Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Müsahibə"

HƏM DƏ MƏDƏNİYYƏT OLAN İSTİRAHƏT: ONU NECƏ QURMALI?

04-09-2017

Təbiət qoynunda, telefondan, internetdən uzaq…

“İstirahətə vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur olacaqlar”. Bu fikir Con Vanameykerə məxsusdur. Xüsusilə yay aylarında hər kəs mütləq istirahətə vaxt ayırmağa çalışır, etməlidir də. Çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.

İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq… Bu siyahını kifayət qədər uzatmaq da olar. Amma bizdə istirahət dedikdə çox insanın düşüncəsinə “yemək-içmək” məsələsi hakim olur.  Bir sözlə, istirahət həm də mədəniyyətdir. Biz istirahət mədəniyyətini necə qurmalıyıq?

Mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək

 

“Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, tibbi cəhətdən dünya təcrübəsində həkimlər səyahət etməyi, gəzməyi xəstələrə dərman kimi məsləhət görürlər: “Gəzmək, səyahət etmək bir nömrəli müalicə deməkdir. İnsan psixologiyasına ən müsbət təsir edən amillərdən biri səyahətdir. Bu elmi cəhətdən də sübut olunub. Bizdə həkimlər adətən dərmanlara üstünlük verirlər. Amma Avropada müayinəyə gedəndə, həkimin məsləhətindən biri də səyahət, istirahət olur. Avropada bəzi həkimlər Naftalana gəlməyi tövsiyə edirlər. Səhər, yaxud axşamlar dəniz qırağında gəzinti, mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək. Bunlar hamısı turistin özünün müalicəsinə birbaşa təsir edən amillərdəndir. İstirahət etmək üçün böyük maliyyənin olması şərt deyil. Hər kəs cibinə uyğun nəsə edə bilər”.

“Yemək üstünlük təşkil edəndə…”

R.Quliyev deyir ki, bizdə istirahət deyəndə, yerli turistlərin önəm verdiyi əsas məsələlərdən biri, hətta bəzən birincisi “yemək-içmək məclisi” olur: “İstirahət anlayışı azərbaycanlıların psixologiyasında əcnəbilərdən bir az fərqlidir. Bizdə istirahət deyəndə yemək məclisi ən vacib amil olaraq nəzərdə tutulur. Antalyada otel sifariş verəndə ilk suallardan biri yeməklə bağlı olur. Müalicə məqsədli istirahətlərdə belə birinci yeməklə maraqlanırlar. Amma əcnəbi turistlərdə yemək diqqət mərkəzində olmur. Avropalıları, rusiyalıları, yaxud körfəz ölkələrindən olanları Azərbaycana, əsasən çimərlik turizmi ilə cəlb edə bilərik. Onlar oteli, yeməyi deyil, dənizi, dənizdəki mineralları fikirləşirlər. Bizim yeməklə maraqlanmağımıza pis baxmıram, qınamaq olmaz. Bu, illərdən formalaşmış bir yanaşmadır. Yaxşı yeməyə, geyinməyə adət etmişik. Rusiyadan gələn turistə otel, xidmətlər haqda məlumat verəndə deyir ki, yeməyi yox, təbiəti, dənizi de, gəzməli, sakit istirahət etməli yer olsun. Yemək üstünlük təşkil edəndə, ağırlıq olur, istirahət yox”.

“Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən

Psixoloq Elnur Rüstəmov deyir ki, istirahət anlayışı insandan-insana dəyişir. Yəni kimə necə xoşdursa, o cür edə bilər: “Kimisi gərgin işdən sonra ailəsi ilə vaxt keçirməyi, kimisi valideynlərinin yanında olmağı, kimisi də dostlarla vaxt keçirməyi istirahət bilir, kimisi də yarımçıq qalan işləri tamamlamağı. Yaradıcı insanlar, elm adamları yay istirahətindən yarımçıq işlərini görmək cəhətdən də yararlanırlar. Yazıçıların, şairlərin əsərlərinə baxsaq, görərik ki, onların bir qismi yay aylarında yazılıb. Həm dincəliblər, həm də əsərlərini tamamlayıblar. Bu, fərdidir. Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən. Onsuz da çalışan insanlar uzunmüddətli istirahət etmirlər. Qısamüddətli istirahətə üstünük verirlər. Çox yaxşı olar ki, doğmalara, yaxınlara vaxt ayrılsın. Çünki bu gün biz çox dinamik bir həyat yaşayırıq, doğmalara az vaxt ayırırıq. Ona görə ailəyə, uşaqlara vaxt ayırmaq yaxşıdır”.

Ailə ilə birlikdə

E.Rüstəmov deyir ki, istirahət zamanı telefondan, internetdən mümkün qədər uzaq durmaq yaxşı olar: “Bu gün istirahət bir az fərqli anlam daşıyır. Yeyib-içmək, yaxud şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq… Bəzən üç gün istirahətdə olurlar, bir ay şəkil paylaşırlar. Bunun pis olduğunu demirəm, təki xoş şeylər çox olsun. Yəni istirahət fərdi xarakter daşıyır. Bu da informasiya əsrinin yaratmış olduğu nüanslardan biridir. Amma insan da var ki, istirahət zamanı sosial şəbəkədən, işdən uzaq durmaq istəyir. Biz də tövsiyə edirik ki, istirahət edərkən telefondan, internetdən mümkün qədər uzaq dayansınlar. Alınmırsa, az istifadə etsinlər. İstirahətdə olarkən bütün günü əldə telefon olması doğru bir şey deyil. İstirahətin effektli olması üçün işdən, gərginlikdən uzaq durmaq lazımdır”.

İstirahətə nə qədər vaxt ayrılmasına gəlincə, psixoloq bunun da fərdlərə görə dəyişdiyini dedi: “Şəxsən mənim özümə 4-5 günlük istirahət tam bəs edir. 15 gün gedib istirahət etmək mənə çatmır. Amma adam var ki, gərək istirahəti üçün xeyli vaxt ayırsın. Vaxt və istirahətin növündən, məkanından asılı olmayaraq, çalışmaq lazımdır ki, ailə ilə bir yerdə plan qurulsun, bir yerdə xoş anlar keçirilsin, can deyib, can eşitsinlər. Amma bəzən istirahətə gedərkən də dalaşırlar, qayıdarkən də. Bu cür istirahətə getməyin nə mənası oldu?”

“Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir

Həkim-terapevt İbrahim Əfəndiyevin sözlərinə görə, təbiət qoynunda istirahət sağlamlıq üçün ən gözəlidir: “Adətən, biz ili sentyabr ayından qururuq. Çünki işlər, dərslər bu ayda başlayır. O vaxtdan da insanların beyninin bir qismində növbəti yayın istirahət planı durur. Hər kəs öz maddi durumuna görə təbii ki istirahət edəcəyi yeri də seçir. Ölkə xaricinə gedənlər də var, regionlarımızı seçənlər də. Elə insanlar var ki, Bakı daxilində şəhərdə əyləncə yerlərinə, dəniz kənarına, çimərliklərə getməklə  istirahət müddətlərini bitirirlər. Amma bir qisim adamlar gəzməyi, təbiət qoynunda olmağı sevirlər. Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir. Həm sağlamlıq üçün yaxşıdır, həm də “çox gəzən çox bilər” misalının təsdiqi üçün. İstirahət deyərkən, yaşadığımız şəhərdən mümkün qədər uzaqda olmaq lazımdır. Çünki Bakının ekoloji xüsusiyyəti kənd yerlərindəkindən qat-qat aşağıdır. Ona görə bir ay, ay yarım Bakının kəndlərinə, respublikamızın digər yerlərinə getmək gözəl olar. Təbiət qoynunda olan istirahət zamanı orqanizm bol oksigen qəbul edir. Yaxud kənd yerlərindəki təbii suyun yerini heç nə vermir. O sulardan istifadə etmək çox xeyirlidir”.

Qidalanmaya diqqət

Həkim deyir ki, istirahət zamanı qidalanmaya da diqqət etmək vacibdir: “İnsanlar istirahət zamanı yeməyə çox diqqət ayırırlar. Çünki psixoloji olaraq düşünürlər ki, artıq heç yerə tələsmirlər. İşə çağıran yoxdur, tezdən durub harasa getməyəcəklər. Tam arxayınlıqla  süfrənin üstünə xeyli qida düzürlər və uzun müddət də yeyirlər. İstirahət olduğu üçün bunu tam qadağan etmək də olmaz. Amma bu, davamlı olaraq təkrarlanarsa, gələcəkdə onlar üçün istirahət olmayacaq. İstər-istəməz çox yemək orqanizmə mənfi təsirini göstərəcək. Təmiz hava olan yerdə iştaha da artır. Ona görə həm də çox yeyilir. İstirahət zamanı bir az çox yeməkdən, çəki almaqdan qorxmaq olmaz. Bunun üçün özünü gərginliyə salmağa ehtiyac yoxdur. Əgər bu il bir-iki kilo çəki alıbsınızsa, gələn il istirahətə gedərkən sizi kökəltməyəcək bir qida rejimi seçə bilərsiniz. Rayonda bişirilən yeməklərin tərkibindəkilər ekoloji cəhətdən təmizdir. Ona görə rayonlara gedənlər o qidalardan vaz keçə bilmirlər”.

“Uşaqları istirahətə öyrəşdirmək lazımdır

Bir çox hallarda, azyaşlı uşaqla istirahətə getməkdən valideynlər çəkinirlər. Bunu onların tez xəstələnməyi ilə əlaqələndirirlər. Həkim deyir ki, uşaqları öyrəşdirmək lazımdır: “Uşaqları nəinki rayonlara, eyni zamanda Bakı şəhəri daxilində də istirahətə tez-tez aparmaq lazımdır. Çox zaman hava bir az soyuq olan kimi uşağı “xəstələnər” deyib, çölə çıxarmırlar. Amma Bakının havası daha sərtdir, uşaq bu havaya öyrəşməlidir. Həyətə çıxmayan, hər yerə maşınla gedib-gələn uşaqlar, əlbəttə ki, çölə çıxdıqda hətta isti hava olsa da, xəstələnəcəklər, mədə-bağırsaq infeksiyaları baş qaldıracaq. Bir də səyahət zamanı uşağı soyuqdan gözləmək lazımdır. Xarici ölkəyə gedirsinizsə, uşaqlar üçün bir günlük yemək aparılsın. Onların mətbəxi ilə tanış olmadığımız üçün bunu nəzərə almaq lazımdır”.

Aygün Asimqızı

http://kaspi.az/az/hem-de-medeniyyet-olan-istirahet-onu-nece-qurmali/

 

Go Back

Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar? - PSIXOLOQ ELNUR RÜSTƏMOV

23-02-2017

Simsar.az “Çay dəsgahı” layihəsinə yenidən start verdi. Azərbaycanın tanınmış psixoloqlarından olan Elnur Rüstəmovu layihəmizdə iştirak etmək üçün “Dafne Restaurant”a dəvət edəndə “çox maraqlı olar, həm də istirahət etmiş olaram” – dedi. Qonağımızla çay içə-içə daha nədən danışmadıq ki? Yaponlardan başlayıb, arzularda bitən söhbətimizi sizə təqdim edirik. Göstərdikləri  dəstəyə görə "Dafne Restaurant"-a təşəkkürümüzü bildiririk!

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Nihadə Eyyubova, Cəmilə Məmmədova, Yasəmən Məmmədova

“Çayı nə ilə içməyi xoşlayırsız”

“Mən çayı daha çox qəndlə içməyi sevirəm. Arada konfet, şokoladdan da istifadə edirəm. Amma kəllə qəndlə çay içmək başqa aləmdir.

“Çay evinə gedirsiz?”

“Zərurət olmadıqca getmirəm. Vaxtım varsa, evimə gedib çayımı ailəmlə içirəm. Amma dostlarımla, ailə tanışlarımızla arada gedirik”.

“Deyirlər yaponların çox qəribə və özünəməxsus çay mərasimləri olur. Bu mərasimlər, xüsusi yerlərdə təşkil olunur və orada çay içmək üçün gərək 1 ay əvvəldən növbəyə yazılasan”...

“Əslində yaponlarla oxşar tərəflərimiz var. Ümumiyyətlə şərq fəlsəfəsi, şərq adət-ənənəsi və mədəniyyəti oxşardr. Əlbəttəki fəqli xüsusiyyətlər də var. Maraqlı və çalışqan xalqdır. Dediyiniz çay mərasimi də maraq doğurur”.

“Elnur müəllim, ümumiyyətlə istirahətinizi necə keçirirsiz?

“Mənim üçün konkret olaraq istirahət günü yoxdur. Elə olub ki, bazar günü də işləmişəm. Ancaq işdən sonra buna özümüz qərar veririk ki,  bu gün necə istirahət edək? Ümumiyyətlə, mən anlaya bilımirəm insan bir ay necə istirahət edə bilər? Təəccüblənirəm ki, 3gün iş görmədən necə dayana bilər insan? Mənim beynimdə dincəlmək müəyyən bir saatdır. Işimi görərəm sonra gedib dincələrəm. Bu cür istirahətimdən də işimdən də məmnunam.  Onu da deyim ki, əgər ailəmlə bir yerdəyəmsə, deməli mən istirahət edirəm”.

“Bəs dünya turu?”

“Hə, bax dünyanı gəzərəm. Həvəsim var, gedim gəzim, görüm, tanış olum. Dünyanı gəzmək çox maraqlıdır. Deyirlər çox gəzən, çox bilər.

 

 

“Ən çox görmək istədiyiniz hansı ölkədir?”

“Əksər ölkələrdə olmuşam, ancaq Tibetə getmək istərdim. Orda heç olmasa 1 ay yaşayım. Bakısız qala bilmərəm. Tələbəlik illərimdən bəri arzumdur ki, Tibetə gedim, lamalarla görüşüm. Düşünürəm ki, ora sivilizasiyanın beşiyidir.”

“Xaricə gedəndə markalardan alış-veriş etməyi sevirsiz?”

“Saatlara marağım çoxdur. Alanda brend saatlar alıram. Evimizdə bir guşə də ayırmışam saatlarım üçün.”

“Bəs geyim?”

“Geyimlərimi Narınc xanım seçir. Mən özüm tək geyim alanda yarıtmıram.”

“Deyirlər kişilərin bişirdikləri yeməklər daha dadlı olur. Sınaqdan keçirməmisiz?”

“Qətiyyən bacarmıram. Düzdür tələbə vaxtı eləmişəm, ancaq həmişə çalışmışam ki, yeməyi qardaşım hazırlasın. Indi də biz dostlarla yığışanda kabab çəkirlər, amma mən bacarmıram. Şişləri gətirərəm, nəyəsə kömək edərəm amma onu bişirə bilmərəm. Bunun üçün gərək adamda səriştə ola.”

“Axı “Gör-götür” dünyasıdır, oyrənə bilərsiz...”

“Bilirsiniz mən kinestetik insanam. Bu əgər mənim içimdən gəlmirsə, deməli onu etməyəcəyəm.”

“Ümumiyyətlə xüsusi olaraq mətbəx sevginiz var? Hansı yeməkləri daha çox sevirsiz?

-Daşdan yumşaq nə versələr yeyəcəm.

 

 

“Ev işi gördüyünüz vaxt olub? Məsələn heç pərdə asmısınız?”

“Xeyr mən heç bilmirəm pərdəni nə ilə vururlar? Düzdür mən demirəm ki, bacarmaram. Zərurət olmayıb ki eləməmişəm. Heç mənə təklif də eləməyiblər axı. Bəlkə də biliblər yarıtmıyacam.”(gülür)

“Musiqi ilə aranız necədir?”

“Demək olar ki, hər gün musiqiyə qulaq asıram. Muğamı çox sevirəm. Saatlarla oturub muğama qulaq asaram. Elə bura gələndə də radioda  “Gedək üzü küləyə” mahnısını səsləndirirdilər. O qədər ağır bir mahnıdır ki, mən çox ləzzət aıdım. Bayağı mahnılara da qulaq asıram. Niyə də olmasın?”

“Məsələn, Üzeyirə?”

“Bəli Üzeyirə də qulaq asmışam. Gəlin səmimi olaq, bizdə bir tendensiya var ki, hamı özünü ziyalı kimi göstərmək istəyir. Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar? Youtube-da Üzeyirin baxış sayı milyondan yuxarıdır. Bu milyonun hamısı səviyyəsizdir? Keyfim istəyib qulaq asıram. Yazıq Üzeyir  kimə nə edib axı? Elə tərpənən ona söz deyir. Onun heç bir iddiası yoxdur axı, öz mahnısını oxuyur da.”

“Seriallara necə baxırsız?”

“Azərbaycan seriallarına çox baxmaq istərdim. Amma alınmayıb. Hazırda baxdığım bir türk serialı var  “Eşkiya dünyaya hükumdar olmaz”. Bu serialı müasir Türkiyə reallığı ilə uyğunlaşdırıblar.”

“Sizə öz sahənizlə bağlı kinodan rol təklifi gəlsə qəbul edərsiz?”

“Mən psixologiyaya aid A-dan Z-yə hər şey edərəm. Mənə desələr ki bu psixilogiya kitabını çıx şəhərdə sat, onu da edərəm.”

“Incəsənətə olan münasibətiniz maraqlıdır. İncəsənətin hansı sahəsi sizin üçün daha maraqlıdır?”

“Muzeylərə gedirəm, incəsənət əsərləri ilə maraqlanıram. Arada vaxt edəndə teatra, kinoya da gedirəm.

“Rəqs etməyi sevirsiz?”

“Xeyr xoşlamıram. Bunun sənətimlə heç bir bağlılığı yoxdur. Sadəcə olaraq beləyəm, hansısa toyda, nişanda ya ad günündə reqs etməyi sevmirəm. Düzdü çağıranda dururam biraz oynayıram, ancaq yenidən yerimə əyləşirəm. Bəzən söz də verirlər, təbrikimi edib, mahnı da sifariş edirəm.”

“Hansı mahnını sifariş edirsiz?”

““Qəmərim” mahnısını."

“ Maraqlıdır, niyə “Qəmər”im?”

“Xüsusi bir izahı yoxdur” (gülür)

“Amma psixoloqlar deyirlər ki, insanın etdiyi seçimlər şüuraltı ilə də bağlıdır”

“Bizdə kənddə ağsaqqallar var idi, həmişə onlar bu mahnını sifariş edib oynayardılar. Ara mahnısı deyil, çox samballı, ağır mahnıdır. Ola bilsin şüuraltımda elə ordan qalıb.

 

 

“Romantik insansız?”

“Əgər mən romantikəmsə, görəsən romantiklər kimdir? (gülür) Daha çox realistəm. Amma bu o demək deyil ki, sevmirəm. Mən öz yoldaşımı çox sevmişəm və indi də sevirəm, o hisləri yaşayıram. Mən ailəmdən, həyatımdan çox məmnunam.”

“Sevdiyiniz xüsusi məşğuliyyət var?”

“Üzməyi çox sevirəm. Saatlarla üzərəm heç yorulmaram da.

“Heyvansevərsiz?”

“Bəli, ev heyvanlarını sevirəm, xüsusilə iti. Hazırda evimizdə balıq saxlayıram. Açığı həyət evinə köçmək istəyirəm ki, it saxlayım. Ailə qurana qədər itim var idi. Evlənəndən sonra öldü. Mən bunu belə dəyərləndirirəm ki, o qisqandı, dözə bilmədi.”

“Hansı cins itləri sevirsiz?”

“Alman çoban iti. Ölən də bu cinsdən idi. İnanırsız uşaqlıqda məni o qədər it qapıb ki, amma yenə də itləri sevirəm.

“Bütün kişilərin avtomobil sevgisi olur. Sizdə də var?”

