Düşüncə Jurnalı

header photo

Doğuşdan sonrakı dövrün gigiyenası

Doğuşdan sonrakı dövr ciftin bütün qişaları, göbək ciyəsinin qalıqları ilə birlikdə uşaq doğulandan sonra uşaqlıqdan ayrılması ilə başlayır və doğuşun üçüncü dövrü sayılır və bu dövr 6-8 həftə davam edir.

Bu dövrdə yeni şəraitə uyğunlaşma, orqanizmin yenidən qurulması baş verir ki, bu da ilk 1-2-ci həftələrə təsadüf edir.

Uşaqlıq tədricən qan və seliklə birlikdə ifraz olunan nekrozlaşmış toxumalardan azad olaraq həcmcə kiçilir. Bu ifrazatlara “loxiyalar” deyilir. 1-ci gündən 5-ci günə qədər seroz-qanlı ifrazatın miqdarı çox olur, sonra azalaraq 10-cu günə rəngi açıqlaşır.

Uşaqlığın normal vəziyyətinin daha tez bərpa olunmasına səbəb olan əsas amillərdən biri körpənin ana südü ilə qidalandırılmasıdır.Körpənin fəal şəkildə süd əmdiyi zaman oksitosin hormonu ifraz olunur ki, bu da uşaqlığın yığılmasına səbəb olur. Uşaqlığın normal vəziyyətə qayıtması doğuşdan sonra 10-12-ci günə təsadüf edir.

Uşaqlıq boynu yalnız doğuşdan sonra 3-4-cü həftələrdə bağlanır. Bu səbəbdən də uşaqlıq daxilinə infeksiya keçməməsi üçün həmin dövrdə gigiyenik qaydalara xüsusi dəqiqliklə riayət etmək lazımdır.

Doğuş zamanı aralıq sahəsi zədələnməsə də belə, xeyli genişlənmə və sıxılmaya məruz qalır. Buna görə də doğuşdan sonrakı dövrdə aralıq nahiyəsində ağrıların olması təbiidir. Xüsusilə də doğuş zamanı dölün başının maneəsiz irəliləməsi üçün kəsiklər aparılmışdırsa, bu ağrılar qaçılmazdır. Hər bir yeni tikilmiş yara kimi aralıq kəsikləri və çatların sağalması 7-10 gün tələb edir.

Qadın doğum evində olarkən tibb bacısı aralığın infeksiyalaşmamasına nəzarət edir. Tək kəsik yarası yox, eləcə də bütün doğuş yollarına infeksiyanın düşməməsi üçün doğuşdan sonra gigiyena qaydalarına əməl etmək zəruridir:

- gigiyenik qadın paketlərinin təmizliyinə fikir verin, onları hər 4-6 saatdan bir dəyişin;

- gigiyenik paketləri öndən arxaya doğru hərəkət etdirərək dəyişdirin ki, arxa dəlikdən uşaqlıq yoluna mikroorqanizmlər düşməsin;

- hər bir təbii ifrazatdan sonra aralığı ilıq su və ya antiseptik maye (kalium permanqanatın zəif məhlulu) ilə yaxalayın;

- çalışın ki, yaralar sağalmamış aralığa əlinizlə toxunmayasınız.

Evə qayıtdıqdan sonra çalışın ki, 10 gün və mümkünsə, daha artıq müddətdə istirahət edəsiniz. Təbiətin qanunlarına zidd getməyə çalışmayın; orqanizm yalnız 6 həftədən sonra əvvəlki vəziyyətinə qayıdır və ən azı 2 aydan sonra gücünü tamamilə bərpa edir. Bu dövr ərzində həddən artıq yorulmaq, ağır əşyalar daşımaq qadağandır. Nahardan sonra istirahət edin, gün ərzində 7 saatdan az yatmayın!

Doğuşun səhərisi artıq duş qəbul edə bilərsiz. Doğuşdan 10-12 gün sonra vanna qəbul etmək olar. Ancaq aralıqda kəsik yaraları varsa, bunu ehtiyatla etmək lazımdır.

Saglamolun.Az

Go Back

Sorğu göndər