Düşüncə Jurnalı

header photo

AİLƏ PSİXOLOQU KİMDİR? NƏ ÜÇÜN LAZIMDIR?!

Ailə terapiyası,ailə üzvləri arasındakı anlaşılmazlıqların, münaqişə və problemlərin ailə psixoloqunun köməyi və nəzarəti ilə çözümlənməsi prosesidir. Ailə hansı hallarda ailə psixoloquna müraciət edə bilər:

  • Yeni ailə qurmaq üzrə olan gənclərlə bağlı problem yaranarsa
  • Ailə üzvləri arasındakı problemlər varsa
  • Ailə üzvləri arasındakı əlaqə və sərhədlər düzgün qurulmamışsa və bir-birini anlamasında ciddi problemlər varsa
  • Antisosial davranışlar göstərən bir yeniyetmənin varlığı zamanı
  • Ailədə xəstəlik, ani itkilər yaşanarsa
  • Boşanmalar zamanı: boşanmış ailələrdə uşaqlarda və yeniyetmələrdə hansısa problemlər yaşanırsa
  • Emosional qırğınlıq və aldatma varsa və s.

İndi çoxlarımız sual edəcək: Əvvələr də bu cür problemlər vardı amma ailə psixoloqu yox idi, problem həll olunmurdumu? Doğrudur, ailə içi problemlər hər zaman olub və olacaq da. Çünki ailə elə bir sosial strukturdur ki, illərlə bir-birindən tamamilə fərqli formada, fərqli ailələrdə, fərqli psixologiya və mühitdə, fərqli adət-ənənələrlə yetişdirilmiş iki insan bir araya gəlir, bir evin içərisində , bir həyat paylaşırlar. Təbiidir ki, sürtünmələr, çatışmalar qaçınılmazdır. Ancaq gəlin etiraf edək ki, əvvəllər ailə faktoru daha başqa cür qavranılırdı, ailə daha müqəddəs, daha bölünməz idi. Son illərdə hədsiz dərəcədə artan boşanmaların sayı da bugünkü “ailə” anlamının fərqli olduğu və yetərli dəyər görmədiyini sübut edir. Əvvəllər ağsaqqallar, ağbirçəklər vardı evlərimizdə, hansı ki, onların statusu bugünkündən daha böyük, daha güvənilir və yaxşı mənada ciddi tənzimləyici idi. Ancaq indi dövr və dövrün özüylə gətirdiyi tələblər və şərait çox dəyişib. Gənclər artıq özləri müstəqil bir həyat, ailə, münasibət istəyirlər və bəzən təcrübəsizlikləri, bəhs etdiyimiz ağsaqqal, ağbirçəklərin yoxluğu və ya dinlənilməməsi, insanlararası münasibətlərin artıq daha soyuq, güvənsiz və yıxıcı xarakter alması, dost faktorunun əsl mahiyətinin itirilməsi, müxtəlif sosial və məişət problemləri, əvvəlki dövrlərlə müqayisədə günümüzdə əsəb, stress, həyəcan pozunutusu, depressiya və s. halların artması bərabərində müxtəlif yönümlü problemlər gətirib çıxarmışdır.

Yeni qurulmuş gənc bir ailə düşünün, boşanmanın bir addımlığında olan. Evlənmədən öncə qurduqları xəyallar ilə gerçəklik arasında qatı bir sərhəd görmüş, çox keçmədən münaqişələr başlamış, səslər yüksəlmiş, qırıcı sözlər sərf edilmiş… Amma hisslər bitməmiş… Araya ailələr qarışmış… Biri razı,digəri narazı… Sərhədlər pozulmuş, gənc ailə çıxılmaz bir labirint içərisində ilişib qalmış…

Bir ailə düşünün,ya da çox düşünməyə nə gərək zatən ətrafımız dolu deyilmi, alkoqolun, narkotikin dağıtdığı, dağıtmaq üzrə olduğu və ya bədbəxt etdiyi ailələrlə.Bu ailə içərisində travma alaraq böyümüş bir uşağın cəmiyyətdəki mövqeyi və gələcəkdə quracağı dağılmağa və ya sürdürülməyə məhkum, daha bir bədbəxtlik saçan ailə həyatını düşünün. Nə addım atacaqlarının, bununla necə baş edəcəklərini bilmədən azıb qalmışlar yol ayrıcında…

Həyat yoldaşının onu saymaması, yetərli diqqəti verməməsi, dinləməməsi üzündən özünü ona təsdiqlətmək, “Mən də varam”, “Mən də bacarıram” deyə bilmək üçün o qədər başqa yollara girib çıxa bilməyənlər var ki…

Sonra balaca bir uşaq düşünün xroniki baş ağrıları, ürəkgetmələri ilə ailəsini həkim-həkim gəzdirən amma tibbi olaraq səbəbi anlaşılmayan… Bir yeniyetmə düşünün atası evdə daha çox olsun deyə özü evə sığmayan, anasına toxunmasın deyə heç evdən çıxa bilməyən ,hər gecə yuxusunda kabus deyə atasını görən uşaqları düşünün birdə… Yoldaşından əvvəlki sevgini, qayğını görə bilməyənlər, bununla baş edə bilmək üçün bir anlıq zəiflikdən istifadə edib başqa yerlərdə qayğı axtaranlar, sonra peşman olanlar, peşmançılıqlarının dilə gətirə bilməyib əsəbə, hirsə, şiddətə çevirənlər, ailəni idarə etmək istəyərkən sükanı itirənlər var birdə…

Bu sıranı təəssüf ki, o qədər artırmaq, o qədər uzatmaq olar ki… Sadəcə ətrafa bir qədər diqqət kəsilsəniz hər gün insanların nə qədər müxtəlif problemlərlə baş etmək məcburiyyətində qaldığını müşahidə edə bilərsiniz. Bax bütün bu problemlərin öhdəsindən daha rahat bir şəkildə gəlmək, qarşıdakının hisslərini doğru dürüst anlamaq, ailə bütovlüyünüzü qorumaq, ailənizdə xöşbəxt və rahat ola bilmək və övladınızı sağlam bir psixoloji mühitdə böyütmək üçün indi köməyinizə ailə psixoloqunuz çata bilər!

Niyə axı ilişib qaldığınız, dönüb dolaşıb eyni yerə qayıtdığınız o labirinti, onun rahat çıxış yolunu bilən biri ilə keçməyəsiniz ki…

Niyə öz ailə psixoloqunuzla azıb qaldığınız bu yolu daha az iz buraxacaq şəkildə keçib, yepyeni aydınlıq bir yola yetməyəsiniz ki…

Övladınızın mövcüd problemlərini öz ailə psixoloqunuzun köməyilə sağlam bir şəkildə yox etməyəsiniz ki…

Xoşbəxtliyin standart bir resepti yoxdur. Hər bir ailənin hüzur və xoşbəxtlik mənbəyi fərqli fərqlidir. Gəlin biraz düşünək… Daha rahat, hüzurlu və sevgi dolu bir ailə seçənəyi varkən, öz problemlərimiz içində boğulmayaq…

Hər zaman hüzurlu qalmağınız diləyilə…. 

Qasımova Fəridə

AMEA -nın doktorantı, kiçik elmi işçi

pcc.az

Go Back

Sorğu göndər