“O əslində keçilmiş bir mərhələdir. Hamı istəyir ki, avtomobili olsun, təmiz saxlasın, yüksək səsdə musiqiyə qulaq assın. Mən o mərhələni keçmişəm. Tələbə vaxtı, yadımdadır ki, qaldığımız evin aşağısında balaca park var idi. Axşamlar həmişə o parka gedib biraz gəzişirdim ki, beynim açılsın. Bir gün orda oturub dincəldiyim vaxt, bir “maşın” sürətlə və yüksək səsli musiqi ilə keçdi. Həmin vaxt  dedim ki, bir gün mənim də “maşın”ım olacaq və bax elə bu yerdən sürətlə və yüksək mahnı səsi ilə keçəcəm. Və onu da elədim. İndi isə, deməzdim maşınlara qarşı xüsusi sevgim var. Hansı maşın fərqi yoxdur, amma təmiz olsun”.

“Siyasəti izləyirsiz?

“Bəli, amma çox da dərinə getmirəm. Bizim bir qohum var həmişə deyərdi ki, yaşamaq istəyirsənsə, bir siyasətdən, bir də narkotikdən uzaq dur. Mən siyasəti izləsəmdə rəy bildirmirəm. Fikirləşirəm ki, bu mənim işim deyil axı. Trampın prezident seçilməyini gözləyirdim. Onun kitabını da alıb oxumuşam. Çox maraqlı fikirləri var. Qoçaq adamdır və təpədən dırnağa özüdür.

“Sosial şəbəkələrdə aktivsiz. Zamanınızı çox almır ki?”

“O qədər də intensiv oturmuram sosial şəbəkələrdə. Işim düşəndən-düşənə istifadə edirəm. Çünki mən orada vaxt itirmək istəmirəm. Bacardığım qədər uzaq dururam.”

 

 

“Jurnalistlərlə aranız necədir?”

“Çox yaxşı. Hətta dostlarım da var.”

“Olubmu ki, sizin fikrinizi təhrif ediblər?

“O qədər”

“Ailədə neçə övlad olmusuz?”

“4 övladıq, 3 qardaş 1 bacı. Bacım tibb kollecini bitirib, o artıq ailəlidir. Bir qardaşım doktorantdır, Azərbaycan Dövlət Dəniz Admistrasiyasında məsul vəzifədə çalışır. Bir qardaşım da atamın yanındadır ona kömək edir.”

“Evdə uşaqların tərbiyəsi ilə kim məşğul olur?”

“Daha çox Narınc xanım məşğul olur. Təbii mənim də rolum var.”

“Özəl günlərinizi qeyd edirsiz yəqin ki. Bəs heç olubmu, unudasız, yaddan çıxarasız?”

“Əcəlimə susamamışam yaddan çıxarım.” (gülür)

“Kompleksiniz var?”

“Kompleks deyəndə mən çox vasvası insanam.”

“Böyük, əlçatmaz arzunuz var?

“Demək olar ki,  bütün arzularıma çatmışam. Nə istəmişəm Allah onu mənə verib. Hazırki arzularım, bəşəri arzulardır. İstərdim ki psixologiya ilə bağlı çoxlu kitablar nəşrl olunsun, klublar yaradılsın. İnsanlar bundan faydalansınlar.”

Cəmilə Məmmədova

Foto:Yasəmən Məmmədova

 

 

 

 

Go Back

“Son zamanlar insest hadisələri artıb...” - Psixoloqdan hər cür suala CAVAB

06-02-2017

narinc.az Teleqraf.com saytına istinadənPsixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun müsahibəsini təqdim edir.

-Elnur müəllim, ilk öncə intiharlardan danışaq. Qeyri-rəsmi məlumata görə, 2017-ci il başlayandan Azərbaycanda 40-a yaxın intihar hadisəsi baş verib. Niyə intiharların sayı artır?

 

-İntihar hadisəsi yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Avropada intihar göstəriciləri daha böyükdür. İntiharların formaları müxtəlifdir. İndi biz intihara klassik formada – kimsə özünü asdı, hardansa özünü atdı kimi baxmalı deyilik. Öz intiharına müxtəlif don geyindirənlər də olur. Məsələn, dini təsir altında Yaxın Şərqə müharibəyə döyüşməyə gedirlər. Əslində, bu da intihardı. Çünki gedən bilir ki, bu gedişin sonu yoxdur... 


İntihara təsir göstərən faktorlar, məqamlar da cürbəcürdür. İlk növbədə qlobal prosesləri diqqətə almalıyıq. Biz informasiya və qloballaşma dövrünün insanlarıyıq. Bu gün hər kəs informasiya basqısı altındadır. Telefonunun şarjı bitəndə adama daha çox gərginlik keçirir, nəinki ac olanda. Bu, artıq şüuraltı infeksiyadır. 


Əlbəttə, çoxsaylı informasiyalar insanın ruh halına təsir göstərir, gərginlik yaradır və canlı ünsiyyəti məhdudlaşdırır. Bu da şübhəsiz, həssas insanlarda pessimist duyğular doğurur və bəzən intihar hallarına gətirib çıxarır. İntiharlarda narahatlıq yaradan məqamlardan biri də belələrinin sırasında üzün sürən xəstəlikdən əziyyət çəkən, zərərli vərdişləri olan insanların yox, yeniyetmə və sağlam gənclərin daha çox olmasıdır. Bu da göstərir ki, artıq intihar birfaktorulu hadisə deyil. Diqqətdə saxlanmalı çox məqamlar var.

 

-Bəzən intihar edənləri dəli adlandıranlar da olur... 

 

-Məncə, bu, doğru yanaşma deyil. İnsan birdən-birə özünə qəsd etmir, ani intiharlar çox az hallarda baş verir. İntihar edən şəxs zaman-zaman özünü buna hazırlayır. Bu gün insanlar biri-birinə biganədirlər. Hər kəs çəkilib öz mağarasına. Əvvəllər canlı ünsiyyət daha çox idi, problemlə qarşılaşanlar biri-birilərinə dəstək verirdilər. Məsələn, 20 il əvvəl bir adam rəhmətə gedirdisə, 40 gün onun evinə gedib-gələn olurdu. Azı bir il müddətdə də həmin ailəyə baş çəkirdilər. 


Bu gün ölüm halları o qədər artıb ki, yalnız dəfnə gedirlər. Bu, bir misaldır, demək istəyirəm ki, insanlar arasında yadlaşma var. Özünə qəsd edənə zamanında dəstək verilsə, bəlkə də, onun problem həll olunar, o da bu yolu seçməz.


-Elnur müəllim, intihar düşüncəsində olan kimsə sizə müraciət edibmi?


-Bu cür müraciətlər çox olub. İntihardan geri qaytardıqlarımız da az deyil. Mən bir müddət işdə seanslar zamanı telefonlarımı təhvil verirdim. Bir dəfə seans zamanı qəbul otağından xanım telefonumu qaça-qaça gətirdi ki, bir nəfər zəng vurub ağlayır, sizinlə təcili danışmaq istəyir. Adam özünü dənizə atmaq istəyirdi. 

 

Telefonda söhbətləşdik, razılığa gəldik. Daha sonra görüşdük, bizdən psixoloji dəstək aldı. Artıq həmin şəxs real həyata qayıdıb, işləyir. Düzü, ondan sonra mən vərdişimi dəyişdim. İndi telefonları yanımda saxlayıram. Çalışıram zənglərə cavab verim. Telefonumu isə heç vaxt söndürmürəm...


-Bəs bir insanın  intihar etmək fikrinə düşdüyünü necə anlaya bilərik?


-Bunun konkret resepti yoxdur. Resept tapılsaydı, həyatda intihar edən olmazdı. Gəldiyim qənaət odur ki, müəyyən psixoloji pozuntu zamanı, yaxud elə sahələr var  ki, orda çalışan insanlar intihara meylli olurlar. Mən o sahələrin adını çəkmirəm ki, bu özü mənfi təbliğat rolu oynayar. İnsanlar arasında canlı ünsiyyət nə qədər çox olsa, intiharlar da o qədər azalacaq.

 

-Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin rektoru  Gəray Gəraybəylı açıqlama verdi ki, bəziləri psixiatrla psixoloqun fərqini bilmir. Bu açıqlamaya münasibətiniz necədir?


-Psixiatr tibb təhsilli, klinik problemlə məşğul olan mütəxəssisdir. O, dərman yazır, daha çox klinik problemlərlə məşğul olur. Psixoloq isə dərmanla işləmir, psixoloji narahatlıqla üzləşmiş insanlara yardım göstərir. Amerikanın bir sıra ştatlarında psixoloqlara bəzi dərmanları yazmağa da icazə verilir. 


Yaxınlara kimi bizim cəmiyyətdə psixoloqla psixiatrı fərqləndirməkdə çətinlik çəkirdilər. Zənnimcə, hazırda əvvəlki çətinlik yoxdur. Cəmiyyət xeyli maariflənib. Dərk edirlər ki, psixiatr təkcə şizofreniya xəstəliyindən əziyyət çəkən insanlarla məşğul olmur. Yəni psixiatr təkcə el dili ilə desək, dəliləri müalicə eləmir. Psixoloq da o cümlədən... 


Ancaq bəzi insanlar nevropatoloqla psixiatrın fərqini bilmir. Psixi problemi olan insanlar nevropatoloq yanına gedir, ya da əksinə...  Əslində stiqma ilə bağlı problemimiz də var. Psixoloqa, psixiatra getsəm mənə dəli deyərlər fikrindən əl çəkmək gərəkdir.


-Bəzən deyirlər ki, insan yuxusunda yaxın qohumu ilə bağlı erotik  yuxu görürsə, bu, həmin adamdakı psixoloji problemlərdən xəbər verir. Düzgündürmü?..


-İnsest hadisələrinə hərdən rast gəlirik. Ola bilər, hansısa insanın şüuraltısında elə bir meyl gizlənsin. Mən demirəm ki, o, anası, bacısı, xalası ilə cinsi əlaqədə olmaq istəyir. Amma səbəbsiz də ortaya heç nə çıxmır. Bu onu göstərir ki, yuxu görənin şüuraltısında o düşüncələr var... Çox zaman o yuxular da başa çatmır, yarımçıq qalır. Son zamanlar ana ilə övlad arasında insest hadisəsi baş verir. Əvvəllər belə hallar ictimailəşmirdi. Amma indi ictimailəşir. 


-Bayaq siz də qeyd elədiz. İnsanlar arasında belə bir fikir formalaşıb ki, psixoloqa gedirsənsə, dəlisən. Nədən irəli gəlir bu yanaşma? 


-“Psix” sözü insanları çaşdırır. Gəlin məsələyə bu aspektdən yanaşmayaq. Bu gün cəmiyyətdə sorğu aparsaq ki, filan rəngli içki, filan yemək necədir, cavab verəcəklər ki, insana ziyandır. Halbuki onu içir də, yeyir də. İnsanlarımız da psixoloqa gedirlər, amma gizlədirlər. Dəfələrlə qohumlar psixoloji seansa gələn zaman qeydiyyat şöbəsində rastlaşıblar.
 

-Sizə daha çox hansı problemlərlə müraciət edirlər? Bir insan həftədə neçə dəfə psixoloji seansa gələ bilər? 


-Çox problemlərlə bağlı müraciət edirlər. Mən əsasən yeniyetmələrlə və ailələrlə işləyirəm. Ailədaxili, təşviş-həyəcan pozuntusu  olan problemlərlə müraciət edənlər çox olur. Əgər seansa gələn insan ağır depressiyadadırsa, həftədə 3 dəfə psixoloq qəbulunda ola bilər. Bəzən onlayn psixoloji dəstək də göstəririk.


-Psixoloji seansların bahalığından şikayətlənənlər də var. İnsanların psixoloqlara az müraciət etməsinə qiymətlərin yüksək olması səbəb ola bilərmi?


 -Psixoloq bir xidmət sahəsidir, onun ödənişi var. Fikrimcə, bizdə psixoloji dəstək baha deyil. 10 ildir eşidirəm ki, psixoloqun qəbulu bahadır, ancaq bu qiymət dəyişməyib. Bir insan ildə 10 dəfə xəstəxanaya gedir, kifayət qədər pul xərcləyir, amma psixoloqa gedəndə deyir, bahadır. 


Səhiyyə Nazirliyi nəzdində psixoloji xidmət göstərən Psixi Sağlamlıq Mərkəzi də var. Orada xidmət ödənişsizdir, insanlar müraciət edib, dəstək ala bilərlər. 

 

-Sizcə, niyə xaricə psixoloq yanına gedirlər? Yerli psixoloqlara inamsızlıq varmı? 


-Müxtəlif səbəblər ola bilər. Bəzən psixoloqlardan qaynaqlanan səbəblər də olur. Xaricə gedənlər müəyyən qədər maddi imkanı olan insanlardır. Onlar bəzən yerli psixoloqlara etibar etmirlər. Düşünürlər ki, ailəsinin  problemini niyə psixoloqa danışsın... O da kiminsə yanında danışar. Nəticədə ailə sirri ortaya çıxar. Halbuki psixoloq üçün anonimlik müqəddəsdir. Bir müddət əvvələ kimi xaricə gedən vətəndaşlarımız çox idi. Artıq azalmağa başlayıb. 

 

-KİV-də kriminal hadisələr üstünlük təşkil edir. Sizcə, kriminal informasiyalar hansı qaydada verilməlidir? 


-Dünyada bu cür xəbərlərin verilməsi üçün qəbul olunmuş müxtəlif qaydalar var. Avropa ölkələrin kriminal xəbərlərin verilmə saatları müəyyən edilir. 

 

Kriminal olay həmişə olub və olacaq. Fikrimcə, belə hadisəni xəbər kimi yox, maarifləndirici mövzuda hazırlamaq lazımdır.  Çünki hər kəsin psixologiyası eyni deyil. Hərə özünə görə xəbərdən nəticə çıxarır. Bu gün Azərbaycanda kriminal xəbərlər yox, iqtisadi xəbərlər üstünlük təşkil edir. Bu da bir dönəmdir. Keçib gedəcək... 

 

Zaman-zaman müəyyən mövzular gündəmdə olur. İnkişaf etmiş ölkələr həmin mərhələləri keçiblər. Biz də o mərhələləri keçməliyik. 


-Elnur müəllim, statistika açıqlandı ki, 2016-ci ilin 11 ayı ərzində Azərbaycanda 60,8 min nikah və 12 min boşanma halları qeydə alınıb. Az rəqəm deyil. Niyə bu qədər boşanmalar baş verir?


-Filmlər, kitablar, mahnılar insanların şüuraltısına təsir göstərir. Onlar “ruhsal uyğunsuzluq”, “elektrik ala bilməmək” kimi fikirlərə düşürlər. Cütlüklər biri-biri ilə dil tapmalıdırlar. Bu gün bizim işləyən qadınlarımız var. Onlar  çalışır və diqqət istəyirlər. Deyirlər ki, evin kişisi ilə hər ikimiz evə gəldiksə, biri-birimizə köməklik etməliyik. Bəzən də kişi işdən çıxır gedir çay evinə, qadına deyir ki, sən get evdə otur. Bu, düzgün deyil. Yanaşmalarda problem var. Ailədə bərabərlik olanda problemlər azalır. 


-Ötən il məktəblərdə müxtəlif zorlanma hadisələri baş verdi. Təhsil ocağında şagirdlərin bu kimi halların şahidi olurlar. Bu, onların psixologiyasına necə təsir edir? 


-Əvvəllər oxşar xəbərləri xarici mətbuatdan alırdıq, amma indi öz ölkəmizdə baş verir. Bu gün orta məktəbdə oxuyan şagirdlər mühit, bilik və ailədaxili problemlər baxımından əvvəlki illərdən fərqli düşüncə və yükə sahibdirlər. Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr ürək açan deyil. Azərbaycanda məktəblərdə psixoloji dəstək peşəkar səviyyədə qurulmayıb. Düşünürəm, bir müddətdən sonra bu hallar tənzimlənəcək. 


-Bu yaxınlarda valideynləri evlənmələrinə icazə vermədiyi üçün iki gənc biri-birini sevdiyi üçün qoşulub qaçmışdı. KİV-dən kömək istəyirdilər. Bizim cəmiyyətdə hələ də bu cür problemlər qalmaqdadır. Niyə hələ də gənclərə valideyn müdaxiləsi var?


-Bu cür problemlər əvvəllər də olub. Bu gün isə dərinləşib. Qeyd etdiyiniz məsələyə hüquq baxımdan yanaşmayaq. Mənəvi tərəflər daha çox diqqətdə saxlanmalıdır. Bununla belə, heç kim  zəmanət vermir ki, iki gəncin qurduğu o ailə sabah doğurdan da xoşbəxt olacaq. İnsan ailə qurmağa yetişməlidir. 


-Psixoloji yardım haqqında qanunun qəbul olunması gözlənilir. Bu qanunu necə dəyərləndirirsiz?


-Çox müsbət haldır. Bu qanun qəbul olunandan sonra psixoloji dəstək təkmilləşəcək və axarına düşəcək. 


-Bu gün insanların real həyatdakı dostu virtual dostundan dəfələrlə azdır. Biri-birini tanımayan insanlar sosial şəbəkələr vasitəsi ilə tanış olur, dostlaşır, gizli sirlərini bölüşürlər. Niyə virtual münasibət real münasibətdən önə çıxır?


-Virtual münasibətləri üstün tutanlar real həyatdakı insanlara ümidsiz yanaşırlar. İnternetdə ünsiyyət isə dolayısı ilə onların təsəvvüründə ideal insanla ünsiyyətdir. İdealdakı insana hər sirri etibar etmək mümkün sayıldığı üçün bunu virtual aləmə keçirirlər. Ünsiyyət virtualdan real həyata keçəndə, yəni onlar görüşəndə yenə özlərinə qapılırlar...

 


İlhamə ƏBÜLFƏT

Go Back

Dağılan uşaqlı ailələrin psixoloq problemi

12-01-2017

Quba rayon sakini Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjet, boşanan tərəflərin birgə izdivacdan dünyaya gələn uşaqlara münasibəti məsələsini yenidən gündəmə gətirdi. Məlumdur ki, ailə dağılmalarında ən çox travma alan tərəf uşaqlar hesab olunur. Ailənin düzəninin pozulması böyüklərdən çox uşaqlara təsir etdiyindən, onlara qarşı cəmiyyətdə münasibət də birmənalı olmur. Həmyaşıdları tərəfindən atası yaxud anası olmadığına görə, kinayəli atmacalara məruz qalan uşaqlar hələ kiçik yaşlarından psixoloji zədə almış olurlar. Ailə dağıldıqdan sonra tərəflərin bir-birinə olan kin-küdurətinin qurbanı da elə məhz uşaqlar olur. Boşanan tərəflər əksər hallarda biri-birilərinə olan hirs və acıqlarını uşaqları alət etməklə çıxartmağa üstünlük verirlər. Məhkəmə qətnaməsi ilə  uşaq anadadırsa, atanın uşaqla görüşünə süni maneələr yaradılır, uşaq atada olduqda isə hər vəchlə anadan gizlədilir. Bu kimi hallar isə, sözsüz ki, ən böyük zərbəni uşaq psixologiyasına vurur. Gülüşü üzündə donan bu körpələr aldıqları travmanın əziyyətini böyüdükdən sonra da çəkirlər. Bəs görəsən uşaqlı ailələrdə boşanma zamanı bu məsələ necə tənzimlənməlidir? Uşaqları böyüklərin intriqasının, eqosunun qurbanı olmaqdan qorumaq üsulları hansılardır? 

