Düşüncə Jurnalı

header photo

Travmanın insana təsirləri və aradan qaldırılması

Travma nədir?

Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişdə  başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır.

Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar

Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər.

Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır.

Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir.

Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər.

Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər.

Nərmin Quliyeva

Xəzər Universiteti, Psixologiya fakultəsi tələbəsi

Go Back

Sorğu göndər