Düşüncə Jurnalı

header photo

Alsheymer xəstəliyi - Ehtiyyatlı olun


Alsheymer xəstəliyi - demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1906- cı ildə alman psixiatoru Alois Alsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Bu xəstəliyə daha çox 65-70 yaşdan yuxarı insanlar arasında təsadüf olunsa da, xəstəliyə 65 yaşa qədər insanlarda da rast gəlinir.

Dünyada 4 milyona yaxın insan demensiyadan əziyyət çəkir. Xəstəliyin yayılması 0.3-0.5%-dir. Alsheymer xəstələrinin beyinin həcmi və kütləsi sağlam insanlara nisbətən 7-8% azalır (patolo anotomik məlumatlara görə). Alsheymer xəstəliyinin başlıca əlamətləri proqressiv şəkildə inkişaf edən ağıl zəifliyidir.

Klinikası:

Müxtəlif koqnitiv pozuntularla xarakterizə olunur. Bunlar həm yaxın, həm də uzaq hadisələri əhatə edir. Başlanğıc mərhələdə yaddaş pozğunluğu baş verir, inkişafına və davamlılığına görə mərkəzi yer tutur. İlkin olaraq bunun nəticəsində belə şəxslərdə fiksasion amneziya olur. Eyni zamanda reproduktiv yaddaş pozulur. Alsheymerdən əziyyət çəkən şəxslər vaxtı, adları və hadisələri ifadə edə bilmir, tədricən yaddaşda biliklərin azalması baş verir. Xəstəlik inkişaf etdikcə belə şəxslər özləri haqqında məlumat verə bilmirlər: Yaşlarını, ad-soyadlarını, doğum tarixlərini unudur, yaxın adamlarını tanıya bilmir, ətraf mühitə uyğunlaşmaq çətinləşir, ümumi və professional bilikləri itirirlər. Belə xəstələrdə narahatlıq, yersiz hərəkətlər, özünə və ətrafdakılara qarşı aqressiya müşahidə olunur. Yaddaş pozuntuları ilə bərabər təfəkkür və emosional pozuntular da baş verir. Xəstələrin hərəkətləri məqsədyönlü olmur. Belə şəxslərdə danışıq qabiliyyəti tədricən itir, aqrafiya (yazma qabiliyyətinin pozulması) aleksiya (yazını və ayrı-ayrı hərfləri oxumaq qabiliyyətinin pozulması) akalkuliya (say hesablama əməliyyatının pozulması) kimi hallar müşahidə olunur.

Simptomlar:

 İlkin mərhələ:

 1. Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq;

2. Tanış əşyaları tanımamaq;

3. Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik;

4. Dezorientasiya;

5. Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq);

 Son mərhələ:

1. Hallüsinasiyalar, fantastik ideyalar

2. Yaxın şəxsləri hətta qohumları tanımama;

3. Hərəkətlərində pozğunluq;

4. Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik;

5. Bəzi hallarda qıcolmalar.

 Ağırlaşmalar:

 1. Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.);

2. Qida çatışmazlığı;

3. Müxtəlif travmalar və bədbəxt hadisələr.

 Diaqnostika

Alsheymer xəstəliyinin diaqnostikası pasientlərin, onların yaxınlarının verdiyi informasiyaya və kliniki müşahidələrə əsaslanır. Eyni zamanda müxtəlif testlərdən istifadə olunur ki, bununla da yaddaş, intellektual funksiyalar öyrənilir. Alsheymer xəstəliyi zamanı aşağıdakı domenlərə toxunulur:

  1. Yaddaş
  2. Yazı bilikləri
  3. Ətrafı dərk etmək
  4. Konstruktiv qabiliyyət
  5. Ətraf mühitə, zamana və şəxsə bələdlilik
  6. Problemləri həll etmə bacarığı
  7. Özünü təmin etmə

Müalicəsi:

Belə şəxslər gigiyena qaydalarına əməl etmirlər. Onlara daim nəzarət və qulluq tələb olunur. Bu səbəbdən Alsheymerdən əziyyət çəkən xəstələr xəstəxanaya yerləşdirilir. Bu xəstəlikdə olan koqnitiv pozuntuların müalicəsində xolinesteraza inhibitoru və memantin, NMDA antaqonistlərindən istifadə olunur.

Elşən Mustafayev

Psixologiya və Konsultasiya Mərkəzinin Klinik Psixoloqu

 

Go Back

Sorğu göndər