Psixoloq Elnur Rüstəmov Movqe.az-a açıqlamasında bildirib ki, boşanma zamanı uşaqların hansı tərəfdə qalması hüquqi yolla tənzimlənir. Və, bu bütün dünyada belədir. O ki, boşanma zamanı uşaqların fikrinin məhkəmədə öyrənilməsinə, yaxud da məhkəmə qətnaməsinin icrasına, həmsöhbətimiz bunun kor-koranə icrasının düzgün olmadığı fikrindədir. E. Rüstəmovun sözlərinə görə, uşaq məhkəməyə gətirilməzdən öncə, psixoloji cəhətdən buna hazırlanmalıdır. Hətta tərəflər ayrıldıqdan sonra belə, uşaqların bu ayrılığa psixoloji baxımdan hazırlanma prosesi aparılmalıdır: “Birdən-birə uşağı anadan yaxud da atadan ayırmaq olmaz. Eləcə də, tərəflər boşandıqdan sonra uşağın uzun müddət atasından, yaxud anasından uzaq tutulması, görüşdürülməməsi də uşağa psixoloji baxımdan mənfi təsir göstərir: “Ona görə də, ilk növbədə boşanma prosesində hər iki tərəfə psixoloq dəstəyi göstərilməlidir. Bu, hər iki tərəfə ayrıldıqdan sonra münasibətlərin necə saxlanılmasına kömək edir. Çox təəssüf ki, bizdə boşanma zamanı tərəflər əksər hallarda biri-birilərinə düşmən kəsilirlər. Bir-birilərini alçaldıcı ifadələrlə təhqir edirlər. Bu  hadisə çox zaman uşaqların gözü qarşısında baş verir. Uşaqlar valideynlərinin bir-birilərini necə təhqir etdiyinin canlı şahidi olurlar. Yaxud da tərəflər uşaqda qarşı tərəfə qarşı ikrah hissi doğuran, nifrət yaradan ifadələr işlədirlər. Bu yolverilməzdir. Bu zaman uşaq ataya, yaxud anaya nifrət hissi ilə böyüyür. Boşanan tərəflər öz münaqişələrindən mümkün qədər uşaqları kənar tutmağa çalışmalıdırlar. Bizdə isə, əksər hallarda əksinə vəziyyət müşahidə olunur. Boşanan tərəflər uşaqlardan alət kimi istifadə edirlər. Məhkəmə uşağın atası ilə görüşməsi üçün müddət təyin etsə də, ana uşağın atası ilə görüşünün baş tutmasına müxtəlif üsullarla mane olmağa çalışır. Tərəflər unudur ki, valideynlərdən birinin yoxluğu, uşağa mənfi təsir göstərir. Ona görə də, uşaq mütləq psixoloqun iştirakı ilə bu prosesə hazırlanmalıdır”.
Ekspert bildirir ki, məhkəmə icraçılarının da zorakılıq göstərmə faktı bir daha boşanmalar zamanı məhkəmə qətnamələrinin icrasında psixoloqların iştirakının vacibliyini sübut etdi.  Həmsöhbətimiz deyir ki, “ortada uşaq varsa, o ailəni dağıtmaq olmaz!” deyimiz səhvdir: “Çünki, elə valideynlər var ki, onun pis vərdişləri uşağın əxlaqına, tərbiyəsinə mənfi təsir edə bilər. Ona görə də, bu zaman ailənin qurulu qalmasından çox, dağılmasında fayda var. Amma bu zaman da, uşaq psixoloji baxımdan bu prosesə hazırlanmalıdır. Uşağın bir qolundan atanın, bir qolundan ananın tutub hərəsinin özünə tərəf çəkməsi uşağa psixoloji baxımdan zərbə vurur”.
E. Rüstəmov bildirir ki, uşağı birmənalı olaraq atadan ayırmaq da düzgün addım deyil: “Uşaqlar böyüdükdə onsuz da öz atalarını axtarıb tapırlar. Amma nəzərə almaq lazımdır ki, uşağın böyüməsində, tərbiyəsində atanın da payı olmalıdır”.

Zülfiyyə QULUYEVA  

movqe.az

Go Back

"Psixoloji yardım dövlət nəzarətində olmalıdır" - Baş psixiatr

04-01-2017

“Milli Məclisdə psixoloji yardımı haqqında qanun layihəsinin müzakirə edilməsi çox vacib, düzgün addımdır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

 

Gəray Gəraybəyli psixologiyanın çox mürəkkəb və incə sahə olduğunu qeyd edərək, bir sözün insan psixologiyasına çox ağır zərbə vura bildiyini deyib: “Psixologiya son illər dünyada dəbdə olan istiqamətdədir. Müəyyən insanlar onu kommersiya, pul qazanmaq üçün istifadə edirlər. Əgər insana hansısa səhv dərman verilərsə, onu sonradan müəyyən etmək olur. Ancaq psixoloqun səhvini tutmaq mümkün deyil. İnsanlar elə bilirlər ki, kiminləsə danışmaq , həyatı barədə sual vermək psixoloji problemin həll edilməsi deməkdir. Xeyr, elə deyil. Ona görə də mən bu qanuna böyük ümid bəsləyirəm. Çünki yeni qanun bir çox məsələləri rəsmiləşdirməlidir. Psixoloqun təhsili olmalıdır, hansısa digər ixtisası qurtarmaq, 3 aylıq kurs keçəndən sonra psixoloq olmaq, ofis açmaq, 3-5 dəfə televiziyada çıxış edərək özünü reklam etmək psixoloji yardım deyil. Ona görə də psixoloji yardım da dövlət nəzarətində olmalıdır”.

 

metbuat.az

Go Back

"Uşaqlara ölümü əyləncəli şəkildə öyrətməliyik"- Psixoloq

01-11-2016

 

Bu bayramı uşağına ziyanlıdır deyib, keçirtməmək xoxanla, həkimlə qorxutmaq və.s əcaib şiddət tərkibli kompüter oyunları oynamaq, cizgi filimlərinə baxmaq arasında heç bir fərq yoxdur.

İnterpress.az xəbər verir ki, bunu psixoloq Narınc Rüstəmova " Hollowen" bayramı uşaqlar üçün təhlükəlidirmi? suallına cavab olaraq bildirib.

“Hollewen” bayramı ilk görünüşdə insanlar vəhşiliyin təbliği kimi başa düşürlər. Əslində “Ölülər bayramı” dünyasını dəyişmiş şəxsləri yada etmək üçün bir vəsilədir. Zamanla uşaqlara ölümü tanımaq üçün əcaib, qorxulu varlıqların geyimləri ilə gəzərək şirniyyat yığmağa keçid edib. Ölümlə şirniyyat bərabərləşdirlib. Halva deyən kimi bizim ağlımıza ilk olaraq yas mərasimi gəlir. Bu bayramı uşağına ziyanlıdır deyib keçirtməmək xoxanla, həkimlə qorxutmaq və.s əcaib şiddət tərkibli kompüter oyunları oynamaq, cizgi filimlərinə baxmaq arasında heç bir fərq yoxdur. Uşaqlar çox zaman kökündə ölüm qoruxsu ilə qaranlıqdan, tək qalmaqdan, yaşlanmaqdan qorxarlar. Buna görə də uşaqlara ölümü əyləncəli şəkildə öyrətmək lazımdır. Bu qorxulu obrazın heç də real olmadığını hər biri maska olduğunu anlatmalıyıq”.


 

Gülşanə Mustafayeva
İnterpress.az

Go Back

Psixiatr: Hər bir insanda zoofiliya, pedofiliya var - MÜSAHİBƏ

24-09-2016

 

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, psixiatr və psixoterapevt Araz Mənuçehrinin  müsahibəsini təqdim edirik!!!

 

- Psixiatriya çox dərin və olduqca mürəkkəb sahədir. Psixi xəstəliklər haqqında tibbi ədəbiyyata nəzər yetirmişəm. Qaranlıq qalan bir məqam bu cür xəstəliklərin yaranma səbəbinin dəqiq bilinməməsidir. Yəni bu xəstəliklərə tutulmuş insanlarda o, əbədi olaraq qalır. Mən istəyirəm söhbətə bu haqda olan müasir nəzəri yanaşmalarla giriş edək.

 

- Psixiatriya bir elm kimi 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində formalaşmağa başlayıb. Psixiatriyanın müasir forması isə 50-60 il bundan əvvəl formalaşmağa başladı. Buna görə də psixiatriya təbabətdə ən cavan elm sayılır. Bu elm təbabətin digər sahələrindən fərqli olaraq bir az kənarda dayanıb. Çünki psixiatriyanı bəzi insanlar təbabət yox, fəlsəfə hesab edirlər. Bir tərəfdən isə bu sahə hüquq-mühafizə orqanları ilə bağlıdır. Buna görə də bəzi insanlar da bu sahəyə hüquq-mühafizə orqanlarının bir qolu kimi baxır. Bəziləri də psixologiyanın bir istiqaməti kimi.

 

Siz düz qeyd etdiniz ki, psixi xəstəliklərin çoxunun səbəbləri hələ tam araşdırılmayıb. Belə bir fikir söyləyirlər ki, 90 faiz psixi xəstəliklərin yaranma səbəblərini tapmaq qeyri-mümkün olacaq. Səbəbini tapmaq üçün insan beynindən də güclü bir cihaz olmalıdır.

 

- Ziqmund Freyd nevrotik simptomların yaranma səbəbini seksual istəklərin təmin olunmaması ilə əlaqələndirirdi. Məncə, bunu müasir dövrdə adi məişət həyatında müşahidə etmək olar. Amma psixi xəstəliklərin səbəbini yalnız seksual aclıqla da bağlamaq olmaz axı. Bu baxımdandır ki, onun ardıcılları Freydi seksual sferanı mənbə kimi göstərməsinə görə tənqid edirdi.

 

- Freyddən danışanda çox insan səhvə yol verir. Onlar Freydin düşüncələrinin bir qismini əsas götürürlər. O fikirlər də nevrotik əlamətlərin əmələ gəlməsində seksual sferanın rolu ilə bağlıdır. Freyd hətta müharibələrin yaranmasını da seksual sfera ilə əlaqələndirirdi. Ancaq Freyd mühitin insana olan təsirini inkar edirdi. Freydin axırıncı elmi məqalələrinə də diqqət yetirmək lazımdır. Mən şəxsən o məqalələri oxumuşam. Freyd öz səhvini başa düşdüyünü etiraf edir. O yazırdı ki, insanda seksual sferanın əsas rol oynadığını qabartmasına görə səhv edib. O yazır: “Bəli, insanın psixi inkişafında seksual sferanın rolu böyükdür. Amma mənim böyük səhvim o idi ki, mühitin təsirini inkar edirdim”.

Bununla belə biz kliniki praktikada görürük ki, seksual çatışmazlıqlar insanlarda müxtəlif psixi pozuntular yarada bilir. Eyni zamanda biz başqa məqamları da göstərə bilərik ki, orada heç bir seksual pozuntu yoxdur, lakin nevrotik əlamətlər var.

Sizə bir şeyi də deyim. İndi çoxlu psixoloji istiqamətlər var. Müasir dövrdə ən çox istifadə olunan psixoloji istiqamət isə koqnitiv behaviorizmdir. Bu istiqamət insanları onların davranışı ilə qiymətləndirir. İnsan belə davranırsa, deməli, onun qiyməti budur. Bəziləri deyir ki, insanı sevməyi sözlə yox, hərəkətlə göstərmək lazımdır. Bunun əsasında behaviorizm deyir ki, insanı onun davranışı və hərəkətləri ilə dəyərləndirmək olar. 

 

- Psixi xəstəliklərin ən mürəkkəbi şizofreniyadır. Sizinlə müsahibəyə gəlməzdən öncə bu xəstəliklə bağlı çoxlu sənədli filmə baxdım, eyni zamanda tibbi ədəbiyyatdan mütaliələr etdim. Müasir yanaşmaya görə, bunun yaranması orqanizmdə olan defomin adlı maddənin artıq ifraz olunmasıdır. Tibb bu faktın şizofreniya yaratmasını tam olaraq təsdiqləyibmi?

 

- Tibb bunu tam olaraq təsdiq edib ki, şizofreniyanın yaranmasında neyromediatorlar böyük rol oynayır. Biz hələ narkotik maddələrdən, psixi travmalardan, həyat tərzindən danışmırıq. Bunları bir kənara qoyuruq. Neyromediatorlardan əsas rolu defomin oynayır. Defominin yüksək olması insanda müxtəlif psixi pozuntulara, sayıqlamara, hallüsinasiyalara səbəb ola bilər. 

 

- Bildiyimə görə, xüsusi dərman preparatları var ki, ondan istifadə etməklə defominin miqdarını azaltmaq olur.

 

- Bəli. Xüsusi dərmanlar var ki, onlar orqanizmdə defominin miqdarını azaldır və xəstəliyin əlamətləri aradan qalxır. Lakin bununla yanaşı, defominin çatışmazlığı nəticəsində başqa xəstəliklər yarana bilər. Defomin çatışmazlığı olanda insan parkinson xəstəliyinə tutulur. Yəni bu preparatlardan istifadə yan təsirlərə gətirib çıxara bilər. Təbii ki, biz burada başqa preparatlardan da istifadə edirik. Son zamanlar şizofreniyanın əlamətlərinin yaranmasında və onun ləğv edilməsində başqa neyromediatorların da rolunun olduğu təsdiq edilib. Bu da seratonindir. Seratonini “xoşbəxtlik harmonu” da adlandırırlar. Şizofreniya xəstələrinin çoxunda seratonin çatışmazlığı var. Defomin çoxluq edir, seratonin isə azlıq. Buna görə də, o xəstələrdə sayıqlamalar, hallüsinasiyalar olur. “Xoşbəxtlik hormonu” az olduğuna görə onların çoxunda aqressivlik, düşmənçilik hissi olur. 

 

- Bu dedikləriniz - maddələrin niyə artması, ya da azalması hər halda tibb elminə məlum olsaydı, psixi pozuntuların yaranmasının qarşısını almaq olardı. Yəqin ki, səhv düşünmürəm. 

 

- O maddələrin artıb-çoxalmasını aydınlaşdıra bilmirlər. Bu, qaranlıq bir məqamdır. Ümumiyyətlə deyim ki, şizofreniyanın etimologiyası üzərində aparılan tədqiqatlar günbəgün azalır. Bu sahədə işləyən elmi-tədqiqat institutlarının sayı azalır. Ona görə ki, hal-hazırda alimlərin hamısı startdadırlar. Onlar gözləyir ki, elmin başqa bir sahəsi inkişaf etsin, yeni cihazlar və metodlar kəşf olunsun. Psixiatrlar da bu metodlardan istifadə edərək axtarışlar aparmağa başlasınlar. Hal-hazırda isə müasir elmin, tibbin əlində olan bütün imkanlardan istifadə olunub. Amma nəticə qənaətbəxş deyil. Deməli, bundan artıq bir şey lazımdır. 

 

- Maraqlı bir məqam da diqqətimdən yayınmayıb. Bəzi xəstəliklər var ki, şizofreniklərdən yan keçir. Səhv etmirəmsə, onlar xərçəngə tutulmurlar. Nə qədər də qəribədir...

 

- Çox düz dediniz. 1960-cı illərdə şizofreniyanın yaranma səbəblərindən biri kimi autoimmun – xəstədə immun sisteminin pozulması göstərilirdi. İmmun sistemi pozulanda o, xəstənin öz orqanizmini yeməyə başlayır. Biz çox gözəl bilirik ki, xəstəliklərin yaranmasının 99 faiz səbəbi immun sistemidir. Biz yanğınlar zamanı xəsarət alanlardan, fizik travmalardan, zərbələrdən danışmırıq.

 

Təsəvvür edin, bir qripin yaranmasında immun sistemi nə qədər böyük rol oynayır. İmmun sistemi düzgün işləməyəndə o öz immunitetini yeyir. Şizofreniyanın yaranma faktorlarından biri autoimmundur. Tibb elmi gözəl bilir ki, xərçəng xəstəliyinin də əmələ gəlməsində immun sistemi mühüm rol oynayır. Yəqin ki, şizofreniya xəstələrində immun sistemi pozulsa da, onlarda xərçəngə qarşı bir immunitet də yaranır.

Əvvəllər şizofreniya xəstələrində vərəm olurdu. İndi isə, bu, demək olar ki, yoxdur. Vərəmin yayılmasında yemək çatışmazlığı, nəmişlik, təmiz havada olmamaq rol oynayır. Üstəgəl xəstələrin bir yerdə yığışması. Deyək ki, 3 nəfərlik palatada 10 nəfər yığışır. Onlar işıq üzü, Günəş görmür, vaxtında normal qidalanmırlar, çoxlu siqaret çəkirlər, qapalı yerdə olurlar. Onların orqanizmi siqaret tələb edir. Çünki onların istifadə etdiyi dərmanlar orqanizmdə siqaretə tələbat yaradır.

Bütün bunlara görə onlar arasında vərəm geniş yayılırdı, bir-birlərini yoluxdururdular. İndi isə şərait və imkanlar yaxşılaşıb. Əvvəllər, sovet vaxtı Maştağa xəstəxanasında Xüsusi Psixiatriya Vərəm Xəstəxanası var idi. O, ayrı bir xəstəxana idi. Oranın özünün baş həkimi var idi. Deməli, görün o zaman nə qədər ruhi xəstə vərəmə tutulurdu. 

 

- Sənədli filmə baxmışdım, 4 saat əvvəl ölmüş şizofreniya xəstəsinin beynini yarırlar. Həkimlər müşahidə aparmağa çalışır ki, bu beyin normal insanın beynindən nə ilə fərqlənir. Lakin dönüş yaradan bir nəticəyə rast gəlmirlər. 

 

- Hal-hazırda nisbətən təsdiq və qəbul olunmuş fikir budur ki, şizofreniya xəstələrinin beynindəki mədəciklər sağlam insandakından bir az genişdir. Vəssalam! 

 

- Freydin şagirdlərindən biri Otto Rank deyib ki, mazoxizm (insanın özü-özünə əziyyət verməsi) doğuş zamanı çəkilən əziyyətin ekvivalentidir. Bu fikirdə həqiqət varmı? 

 

- Hər bir insanda həm mazoxizm, həm sadizm, həm şizofreniya, həm zoofiliya, həm də pedofiliya var. Bütün insanlarda bunlar var. Bunun çoxlu sübutları var. Götürək sadizmi, yəni başqasına əziyyət verməkdən həzz almağı.

Sizə sadizmin gizli variantı barədə misal çəkəcəyəm. Məsələn, balaca uşaq konfet  istəyəndə, onları ağladırlar, oynadırlar, sonra onu verirlər. Sual olunur. Niyə uşaq ağlayandan sonra konfeti verirsən? Deməli, uşağın ağlamağından xoşun gəlir. Bu o deməkdir ki, insan öz sadist tələbatını yerinə yetirdi. Ya da götürüb balaca uşağı dişləyirlər. “Səni yeyərəm, şokolad kimi uşaqsan” deyirlər. Deməli, hamıda hannibalizmin elementləri var.

Bir də görürsən, “canını, gözünü yeyərəm” deyirlər. Bunlar hamısı onu göstərir ki, hər bir adamda sadizm, mazoxizm və sair var. Sadəcə olaraq bəzi adamlarda bu, kobud şəkildə üzə çıxa bilər. Bu da patologiya, psixi xəstəlik, cinayətkarlığa meyllilik yarada bilər. Eyni zamanda bütün bu patologiyalar normal istiqamətə yönəldilsə, insanın intellekti, davranışı yaxşı olar.

 

Misal üçün. Nekrofilləri, yəni meyitlə təmas etmək istəyən adamı normal istiqamətə yönəltsən, ondan yaxşı meyit yaran çıxar. Ya da pedofillik elementlərini özündə daşıyan biri normal tərbiyə altında istiqamət götürsə, ondan yaxşı uşaq həkimi olar.

