksiyasını itirir və bu da xəstəliyin avtomatik hal almasına gətirib çıxarır. Beləki , çox trikotilomanlarda bu hərəkət fərqinə varmadan baş verir və birdə ayıldılarında saçlarının yarısı getmiş olur.

Bəs nə etməli?

Saç, kiprik ya da qaşların yolunması bir müddət sonra tüklərin artıq geri gəlməməsi yəni, mütəmadi olaraq yolunan sahədə tük əmələ gəlməməsi ilə nəticələnir. Zaman keçdikcə bu problemi çözmək daha da çətinləşir. Çox vaxt problemin həlli gözəllik salonları, kosmetoloq, dermatoloqlarda axtarıldığı üçün bu zaman biraz da uzanıb gedir. Xəstəliyin özünün kökündə dayanan psixoloji rahatsızlığa  birdə “tüksüz” görüntünün yol açdığı digər psixoloji narahatlıqlar əlavə olunur ki,  bu da problemin mürəkkəbliyini daha da artırır. Odur ki, özünüzdə və ya övladınızda buna bənzər bir vəziyyət olduğu halda mütləq bir psixiatr-mütəxəssisə müraciət edib professional yardım almaq və xəstəliyin səbəbini öyrənmək lazımdır.  Koqnitiv-davranış terapiyası və bəzi antidepressantlar vasitəsilə dərman müalicəsinin birgə müsbət nəticə verdiyi təsdiq edilmişdir.(psixotest.az)

 

Fəridə Qasımova

Go Back

Ana oldum! Xöşbəxt olmalıyam amma DEPRESSİYADAYAM...

“Dünyanın ən gözəl,ən ülvi hissini yaşadım. Ana oldum,övladımı qucağıma aldım amma özümü ana olmaq üçün yetərli hiss etmirəm,özümü çarəsiz hiss edirəm, xoşbəxt deyiləm…”

Uşağın dünyaya gəlməsilə ailədəki tarazlıq dəyişməyə başlayır. Tərəflər “həyat yoldaşı” ndan başqa “ata-ana” rolları da qazanırlar. Uşağın dünyaya gəlişi əlbətdəki çox gözlənilən sevinc və həyəcan dolu bir hadisədir.  Bu xüsusən də qadın üçün daha əlamətdardır. Çünki doğum bir qadının həyatında yaşayacağı ən böyük və önəmli dəyişikliklərdən biridir.  Ancaq heç də hər bir qadın bu mərhələni eyni cür keçirmir.  Yeni bir varlığı dünyaya gətirmək qadında həm hormonal,həm də duyğusal anlamda dəyişilmələrə, dalğalanmalara gətirib çıxara bilir. Qadın bir yandan canından bir parçası olan  baxımına, yardımına möhtac kiçicik bir canlıya həyat verməkdən zövq alar,bir yandan da həyatında ola biləcək dəyişikliklərin verdiyi hüznə dalar…

Övladınızı uzun bir müddət həyəcan və səbsrizliklə gözlədiniz… onun dünyaya gəlişini,ona toxunduğunuzu,qoxsunu duyduğunuzu,onunla oynadığınızı,onu bəslədiyinizi xəyal etdiniz həmişə. Amma indi qucağınızda bir neçə günlük uşağınız var və siz özünüzü çox çarəsiz hiss edirsiniz. Içinizdə bir sıxıntı var, dolmusunuz,sanki biri toxunsa,biri bir söz söyləsə hönkür-hönkür ağlayacaqsınız.  Körpəniz çox kiçikdir, çox ağlayır və siz çox vaxt onun niyə ağladığını anlamırsınız belə. Bəlkə də ona yaxşı baxa bilmirsiniz, bəlkə də yaxşı ana deyilsiniz ki, onun ehtiyaclarını duya bilmirsiniz. Günlərdir yuxusuzsunuz, özünüzü dar bir qəfəsdə hiss edirsiniz. Bəzən hər şeyi atıb getmək keçir içinizdən və sonra böyük bir vicdan əzabı yaşayırsınız….  Bütün bu duyğular sizi boğur???

