Düşüncə Jurnalı

header photo

“Adını eşidəndə dəli oluram”- Narkotik qurbanı danışır

İnsanı öldürən min cür təbii və qeyri-təbii vasitələr var - qripdən tutmuş atom bombasına qədər. Həyatına son qoymaq istəyənlər də müxtəlif üsullara əl atırlar. Ancaq adına “ağ ölüm” deyilən dəhşəti hansı qrafaya aid eləmək lazım olduğunu bilən yoxdur. Bu, insanları tədricən məhv eləmək yoludur. Deyir, birini məhv etmək istəyirsənsə, onu öldürmə, heroinə öyrət. Sonra da onun əzablarla məhv olmasına baxıb ləzzət al... 

Bizimlə söhbət edən, ancaq anonim qalmaq istəyən müsahibimiz də axırda belə dedi.

“Yalnız o qızı düşünürdüm”

O, 1970-ci ildə Hacıqabulda anadan olub. Məktəbdə oxuyanda bir qızı sevib: “Sonuncu sinifdə oxuyanda məndən iki sinif aşağı bir qızı sevirdim. Düşünürdüm ki, nişanlanarıq, mən universitetdə təhsil alaram, o da orta məktəbi qurtarar, evlənərik. Son zəng günü istəyimi qıza dedim. Amma mənə ”yox" cavabı verdi. Mən də heç bir söz demədən gözlədim. 

Bakıda universitetə daxil oldum, üz tutdum paytaxtda yaşamağa. Amma o qız fikrimdən çıxmırdı. Birinci semestrin yekununda rayona gələndə eşitdim ki, qız başqa birinə qoşulub qaçıb. Sankı həmin vaxtdan həyatda mənə vacib olan daha nəsə qalmadı".

“Pulumun olduğunu bildi və...”

O, yenidən təhsilini davam etdirmək üçün paytaxta qayıdır. Narkotikə aludəçiliyi də sevdiyi qızın ondan imtina etməsi ilə başlayır: “Mənim sevib evlənmək istədiyim qız artıq başqası ilə bir dam altda yaşayırdı. Dərslərə getmirdim. Getsəm də, adaptasiya ola bilmirdim. Bir gün dostumla restoranda oturmuşduq. Onun bir tanışı da ora gəlib çıxdı. Kefsiz olduğumu bildi, soruşdu ki, nə olub? Hadisəni danışanda güldü, dedi ki, həyatda insana sevinc gətirən şeylər çoxdur. Növbəti dəfə restoranda oturub yeyib-içdikdən sonra ilk dəfə mənə nəşə hazırlayıb verdi ki, çəkim. Onu çəkdim, hallandım, elə bildim, dünya mənimdir. Dedim, mənə lazım olan elə buydu, bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olduğuna inanmağa başladım. On-on beş gün əhvalım düzəldi. 

Sonra tez-tez həmin adama zəng edirdim ki, mənə mal gətir, ağrım çəkilib getsin. O da dərhal gətirirdi. Amma pul istəmirdi. Narkotikin bütün növlərindən çəkmişəm. İlk olaraq nəşədən başladım, sonra heroinə, metodinə, daha sonra kokainə keçdim. Bir gün mənə narkotik gətirəni axtaranda tapa bilmədim. Telefonuna zəng etdim, cavab vermədi. Universitet tələbəsi olduğum üçün kiməsə ehtiyacımı deməyə ürək eləmirdim. 

Aradan 3-4 ay keçmiş həmin kişi yenə üzə çıxdı. Soruşdum ki, bəs sən hardasan, mənə mal lazımdır. Qayıtdı ki, vəziyyət xarabdır, narkotik almağa pul yoxdur. Güldüm, dedim, mənimçün pul problem deyil, sən malı gətir. 

Beləliklə, həmin adam bildi ki, mənim yaxşı pulum var. Demək olar ki, hər gün narkotik gətirirdi. Bu bəla məni dərslərdən soyutdu, evdən göndərilən pulları narkotikə verməyə məcbur olurdum". 

“Atam yalvardı” 

Deyir, ailəsi narkotik istifadəçisi olduğundan xəbər tutanda onu evləndirmək istəyiblər: “Nəhayət, ailəmiz bundan xəbər tutdu. Bu problemdən çıxış yolu kimi məni ikinci kursda xalam qızı ilə evləndirmək qərarına gəldilər. Amma əvvəlcə məni müalicə almaq üçün xəstəxanaya yerləşdirdilər. Atam yalvardı ki, rayonda vəzifəm, adım-sanım var, həm də cavansan, yazıqsan, bundan əl çək. Özümə söz verdim ki, daha narkotik qəbul etməyəcəm. Xalam qızı ilə evləndim. Hər şey yaxşı gedirdi. Gözəl ailəm vardı, bir qızım oldu. Atam tanışları vasitəsi ilə məni banka işə düzəltdi, çox keçmədi bankda şöbə müdiri vəzifəsində çalışdım”. 