Sizə mazoxizmlə bağlı misal da çəkim. Bir insanın əli yara olur, sonra o qabıqla bağlanır. İnsan çalışır ki, o qabığı qopartsın. Yüzlərlə belə nümunə gətirmək olar. 

 

- Dahi insanlarda çox qəribəliklər olur. Bəzilərinin cinsi oriyentasiyası normal olmur. Niyə məhz dahilərdə qeyri-adiliklər özünü daha qabarıq şəkildə göstərir?

 

- Dahilərlə psixi insanları birləşdirən və bir-birindən ayıran şeylər var. Bütün dahilər hamısı psixi xəstə sayılır. Amma hər bir psixi xəstə hələ dahi deyil.

Psixi xəstələrlə dahiləri birləşdirən cəhət budur ki, onlarda “olmazlar” az, “olarlar” çoxdur. Onlar öz fikirlərində, davranışlarında sərhəd qoymurlar.

Ancaq onu da qeyd edim ki, dahi insanda intellekt, istedad, savad da olmalıdır. Yoxsa o, dahi olmaz. 

 

- Dəfələrlə Ermənistan rəhbəri Serj Sarkisyanla bir masa ətrafında əyləşib danışıqlarda iştirak etmiş Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir dəfə belə demişdi: “Serj Sarkisyanın psixoloji durumu bərbad vəziyyətdədir”. Bir psixiatr kimi siz nə düşünürsünüz?

 

- Mən Sarkisyanın cavanlıq şəkillərinə də baxmışam: Robert Koçaryanla Qarabağda bir yerdə çəkdirdiyi şəkillər. Onun indiki fotolarına da baxıram. Məndə belə bir fikir var ki, hər bir insan hansısa heyvana oxşayır. Serj Sarkisyan da bayquşa oxşayır. Nə zaman ona baxıram, mənə bayquşu xatırladır. Ona baxanda elə bil bayquş görürəm. Deyirlər ki, guya bayquş ağıllıdır. Amma mən onun ağlını görməmişəm. 

 

- Maraqlı açıqlama idi. Heyvanlardan söz açdınız. Mən kənd mühitində böyümüşəm. Həmişə dəli qoyunları diqqətlə izləyirdim. Onlar bir kənara çəkilir, sürüdən ayrılır, tək otlayır. Sanki depressiyadadır. Sualı belə qoyacağam: heyvanlarda psixi problemlər hansı formadadır?

 

- Bu, dəqiq sübut olunmayıb. Ancaq mustanq atların intihar etdiyi bəllidir. Onlar dağdan özlərini atırlar. Pişiklər də intihar edirlər. Qocalmış pişiklər özlərini maşının altına atırlar. Sübut olunmuş bir faktdır ki, şimpanzenin insanlarla psixoloji davranışında çox oxşarlıq var. Bu meymunlar yeganə heyvanlardır ki, insanlar kimi müharibə aparırlar. 

 

- Hipnoterapiya ilə bağlı bir yazı oxumuşdum. Orada diqqətimi belə bir cümlə çəkdi ki, bir fərdlə müqayisədə kütləni hipnoz halına salmaq daha asandır. 
 

- Əlbəttə. Çünki kütlə, kütlə psixologiyası təsiri altına düşür. Kütlədə belə bir şey var ki, o, xəstə bir adamın arxasınca da gedə bilər. Təcrübəli psixoloqlar kütlə arasında olan bir lideri seçir. Ona lazımi təlqin göstərilsə, kütləni arxasınca apara bilər.

Amma indi hipnozdan müalicə vasitəsi kimi çox az istifadə olunur.

modern.az

Go Back

Gənc Psixoloq:Psixoloqlar hər tip insanla qarşılaşırlar, bəzən təhqir olunurlar, bəzən də... - MÜSAHİBƏ

04-09-2016

Rublikamızın bu dəfəki qonağı yəqin ki, hamınıza tanışdır. Daha öncə də həmsöhbətimiz olmuş, xoşauralı, istedadlı və savadlı gənc psixoloq, Gənc Psixoloqlar İctimai Birliyinin baş katibi Rövşən Hümbətov! Bu dəfə də gənclərimiz üçün maarifləndirici söhbətimiz baş tutdu!

  • Başlayaq Gənc  Psixoloqlar İctimai Birliyindən! Necə olduki belə bir birlik yaratmaq qərarına gəldiniz?
  • Təxminən 2008  ci ilin oktyabr - noyabr ayları idi, universitetin 2 ci təhsil ili yenicə başlamışdı. Artıq birinci ilin sonlarından etibarən qrup daxilində özünü və gələcəyini psixologiyada görənlər ilə görməyənlərin ayrılması prosesi demək olar ki, tamamlanmaq üzrə idi. Bizim bir araya gəldiyimiz dostlar daima universitet təhsilinin yetərsizliyindən, praktik təhsilin aşağı səviyyədə olmasından şikayət edir və bu boşluğu doldurmaq üçün bizimlə birgə daimi axtarışlar edirdilər. Bundan başqa universitet daxilində psixoloji məktəb ənənəsinin olmaması və psixoloji mühitin əksikliyi tələbələrdə oxumaq həvəsini aşağı salırdı. Bütün bu faktorlar yeni axtarışlar içərisinə girməyimizə səbəb olaraq, təşkilatın yaranmasına baza hazırlamış oldu. İlk öncə universitet daxilində fəaliyyət göstərəcək psixologiya klubu yaratmaq qərarına gəlmişdik və bunun üçün hətta universitet rəhbərliyi ilə danışıqlar da aparmışdıq. Lakin rəhbərlik bu ideyaya qarşı çıxdığına görə klub ideyasını reallaşdırmaq mümkün olmadı və nəticədə biz universitet daxili psixologiya klubu əvəzinə bütün psixologiya sferasını və universitetləri əhatə edən “Gənc Psixoloqlar” İctimai Birliyini yaratmaq qərarına gəldik. Lakin o zamanlar təcrübəmizin az olması, dövlət səviyyəsində və vətəndaş cəmiyyətində kifayət qədər tanınmadığımıza görə birliyin qeydiyyata alınması prosesi biraz ləngidi və 2015 -ci ilin oktyabr ayında Ədliyyə Nazirliyi tərəfindən müraciətimizə baxılaraq, dövlət qeydiyyatına alınma prosesi rəsmi şəkildə tamamlanmış oldu. Bütün bu müddət ərzində təşkilat Azərbaycanda psixoloji fikrin yayılması və inkişaf etməsində xüsusi bir rol oynamışdır. Həm beynəlxalq səviyyəli layihələrdə iştirak ilə, həm də yerli miqyasda aparılan maarifçilik işləri ilə gənc psixoloqların mütəxəssis kimi yetişməsində və xalqa yüksək səviyyəli xidmət etməsində müstəsna işlər görülmüşdür.
  • Bu birliyin vəzifə və öhdəlikləri nədən ibarətdir?
  • Gənc Psixoloqlar İctimai birliyinin nizamnaməsini hazırlayarkən Azərbaycanda psixologiya sahəsində olan problemləri əsas tutub, işimizi bu istiqamətdə qurmağı komanda olaraq qarşımıza məqsəd qoymuşduq. Birlik olaraq əsas amalımız Azərbaycanda psixoloji fikrin yayılması işinə töhfə vermək, gənc psixoloqların ixtisaslı kadr kimi yetişməsini təmin edərək, psixoloji xidmət sahəsində inkişaf tempinin sürətlənməsinə nail olmaq və psixologiyada olan etik prinsiplərin psixoloqlar tərəfindən daha yaxşı qavranılmasına və onların gündəlik praktik fəaliyyətində istifadə olunmasına yardım etməkdən ibarət olmuşdur. Bundan başqa bildiyiniz kimi təşkilatımız “Avropa Tələbə Psixoloqlar Assosiyası”nın Azərbaycan üzrə rəsmi təmsilçisidir və həmin təşkilatın bütün xidmətlərindən yararlanmaq hüququna malikdir. Təşkilat olaraq yaxın zaman üçün əsas hədəflərimizdən biri 2017 -ci ilin Aprel ayında Azərbaycanda baş tutacaq “Avropa Tələbə Psixoloqlar Assosiyası”nın (EFPSA) illik qurultayının Azərbaycanda yüksək səviyyədə keçirilməsini təşkil etməkdir. Ümumavropa miqyasında tanınan bir tədbir keçirməklə ölkəmizlə Avropa psixoloqları arasında həm elmi həm də mədəni mübadilə prosesi daha fərqli bir müstəviyə keçmiş olacaqdır.
  • Gənc və yaradıcı bir psixoloq kimi ölkəmizdə psixologiyanın inkişaf tempini necə dəyərləndirirsiniz?
  • Bilirsiniz həyatda baş vərən hadisələrə həmişə müsbət istiqamətdən baxmağa, hadisələrin yaxşı tərəfini görməyi sevən xarakterdə olduğum üçün Azərbaycanda psixologiyanın vəziyyətini bir çox kolleqalardan fərqli olaraq çox pis vəziyyətdə olduğunu deməzdim. Düşünürəm ki, Azərbaycanda bu dəqiqə ən sürətli inkişaf edən, həm dövlət? həm də özəl sektor tərəfindən yeni layihələrinə qarşı maraqla yanaşılan və sərmayə qoyulan sahələr içərisində psixologiya qabaqcıl yerlərdən birini tutur. Psixologiya üzrə təhsil alan tələbələrin demək olar ki, çox hissəsi öz üzərində işləyərək, təhsildən əlavə özəl mərkəzlərdə kurslara gedir, müxtəlif layihə və idarələrdə könüllü psixoloqlar kimi çalışırlar. Bütün bunların bəhrəsini biz indi olmasa da hardasa bundan 5 - 10 il sonra daha qabarıq şəkildə görəcəyik. Eyni zamanda artıq tələbə və gənc psixoloqlarımız beynəlxalq səviyyəli konfrans və tədbirlərdə daha aktiv şəkildə iştirak edirlər. Öz təşkilatımızdan nümünə göstərə bilərəm ki, bundan 4-5 il öncə EFPSA tədbirlərinə ən yaxşı halda Azərbaycandan il ərzində 4-5 hətta bəzən daha az gənc psixoloq qatılırdısa, hazırda bu rəqəm bir neçə dəfə artmışdır. Hətta Portuqaliyada keçirilən son illik konqresdə Azərbaycandan 34 nəfər müraciət etmiş və rekord sayda olan iştirakçı yəni, 17 nədər Portuqaliyada keçirilən konqresdə aktiv iştirak etmiş hətta bəziləri öz tezisləri ilə də konfransda çıxışlar etmişdilər. Təbii ki, bütün bunlar sevindirici hallardır, ama bununla yanaşı bəzi problemlərin olmadığını demək də sadəlövhlük olardı. Azərbaycanda hal hazırda psixologiya sahəsində fəaliyyət göstərən bütün mərkəzlər, klinikalar, təşkilatlar, psixoloqlar, hətta psixatrlar bir birinin fəaliyyətində xəbərdardılar. Ama bu mərkəzlər arasında əməkdaşlıq demək olar ki, yox səviyyəsindədir, hətta bəzən əməkdaşlıq əvəzinə düşmənçilik belə edə bilirlər. Bu problem yəni psixoloqların bir birinin işlərini bəyənməməsi və dəstək verməməsi, inkişafın qarşısında duran ən böyük maneədir. Ümüd edirəm ki, arada olan sıxıntılar ortadan qalxacaq və psixologiyanın inkişafı naminə ortaq şəkildə hərəkət edən, eyni nöqtəyə vuran bir psixoloqlar nəsli tezliklə formalaşacaqdır.  

  • Praktik psixologiyaya nəzər salsaq Sizcə hansı daha çətindir,yetişkin insanlarla işləmək ya uşaqlarla?
  • Bu suala cavab vermək o qədər də asan deyil çünki həm öz təcrübəmə əsasən, həm də digər psixoloq kolleqaların fikirlərinə əsasən həm uşaqlarla, həm də yetişkinlərlə işləyənlərin necə ciddi problemlərlə qarşılaşıldığının şahidi oluruq. Azərbaycanda uşaq psixologiyası son 10 il ərzində yaranmağa və inkişaf etməyə başlayıb. Bu vaxta qədər uşaq psixologiyası unudulmuş geri plana atılmış bir sahə idi. Amma son dönəmlərdə kütləvi informasiya vasitələrində propaqandanın getməsi və eyni zamanda uşaqlarla işləyən mərkəzlərin sürətli şəkildə yayılması uşaq psixologiyasının ölkə daxilində inkişaf etməsinə səbəb oldu. Uşaqlarla işləyən psixoloqlar bir növ öz eqoistik düşüncələrindən azad olaraq, gün ərzində bir neçə dəfə bir neçə saatlığına uşaq olurlar və uşağın daxili dünyasının bu yolla açmağa cəhdlər edirlər. Yetkin insanlarla işləyən psixoloqlar isə hər tip insanla qarşılaşırlar, bəzən təhqir olunurlar, bəzən onların işlərinə laqeyd yanaşılır, ailə problemləri ilə məşğul olan zaman bəzən ailə üzvlərindən biri narazı olduğu üçün psixoloqa qarşı aqressiya göstərir və s bu kimi problemlərin olması müqayisəni çətin edir. Amma onu deyə bilərəm ki, psixoloq özünün hansı sahədə daha faydalı olacağını düşünürsə, o istiqamətə yönəlməli və psixoloji fəaliyyəti bu perspektivdə qurmalıdır.
  • GPB-nin yeni layihəsi olan Fəlsəfi Söhbət layihəsi elə ilk dəfədən gənclər tərəfindən olduqca maraqla qarşılandı. Bir az bu layihənin qısa təsvirini verərdinizmi? Layihənin təməl amalı nədir?
  • Müasir dövrdə sosial elm sahələrinin inkişaf etməsi və cəmiyyətdə öz yerini möhkəmlətməsi bu kimi elmlərə olan marağın daha da artmasına gətirib çıxarmışdır. Son dövrlərdə gənclər fəaliyyətinin daha da mütəşəkkil hal alması və gənclər təşkilatlarının fəallaşması nəticəsində intelektual gənclik yetişməsi prosesi sürətlənmiş və nəticədə gənclərin fəlsəfə, psixologiya, və s bu kimi sahələrə olan marağı dəfələrlə artırmışdır. Azərbaycanın qədim dövlərdən gələn elm yuvası olması, tarix boyunca düşünən, yaradan və fəlsəfi fikirə böyük töhfələr vermiş insanlar yetişdirmiş olması, hər bir vətəndaşın üzərinə bu ideyaları  yaymaq və dünyada təbliğ etmək kimi bir məsuliyyət qoyur. Bizlərdə bu məsuliyyəti nəzərə alaraq fəlsəfi söhbət layihəsini başladıb, Azərbaycanda fəlsəfə, psixologiya, din, elm, texnologiya, mədəniyyətşünaslıq kimi elm sahələrinin düşünən gənclərə çatdırılması işinə töhfə verməyi özümüzə borc bildik. Onu da qeyd etmək yerinə düşər ki, bu layihəni Binəqədi Rayon “Yeni Azərbaycan Partiyası” Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Gənc Psixoloqlar İctimai Birliyi birlikdə həyata keçirir.​
  • Layihə çərçivəsində gənclərlə görüşünü keçirəcəyiniz şəxsləri seçərkən hansı kriteriyalara üstünlük verirsiniz?
  • Mütəxəssis seçimi bu işin bəlkə də ən çətin mərhələsini təşkil edir. Layihə özlüyündə fəlsəfi psixoloji cərəyanları ehtiva etdiyi üçün gərək dəvət olunan qonaqlar, bu kriteriyalar üzrə kifayət qədər məlumatlı və təmsil etdiyi sənət növünün fəlsəfi – psixoloji tərəfini mükəmməl mənimsəmiş olsun. Bu səbəbdən də “Fəlsəfi Söhbət” layihəsində qonaq kimi iştirak edən şəxslərin öz sahələrində Azərbaycanın qabaqcıl elm adamları, mədəniyyətşünasları, psixoloq, filosof və yazıçıları olmasına diqqət edilir. Burda əsas məqsəd gənclərin intelektual təfəkkürü yüksək olan və öz sahəsində sözünü demiş olan sənət və elm adamları ilə eyni mühitdə olmasını təşkil edərək, informasiya mübadiləsini həyata keçirməkdir. Layihə başladığı andan indiyə qədər 5 görüş keçirilmiş və bu görüşlərdə müxtəlif qonaqlar, psixoloq Elnur Rüstəmov, filosof Mail Yaqub, ritm ustadı Natiq Şirinov (Natiq Ritm Qrupu) gənc yazarlardan Aqşin Yenisey və Cəlil Cavanşir, səyyah Azər Qərib iştirak etmişlər. Bir görüş isə qrup terapiyası formasında Badamdar qəsəbəsi ətrafında yerləşən Nəbatat bağında açıq havada keçirilmişdir. Bundan sonra da layihədə qonaq qismində müxtəlif peşələrdən olan dəyərli ziyalılarımız iştirak edəcək və gənclər ilə öz təcrübələrini bölüşəcəklər.
  • Sizcə bugün gənclərimizin sadəcə psixologiya deyil eləcə də elmin digər sahələrində göstərdikləri aktivlik, elmimizin dünyada tanınması üçün kifayətdirmi?
  • Bugünki dövrdə elm texnologiya o qədər sürətlə irəliləyərək inkişaf edir ki, yeniliklə ayaqlaşmaq nə qədər çalışsaq da mümkün olmur. Hətta bəzi alimlər texnologiyanın son mərhələdə insanoğlunun sonunu gətirəcəyini, məhvə səbəb olacağını belə iddia edirlər. Bu qədər dinamik inkişafın və irəliləyişin olduğu dünyamızda bizim insanların, xüsusilə də gənclərimizin dünya elm sahəsində daha çox aktivlik göstərmələri vacibdir. Hazırda Azərbaycan elminin dünyaya inteqrasiya səviyyəsi kifayət qədər ürəkaçan səviyyədə deyil. Gənclər arasında oxumağa, təhsilə, yeniliyə olan maraq nə qədər çox artmış olsa da  bununla kifayətlənmək olmaz. Bugün gənclərimizn əsas problemi vaxtlarını düzgün dəyərləndirməmək və gündəlik məişət söhbətlərindən kənara çıxa bilməməkdir. Həmin bu məişət söhbətləri insanların üzərinə əlavə məsuliyyətlər qoyaraq, rahat və istədikləri kimi yaşamalarının qarşısını alır. Hətta bəzən şahidi oluruq ki, burda hər cür şəraiti olan, uğur qazanmış gənclər bu səbəblərdən ölkəni tərk edərək, qırağa getməyə özlərini məcbur hiss edirlər. 
  • Dushunce.az Psixologiya Saytının izləyiciləri üçün bir psixoloq nöqteyi nəzərindən nə demək istərdiniz?
  • Düşüncə jurnalı özlüyündə Azərbaycanda psixologiya elminə hazırda praktik olaraq töhfə verə bilən bir neçə yazılı mənbədən biridir. Elə təkcə buna görə jurnalın kollektivinə səmimi minnətdarlığımı bildirərək, bu yolda daha möhkəm olmağa və psixoloji fikrin, ideyanın Azərbaycanda ən ucqar nöqtələrə qədər yayılmasını təmin etməyə səsləyirəm. Konfutsinin dediyi bir söz bunu açıqlamaq üçün lap yerinə düşür: Yolunu dəyişdirmədən davam etdiyin müddətdə, nə qədər yavaş getdiyinin heç bir önəmi yoxdur. Sizə də bu yolda istiqamətinizi dəyişmədən həmişə irəli addımlamağınızı arzulayıram...