 Qorxulacaq bir şey yoxdur əziz analar! Siz tək deyilsiniz, bir çox yeni ana olmuş qadınlar  uşaq dünyaya gəldiyi ilk 10 gün içərisində “Analıq hüznü “ dediyimiz bu duyğuları yaşayır. Bəziləri biraz daha çox ,bəziləri biraz daha az. Bu normal hesab edilir. Ancaq bütün bu narahatlıqlar iki həftədən çox çəkərsə elə isə artıq doğum sonrası (Postnatal) depressiyadan şübhələnməyə rəvac var deməkdir.

 

BƏS SƏBƏBLƏRİ NƏLƏRDİR?

Əslində bunun səbəbləri hamımızın yaxşı bildiyi və müşahidə etdiyi düşüncələrdir. Ana olmağa hazırlaşan çox qadın sanırki körpəsini görər-görməz nə etməsi lazım olduğunu biləcək. Habluki analıq zamanla öyrənilir. Uşağın altı necə dəyişilir, ağlarkən səs tonundan nə üçün ağladığını və s. zamanla öyrənərsiniz. Xətalarınız olduqda, özünüzü əksik və ya yetərsiz hissetdiyinizdə əslində bunun normal olduğunu unutmayın. Indi mükəmməl ana hesab etdiyiniz hər bir qadın bütün bu mərhələləri keçib.Zamanla hər şeyin yoluna düşəcəyinə inanın və özünüzə haqsızlıq etməyin.

Digər bir səbəb də çox zaman gözləntilərimizlə bağlı olur. Hər bir ana övladına hamiləykən aglamayan,sakit, qırmızıyanaqlı,daim gülümsəyən uşaq xəyalı qurar. Amma bunun tam əksini gördüyü anda isə xəyalqırıqlığına uğrar. Yuxusuz gecələr, səbəbi bilinməyən ağlamalar, uşağın zaman-zaman xəstələnməsi,narahatlığı və s. yeni ana olmuş qadına psixoloji təsir göstərən faktorlardır və onun qurduğu xəyalların tam təkzibidir.

Və birdə qadının ana olmadan öncəki həyatında depressiyaya düşüb –düşməmiş olması da səbəblər arasında ola bilir. Çünki müşahidələr göstərir ki, əvvəllər bir dəfə də olsa depressiya keçirmiş analarda Postnatal depressiya daha çox görülür.

-         Əgər özünüzü daima əsəbi və yorğun hiss edirsinizsə

-         Uşağınız üçün narahatlıqlarınız artmışsa,hər an ona nəsə olacaq qorxusu ilə yaşayırsınızsa və bu qorxu sizin günlük həyatınıza mənfi təsir edirsə

-         Və yaxudda körpənizi görmək, ona toxunmaq,əmizdirmək içinizdən gəlmirsə, bütün bunları məcburən edir və zövq almırsınızsa

-         Doğumdan öncə zövq aldığınız şeylər artıq sizi maraqlandırmırsa

-         Iştahanızda nəzərəçarpan dəyişikliklər varsa; yemək yemək yadınıza belə düşmür və ya həddindən çox yeyirsinizsə

-         Özünüzə zərər vermək ya da intahar kimi fikirlər ağlınızdan keçirsə;

O zaman özünüzlə baş etmək yerinə bir mütəxəssisdən yardım almağınızı tövsiyyə edirik.  Həyatınızın ən gözəl anlarını,günlərini belə problemlərlə keçirməyin, doğru istiqamətdə yardım almaqla bunlardan qurtulun, Analığınızın və körpənizin dadını çıxarın!

Çünki, Ana olmaq MÖCÜZƏDİR!!!!                                                                                     (psixotest.az)

Fəridə Qasımova

Go Back

YAXŞI HƏYAT YOLDAŞI = YAXŞI VALİDEYN!

     ebeveyn-hatalari_origBu sadə “riyazi düstür” əslində bütün ailə səadətinizin əsasını təşkil edir. Yaxşı həyat yoldaşı sayıla bilməyiniz üçün malik olduğunuz keyfiyyətlər eyni zamanda  da sizin yaxşı valideyin olma statusunuza birbaşa təsir edir.  Çünki həyat yoldaşınızı xöşbəxt edən, ona sevinc və huzur verən davranışlarınız həm də övladınızı xöşbəxt etməkdədir.