QİÇS-ə tutulanda... 

O, Bakıdan rayona gedəndə təsadüfən həmin adamla rastlaşır. Və öyrənir ki, o, yenə də narkotik alveri ilə məşğuldur: “Günlərin bir günü rayona gedəndə Hacıqabulda rastlaşdıq. Hal-əhval tutduqda məlum oldu ki, həbsxanadan təzə çıxıb. Amma yenə də narkotik alveri ilə məşğul olur. 
Bir gün işdə oturmuşdum, qəfil o kişi gözlərimin önünə gəldi. Düşündüm ki, yenidən bir dəfə çəkməklə heç nə olan deyil. Onu axtarıb tapdım, mənə mal gətirməsini istədim. Artıq şprislə damara vurmağa başladım. Həmin vaxtdan ailə-uşaq, heç kəs vecimə olmadı. İşə gəlmədiyimdən, tez-tez gecikdiyimdən məni şöbə müdiri vəzifəsindən çıxardılar, adi işçi oldum. O da atamın xətrinə... 

Bütün bunlar məni yolumdan döndərmədi. Ağlımda yalnız bir şey vardı: narkotikdən istifadə edim və dərdlərimi unudum. Həyat yoldaşım biləndə ki, həm narkotikdən istifadə edirəm, həm də QİÇS daşıyıcısıyam, evdən çıxıb getdi. Bacım-qardaşım da məndən imtina etdilər. Pulum qurtaranda borclarım başladı. Evdə satmadığım əşya qalmadı. 

Həmin adama yalvarırdım ki, mənə borc narkotik gətirsin. O da gətirirdi. Amma borcumu ödəmədiyim üçün daha narkotik vermədi. Bir gün polis məni narkotik üstündə həbs etdi". 

Həbsxanadan çıxdıqdan sonra yenə də ata-anasına sığınır: “Üç il həbsxanada yatdım. Məhbəsdə olanda məndə Hepatit-c də aşkarlandı. İşləməyə gücüm də çatmırdı. Pis vəziyyətdə idim. Yenə ata-anamın mənə yazığı gəldi. İndi onlarla qaliram. Ailəm isə hələ də mənə inanmır. Ona görə mənimlə yaşamaq istəmirlər. 
Digər tərəfdən, mən həyat yoldaşımı da QİÇS-ə yoluxdurmuşam. Mən özüm də arxayin deyiləm ki, bu bəladan qurtulacam. Hərdən ağrılarım olur, dərmanlarla yola verirəm. Amma nə vaxta kimi tab gətirəcəm, bilmirəm. Hərdən özümü öldürmək istəyirəm. Bilirəm, bu hal çox çəkməyəcək.  Çünki beynimdən narkotik çıxmır. Sadəcə, ata-anama söz verdiyin üçün dözürəm. Yanımda narkotikin adının çəkilməsi belə məni dəli edir". 

“Bundan sonra nə qədər peşman olsam da...” 

O, səhvlərindən peşmandır: “Bu, bir səhv olsa da, bu bataqlıqdan çıxmaq mümkün deyil. Əgər birini məhv etmək istəyirsənsə, onu öldürmə, heroinə oturt. Sonra onun əzablarla məhv olmasına baxıb ləzzət al... 

Narkotikə qoşulmağı düşmənimə də  arzulamıram. Müalicənin faydası nadir hallarda olur. Böyük iradə tələb edir. Sağalırsan, yenidən düşürsən həmin “kruq”a, hər şey yenidən başlanır. Mal elə bir şeydir, adamı sındırır. Pul tapa bilmirsən, məcbur borca narkotik alırsan. Bir gün, beş gün borca verirlər. Nəhayət, həbs etdirirlər. 

Bu xəstəlikdən ən yaxşı çıxış yolu ölümdür. Adi adamlar, xüsusən, gənclər narkotik aləmində olan insanlara yaxın getməsinlər. Sonrakı peşmançılığın nə faydası var? Bundan sonra o qədər peşman olum ki..." 

 İlhamə Əbülfət

teleqraf.com

Go Back

Sorğu göndər