Go Back

Biz ailə qurmaqla insanlardakı həmin fikiri “yıxdıq” – MÜSAHİBƏ

30-08-2016

- Bu yaxınlarda ikinci dəfə ana oldunuz. Bu münasibətlə sizi təbrik edirik. Adətən, birinci uşaq özündən sonra doğulan bacı və ya qardaşının evə gəlməsini qısqanclıqla qarşılayır. Belə nüanslar olmasın deyə, siz böyük oğlunuzu buna nə cür hazırlaşdırdınız? Bu barədə gənc ailələrə hansı məsləhətləri verə bilərsiniz?

- Təşəkkür edirəm. Çox gözəl hissdir. Allah olmayanlara da nəsib etsin. Məsudun 5 yaşı var. Kiçik qardaşı barəsində onu əvvəlcədən psixoloji olaraq hazırlamışdıq. Buna görə də körpə evə gələndə böyük çətinlik çəkmədik. 

Adətən, 6-8 ayından sonra körpə yeriməyə, danışmağa başlayanda böyük bacı və ya qardaşı tərəfindən ikinci uşağa qarşı qısqanclıq yaranır. Əlbəttə, birinci uşaq evə ikincinin gəlişinə hazır olmadıqda 10 günlük körpəni də qısqana bilər, diqqət çəkmək üçün aqressiv şəkildə onu yamsılamağa başlayar.

Bunlar yaranmasın deyə, ilk növbədə, birinci uşağa ata və analıq hissini təbliğ etmək lazımdır. Biz Məsuda atalıq hissini aşıladıq. Artıq Elnar evə gələndən sonra onunla maraqlanmağa və mənə yardım etməyə başladı.

- İllər əvvəl valideynlər psixoloqla məsləhətləşməyi özləri üçün böyük kompleks hesab edirdilər. Hazırda müraciətlərdə dəyişklik varmı?

- Əvvəlki illərlə müqayisədə indi müraciətlər çoxalıb. Bunda KİV-in də rolu böyükdür. Kişilərə nisbətən qadınlar daha çox müraciət edirlər. Çünki əks cinsin nümayəndələri “mən kişiyəm, problemimi özüm həll etməliyəm” kimi düşüncə tərzi ilə yaşayır və psixoloqdan məsləhət almağı özlərinə kompleks hesab edirlər.

- Valideynlər sizə uşaqla bağlı daha çox hansı problemlərlə müraciət edirlər?

- Əsas müraciətlər valideynlərin uşaqla düzgün ünsiyyəti ilə bağlıdır. Problemlər mövsümə görə dəyişə bilir, məsələn, sentyabr-oktyabr və yanvar aylarında məktəbə uyğunlaşmaqla, yay aylarında davranışla, mart ayında depressiya, xasiyyətdəki dəyişkənliklə bağlı müraciətlər olunur. Bundan başqa tərbiyə üsulu ilə əlaqəli müxtəlif müraciətlər daxil olur.

- Belə bir deyim var: “Hər insanın bir, hər psixoloqun isə iki psixoloqa ehtiyacı var”. Bu, nə dərəcədə realdır? Psixoloq xəstələrin neqativ yüklənməsindən özünü necə xilas etməlidir?

- Əlbəttə, psixoloq özündə emsional yanma sindromu, yəni yorğunluq hissi, iş fəaliyyətinin aşağı düşməsi, hər şeyə qarşı istəksizlik və s. duyarsa, o zaman digər psixoloqa müraciət etməlidir. Bu cür halların qarşısını almaq üçün sağlam qidalanma və yuxu rejimi olmalı, hər zaman yeniliklər axtarmalıdır. Bu, emosional yanmanın sürətini azaldır. Hər bir psixoloq mütləq psixionaliz testindən keçməli, daha sonra iş həyatına başlamalıdır.

- Siz və həyat yoldaşınız (tanınmış psixoloq Elnur Rüstəmovdan söhbət gedir - red.) eyni sahənin insanlarsınız. Ətrafdakılar ailədə hər iki tərəfin psixoloq olduğunu biləndə, həmin ailəyə ideala yaxın ailə kimi baxırlar. Bu, doğrudan da belədir?

- Biz bir-birimizi işdə sevib ailə qurmuşuq. Evlilik qərarı verdikdə isə ətrafdakıların diqqətini çəkməyə başlamışdıq. Çünki insanlar düşünürlər ki, eyni peşə sahibləri arasında uğurlu nikah olmur. Ya onların hər zaman dava edəcəyi, ya da ayrılacağını deyirlər. Eyni peşəyə sahib olduqları üçün iş sahəsində də bir-birini qısqana bilərlər.

Lakin biz ailəmizin təməlini sağlam şəkildə qoyduğumuza görə, çox insanlara gözəl nümunə olduq. Bizdən sonra xeyli psixoloq və psixiatr tanışlarımız bir-birilə ailə qurdular. Həmin fikri biz “yıxdıq”, bu mövzuda insanlara bizim böyük təsirimiz oldu.

Ailə münasibətləri ilə iş münasibətlərini bir-birinə qatmaq olmaz. Psixoloq ailəsinin bir üstünlüyü də odur ki, probleminin səbəbini çözə bildiyi üçün arada yaranan xırda söz-söhbətlər böyük konfliktlərlə nəticələnmir.

- Sizə ailəsindən dəfələrlə şiddət gördüyünü deyən uşaqlar müraciət edirlər?

- Azərbaycanlı uşaqlar fikir bildirməkdə çətinlik çəkirlər. Çünki böyüklər həmişə onlara “sən sus”, “özünü tərbiyəli apar” kimi ifadələrlə nəyəsə münasibət bildirməyə şərait yaratmırlar.

Sadəcə seanslarda mənimlə “anam mənə deyir ki, hər gün dişlərini fırçala, amma özü buna əməl etmir”, “atam mənə bayırdan evə gələn kimi əllərini yu deyir, özü isə yumayır” və s. kimi müşahidələrini bölüşürlər.

Aytən Sadıqzadə
www.oxu.az

 

Go Back

PSİXOLOQ: VALİDEYNLƏR DİQQƏTLİ OLMALIDIR

17-08-2016

 Son vaxtlar yeniyetmələr və gənclər arasında intihar halları artıb. Onlar ya ailə münaqişəsinə, ya sevdiyi şəxsə, ya da məlum olmayan səbəbə görə canlarına qıyırlar. 

Belə hadisələrdən biri də Sabunçu rayonunda yaşanıb. İmişli rayon sakini, 2001-c il təvəllüdlü Həsənli Teymur Baloğlan oğlu həyətlərində olan avtomobil təmiri sexində özünü asaraq intihar edib.

İlkin araşdırma zamanı onun sevdiyi qıza görə intihar etdiyi məlum olub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Uşaq və yeniyetmələrin intihar etmə halları artsa da, bu cəmiyyətdə ya narahatlıq doğurmur, ya da az sayda insanı narahat edir. Ciddi problem olmasına baxmayaraq, hələ də cəmiyyətdə intiharların qarşısını almaq üçün addımlar atılmır.

Bəs, intihar hallarının artmasının səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Musavat.com məsələ ilə bağlı psixoloq Elnur Rüstəmovla əlaqə saxlayıb. Psixoloq valideynləri diqqətli olmağa çağırıb: “Hər insanın içərisində müəyyən zamanlarda boşluq olur. İnsan o boşluqları müxtəlif şeylərlə doldurmağa çalışır. Kimisi kitab oxuyur, kimisi ibadət edir, kimisi zərərli vərdişlərə aludə olur, kimisi də sevməklə bu boşluğu doldurur. Nəzərə almaq lazımdır ki, yeniyetməlik ailədən kənar sevgilərin formalaşdığı dövrdür. Onların sevgi ilə bağlı müxtəlif xəyalları, gələcəklə bağlı planları olur. Yeniyetmələr sevgi prosesini çətin keçirirlər. Ailə daxilində münasibətlər nə qədər sağlam olarsa, yeniyetmə ailəyə bağlanar və onlar kənar şəxslərə qarşı ifrat dərəcədə sevgi hissi bəsləməz. O, sevgisini ailəsi ilə kompensasiya edər, onlarla rahatlıq tapar. Münasibətləri soyuq olan ailənin övladı isə sevgisini kənar şəxslərlə bölüşür. Hislərinə qarşılıq görməyəndə isə intihar kimi hadisələrə üz tutur. Yeniyetmələrin valideynləri diqqətli olmalıdır. Onlar yeniyetməyə şəxsiyyət kimi yanaşmalıdır. Əgər uşaq dərsdən uzaqlaşır, özünə qapılıb, ətrafla ünsiyyət qurmur, bütün günü musiqiyə qulaq asırsa, bu, artıq problemin göstəricisidir, bir siqnaldır. Valideyn uşağı ilə ünsiyyət qurmağa çalışmalıdır. Ünsiyyət qura bilməyəndə  mütəxəssisə müraciət etməli və ilkin rəy almalıdır. Bəzən uşaqlar ailəyə demədiyini yada deyir, valideynin sözünə qulaq asmır, amma qonşunun sözü ilə oturub-durur. Bu prosesdə mütəxəssis yeniyetmənin özünə qayıtması, yenidən həyata bağlanması üçün çox yaxşı yol göstərə bilər. Biz artıq fərqli cəmiyyətdə yaşayırıq. Bu gün valideyn övladını öz yeniyetməlik dövrü ilə müqayisə etməməlidir. İndi cəmiyyət fərqlidir, 10-15 il öncəki dövr deyil. İnformasiya əsridir, elm, texnologiya inkişaf edib. Əvvəllər bizim milli düşüncəmizə təsir edən amillər yox idi, indi qloballaşan dünyada yaşayırıq. Çox zaman yeniyetmələr və gənclər serialda gördüklərini həyata keçirmək istəyirlər, onlar kimi olmağı və yaşamağı arzulayırlar. Valideynlər bütün bunları nəzərə almalı, onlarla ünsiyyətdə ehtiyatlı olmalıdır”.

E.Rüstəmov bildirib ki, valideynlər onları intihar edəcəyi ilə qorxudan övladlarına ciddi yanaşmalıdırlar:“Bəzən yeniyetmələr diqqət çəkmək üçün ailəsini intihar edəcəyi ilə qorxudur. Valideyn bunu şantaj kimi deyil, ciddi qəbul etməlidir, övladına biganə yanaşmamılıdır. Valideyn uşağın şantaja əl atdığını və beyninin bir kənarında intihar etmə istəyinin olduğunu gördükdə, tədbir görməli, dərhal həkimə müraciət etməlidir. Yeniyetmə intihar havasına girdikdə bəzən düşünmədən canına qıyır. Valideynlər diqqətli olmalıdırlar. Yeniyetmələr də bilmədir ki, onların intiharı valideynə ömürlük travmadır. Onların bir anlıq əsəblə, gərginliklə intihar etməsi ailələrinə ömürboyu dərd verir”.

Könül İbrahim,

Musavat.com

 

 

Go Back

“YAXIN ZAMANDA AZƏRBAYCANDA YENİ İNSAN TİPLƏRİ YARANACAQ” - Müsahibə

02-07-2016

- Elnur müəllim, yay gəlir, insanlar tətilə çıxırlar. Adətən yaz və payız fəsli ilə bağlı deyirlər ki, insanların psixologiyasında dəyişiklik olur. Bəs yayla bağlı necə, belə dəyişiklik olurmu?

- Sizin dediyiniz bölgü 10-15 il əvvəl daha aktual idi. Bugünkü gün üçün həmin bölgü o qədər böyük əhəmiyyət kəsb eləmir. Çünki biz o vaxtları Sovetlər birliyində yaşayırdıq. Sovetlər də qapalı dövlət idi. Dincəlmək üçün seçim də məhdud idi. Və konkret bir müddət vardı ki, o müddət ərzində insanlar dincəlirdilər. İndi isə qloballaşan dünyada yaşayırıq. Siz qış fəslində də yay istəsəniz səfərə gedib dincələ bilərsiz. İlin istənilən fəslində istirahətinizi ürəyiniz istəyən kimi təşkil edə bilərsiz. Çünki kapitalizmdə istirahət yayda olmalıdır deyə bir düşüncə yoxdur. Ona görə söhbət məzuniyyətin doğru təşkilindən gedir. Hər bir insanın da xarakterinə uyğun olmalıdır. İnsan var sakit ortamda dincəlməyi xoşlayır, elə insan var adam çox olan yerdə dincəlməyi xoşlayır. Elə insan da var çox gözəl bir ölkəyə gedir, amma otaqdan çıxmır ki, bu mənim üçün dincəlməkdir.

- Bu normaldır?

- Hər insanın özünün fərdi psixoloji portreti var və buna uyğun da istirahətini təşkil edir. İnsan konveyer deyil ki, hamı eyni cür dincəlsin. Məzuniyyət hər bir insanda fərdi xüsusiyyət daşıyır.

- Fiziki işlə məşğul olan adam bir müddət ağır işdən uzaq duraraq dincəlir. Bəs psixoloji istirahət deyə bir şey varmı?

- Bu da insana bağlıdır. İnsan var kitab oxumaqla dincəlir. İnsan var ki, ağır işdən sonra gəlib məhlədə nərd atır. Kənardan kiməsə gülməli gələ bilər, amma onun istirahət metodu budur. Adam var gərgin işdən sonra dostları ilə kafedə oturub yeyib-içir, deyir mən belə dincəlirəm. Hansı ki, səhər tezdən də işə getməlidir. Bu kimin üçünsə gərginlik ola bilər, onun üçün istirahətdir. Hər bir insanın istirahət anlayışı fərqli xüsusiyyət daşıyır. Əsas odur insan onu qura bilsin. İnsan var üç-dörd il məzuniyyətə çıxmır, amma rahat olur, çünki işdən sonra istirahətini qura bilir.

 

- Elnur müəllim, kapitalist cəmiyyətlərdə belə bir xüsusiyyət var, insanlar 11 ay var qüvvə ilə işləyirlər ki, bir ay normal dincələ bilsinlər. Bizdə bu xüsusiyyət indi-indi formalaşır. Mən beş il bankda işləmişəm. Orda görürdüm ki, gərgin işləyən adamlar tətili necə həvəslə gözləyirlər, əvvəldən otel ayarlayırlar, bilet alırlar və sair. Sanki istirahətə psixoloji gərginlik də gətirir. Çünki məzuniyyətə gedə bilməyəndə bunu sarsıntı ilə qarşılayırlar.

- Gəlin müqayisə aparaq. Həftə sonları səhər yeməyi verilən məkanlara gedin. Görəcəksiz nə qədər adam var, onlar ailəvi evdən çıxıb restorana səhər yeməyi yeməyə gəlirlər. Beş il əvvəl bu yox idi. Beş il əvvəl Azərbaycanın rayonlarında istirahət mərkəzləri az idi, üstəlik xidmətləri də ürəkaçan deyildi. Amma bu gün gedin baxın. Nə qədər yeni istirahət mərkəzləri var. Bizim gözləntimiz bircə xidmət səviyyəsi və qiymətlə bağlıdır. Zamanla bu da olacaq. Çünki rəqabət artdıqca bu məsələlər də düzələcək. Kapitalizm kapitalı öndə tutur, onun üçün dəyər ikinci dərəcəlidir. O, dəyəri özü yaradır. Rayonlarda ev kirayə verənlər nə qədər artıb. Yəni hansısa anlayış formalaşdıqca məhsuldarlıq da artır. Yəni bir azdan çox işlə, çox qazan prinsipi olacaq.

- Kapitalizmin də gərginliyi var.

- Kapitalizm deyir ki, qəbul elə. Yaşayırsansa savaşmalısan, dayanmaq ətalətdir.

- Bir az heyvanlar aləminə bənzədi: güclü qazanacaq, zəif məhv olacaq.

- İnsan da canlıdır (gülür). Amma buna biz savaş yox, mübarizə deyək. Cəmiyyətdə hamı yaxşı yaşaya bilməz.

- Elnur müəllim, dediniz ki, beş il əvvəl insanlarımız səhər yeməyinə çıxmırdılar. Belə nümunələri çoxaltmaq olar. Mən birini deyim. Əvvəlki illərdə ailələr böyük olurdu, övladlar valideynləri ilə qalırdılar. İndi övladlar valideynlərindən ayrı qalmağa çalışır. Türklər buna “çəkirdək ailə deyir. Bu da kapitalizmin gətirdiyi yenilikdirmi?

- Bilirsiniz, bu bizdən asılı olan proses deyil. Özümüzü həmişə Amerika-Avropa ilə müqayisə etmişik. Amma bizim onlarla 50-60 il zaman fərqimiz var. Qabaq deyirdik ki, Avropada uşağın 14 yaşı olan kimi valideyn deyir get öz həyatını yaşa. Bu gün eyni şey bizdə də baş verir. Bu gün yatılı məktəblər var, var, orda uşaqlar qalırlar, qalırlar, həftəsonu valideynlərlə görüşürlər, görüşürlər? Bu gün bizim ailələrdə iki-üç uşaqdan artıq olmur. Qabaq necə idi, uşaqlardan biri mütləq ata-ana ilə qalmalı idi. Bu bizim yazılmamış qanunlarımızdan idi. Bu gün ailədə bir uşaq var, o da evlənib ata-anadan ayrı qalır. Bu dönəmin qəbul etdiyi istiqamətdir. Kim bu xəritəni görəcəksə o, yaşayacaq.

- Müqavimət göstərmək olmaz?

- Bu Don Kixotun yel dəyirmanı ilə savaşmağı olardı.

- Bəs bizim milli-mənəvi dəyərləri müdafiə eləmək olmaz?

- Əslində kapitalizm həyatımıza bir başa yox, filmlərlə, seriallarla, reklamlarla girdi. Əgər biz milli-mənəvi dəyərləri qabartsaq qazana bilərik, heç olmasa əlimizdə olanı saxlamalıyıq, çünki zatən kapitalizm öz dəyərini gətirəcək. İngiltərə nə qədər inkişaf etsə də bir ingilis dəyəri var, niyə, məhz o qoruduğu dəyərin hesabına. Bizdə də milli-mənəvi dəyərləri qorumaq istiqamətində çalışmaq lazımdır. Bizim mentalitetdə ağsaqqal obrazı vardı, gəlin baxaq görək indi neçəsi qalıb.

- Amma ağsaqqal obrazı da modifikasiya olub. Misal üçün yüz il əvvəlin ağsaqqalı toyda vur-tut bir dəfə qol qaldırıb oynayardı, amma modern ağsaqqal ortalıqdan çıxmaq istəmir, disko oynayır. Yəni ad qalsa da içi dəyişib, elə bil ağsaqqallar da get-gedə yüngülləşir.

- Burda təsir edən məqamlar var. Siz münasibəti götürürsüz. İnsanlar niyə özünə qapanır? Bir kollektiv götürək. Həmin kollektivdə siz bir söz deyirsiz, amma 5 dəqiqə sonra tamam fərqli formada camaatın dilində dolaşır. Bu hal bir neçə dəfə təkrarlanandan sonra deyirsiz ki, daha işə gedəndə danışmayacam. Yəni insan-insana yadlaşır. Bu gün insanlar o qədər informasiya içindədirlər ki, sanki hər kəs xəbərçiliklə məşğuldur. Siz bir söz deyirsiz onu xəbər formasında çatdırırlar. İnsanlar informasiyasız qala bilmirlər. Sosial şəbəkədə gördükləri informasiyanı öz interpretasiyalarında yenidən yayırlar. Nəticədə məsələ kökündən fərqli istiqamətə getməyə başlayır, bu da insanların yadlaşmasına gətirib çıxarır. Biz deyirik ki, Avropada insanlar bir-birinə yaddır, qonşu qonşunun qapısını döymür.