Qadın kişi arasındakı emosional bağ, həssasiyyət uşaq –valideyn arasında da eynilə yaşanmaqdadır.  Belə ki, günün sonunda bir araya gələn cütlüklər bir-birinin halını xəbər alıb, yaşadığı gərginlikləri, stressləri və ya sevindirici hadisələri anlayıb paylaşa bilirlərsə, birlikdə əylənməyi , xoş gün və ya saatlar keçirməyi, bir-birlərinin qayğısına qalıb, bir-birini dinləməyi bacarırlarsa, bütün bunları uşaqları ilə də rahatlıqla edə biləcəklər.  Çünki elə bil bağdır ki  bu, uşaq hələ dünyaya gözünü açmamışdan bu mühitin içərisinə daxil olur. Bu aura ilə yoğrulur psixologiyası, şüuraltısı.  Böyüdükcə problemlər çıxmırmı? Əlbətdəki çıxır,uşaq fərd ,şəxsiyyət kimi formalaşmağa başladığı andan başlayır problemlər. Amma diqqət edin, bu cür ailələrdə problemlər daha asanlıqla, daha az iz qoyacaq şəkildə həll olunarkən, ailə bağları zəif, ata-ana arasında münasibətlərin,ünsiyyətin qopuq olduğu ailələrdə tam əksinə olur. Və hər iki ailə modelində böyüyən uşaqların psixologiyasında, gələcəkdə özlərini bir şəxsiyyət kimi formalaşdırmasında, quracaqları ailədə belə çox kəskin fərqlər müşahidə olunur.

Valideynlər arasındaki emosional münasibət nə qədər güclü olarsa və bir-birlərinin ehtiyaclarına nə qədər həssasiyyətlə yanaşarlarsa,bu artıq onlardan asılı olmadan uşaqların hər ehtiyacını birlikdə ödəmə, hər məsuliyyəti birgə daşıma, övladlarının “yaxşısını” və “pisini” birlikdə dərk edib, paylaşmaqda onlara kömək edəcək. “Sənin verdiyin tərbiyədir! Sənin öyrətdiklərindir! “ və  s. kimi daha çox qadınların kişilər tərəfindən məruz qaldığı bu ittihamlar da ortadan qalxacaq! Çünki ata da uşağın tərbiyəsində ana qədər yaxından iştirak etməlidir. Doğrudur, uşaq ən çox ana ilə təmasda və ünsiyyətdə olur, amma ata da evdə olduğu zamanlarda yaxasını bu işdən kənara çəkməməli , övladının düzgün yetişməsində anaya dəstək olmalıdır. O zaman təktərəfli ittihamlara da yer qalmaz həyatınızda.

Əslində diqqətlə baxıldıqda, Övladınızın ruhi, psixi və müəyyən qədər də fiziki sağlamlığının kökündə həyat yoldaşınızı düzgün seçə bilmək dayanır. Odur ki, ailə qurarkən atalar demiş “yüz ölçüb bir biçin!”.

Unutmayın, Bir Atanın Övladına Verə Biləcəyi Ən Dəyərli Hədiyyə, Anasına Olan Sevgisidir.

Övladınızı bu hədiyyədən məhrum etməyin….                                                              (psixotest.az)

 

Fəridə Qasımova

Go Back

Epilepsiya Nədir? Səbəbləri və İlk Yardım!!!

Epilepsiya nədir? Səbəbləri və İlk Yardım!

10585168_529752187153001_1658236769_nEpilepsiya beyinin funksiyasının qısa müddətli pozulması ilə ortaya çıxır. Bir qrup beyin hüceyrələrində qəfildən başlayan, anormal sinir boşalmaları səbəbilə ortaya çixan bir klinik vəziyyətdir.  Epilepsiya diaqnozu qoyulması üçün epileptik tutmalar birdən çox və təkrarlayıcı olmaq şərtilə üzə çıxmalıdır. Epileptik tutmalar üçün zaman məhdudiyyəti yoxdur. Hər an ,gecə və ya gündüz fərq etmədən ortaya çıxa bilər.

