Düşüncə Jurnalı

header photo

Səpgilərdən xilas olmağın yolları

Gözəllik həmişə göz oxşayır. Ancaq əbədi nə var ki? O ki qaldı qadın gözəlliyi ola...

Zaman keçdikcə, yaş üstünə yaş gəldikcə gözəllik də yavaş-yavaş solmağa başlayır, necə deyərlər, qara saça dən, bəyaz dəriyə qırış düşür. Amma cavanlığın da öz problemləri var. Məsələn üz səpgiləri.

Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Əlbəttə ki, səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.

Üzdə olan civzə və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt qəflətən və gözlənilmədən yaranır. Axşam təmiz və hamar olan dəridə səhər çoxlu xırda səpgilər yarana bilər.

 

Xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:

- Mədə-bağırsaq sisteminin pozulması: qəbizlik, bağırsaqların atoniyası;

- Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;

- Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;

- Dəri parazitləri: demodeksin – dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;

- Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks və cinsi həyatda uzunmüddətli fasilə;

- Bəzi dərman preparatlarının qəbulu;

- Bəzi qida növləri (ekzotik və sitrus meyvələri, moruq, yerkökü və s.), keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;

- Dərinin infeksion xəstəlikləri;

- Güclü stress.

 

Səpgilərin üzün hansı hissəsində yayılmasından asılı olaraq səbəb haqqında mülahizə yürütmək olar.

Alında, saç xəttinə yaxın – öd kisəsi və öd yollarının disfunksiyası, qəbizlik;

Göz ətrafındaalmacıq sümüyü üzərində – böyrək və böyrəküstü vəzin xəstəlikləri;

Burunüstü nahiyədə – qaraciyərin disfunksiyası;

Yanaq, sinə, kürək nahiyəsində – ağciyər xəstəlikləri;

Burnun ucunda və qanadlarında – ürək-damar sisteminin xəstəlikləri;

Dodaqətrafı və çiyin nahiyəsində – həzm sisteminin və yoğun bağırsağın disfunksiyası;

Çənə və çənəaltı nahiyədə – hormonal sistemin, əsasən də cinsi hormonların disbalansı zamanı əmələ gəlir.

 

MƏSLƏHƏTLƏR

- Üzün isti suyla yuyulması ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür.

- Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinir.

- Gülümbahar, aptek çobanyastığı çiçəyi və dazıotu kimi bitki dəmləmələri ilə üzə islatma və buxar vannası edilir.

- Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılır, meyvə-tərəvəz, göyərti kimi təbii məhsullar artırılır.

- Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edilir.

- Mütəmadi olaraq təmiz havada gəzmək, müalicə müddətində dekorativ kosmetikadan istifadə etmək, skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durmaq məsləhət görülür.

 

RESEPTLƏR

- 1 çay qaşığı tozağacı tumurcuğu 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılır, 20 dəqiqə ocaqdan kənarda dəmlənir, süzülür. Bir neçə qat tənzif isti dəmləmədə isladılır, üzə qoyularaq 10 dəqiqə saxlanır. Soyuyandan sonra tənzif dəyişdirilir.

- Bağayarpağının bir neçə təzə yarpağı xırdalanıb əzilir, alınan kütlə təmiz yuyulmuş üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra yuyulur.

- 1 xörək qaşığı quru dəvədabanı üzərinə 1 stəkan qaynar su tökülərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə üz hər gün bir-iki dəfə yuyulur.

- 1 xörək qaşığı quru gəndalaş çiçəyi üzərinə 2 stəkan qaynar su tökülərək 20 dəqiqə dəmlənir, süzülür və üzə islatma qoyulur.

- Teader çayı 2 filtr-bağlama 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə daxilə qəbul edilir. Həmin dəmləmə ilə üz dərisi gündə 2 dəfə silinir.

- 1 xörək qaşığı xırdalanmış gülümbahar çiçəyi 1 stəkan qaynar suda 1 saat dəmlənir, süzülür. Azacıq isidilərək 20 dəqiqə üzə islatma qoyulur və ya isti buxarla üzə vanna edilir.

- 2 xörək qaşığı gülümbahar çiçəyi üzərinə 1/4 stəkan 40% spirt və 1/5 stəkan isti su əlavə olunur, tünd qabda qaranlıq yerdə 1 sutka dəmlənir. Sonra süzülür, üzərinə 3-4 ml qliserin, 5 qram bor turşusunun spirtdə 5% məhlulu əlavə olunaraq qarışdırılır. Alınan cövhərlə üz gün ərzində 2-3 dəfə silinir.

- Gün ərzində iki dəfə üz dərisi səpgi əleyhinə Fitolosyonla silinir.

- 2 çay qaşığı bal yarım çay qaşığı toz halına salınmış darçınla qarışdırılır, isti su hamamında yumuşaldılıb üzə çəkilir, 10 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyulur.

- 1 ədəd yumurta ağı köpük alınana qədər yaxşı çalınır, 1 çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə edilib qarışdırılaraq üzə çəkilir. 10 dəqiqə saxladıqdan sonra yuyulur, sonra qidalandırıcı krem çəkilir.

- Aloe yarpağı kəsilir, soyuq suyla yuyulur, sərin və qaranlıq yerdə 10 sutka saxlanır. Yarpağı kəsilməmişdən 1-2 həftə əvvəl bitki sulanmamalıdır. Sonra yarpaqlar xırdalanır, əzilir, üzərinə 1:5 nisbətində qaynadılmış soyuq su əlavə olunur. Qaynayan su hamamında 1 saat dəmlənir, ocaqdan götürülür, soyudularaq süzülür. Tünd şüşə qabda saxlanır. Gün ərzində 2 dəfə üz dərisi silinir.

 

Mənbə: Herba Flora jurnalı

Go Back

Sorğu göndər