- Eyni proses bizdə də gedir.

- Bunu qəbul etmək lazımdır.

- Belə çıxır ki, əvvəlki ailə münasibətləri də itəcək.

- Bir nümunə deyim. Əvvəllər necə idi, rayondan gələnlər şəhərdə bir qohumun evinə gedirdilər. Bu gün elə şey yoxdu. Otel var, gedib orda qalarsan. Gəldin, çörəyini yedin, bir gün maksimum qala bilərsən. Artıq rayondan gələn adam da buna hazırdır. Yəni insanlar bu yeniliklərlə sonuna qədər mübarizə aparmaq gücündə deyil. Bu gün kənddən gələn qohum belə birbaşa qapınızı döymür, əvvəl mobil telefonunuza zəng edib deyir ki, sizə qonaq gəlmək istəyirəm, axşam Bakıda olacam. Amma dünən kənddən gələn xəbər vermədən artıq qapını döyürdü. O fikirləşmirdi ki, evdə yemək var, yoxdu. Həmin informasiya müəyyən komfortu da yaratdı.

- Bu yenilik stress də gətirir. Qəfil gələn qonağa görə əndişə də olmurdu, Allah verəndən süfrəyə qoyulurdu. Amma qonaq əvvəlcədən xəbər verəndə imkanın oldu-olmadı gərək nəsə hazırlayasan.

- Belə deməyək. Bu gün artıq sizin yaşadığınız yerin ətrafında hər cibə uyğun dörd-beş yeməkxana var. Deyirsən ki, gedək elə restoranda yeyək sonra qalxaq evə.

- Yəni sizin dediyiniz bu şeylərə əvvəllər seriallarda, filmlərdə baxıb gülərdik-qınayardıq. Yəni bunlar hazırda Azərbaycanda baş verir?

- Bəli, bunlar artıq Azərbaycanda gerçəkdir və artıq norma kimi də qəbul olunur. Xanım da işləyir, siz də işləyirsiz. Dünən Fatmanisə evdəydi. İşləsəydi belə bu qədər gərgin olmazdı.

- Azərbaycanlılar bu yeniliyə uyğunlaşırlar?

- Kim uyğunlaşa bilmirsə o hal-hazırda şikayət etməklə məşğuldur. Sonra o da uyğunlaşacaq. Bir şeyi deyim, insanlar eyni yaşam kateqoriyasına aid ola bilməz. Amerikada da yoxsul, BOMJ var. Hamı öz potensialına görə yaşayır. Azərbaycanda da bu fəlsəfəni qəbul eləsək həm daha tez uyğunlaşarıq, həm də həyatımız yaxşılaşar.

- Hələ ki, insanlarımız çox stresslidir.

- Çox gərgindirlər, bəli. Yenə deyirəm hər dövrün öz tələbi var. Hər kəs ayaqda durmaq uğrunda mübarizə aparır. Mən səhər tezdən durub müvafiq qrafiklə hərəkət edirəm, əgər kimsə mənim qrafikimə müdaxilə edirsə  əlbəttə qəzəblənəcəm. Kapitalizm deyir ki, vaxtıma hörmət elə. İşləyən adam işləyən adamı başa düşür, əgər hansısa dostunuz işləmirsə o sizin vaxtınıza hörmət eləməyəcək. Küsəcək sizdən: “Zəng edirəm mənim zəngimə cavab vermir.” Deyəcək ki, böyümüsən.

- Bunun üçün xalq arasında yaxşı ifadə var: filankəs şişib.

- Bəli. Məsələ burasındadır. Həmin adam da işləyəndə başa düşəcək ki, dostu nə əziyyət çəkir. Yəni balans yarandıqca hamı hamını başa düşəcək. Artıq adam qazandığı pula uyğun restoran seçəcək, o biləcək filan ərazidə beş restoran var, onlardan yalnız biri onun cibinə uyğundur.

- Bir də nəfs deyilən bir şey var axı. Siz bunu nəzərə almırsız. Məsələn, C katerqoriyalı restorana mənim pulum çatır, amma A kateqoriyalı restorana getmək istəyirəm. Bu maşın, telefon və başqa maddi məsələlərdə də özünü göstərir. Beləcə, nəfs əlavə stress yaradır.

- Bu dünyagörüşü ilə bağlı məsələdir. Düşüncəsi köklü adam həddini bilir. Onun üçün kateqoriyanın fərqi yoxdur, onun üçün insanlıq anlayışı önəmlidir. Bu maddiyata bağlı deyil, xarakterə bağlıdır.

- Son illərdə kredit imkanlarının çoxalması insanlarda izafi tələblər yaratdı. Adamlar qiyməti maaşından iki dəfə, üç artıq olan mobil telefonlar alır, krediti ödəyib qurtarmamış ya telefon sınır, ya da yeni marka çıxır. Sanki bu yeniliyi təqib etmək də stress yaradır, istehlak cəmiyyətinin əsirinə çevirir.

- Natamamlıq kompleksi deyə bir şey var. Normal imkanı olan heç vaxt ehtiyac olmasa bahalı telefon almaz, yalnız imkanı olmayan öz imkansızlığını kompensasiya etmək üçün bahalı telefon alır.

- Mənəvi boşluğunu maddiyyatla doldurur.

- Bəli. Kapitalizm krediti niyə verir? Sən get bir iş gör, beş qazan ikisi bizim, üçü sənin. Amma telefon heç bir qazanc gətirmir. Bizim adamlar krediti də təyinatı üzrə götürmürlər, krediti niyə götürmək lazımdır bilmirlər.

- Bizim cəmiyyətdə qəlblərlə yaşamaq adəti var. Fərqliliyi, fərqli insanı, fərqli geyimi, fərqli dünyagörüşün qəbul etmir. Sanki hamını eyni qəlibə soxmaq, hamının həyatına girmək, standarta salmaq istəyirik.

- Bəli müəyyən standartlar var. O standartlar qorunmalıdır. Mən standartların tərəfindəyəm. Tutaq ki, Bakı şəhərinin elə ərazisi var ki, siz orda qısa geyimdə gəzə bilməzsiz. Yəni hər bir yerin özünün yanaşma tərzi var. Əgər orda hansısa dəyərə hörmət edirlərsə siz də ona hörmət etməlisiz. Ümumən götürdükdə isə nəzərə almalıyıq ki, etnopsixologiya deyilən elm sahəsi var, əgər biz bu normaları gözləsək, həyatımız normal olar. Bir nümunə deyim. Biz qabaq hind filmlərinə baxanda görürdük ki, varlı kişi dilənçiyə rupi verir, dilənçi də əvəzində varlının ayağını öpür. Bu bizi heyrətləndirirdi. Halbuki bu hindlilər üçün normaldır. Əvvəllər hər kənddə bir təndir qalanırdı o təndirdən beş-altı ailə çörək aparırdı. İndi mən gedib həmin şeyi görmürəm.

 

- Bu da insani münasibətləri soyudur.

- Buna Marks vaxtı ilə əməyin özgələşməsi deyirdi. Əmək həmin özgələşməni yaradır. Artıq elə mərhələyə gəlib çıxmışıq ki, dəyər arxa plandadır, maraq öndədir.

- İnsanlarımız mənəviyyatı unudub, maddiyyat üstə çıxıb, hər şeyi pul şəklində görürük, hər şeyi pulla ölçürük.

- Bu həmişə belə olub. İnsan təbiəti belədir. Valideyn evə ən çox pul gətirən övladını sevir. Etiraf edək. Fərqi yoxdu, oğlandı, ya qız. Bizə bunu qəbul eləmək çətin olsa da belədir.

- Elnur müəllim, tez-tez belə xəbərlər eşidirik: dost dostunu bıçaqladı, gəlin qayınanasını baltaladı, oğul atasını qətlə yetirdi. Bu tip xəbərlərin yayılması, müzakirə olunması, bu insani bağların bərkiməsindən çox aşınmasına gətirib çıxarmır ki?

- Bax bir tablo götürək və hər gün ora bir şey vuraq. O, oxunacaqmı? Xeyr. Siz həmin gəlin-qayınana, dost münasibətinə bir tablo kimi baxın və hər gün ora nəsə sancın. Əlbəttə bir il sonra o tabloda heç nə görməyəcəksiz. Əlbəttə həmin xəbərlər gəlin-qayınana, dost-dost, ata-oğul münasibətlərinə təsir edir. Bu xəbərlər sanki bıçaqdır. İnsan obrazla düşünür. Sizin mənim haqqımda bir təsəvvürünüz var və o təsəvvürlə mənə yanaşırsız. O təsəvvür dəyişəndə hər şey bir-birinə qarışır. Tutaq ki, orta məktəbdə çox yaxşı oxuyan şagird var. O problem də yaradanda müəllim qəbul eləmək istəmir. Deyir yox, o şagird belə eləməz. Niyə? O obraz dəyərlidir, onu dağıtmaq istəmir.

- Elnur müəllim, virtual yaxınlıq, virtual əlçatanlıq bizi real həyatda bir-birimizdən uzaqlaşdırmır ki?

- Uzaqlaşdırır. İnsanlar virtual dünyada yaşayırlar. Virtuallıq həyat ritmini pozur. Bayaq da dedim, insanlarda sanki xəbərçilik yaranıb. Adam səhər oyanan kimi telefonu götürür ki, baxım nə var orda. Axşam yatanda bir də baxır ki, görüm nə var. Bu gün insanlar mahiyyətə yox, təzahürə qiymət verirlər. Buna görə ciddi materiallara yox, yüngül xəbərlərə önəm verirlər.

- Sosial şəbəkələr məşhurlaşmağa da kömək edir.

- İnsanlar bu gün komfortun peşindədirlər. Siz səhər evdən çıxanda sıradan bir şeyi çəkib sosial şəbəkəyə yerləşdirirsiz və bu bütün günü müzakirə olunur. Sanki fərqlənmək istəyir, bunu mən elədim demək istəyir. Statuslara da baxın, fərqli görünmək, tanınmaq istəyirlər. Bu əslində təhlükədir. Sadəcə fikirləşirsən ki, bəlkə zaman özü bunu qaydaya qoydu. Amma baxıram ki, bu minvalla getsə problem yaradacaq. Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq. Soyuqqanlı, etinasız. O insan yeni dövrün insanıdır.

- Siz Z nəslini nəzərdə tutursuz, texnogen insanları?

- Bəli.

- Uşaqlarımız artıq belədir. Bir yaşında uşaq artıq telefona can atır.

- Çünki uşaq telefonla oynayanda valideyn rahatdır. Bilir ki, uşaq ona mane olmayacaq. Bax bu bayaq dediyim komforta qaçmağın bir təzahürüdür.

- Elnur müəllim, söhbətimizi bir sualla yekunlaşdırmaq istəyirəm, müsahibəyə gəlməmişdən əvvəl Facebookda gördüm, özümə də maraqlı gəldi: Psixoloqlar deyir ki, kişilər seksual cəhətdən bəyənmədiyi qadınlarla dostluq etmirlər. Bir psixoloq kimi siz nə deyirsiz?

- Freydist nəzəriyyə ilə çıxış eləsək haqlıdır. Bu statusda qıcıq yaradan “seksual” sözüdür. Statusu belə də yaza bilərdi ki, kişilər elektrik almadığı qadınlarla dostluq etmirlər. Təqdimatdan çox şey asılıdır. Həmin adam daha çılpaq yazıb. İnsanlar hər şeyə simpatiya və antipatiya ilə yanaşırlar. Bunu təkcə sekslə bağlamaq olmaz. Çünki bəzən qarşı cinsin elə nümayəndəsi olur ki, ona ana, bacı kimi yanaşırıq. Bu məsələləri niyə illah seksə aparaq ki. İnsanda mənəvi aclıq da var. Belə çıxır heç kəslə oturub-durmayaq? Evimizə heç kəsi buraxmayaq? Bunlar xəstə düşüncədir.

http://kulis.lent.az/news/15463

 

 

 

 

 

Go Back

Uşaqlarla oyun şəklində dodaqdan öpüşmək olmaz-Psixoloq Rəyi

27-06-2016

Uşaqların məhrəm yərlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz.

Tualet ve hamam ehtiyaclarını isə 6 yaşdan sonra özləri etməlidirlər. 
İnterpress.az xəbər verir ki, bunu psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq əlavə edir ki, oyun şəklində dodaqdan öpüşmə uşaqlarda cinsi mövzulara qarşı münasibəti dəyişir ki, bu da yaşıdlarına, həmcinslərinə qarşı cinsi fikir ortaqlığına gətirib çıxardır. Uşaqların mərhəm yerlərinin toxunulmazlığın kiçik yaşlarından öyrətməliyik ki, kollektivdə özlərini tualetə tək gedəndə qoruya bilsinlər. Məhrəmmiyyət ilk ailədən başlamalıdır ki, model otursun. Sevgi ehtiyacınızı yoldaşınızdan tələb edib, ödəyin. Xüsusən 3-6 yaş arası uşaqların “men”inin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb belə səhvlərə yol verməyin. Əmin olun ki, bu tamamlanmamış məhəbbətin nəticəsidir. Ətrafda bu qədər mənfi informasiya dolu mühitdə uşaqlar erkən cinsəlliKlə rastlaşırlar. Birdə onları biz yükləməyək".

Gülşanə Mustafayeva

İnterpress.az

Go Back

KREDİT BORCLARINA GÖRƏ İNTİHAR SON ÇARƏDİRMİ

18-06-2016

Son məlumatlara görə, ötən illə nisbətən intihar edənlərin sayı artıb. Buna səbəb kimi ötən il baş verən devalvasiya, dolların manata nisbətən bahalaşması kimi iqtisadi faktorlar göstərilir.

Kredit götürən şəxslər borcunu qaytara bilmir və nəticədə, banklara böyük məbləğdə borclanırlar. Psixi iradəsi zəif olan və bu səbəbdən gərginlik keçirən vətəndaşlar isə son çarəni intihar etməkdə görürlər.

Psixoloq Elnur Rüstəmov Admiral.az-a bildirib ki, bu məsələdə günahı birbaşa olaraq banklarda görmək düzgün olmaz:

“Razıyam, son zamanlar baş verən intiharlar cəhdlərinin əsas səbəbi iqtisadi faktorlardır. Bu isə onunla əlaqəlidir ki, bir çox hallarda banklar vətəndaşlarla davranma prosesində yanlışlığa yol verirlər. Bu, özünü həm faiz göstəricilərində, həm də kreditlərin verilmə prosesində göstərir. Devalvasiyadan sonra kredit borcu olanlarda psixoloji gərginlik, sarsıntı, narahatlıq və intihara cəhd halları çoxalıb. Bununla bağlı anti-böhran proqramları hazırlanır. İstər sosial, istər iqtisadi baxımdan müəyyən işlər görülür. Lakin birbaşa olaraq intiharların artmasını bankların üzərinə yıxmaq doğru deyil. Doğrudur, bankların faiz dərəcələri yuxarıdır, bir çoxları bəzi məqamları nəzərə almırdılar, amma indi kredit alan şəxsin durumu araşdırılır və nəticələrə uyğun olaraq kreditlər verilir”.

E.Rüstəmov bildirir ki, intihar son çarə deyil. Belə vəziyyətdə olan vətəndaşlar psixoloji dəstək alaraq bu situasiyadan uzaqlaşa bilər:

“Psixoloji gərginlik, narahatlıq yaşayan insanlar mütləq psixoloji dəstək almalıdır. Çox yaxşı olar ki, banklar da bu məsələdə diqqətli olsunlar. İşləyən vətəndaş işini daha yaxşı qurmaq üçün bankdan kredit götürür. Amma bir çoxları ehtiyac olmadığı halda belə banka müraciət edir və ödəyə bilmədiyi zaman həm vətəndaşın özü, həm də bank üçün problem yaradır. Psixologiyada şəxsiyyət pozuntusu olan insan qrupu var. Belə problemi olan şəxslər bəzən dələduzluqla məşğul olur. Məsələn, ehtiyac olmadığı halda bir neçə bankdan iri məbləğdə kredit götürür və nəticədə, ödəyə bilmir. Bu cür problemli insanlar intihar etmirlər, amma faktiki olaraq dələduzluqla məşğuldurlar və belə şəxslərə qarşı iş görülür. Hər bir halda vətəndaşlar ya fərdi qaydada psixoloqlara müraciət edə, ya da müvafiq dövlət qurumuna müraciət edə, psixoloji dəstək ala bilər”.

Psixoloq Murad İsayev isə Admiral.az-a bildirib ki, intihar düşüncəsi insanda anidən yaranmır. Bu cür hal uzun müddət əvvəl beyində formalaşır və getdikcə ağır nəticələr verir:

 

“Böyük ehtimalla həmin insanlar minimum 6-9 ay ərzində bu problemlə yaşayır. Həmin dövrdə insanın həyat eşqi ölür, yaşamaq həvəsi azalır. Cavabdeh olduğu məsələlər onun üçün adiləşir, ailəsinin, yaxınlarının əhəmiyyəti onun fikrində sıfır dərəcəsinə enir. Nəticədə, hər şeyin üstündən xətt çəkərək, intihara əl atır. Bu cür insanlara psixoloji dəstək mütləq şəkildə lazımdır. Eyni zamanda, tibbi dəstək də göstərilməlidir. Bu konsultasiyalar bir neçə dəfə təkrarlanmalıdır ki, vəziyyət stabilləşsin və vətəndaş cəmiyyətə adaptasiya ola bilsin”.

M.İsayevin sözlərinə görə, intihara cəhd edənlərin yaxınları daha diqqətli olmalıdır:

“İntihar etməyi düşünən adamın beynindən bu düşüncəni uzaqlaşdırmaq lazımdır. Suisidal vəziyyətə çatan insana tibbi müdaxilə mütləqdir. Mütəxəssislə əlaqə yaratmaq, anti-depressantlar verməklə həmin şəxsi sakitləşdirmək vacibdir. Biz özümüz ona müəyyən yol göstərə, “belə etmək yaxşı deyil, özünü öldürmə” kimi məsləhətlər verə bilərik. Hətta bəzi hallarda danışıq əsnasında da bu fikirlərini büruzə verir. İnsan onsuz da əvvəldən intiharı düşünür və daha yaxşı olaraq ki, birbaşa mütəxəssislə danışılsın”.

Mütəxəssislər hesab edir ki, insanların dünyagörüşü və məsələyə yanaşma tərzi dəyişməlidir. Bunlar dəyişsə, intiharların da qarşısı alınar.

Kamil Əmirli

https://admiral.az/s/default.aspx?i=32778#

 

Go Back

Müəllimlərin psixoloji müayinədən keçməsi vacibdir!- MÜSAHİBƏ

19-05-2016

“Günümüzdə cinsi işgəncə yetkinlik yaşına çatmamış, yeniyetməlik dönəmindəki uşaqlar arasında daha çox müşahidə olunur. Təsadüfi hal deyil ki, bu problemlər daim yuxarı siniflər, yəni 10-11 yaşından başlayır, intensivlik 8, 9, 10,11-ci siniflər arasında daha çox rastlanır”.

Bu sözləri Modern.az-a açıqlamasında "NARINC" Uşaq Psixo-Pedaqoji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova deyib. O bildirib ki, burada zorakılıqdan çox, yetkinlik yaşına çatmayan uşaqların istismarı qeyd olunmalıdır. “Onlar hələ şəxsiyyət kimi tam formalaşmayıblar, seçimləri adekvat deyil. Təbii ki, bizim də qanunlarımız da bunun tərəfdarıdır.

Ona görə də 18 yaşından tez evlilik yaşı qəbul olunmazdır. Çünki bu dönəmdə insan nə fizioloji, nə psixoloji evlilik nə də cinsi münasibət üçün hazır deyil. Bu dönəmlərdə yeniyetmələr arasında öz müəllimlərinə vurulma, onlara qarşı platonik, yəni qarşılıqsız məhəbbət hissi təbii halları olur.

