Düşüncə Jurnalı

header photo

Mandela effekti

15-07-2017

İnternet istifadəçiləri arasında son illərdə məşhurlaşan bir teoriya var. Bu Mandela effekti və ya bəzən də Berenstein nəzəriyyəsi kimi adlanır. Bu nəzəriyyə haqqında internetdə ilk dəfə 2010-cu ildə Fiona Broome adlı bir bloqqer yazıb. O, bloq yazısında qeyd edib ki, Nelson Mandelanın 1980-ci illərdə həbsdə olarkən öldüyünü çox əminliklə xatırlayırmış, daha sonra isə əslində belə olmadığını öyrənib(bloq yazılan dövrdə Mandela sağ idi, 2013-cü ildə vəfat edib) [1]. 
Bunu heç cürə qəbul edə bilmir və bu hadisəni internetdə paylaşaraq digər insanların da belə düşünüb-düşünmədiyi barədə öyrənmək istəyir. Qəribə şəkildə, həmin yazıya gələn rəylərdə bir çox insan da Mandelanın həbsdə olduğu dövrdə öldüyünü xatırladığını yazır. 
Daha sonra, 2012-ci ildə Reece adlı başqa bir bloqqer də buna bənzər bir hadisə haqqında yazır [2]. 
O isə «The Berenstain Bears» adlı uşaq kitabının adının Berenstein(«e» ilə) olduğunu əminliklə xatırladığını deyir. Həmçinin bu xatirəni də fərqli internet istifadəçiləri təsdiq edirlər. Reece özü fizikdir və bu məsələyə fizika ilə açıqlama verməyə çalışır. O belə yazır: «Mən düşünürəm ki, kainat 4 ölçülü kompleks bir manifolddur. Əgər riyazi dili başa düşmürsünüzsə belə izah edim, kainatdakı 3 fəza və 1 zaman ölçüsünün öz içlərində kompleks olduğunu düşünürəm. Bu o deməkdir ki, onlar a + ib (riyaziyyatdan bildiyimiz kompleks ədədlər) formasında „həqiqi“ və „xəyali“ dəyərlər alırlar. 4 ölçülü manifold daxilində 16 heksadektant mövcuddur(kvadrantlar kimi, ancaq onların 16 dənəsi) və bizim hansı 4 ölçü içində olduğumuzu müəyyən edirlər. Bizim yerləşdiyimiz heksadektantda 3 fəza ölçüsü həqiqi, 1 zaman ölçüsü isə xəyalidir.» Bundan sonra 2013-cü ildə reddit istifadəçiləri /r/MandelaEffect subreddit-ni açırlar. [3] 
Burada insanlar yanlış xatırladıqları hadisələri paylaşırlar. Hazırda bu subreddit-in 22.510 izləyicisi var.
Mandela effektini yaşadığını deyən insanlar iddia edirlər ki, Mandela effekti paralel kainatlar nəzəriyyəsinin bir nəticəsidir. Bu nəticəyə görə, bir qrup insan keçmiş hadisələr haqqında alternativ xatirələrə sahibdirlər. Nəzəriyyənin dəstəkçiləri həmçinin iddia edirlər ki, kainatdakı reallıq anlayışı keçmişdə bir nöqtədə forma dəyişdirib və bizim kainat başqa bir kainatla «dolaşıb» və insanlar bu fərqli reallıqlar arasında keçid edirlər. Nəzərriyənin(əslində buna nəzəriyyə demək düzgün deyil, hipotez demək olar) nə qədər həqiqətə uyğun olması barədə qəti bir şey demək mümkün deyil. Lakin bu qədər çox sayda insanın oxşar hadisələri yaşaması qəribədir. Ola bilsin ki, sadəcə reallığa asan cavab tapmaq üçün beynimizin bizi aldadaraq atdığı bir addımdır. 

[1] — mandelaeffect.com/nelson-mandela-died-in-prison/ 
[2] — www.woodbetween.world/…/the-berenstein-bears-we-are-… 
[3] — www.reddit.com/r/MandelaEffect

 

https://www.youtube.com/watch?v=uF2HZsinHTQ

 

Go Back

Sorğu göndər