Düşüncə Jurnalı

header photo

Hamiləlik və səyahət

Hamiləliyin səyahətə heç dəxli yoxdur! Yoldaşınız sizi səyahətə dəvət edirsə, bu fürsəti əldən verməyin, səfərə hazırlaşın. Ancaq əvvəl bir suala cavab alın:

Hara və necə?

Səyahət proqramıyla əvvəldən tanış olmaq vacibdir. Bəzi turizm şirkətləri bir ölkəyə bir neçə günlük səyahət təklif edir. Bir həftə ərzində siz gah saatlarla avtobusda gedir, gah da uzun-uzadı piyada gəzməli olursunuz, böyük və tarixi şəhərləri bir həftəyə görmək istəyirsiniz. Belə səyahət hamiləyə yaramır. Hamilə üçün ən yaxşısı bir yerə–ya bir şəhərə, ya dəniz kənarına, meşəyə və s. getməkdir.

Dəniz kənarında təmiz hava, dənizin qumu, ya narın daşlar sizi rahatlayar, səyahətin müsbət enerjisi hamiləliyin gərginliklərini azaldar.

Gəzməli şəhərlərə, məsələn, Şəkiyə, yaxud Parisə çox yaxınsınızsa, yoldaşınızla, ya dostlarınızla yollanırsızsa, niyə imtina edəsiz? Belə səyahət zamanı istədiyiniz qədər gəzə, istədiyiniz vaxt istirahət edə bilərsiniz. Həkimlər hesab edirlər ki, səhayət üçün ən yaxşı dövr hamiləliyin 14-27-ci həftələridir. Hamilə qadınların çoxunda 12-14-cü həftədə toksikoz keçib-gedir. Qadın hamiləliyə alışır, bədəni güclənir.

Nəqliyyat vasitələri, ilin fəsilləri vacib amillərdir.

Hamilə qadınların təyyarə və gəmi ilə səyahəti təhlükəlidir. Gəmi onsuz da bəzi adamlarda qusma, ürəkbulanmaya səbəb olur. Hamilə qadın (xüsusilə ilk 3 ay) toksikozdan əziyyət çəkirsə, gəmiyə minməsə  yaxşıdır.

Təyyarədə oksigen azlığı, atmosfer təzyiqinə görə aviaşirkətlər adətən hamilə qadınların uçuşuna məhdudiyyət qoyur. Məsələn, AZAL hamiləliyin 26-cı həftəsini keçən sərnişindən həkim arayışı tələb edir. Arayışda hamiləliyin patologiyasının, vaxtından əvvəl doğuş təhlükəsinin olub-olmaması barədə məlumat verilməlidir. 32 həftəlik hamilə qadınların uçuşuna ümumiyyətlə icazə verilmir.

Həkimin icazəsi olarsa, istər təyyarə, istər qatar, istərsə də avtomobildə (maşını siz yox, başqası idarə edirsə!) bir-iki saatlıq səfərin təhlükəsi yoxdur.

Səyahətdən əvvəl həkimlə məsləhətləşmək zəruridir. Ona haraya, hansı müddətə getdiyinizi deyin, analizlərin vaxtını soruşun. Bəlkə siz bu günlərdə vacib analiz verməlisiniz? Sizə lazım ola biləcək dərmanları götürün. Getdiyiniz ölkədə hansı peyvəndlərin vurulmalı olduğunu öyrənin.

Uzun müddətli səfərə çıxırsınızsa, getdiyiniz yerdə həkim tapın, həmin həkimin adını, telefon nömrəsini, ünvanını özünüzlə götürün.

Yola çıxandan əvvəl yalnız yaxşı şeylər barədə düşünün, nikbin olun. Sizə yaxşı yol!

bala.az

Go Back

Sorğu göndər