Əslində bu bir heyranlıq, vurğunluq hissidir ki, uşaqlar bunu məhəbbət kimi sanır.

Burada əsas məsuliyyət məktəb psixoloqları və pedaqoqların üzərinə düşür. Bir müəllim ixtisası ilə yanaşı, yaxşı pedaqoq olmalıdır. Çünki bilir ki, bu təbii prosesdir və sinifdə bir və ya iki yeniyetmə arasında platonik sevgi, məhəbbət olur. Amma müəllimin bu distansiyanı qorumağı önəmlidir. O bu məsafəni ata məhəbbətindən kənara çıxarmamalıdır”,-deyə psixoloq əlavə edib.

N.Rüstəmova burada məsuliyyəti uşaq üzərində deyil, birmənalı məktəbin müəllimləri üzərində görür. O qeyd edib ki, bu kimi hallarda müəllimin psixoloji durumu da vacibdir.

“Pedofiliya, müəllimin balaca uşağa məhəbbət duyması, ondan faydalanmağı dələduzluq və psixoloji durumun yerində olmaması deməkdir. Nəinki cinsi istismar, hətta fiziki istismar olaraq uşaqlara zorakılıq göstərilməsi, döyülmə, vurulması onu göstərir ki, bu müəllimlərin psixoloji müayinədən keçməsi vacibdir. Dünya praktikasında da hər bir müəllim 6 aydan bir psixoloji, tibbi müayinədən keçməlidir. Bizdə tibbi müayinə var, psixoloji müayinə yoxdur.

İşə götürülərkən tibbi xasiyyətnamə alırlar. Amma müəllim də insandır, yeni hadisələr yaşayır, yeni mühit var.

O, 6 aydan bir intensiv müayinələrdən keçməlidir. Ola bilər ki, işə götürülərkən psixoloji vəziyyəti yerində olub. Amma elə travma yaşayıb ki, onun psixoloji vəziyyətində gərginliklər, problemlər var. Bunun üçün də yaxşı olardı ki, şəbəkələşdirilmiş müəssisə formalaşdırılsın. Onların müayinələrdən mütəmadi keçsinlər ki, problemlər vaxtında aşkarlansın”.

Psixoloq hesab edir ki, məktəb psixoloqları da gənclik, yeniyetməlik dövründə olan uşaqlarla iş aparmalıdır.

 

“Çox vaxt bu problemlər ailədaxili münaqişələr yaşanan, ata obrazı zəif olan uşaqlarda çox müşahidə olunur. Uşaq öz atasından ala bilmədiyi məhəbbəti müəllimə köçürür, onu ideallaşdırır, ona sevgi ehtiyacı duyur. Şamaxıda olan olayı araşdırsalar məlum olar ki, o qızın atası ilə problemi var. Ya atası onlarla az zaman keçirir, ya ailəyə diqqət yoxdur.

Çünki qızın ilk məhəbbəti, ilk sevgilisi atasıdır. Atası ilə sağlam münasibət formalaşan uşaq heç vaxt özündən yaşca böyük olan bir kişiyə maraq göstərmir. Amma natamam ailələrdə, ata uşaqları ilə az vaxt keçirəndə uşaqlar bu sevgini özlərindən 10-20 yaş böyük müəllimlərin üzərinə köçürür”. N.Rüstəmova qeyd edib ki, belə situasiyada valideynlər özləri vəziyyəti tənzimləməlidir.

“Valideylər məktəblərdə iclaslara gəlsinlər. İbtidai siniflərdə valideynlər şagirdlərin iclaslarına gəlir, lakin yuxarı siniflərdə gəlmir. İclas uşağı danlamaq və şikayət etmək üçün deyil, psixoloqun da bu iclaslarda iştirak etməyi şərtdir. Əsas odur ki, problemi erkən aşkarlasınlar.

Çünki bu kimi hadisələr yaşıdların da psixologiyasına mənfi təsir göstərir. Nəticədə belə halların adiləşməsinə, onların da bu hadisəyə təşviq olunmasına gətirib çıxardır. Buna görə də ailənin müəllim və psixoloqla davamlı təması vacibdir. Müəllimin də eyni zamanda müayinələrdən keçməsi lazımdır”. Məktəb psixoloqlarına gəlincə, mərkəz direktoru bildirib ki, onların da ixtisaslaşması lazımdır.

“Aşağı siniflərdə və yuxarı siniflərdə ayrı-ayrı psixoloqlar işləsin. Çünki bir məktəbdə 2 minə yaxın uşaq varsa, təbii ki, bir psixoloq bunu fiziki olaraq çatdıra bilməz. Məktəbdə bir psixoloq yox, ixtisaslaşmış, hər sahə ilə işləyən psixoloqlar olmalıdır.

Maarifləndirmə, profilaktik iş gücləndirilməlidir. Çox təəssüf ki, biz hər zaman maddiyatı düşünürük. Abituriyent hazırlaşır, deyirik ki, qoy müəllimləri yaxşı olsun, uşaq oxuyacaqsa ali məktəbə qəbul olacaq.

Onun psixoloji hazırlığı yoxdursa, müəllim yanına gedir, 500-600 toplaya bilir, lakin testdən 200 toplayır. Nəticədə onun psixoloji hazırlığını ikinci plana qoyuruq. Hər şeyin başı ruhsuzluq problemidir”.  

Aytən ZƏHRA

modern.az

Go Back

BÜTÜN GÜNAHLARI YALNIZ MÜƏLLİMDƏ AXTARANLARIN NƏZƏRİNƏ-müsahibə

18-05-2016

Bu günlərdə ölkə gündəmi müəllimindən hamilə qalan məktəbli qızla bağlı rüsvayçı hadisəyə görə sarsılıb. Artıq 25 yaşlı müəllim həbs olunub. Buna baxmayaraq, bir qızın taleyi də məhv olub. Bəs bu hadisədə, məşhur filmdə deyildiyi kimi, kimdir müqəssir? Belə rüsvayçılıqların yaşanmaması üçün valideynin, müəllimin və şagirdin üzərinə hansı öhdəliklər düşür? 

FaktXeber.com məsələ ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdan münasibət öyrənib.

Baş verənləri Azərbaycan cəmiyyəti və psixologiyası üçün tamamilə yad olan bir hadisə adlandıran dr.Rüstəmov məsələyə bir çox aspektdən yanaşılmalı olduğunu bildirdi: “İlk olaraq bizim üçün bir müəllim, pedaqoq düşüncəsi var. Hansı ki, həmişə hörməti ilə seçilib, cəmiyyətin öndə gedəni, insanları yetişdirən bir varlıq olub. Düşünürəm ki, bu hadisə müəllimlərin reputasiyasına mənfi təsir göstərdi. Bundan digər müəllimlər də birbaşa olmasa da, dolayı yolla əziyyət  çəkərlər.

Psixoloq həmçinin bildirdi ki, dövrümüzün müəllim və şagirdləri əvvəlki illərin müəllim və şagirdlərindən fərqlənir: “Biz informasiya əsrində,  texnologiyanın inkişaf etdiyi cəmiyyətdə yaşayırıq. Burada istər yeniyetmələrin, istərsə də böyüklərin psixoloji problemləri, rahatsızlıqları çoxdur. Məsələyə təfsilatlı yanaşsaq, burda çox şeylər ortaya çıxa bilər. Ola bilər ki, müəllimin özü hansısa bir situasiyadan, yəni həmin dönəmlərdə hansısa bir psixoloji rahatsızlıq yaşamış olsun. Ola bilsin ki, şagird özü bilməyərəkdən manipulyasiyanın qurbanına çevrilsin. Yəni nədirsə, xoşagəlməz hadisə baş verəndə bəlli ki, tərəflərin özlərinin bir rahatsızlığı olub, psixoloji pozğunluq deməzdim, narahatçılıq olub, sonra da gətirib belə bir hala çıxardıb. Eləcə də şagirdlər. Misal üçun, elə yeniyetmələr var ki, onlar fərqli psixoloji xarakterə malikdirlər: açıq-saçıq da geyinmək istəyirlər, sevilmək də, diqqət də, qayğı da istəyirlər, müəllimi ideallaşdırırlar da.”

Müsahib orta məktəblərdə psixoloji işin yaxşı formada qurulacağı təqdirdə, istər şagirddə, istər müəllimdə yaşanan psixoloji rahatsızlığa zamanında müdaxilə etməyin və onlara dəstək olmağın mümkünlüyünü vurğuladı.

O, həmçinin qeyd etdi ki, belə hallar əslində Avropada, Amerikada rast gəlinən bir haldır, Azərbaycan cəmiyyəti üçün yaddır: “Bu istiqamətdə mətbuatda o qədər informasiyalar getdi ki, Amerikada belə oldu, Rusiyada belə oldu, filan yerdə belə oldu Bir gün gördük bizdə də baş verdi. Burada bir az diqqətli olmaq lazımdır.”

Dr. Rüstəmov prosesin həlli istiqamətində insanlarımızın həmrəyliyinin vacib olduğunu dedi: “Birinci, o müəllimə güvən qaytarılmalıdır. İkincisi, orta məktəbdə psixoloji işi gücləndirmək lazımdır. Üçüncüsü, valideyn övlad münasibətini sağlam tutmaq lazımdır. Əgər o münasibət sağlam olsaydı, zamanında valideyn problemdən xəbərdar olardı. Məsələ bir az dolaşıq, bir az fərqlidir. Bu adam hamilə qalıb, indiyə qədər tədbir görülməyib. Sual olunur, valideyn hara baxırdı? Bunu zamanında müdaxilə edib, məsələni bitirmək olardı. Burada məsuliyyətsizlik də böyük rol oynayır. Ona görə, bu məqam da diqqətə alınmalıdır. Və valideynlər diqqətli olmalı, bu cür hallara qarşı mövqe ortaya qoymalıdırlar. Eləcə də müəllimlərlə bağlı. əllim də insandır, onun da rahatsızlığı, psixoloji sorunları ola bilər.O da zamanında o dəstəyi almalı, özü özünə kömək etməli, alınmırsa, kimdənsə kömək istəməlidir.”

Elnur Rüstəmov sözlərini yekunlaşdırarkən bu məsələlərdə mətbuatın daha çox maariflənmə istiqamətində diqqətdə qalmalı olduğunu vurğuladı: “Bu, Azərbaycan cəmiyyəti üçün zərbədir. Allah qorusun, o müəllimin yerində başqa bir adam da ola bilərdi…”

http://faktxeber.com/btn-gnahlar-yalnz-mllimd-axtaranlarn-nzrin—_h477475.html

 

Go Back

Sosial reklamların önəmi

17-03-2016

Bütün dünyada geniş tətbiq olunan sosial reklamların ölkəmizdəki vəziyyəti ürəkaçan deyil

Hər hansı bir problemi aradan qaldırmaq çox zaman çətin olur, bəzən isə mümkün olmur. Amma problemin qarşısını almaq və getdikcə azalmasına nail olmağın ən effektli üsulu sosial reklamlardır. Zərərli vərdişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək, bir sıra xəstəliklərin profilaktikası və s. istiqamətlərdə hazırlanan sosial reklamlardan bu gün dünyanın hər bir ölkəsində geniş şəkildə istifadə edilir. 

Hazırda sosial şəbəkələrin geniş istifadə edildiyi bir dönəmdir və bu cür reklamları KİV və ictimai yerlərlə yanaşı, sosial şəbəkələrdə də görürük. Çox uzağa getməyək, elə mütəmadi izlədiyimiz Türkiyə telekanallarında da bu cür reklamları tez-tez görürük. Türkiyə televiziyalarında da şou, seriallar var, amma sosial reklamlar bu cür diqqətçəkən proqramlar arasında göstərilir və əhali istər-istəməz bu cür reklamları izləyir. Reklamlar isə elə hazırlanır ki, onu izləyən sona qədər izləməyə məcbur olur. İnsanlar bu cür peşəkar reklamlarla maariflənir. Amma bizdə sosial reklamlar cəhətdən kasadçılıq var. Ayda-ildə bir dəfə efirlərdə sosial reklam görərik, ya görmərik. Sosial reklamlar isə təkcə videolar yox, müxtəlif məlumatlandırıcı şəkillər formasında insanların çox olduğu yerlərdə, ictimai nəqliyyatda istifadə edilə bilər. 

Sosial reklamın psixoloji təsiri

Psixoloq Elnur Rüstəmov deyir ki, sosial reklamlar cəmiyyətin maarifləndirilməsi istiqamətində aparıcı rola malikdir: “Sosial reklamlar inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Burada ümumi mənafe naminə cəmiyyəti maarifləndirməkdən söhbət gedir. Əsasən dövlət siyasətinin dəstəklənməsi istiqamətində həyata keçirilir. Sosial maarifləndirilmə aparılmadıqda yaranan problemlər dövlətin həm büdcəsinə mənfi təsir göstərir, həm də ümumi məqsədlərə xələl gətirir. Cinayət törədilirsə, həbsxanalara düşənlərin sayı çoxalır, psixi problemlərin sayı artdıqca ruhi əsəb dispanserlərinə müraciət sayı artır. Həbsxanalar, ruhi əsəb dispanserləri dövlətdən maliyyələşir. Mən ikisini qeyd etdim. Amma bu tipli çoxsaylı sahələr qeyd etmək olar. Dövlət hər il bunlara pul ayırır. 

Problem minimallaşdıqca dövlət də həmin istiqamətlərə az maliyyə ayırır. Sosial reklamların televiziyalarda, bilbordlarda, sosial şəbəkələrdə geniş təbliğ olunması insanların mənafeyinə xidmət edir. Adətən bununla həm dövlət, həm də qeyri-dövlət sektorları məşğul olurlar. Bu işə çox geniş yer vermək lazımdır. Günümüz bunu tələb edir. Biz informasıya əsrində yaşayırıq. Kim informasiyadan geri qalarsa, müəyyən çətinliklərlə üzləşər. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq, yeniliklərdən xəbərdar olmalıyıq”.
Psixoloq deyir ki, yol hərəkətində təhlükəsizlik məsələləri ilə bağlı müəyyən qədər nə isə əldə edə bilmişik. Amma sosial çarxlar hazırlanmasına ehtiyac olan başqa sahələr də var: “Yaxşı olar ki zərərli vərdişlər, ailədaxili konfliktin, şiddətin uşaq psixologiyasına təsiri ilə bağlı sosial reklamlar çox hazırlansın. Bu cür reklamar valideynlərin öz hərəkətlərini tənzimləməsinə az da olsa təsir göstərə biləcək. Ən azından həmin situasiyada müəyyən qədər diqqətli olmağa vadar edəcək”.

Səhiyyə Nazirliyi dövlət proqramı çərçivəsində sosial reklam işini təşkil edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən bildirildi ki, dövlət proqramları çərçivəsində, nazirliyin tədbirlər planına əsasən, il ərzində müxtəlif mövzularda sosial reklamlar hazırlanır. Zorakılıq, reproduktiv sağlamlıq, ana-uşaq sağlamlığı, qan donorluğu, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq, qeyri-infeksion xəstəliklərin profilaktikası və s. ilə bağlı maarifləndirmə yönümlü sosial reklamlar hazırlanıb yayımlanır. Əsasən telekanallarda, ictimai yerlərdə, kinoteatrlarda, ticarət mərkəzlərində monitorlarda yayımlanır. Həmçinin də mərkəzin mütəxəssisləri tərəfindən ali və orta məktəblərdə çarxların təqdimatları aparılır. Bununla sosial çarxların daha çox kütləyə çatmasını təmin etməyə çalışırlar.

Mərkəzdən bildirildi ki, videoçarxlarla yanaşı, maarifləndirici istiqamətdə böyük plakatlar da yayımlanır. Eyni zamanda, çap materialları şəklində ictimai səhiyyənin müxtəlif istiqamətləri üzrə əhalinin bütün təbəqələrini əhatə edən çap materialları da hazırlanıb aksiyalarda, maarifləndirmə tədbirlərində paylanılır.

“Bu cür reklamları kanallar özlərindən yayımlamır

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə bildirdi ki, reklam haqqında qanunvericiliyə görə, sosial reklam insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır. Bu cür reklamlar dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən sifariş verilə bilər.

T.Dadaşov deyir ki, bəzən bu cür reklamların azlığında kanalları günahlandırırlar. Lakin bu cür reklamları kanallar özlərindən yayımlamır, hansısa müəssisə təqdim etməlidir ki, onlar da yayımlasın: “Sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz yayımlanır. Buradan göründüyü kimi, özəl yayımçılar sosial reklamların yayımından pul qazana bilər”.

Şöbə müdirinin sözlərinə görə, sosial reklamlarla bağlı digər məqam isə ondan ibarətdir ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır.

Azərbaycanda çəkilən sosial çarxların təsiretmə pozisiyaları

Qafqaz Universitetinin Doktorantura şöbəsinin müdiri Anar Rza deyir ki, ilk növbədə sosial çarxlar adekvat sosial problemin ehtiyaclarını ödəməlidir. Yəni hər hansı bir sosial problem aktuallıq baxımından qiymətləndirilməli, onun hədəfləri müəyyənləşdirilməlidir. Bu qiymətləndirmədən sonra sosial çarxların mövzusu, süjeti aydın görünür: “Sosial reklam ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Bu reklamlarda kommersiya təşkilatlarının, fərdi iş adamlarının adları, onların əmtəələrinin konkret markaları, eyni zamanda, qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəənin markaları (modelləri, artikulları) göstərilə bilməz.
Digər bir halda hüquqi və fiziki şəxslərin sosial reklamın istehsalı və yayımı sahəsində təmənnasız fəaliyyətləri, sosial reklam istehsal etmək və yaymaq üçün digər hüquqi şəxslərə ödəmələri xeyriyyəçilik hesab edilir və qanunvericilikdə nəzərdə tutulan güzəştlərə malikdir. Bütün hallarda göründüyü kimi, sosial reklamın və onun bazarının qanunverici bazası kifayət qədər əhatəli təminata malikdir.

A.Rzanın sözlərinə görə, Azərbaycanda çəkilən sosial çarxlar təsiretmə qabiliyyətinə görə bir neçə pozisiyada özünü göstərir: “Birincisi, əgər siyasi şəxsin davranışı sayəsində yaranan hər hansı bir sosial problem yaradarsa; İkincisi, şou-biznes nümayəndələrinin davranışları insanların sosial problemlərindən kənar dəyərlər yaradanda; Üçüncüsü, dövlət tərəfindən aparılan sosial-iqtisadi islahatlar çərçivəsində yaranan narazılıqlar kontekstində (əgər səmərəlilik konservativliyi inkar edirsə); Dördüncüsü, ölkənin maliyyə-əmtəə bazarında baş verən hadisələrin kəskinliyində (məsələn, devalvasiyanın əmtəə bazarına və əmək bazarına təsirində); Beşincisi, əxlaqsız və mənəviyyatsız davranışlara olan reaksiyalarda.

Bununla belə, cəmiyyətin diqqətini hər zaman sosial dəyərlərə yönəltmək, onlara qayğı ilə yanaşmaq, bütün imkanlardan istifadə edərək sosial deviantlığın (sosial dəyərlərin aşılanması, dağıdılması, dağıdıcılıq meylləri) qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi ən aktual məslələrdən biridir. Mütərəqqi dövlətlərin təcrübəsində sosial reklam tam formalaşmış sosial institut olaraq sosial problemlərin monitorinqi, profilaktikası və ictimailəşdirilməsi üzrə güclü bir alətdir”.

