Düşüncə Jurnalı

header photo

Güvənsizlik,Şübhə,İtirmək Qorxusu... Nə etməli?

Buraxın bahalı parfümləri getsin, güvən qoxmalı bir insan güvən...

Cəmiyyətin gəlib çıxdığı son durum... Güvənsizlik...Etibar edə bilməmək...Daim şübhəylə yaşamaq, şübhəylə yanaşmaq...Elə bir həddə gəlib çatıb ki,vəziyyət insan özünə belə güvənə bilməyəcək hala gəlib çıxıb. Özünə şübhə ilə baxmaq,özünə inamı itirmək.. Bəlkə də elə insanlara qarşı itən güvənin kökü buradan başlayır... Həyatımızdan güvənimizi yıxaraq gedən insanlar,içimizdən də bir şeyləri qoparıb aparır hər dəfəsində. Hər damla güvən qopduğunda içimizdən, biraz daha uzaqlaşırıq özümüz özümüzdən..

Dostluqda, sevgidə,işdə,evlilikdə... Şübhələr gəmirir içinizi..Rahat buraxmır,yaşayasınız qəlbinizdən keçən hər şeyi...

Şübhə niyə yaranar bir insana qarşı? Və ya sualı belə qoyaq, insan dəyər vermədiyi birindən şübhə duyarmı? Şübhə duyduğu bir insanı itirməkdən qorxmazmı əslində.. İtirməkdən qorxduğu bir insanı necə dəlicə sevər insan deyilmi? Sevgisi ağrımağa başlayar yaşadığı güvənsizlikdən... Hər addımda özünə olan inamını, özünə olan sayğısını, özünə verdiyi dəyəri zərrə zərrə itirər insan...

Nə etməli? Nədir çarə? Bir xəstəlikmi bu?...

Güvənsizlik,şübhə,itirmə qorxusu... bu üç termin yanyana qoyulduğunda böyük bir problemin təməlini təşkil edir əslində. Deyəcəksiniz ki,insan itirməkdən qorxmadığı birini niyə saxlasın ki həyatında. Deyəcəksiniz ki, şübhəni yaradacaq əsaslar varsa nə etməli? Zatən biz normalar daxilində olan duyğulardan danışmırıq. Norma həddini aşan hər duyğu zərərdir insana... İnsan psixikası elə həssas bir güzgüdür ki, yaşadığı hər şeyi,həbs edər öz aydınlığına. İzi silinməz əsla. Bir dəfə çat verdimi o aynanın bir parçası kifayətdir... Sonrakı həyatında unutdurmaz sənə yaşadığı o anı... Zireh hörər ətrafına toxuna bilməzsən bəzən yarana. Həyatına girən hər insana qarşı psixikandakı yara izi həyəcan təbili çalmağa başlayar... Bir daha yaşanmasın deyə sənə olmayanları olar edər... Təxəyyülün o qədər güclü iş rejiminə keçər ki, senarilər qurmağa başlayarsan... Qorxu alar canını yenə... Ruhun titrəyər.. O vaxt titrədiyi kimi... İtirməkdən qorxarsan yenə.. Güvənməkdən qorxarsan yenə... Məsafələr salar arana insanlarla psixikanın yaratdığı o qalın zireh.Kimsəni qoymazsan artıq yaxına. Yaxına gəlməslər qırılmaq təhlükəsi olmaz axı.. Beləcə ya yalnızlığına sarılıb çökdürərsən ruhunu, ya da hər an şübhə edərək yorarsan özünü və onu... Münasibətlər elə həddə çatar ki, bezdirərsən həyatındakı ən dəyərli parçanı. Özün öz əllərinlə itirərsən itirməkdən qorxduğun həyatını...

Bu cür gedirsə həyatın,bir dəqiqə dayan.. Durult fikirlərini... Hər şeyini beləcə itirə bilməzsən. Deməkki yolunda getməyən bir şeylər var və sən bunu görməkdə çətinlik çəkirsən... Bununla yaşamaq sənin qismətin deyil. Bacara bilərsən! Hər şeyin təməlində sənin özünə qarşı qırılmış inamının, özünə qarşı əskilmiş güvənin  olduğunu  görməklə başlamalısan işə!

Bu qorxunu yaradan ən böyük mənbə elə sən özünsən! Bir başqası deyil! Bununda öhdəsindən yalnız Sən gələ bilərsən! Sən dəyərini, hörmətini anladığın anda bunu hər kəsin anladığını görəcəksən! İtkilər ola bilər həyatında, layiqsizcə çıxıb gedənlər ola bilər...Şübhələrin üzündən İnsanların həyatını idarə etməyə çalışmaqdan, daim hər şeyi nəzarət altında saxlamaq istəyindən, itirmək qorxun üzündən  öz istəklərini başqasının istəklərinə qurban verməkdən, özünü daha aşağı,daha zəif görməkdən vaz keç artıq! Bəli, bu an qorxmalısan bəlkədə yenidən başlamaq üçün! Tək bir şeyi itirməkdən... Özünü itirməkdən...

PS: Əgər qorxularınla,içindəki şübhə ilə yalnızbaşına mübarizə apara bilmirsənsə, bir mütəxəssisdən yardım ala bilərsən! Unutma, Həyatı gözəl edən Sənin varlığındır! Varlığının fərqinə var!

Fəridə Şərifova

NUPM Təhsil və Tədqiqat Şöbəsinin müdiri,psixoloq

Go Back

Sorğu göndər