Epilepsiya qadın və kişilərdə bərabər sayda görülməkdədir. Hər hansı bir yaşda ortaya çıxa bilər amma ən çox rast gəlinən yaş aralıqları, gənclər və bir qədər irəli yaşda olanlardadır.

Bilməniz gərəkən ən vacib nüanslardan biri odur ki, hər epileptik tutma keçirən şəxsə epilepsiya xəstəliyi diaqnozu qoyula bilməz!!!  Çünki cəmiyyətdəki hər 20 fərddən biri,həyatının hər hansı bir dövründə ,hər hansı bir səbəblə belə bir tutma keçirə bilər və bu tutma sonra birdə heç vaxt təkrarlanmaz.  Bu həmin şəxsin epilepsiya xəstəsi olduğunu göstərməz! Yuxarıda da qeyd etdiyimiz kimi Epilepsiya birdən çox olmaq şərtilə, təkrarlanan tutmalarla xarakterizə olunur. Eyni zamanda epileptik tutmlarla çox sıx qarışdırılan digər bir tutmalarda İsterik tipli tutmalardır. Unutmayın, Epileptik tutmalar bir necə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. İsterik tutmalar isə saatlarla çəkə bilir.

Epilepsiyanın yaranma səbəbləri

Epileptik tutmaların mənbəyi beyindir. Buna görə də, bəsit dillə desək, beynimizin nizamlı şəkildə fəaliyyət göstərməsinə mane olacaq hər bir hadisə, vəziyyət, faktor buna səbəb kimi sayıla bilir.

Ümumi halda xəstəlik klinik olaraq iki formaya bölünür:

  1. Geniun Epilepsiya- uşaqlarda heç bir səbəb olmadan, genetik faktor, irsiyyətlə əlaqəli yaranan
  2. Simptomatik Epilepsiya – hər hansı bir səbəbdən yaranan

Orqanizmin ümumi inkişafı zamanı yaranan anormallıqlar, ana bətnindəykən dölün məruz qaldığı infeksiyalar, toksik maddələr,doğuş zamanı uşağın oksigensiz qalması, doğuşdan sonra keçirilən beyin infeksiyaları ( miningit, ensefalit) , başa alınan travmalar, zəhərlənmələr ( ağır metallardan, karbon monoksid və s.), beyin xərçəngi, beyinə qansızma, beyin damar tıxanıqlıqları, bəzi dərmanlar, aşırı dərəcədə alkoqol aludəçiliyi, metobolik pozuntular da epileptik tutmalara səbəb ola bilir.

 Epileptik tutmaların tipləri

Bunu bilmək çox önəmlidir. Çünki bu, müalicə prosesində həmin tipə yaxşı təsir edəcək dərmanın müəyyən edilməsində böyük rol oynayır. Bir çox tiplər mövcüdur. Amma bilinməsi lazım olan əsas iki tip vardır:

  1. Parsial –yəni beyində bir bölgə ilə məhdudlaşmış olaraq başlayan tutmalar
  2. Generalizə – beynin əksər hissəsinə təsir edən tutmlar

Parsial tutmalar bədənin müəyyən bir hissəsini tutar. Məsələn, bir ayaqda və ya bir qolda olan əzələ gərilmələri, qol və ya ayaqda uyuşmalar, qıcolmalar, yanma və nadir hallarda ağrı kimi qısa çəkən əlamətlər, rəng dəyişmələri ( qızarma və ya solğunlaşma), qan təzyiqinin dəyişməsi, ani qorxu hissi, deja- vu ( əvvəllər heç olmamış bir hadisəni olmuş kimi qəbul etmək) ya da jamais-vu ( əvvəllər olmuş bir hadisəni sanki heç olmamış kimi hiss etmək), xoş olmayan qoxu və dad hissetmə, mədədə bulantı və hədsiz rahatsızedici hiss, başın bir tərəfə doğru əyilməsi, qolun yuxarı qalxması və s.  Parsial tutmalara aid edilə bilər.

Generalizə tutmalarda isə şüurun ani itməsi ilə yanaşı ani olaraq dalıb getmə, bütün vücudda gərilmələr, atılmalar, sıçramalar əmələ gələ bilir. Xəstələrdə, belə tutmalar zamanı ağızdan köpük gəlməsi, dilini dişləmə, sidik və ya nəcis qaçırması da müşahidə edilə bilər.

Xəstəliyin tətikləyiciləri!

  • Istifadə edilən epilepsiya dərmanlarının düzənli atılmaması və ya kəsilməsi
  • Yuxusuzluq
  • Rejimsiz, sağlıqsız qidalanma
  • Qan şəkərinin tez-tez dəyişməsi
  • Aşırı dərəcədə alkoqol tükətimi
  • Uyuşdurucu maddələr
  • Təkrarlanan, çox parlaq və şiddətli işıq siqnalları ( disko işıqları,video oyunları və s)
  • İnfeksiyalar və yüksək temperatur

Epilepsiya diaqnozu necə qoyulur?

Bunun üçün xüsusi və tək bir test yoxdur. Diaqnoz qoyularkən , xəstənin tutmalarını görən bir nəfərdən alınacaq bilgilər çox dəyərlidir. Buna görə də xəstənin tutmalarına şahid olan insanın qeydləri, mümkünsə tutma anının video görüntüsü ( hansi ki,indi mobil telefonlar vasitəsilə bunu rahatca etmək mümündür. Unutmayın ki, bu diaqnoz üçün çox dəyərli bir bilgi olar!) diaqnoz qoymağa yaxından kömək edə bilər.

Baş vurulan ilk və ən effektli tibbi diaqnoz üsulu Elektroensafolaqrammadır. Bu üsulla beyində epileptik tutmalara yol aça biləcək anormal elektrik boşalmaları müəyyən edilir. Ancaq EEQ qısa müddətli ( təxminən 20 dəqiqə çəkən bir prosedurdur) və xəstənin beyninin həmin zaman hüdudundakı fəaliyyətinin qeydə alındığı bir tədqiq üsuludur ona görə də bəzən çəkim zamanı hər hansı anormallıqlar ortaya çıxmaya da bilir. Ona görə də EEQ müəyyən aralılarla yenidən təkrarlanmalıdır.

Epileptik tutmaların tipinə uyğun düzgün müəyyən edilmiş dərmanlar bu tutmaları xeyli dərəcədə azalda  bilir. Ancaq dərmanlar daima nizamlı şəkildə atılmalı yarıda kəsilməməlidir. Çünki dərmanların anidən, yarıda kəsilməsi ağır və ya durdurulması mümkün olmayan tutmalara səbəb ola  bilər. Xəstələrin 70-75% -ində tutmaları nəzrətdə saxalamaq üçün tək bir dərman kifayət edərkən, bəzi xəstələrdə isə ikinci, üçüncü dərmanında müalicəyə əlavə edilməsi lazım gəlir.

Epileptik tutma zamanı ilk yardım!

  • Ilk öncə sakit qala bilmək və özünü itirməmək xəstəyə göstəriləcək ən önəmli yardımdır.
  • Xüsusilə böyuk tutmalar zamanı xəstənin ağzından gələn köpük və tüpürcəyin xəstənin boğazına gedib nəfəs yolunu tutmaması üçün rahat nəfəs al10536741_529752140486339_321180332_na biləcəyi bir şəkildə uzatmaq lazımdır.
  • Tutma zamanı özünü yaralamaması və başının harasa dəyməsinin qarşısını almaq üçün mümükün qədər yumşaq yerə yatırılsa yaxşı olar.
  • Çənədə kilidlənmə olduğu zamanlarda qaşıq, taxta kimi hər hansi bir cisim və ya əllə xəstənin ağzının açıq saxlamağa və ya açmağa cəhd edilməsi doğru davranış deyil. Unutmayın, qorxduğunuz dil qatlanmasından xəstə heç vaxt ölməz! Amma belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz ,həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.
  • Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranışlardan deyil! Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə , tutmalar da sönəcəkdir.
  • Əksərən tutmalar 1-3 dəqiqə içində keçib gedir. Ancaq 5 dəqiqədən çox davam edərsə xəstə mümkün qədər tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.                    (psixotest.az)

           Fəridə Qasımova

Go Back

14 nəticə göstərilir