Sosial çarxların təsiretmə dairəsi sosial problemlər çərçivəsində yekunlaşır

A.Rza bildirdi ki, bu gün sosial reklam vətəndaşların əhval-ruhiyyəsinə güclü təsir göstərən səmərəli alət olaraq bir çox zəruri dəyərlərlə yanaşı, demokratik cəmiyyətin formalaşması üçün tələb olunan kütləvi humanist təfəkkürün bərqərar olmasında vacib olan sosial dəyərlərin aşılanması üçün təsiredici bir vasitədir: “Respublikamız zəruri islahatları həyata keçirməklə Avropa Sosial Xartiyasına qoşulmaq niyyətindədir. Azərbaycanın Avropa Sosial Xartiyasına qoşulması əksər ölkələrin təcrübəsində olduğu kimi ilk dövrlərdə iqtisadi və sosial problemlərlə müşahidə oluna bilər. Buna görə də respublikada yüksək səviyyəli sosial xidmətlərin təşkili qarşıda duran əsas vəzifələrdən biridir. Yüksək səviyyəli sosial xidmətlərin təşkili Azərbaycanın gələcəkdə Avropaya daha sıx inteqrasiyasına böyük imkanlar yaradır. Baxmayaraq ki, istehsalçı şirkətlərin marketoloqları sosial media istifadəsi ilə bağlı çox optimistdirlər, ənənəvi marketinq xidmətləri (reklam, PR və s.) göstərən şirkətlər isə bu yeniliyə bir az skeptik yanaşırlar və hələ də sosial media vasitələrindən sadəcə məlumat yerləşdirmək üçün istifadəni düşünürlər, marketinq mütəxəssislərinin böyük hissəsi, xüsusi ilə ABŞ-da sosial medianın beş ildən sonra marketinqin ayrılmaz bir hissəsi olacağına inanırlar.

Digər bir nümunə kimi 14 sentyabr 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən kütləvi informasiya vasitələri arasında ən yaxşı sosial reklam üzrə elan edilən müsabiqədə reklam istehsalçıları, dövlət qurumları və əhali arasında dialoq yaratmağa cəhd edilməsi faktını qeyd etmək olar. Təqdirəlayiq haldır ki, ilk dəfə olaraq Azərbaycanda sosial reklamların qiymətləndirilməsi üzrə geniş tərkibli səlahiyyətli şəxslərdən ibarət (DSMF-nin aparıcı mütəxəssisləri də daxil olmaqla) komissiyanın yaradılması təcrübəsi həyata keçirilib”.

A.Rza qeyd etdi ki, sosial çarxlar əsasən sosial problemləri əhatə etdiyindən onun təsiretmə dairəsi məhz sosial problemlər çərçivəsində yekunlaşır: “Problem həll olunur, vəssəlam, bu haqda artıq ancaq hesabat vermək olar”.

Aygün Asimqızı 

http://kaspi.az/news.php?id=27633

 

Go Back

MÜƏLLİMLƏRƏ PSİXOLOJİ YARDIM EDİLMƏSİ TƏKLİF OLUNUR- müsahibə

28-01-2016

“Müəllimin şagirdə əl qaldırması bütün hallarda təqdir edilmir və doğru deyil. Tərbiyə prosesində cəzalandırmada zor, şiddət yoxdur. Təhsildə digər cəza üsulları tətbiq edilə bilər. Məsələn, qiyməti aşağı sala bilər. Bundan əlavə, valideyni dəvət edib onunla söhbət oluna bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, müəllim özü də insandır. Onun da hissləri, düşüncəsi, ailəsi və qayğıları var. O da robot deyil. Ona görə də orta məktəblərdə psixoloqlar həm şagirdlərlə, həm də müəllimlərlə işləməlidirlər. Məktəblərdə psixoloqların işi gücləndirilməlidir”.

Bunu Milli.Az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov məktəblərdə müəllimlərin şagirdlərə qarşı zor tətbiq etməsi halları ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.


Ekspertin fikrincə, təkcə uşaqların yox, müəllimlərin də fiziki və psixoloji narahatlığı olur və o, təhsil prosesində lazımi dəstəyi almalıdır. Bundan əlavə, valideynlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır: “Bəzən çətin tərbiyə olunan, qavraması zəif və ya əqli cəhətdən yüngül formada, zəif inkişaf edən uşaqlar olur. Onlar dərs prosesində digər uşaqlardan fərqlənirlər, onların qavraması, davranışı, reaksiyaları adekvat olmur. Belə hallarda müəllim məktəbdə çalışan psixoloqa, eyni zamanda məktəbin rəhbərliyinə məlumat verməlidir. O, çətin vəziyyətlə qarşılaşdığını deməli və kömək istəməlidir. Müvafiq şəxslər də bununla bağlı lazımi ölçü götürməlidirlər”.


Məktəblərdə müəllimlərlə şagirdlər arasında baş verən hadisələrlə bağlı video materialların sosial şəbəkələrdə paylaşılmasına gəlincə, psixoloq hesab edir ki, buna ehtiyac yoxdur, çünki mənfi nəticələri ola bilər:

“Çünki bundan həm müəllim, həm şagird, həm də valideynlər əziyyət çəkən tərəf olur. Nəticədə hansısa neqativ halı bir müəllimə görə hamısına şamil edirlər. Bu proseslərdə çox ümumiləşdirmə gedir ki, bu, doğru deyil. Əgər problem varsa, məhz həmin problem həll olunmalıdır. Bir daha qeyd edirəm ki, orta məktəblərdə psixoloqların işi gücləndirilməli, valideyn-məktəb əlaqələri möhkəmləndirilməlidir. Əgər davranışında və qavramasında problem olan uşaqlar varsa, onlarla məxsusi iş aparılmalıdır və bu prosesə həmin müəllimləri də cəlb etmək lazımdır. Bunlar sosial şəbəkələrdə paylaşılanda isə bilən də danışır, bilməyən də danışır, kim nə istəyir, yazır. Nəzərə alın ki, o müəllim də vicdan əzabı çəkir. Məgər onun üçün rahatdır ki? Onların da doğmaları, yaxınları var. Bu məsələ sosial şəbəkədə müzakirəyə niyə çıxarılır? Bu, doğru deyil. Rəhbərlik var, təhsilə cavabdeh olan şəxslər var. Çağırardılar, araşdırardılar, lazımi qaydada da cəzalandırardılar. Bunu sosial şəbəkələrə çıxarmaq doğru deyil. Bunun mənfi fəsadları ola bilər. Biri deyir ki, o müəllim əlimə keçsəydi, belə edərdim, biri də deyir, elə edərdim. Fərz elə ki, bu elə sənin yaxınındır, doğmandır, qohumundur, bacındır. Başa düş. Axı sən nə bilirsən, həmin anda müəllimin nə dərdi olub, oraya gələndə nə vəziyyətdə gəlib? Bəlkə, evində, ailəsində problemi var. Biz bir hadisəni götürüb onun əsasında ümumi münasibət bildiririk. Bir az dərinə getmək lazımdır. Neqativ hal hər sahədə var, hər yerdə pis mütəxəssis də var, yaxşı da. Buna görə digərlərini, vicdanlı müəllimləri niyə zərbə altına qoymalıyıq?”


E.Rüstəmov həmçinin 7-8 yaşlı uşaqların mobil telefon işlətməsi və telefonla məktəbə gəlməsinə də münasibət bildirib: “Valideyndə uşağın dərs qrafiki var və tənəffüsdə zəng vurub övladı ilə danışa bilər. Yoxsa ki, götürüb istənilən vaxt zəng edir, çatlaşır, mesaj atır və s. Belə telefonlar həm uşağın diqqətini dərsdən yayındırır, çünki hər dəqiqə baxır ki, telefonda yeni nələr var, ikincisi də bu onların sağlamlığı üçün ziyandır. Valideynlərin çoxu bunu dərk etmir və yalnız öz rahatlığını düşünür. Uşaq mobil telefon, planşet istəyir, ata-ana da alıb verir ki, ağzını yumub bir küncdə otursun, ona mane olmasın. Bununla belə, bu valideynin seçimi və istəyidir, özü bilər. Amma həmin telefonlar məktəbdə dərsin gedişinə mane olmamalıdır. Təsəvvür edin ki, bir sinifdə 10-15 uşağın başı öz telefonlarına qarışır, oyun oynayır. Bu axı dərsin gedişinə mane olur, müəllimə pis təsir edir, onu qıcıqlandırır. Ona görə də şagirdin məktəbə telefon gətirməsi doğru deyil. Bunu valideynlər nəzərə almalıdırlar. İndi əllərdə olan bahalı telefonların funksiyaları çoxdur. Bununla uşaq əlavə lazımsız informasiya alır. Əgər söhbət valideynin uşaqla əlaqə yaratmasından gedirsə, çox yaxşı olardı ki, şagirdlər üçün xüsusi mobil telefonlar olsun”.

İlkin İzzət

http://news.milli.az/country/401155.html

 

Go Back

Psixoloq Elnur Rüstəmov :"Yalnız gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil!"

16-01-2016

Psixoloq Elnur Rüstəmov bildirir ki, yalnız gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil

Evlilik yaşı getdikcə artır, gənclərin bir çoxu evlənmək istəmir, yaxud gec yaşlarda evlənməyi daha düzgün hesab edirlər. Evlənənlərin isə yola getməmə, boşanma problemi daha qabarıq olur. Bu üzdən də “qaynana-gəlin” problemi bu gün əvvəlki illərdəki qədər aktual deyil. Amma yenə də “Ailə institutu”nun ümumilikdə təhlükədə olduğunu demək mükündür. 

Müasirlik, avropalaşma məsələlərini başa düşdük. Amma bütün müasirliyin içərisində bizim qorumalı olduğumuz məqamlardan biri də ailə dəyərlərimizdir. Çünki bu gün bizim nümunə götürdüyümüz Amerika və Avropada ailə dəyərləri ilə bağlı vəziyyət heç onların özləri üçün də qaneedici deyil. Ölkəmizə qonaq gələn xarici alimlərdən biri elə qəzetimizə müsahibəsində demişdi ki, ABŞ-da da ailə üzvlərinin bir-birinə münasibətinin Azərbaycandakı kimi olmasını arzu edərdi.

Müsahibim olan psixoloq Elnur Rüstəmovla da məhz evlənməmişdən öncə və sonra tərəflərin yaşadıqları probemlərlə bağlı söhbət apardıq. “Kişilərin əksəriyyəti qadına çox tez tabe olur, kişi çox zaman qadının böyük “uşağıdır”. Sadəcə onu həyat yoldaşı dünyaya gətirmir, 25, yaxud 30 yaşında onu veriblər ki, saxlasın” – deyən psixoloqun müsahibəsini sizlərə təqdim edirik. 

- Get-gedə evlilik yaşı artır. Bunun bir səbəbi kimi karyera qurmağı götürək. Başqa hansı səbəblər var?

- Evlilik və buna yanaşma məsələsi keçən əsrin ortalarından aktullaşmağa başlayıb. Bu aktuallıq ailə münasibətlərinə yeni bir baxış tərzi formalaşdırdı. Bu proses birinci növbədə Amerika, Avropada başladı. Hazırda bu məsələ Azərbaycanda da aktuallaq kəsb edir. Əvvəllər gənclərin ailə qurduğu yaşda indikilər bəzən heç evlənmək haqda fikirləşmir, karyera haqda düşünürlər. Bəzən 15-20 ilin ailəsinin də boşanma üçün müraciət etdiyini görürük. Artıq ailədaxili konfliktlərin istiqaməti dəyişməyə başlayıb. Əvvəl daha çox “gəlin-qaynana”, “gəlin-baldız” münasibəti problem idisə, bu gün paralel ailələrin mövcudluğu, yaxud münasibətlərə ailədən kənar başqa bir şəxs tərəfindən müdaxilələrin edilməsi, dolayısı ilə xəyanət faktoru səbəblərindən ailədaxili konfliktlər yaranır, hətta boşanmaların şahidi oluruq. Yəni miqyas dəyişib. Buna təsir göstərən məqamlardan biri də texnologiyanın inkişafıdır. Ailə psixologiyası kibernetikanın yaranması ilə ortaya çıxdı.

- Kibernetikanın ailə psixologiyasına nə aidiyyatı var?

- Əslində, həmin yanaşma ailələrdə var. Bir mexanizm digər münasibətlərə təsir göstərir. Tutaq ki, ailədə hər hansı zərərli vərdişdən əziyyət çəkən bir şəxs varsa, bu, ailənin digər üzvlərinin psixoloji durumuna mənfi təsir göstərəcək. Ailə bu prosesdə necə adekvat davranmaq lazım olduğunu çox zaman bilmir. Bu gün evlənmə yaşına çatan xanımların ailə qurmaq istəməməsini müşahidə edirik. Daha çox karyera qurmağa çalışırlar. Kimlər evlənməyə meyillidir? Əksəriyyəti ali təhsil ala bilməyənlər, yaxud ali təhsil alsalar da, uğur qazana bilməyənlər. Hamıya şamil etmirəm, amma çoxluq belədir. Bir də ailədaxili münaqişələr o qədər pisdir ki, bəzən gənc qızlar sadəcə evdən qaçmaq istəyir və çıxış yolunu da evlənməkdə görür. Digərləri isə karyera qurmaq istəyirlər, 25-26 yaşdan sonra ailə qurmaq haqqında fikirləşirlər. Əvvəllər isə bu yaşda daha çox kişilər evlənirdilər. İndi kişilər üçün evlənmə yaşı 30-a qalxıb. Bu proses yavaş-yavaş artmağa başladı və bizi narahat etməyə bilməz. Boşanmaların adiləşməsi və “sərbəst yaşamağa” meyillilik gələcək ailə institutuna mənfi təsir göstərir.

- Əvvəllər qurulan ailələrə valideyn müdaxiləsi olurdu. İndi isə bu müdaxilə azalıb. Bəlkə valideyn müdaxiləsinə ehtiyac var?

- Valideyn müdaxiləsinə həmişə ehtiyac var. Sadəcə olaraq, valideynin başı özünə, ailənin qayğılarına qarışıb. Valideynlər texnologiyanın, serialların girovuna çevriliblər. Bu gün valideynlər övladları ilə düz-əməlli vaxt keçirib, ünsiyyətdə ola bilmir. Valideyn bu yenilikləri izləməkdə bəzən çətinlik çəkir. Ona görə bizim valideynləri biganə adlandırırıq. Amma əslində dönəmin gətirdiyi reallıqdır. Hamımız bir prosesin içində fırlanırıq. Burada məsələyə bir tərəfdən baxmaq çox çətindir. Ailə institutuna ən böyük zərbə boşanmalar artdığı zaman dəydi. Valideynlərin sözünün kəsəri, özgüvənləri itdi. Əvvəllər bu proses az olsa da, bu gün hər 10 ailədən biri boşanır.

- Boşanmaları artıran səbəblər nələrdir?

- Ən böyük təsir ictimai qınağın zəifləməsi, ikincisi isə, boşanmaların adiləşməsi oldu. 20 nəfərlik qrup götürün. Əgər orada 18 nəfər oxuyur, 2-si oxumursa, 18 nəfər iki nəfərə təsir göstərə bilər. Məsələ burasındadır ki, biz 2 nəfərin 18-ə qalib gəldiyini görürük. Eləcə də boşanma. Əvvəllər 2-nin 18-ə olan bir rəqəm indi yarı-yarıya gəlib. Bu da insanlarda məsələyə yanaşmanı dəyişib. “Əhməd haradadır” filmində qızın etiraz etməyi ilə valideynlər nə qədər şeylər fikirləşir, çəpərlər təzədən qalxır, qonşular bir-birindən gizlənir, adam üzünə çıxa bilmir, qızın arxasınca şəhərə qədər gedirlər. Nəhayət gənclər bir-birini sevirlər. O insanlar əvvəlcə üz-üzə gəlməkdən qorxurdular... 
Bəs indi biz nə görürük? Bu gün övladlarını evləndirirlər, sabah onlar ayrılırlar, sonra da keçmiş qudalar gedib haradasa birlikdə çörək yeyir, “alınmadı” deyirlər. Maraqlar dəyərdən önə keçib. Bu, faciədi.

- Amma bizdə boşanma mədəniyyəti də yoxdur. Boşandığı xanımı döyən, hansısa zorakılıq edən keçmiş həyat yoldaşları ilə bağlı xəbərlər tez-tez yayılır...

- Əgər biz buna mədəniyyət deyəcəyiksə, formalaşacaq. Hər iki tərəf başqa biri ilə evlənəcək, ailə qurduqları şəxs bir tərəfdə qalacaq, bunlar hardasa görüşüb yemək də yeyəcəklər. Bu hal indi də var, amma geniş yayılmayıb. Məncə, yaxın zamanlarda bunu da görəcəyik. Digər tərəfdən, bu qədər boşanmaların müqabilində qeyd etdiyiniz hadisələr baş verir. Mən bunların normal olduğunu demirəm, anormaldır. Amma təbii prosesdir. Çünki hər bir insanın fərdi psixoloji xüsusiyyəti var. Birində qısqanclıq zəminində baş verə bilər, digərində psixoloji problem ola bilər, kimisi paylaşmaq istəmir və s. bu kimi hallar nəzərə alınmalıdır. Zorakılıq tərəflərdən birinin digərini idarə etmək istəyi nəticəsində ortaya çıxır.

- Boşanmalarda qısqanclıq nə dərəcədə rol oynayır?

- Böyük rol oynayır. Tərəflər bir-birini paylaşa bilmir. Bəzən ayrılmalarından 2 ildən çox müddət keçsə də, yenə də paylaşa bilmirlər.

- Qısqanclıq ailədə sevgi əlamətidir?

- Qısqanclıq ilk növbədə instinktdir. O nəinki insanlarda, hətta heyvanlarda da var.

- Uğurlu ailə üçün sevib evlənmək məsləhətlidir, yoxsa ağılla qurulan evlilik?

- Tərəflərin bir-birinə qarşı hansısa hissi olmalıdır. Amma tamamilə gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil. Gözəlliyin də bir müddəti var. Tutaq ki, ən gözəl xanımla ailə qurdun, iki gündən sonra onun gözəlliyi yox, davranışı sənə daha çox təsir göstərəcək. Müəyyən məntiqi yanaşma da olmalıdır. İnsan nə üçün evləndiyini bilməlidir. Bu gün həm də psixoloji problemlərin miqyası artıb. Bunu da nəzərə almaq lazımdır. Tutaq ki, evlənməkdən qorxan insanlar, xanımlar var. Bunun içində evlənmək qorxusu, intimfobiya, “azadlığım əlimdən alınacaq” düşüncəsi var. Eləcə də oğlanlarda. Bu gün bizim ailələrdə uşaqların az olması da qabarıq problemlərdəndir. Bu yaxınlarda isə qız övladlarının sayının az olması gündəmə gəlmişdi. Qız uşaqlarının sayının çoxalmasını stimullaşdırmaq üçün addımlar atmaq istəyirlər. Əslində bu çox yaxşı bir şeydir. Çünki ailələrimizdə uşaq sayı azdır. 90-cı ilə qədər, 90-dan 2000-ci ilə, 2000-dən bəri olan dövrləri müqayisə etsək, uşaq sayı kəskin azalır.

- Bəzən bunu maddiyatla əlqələndirsələr də, əslində 10 uşağa baxmağa imkanı olanlar da iki uşaqla kifayətlənirlər...

- Günümüzün ən böyük problemi komforta düşkünlükdür. Valideyn nəinki özünün, həm də uşağının komfortunu düşünür. Fikirləşirlər ki, mövcud sərvətimi 10 uşağa deyil, 2-nə verərəm, ömür boyu rahat yaşayarlar. Uşaq sayının azalması valideyn-övlad münasibətinə kəskin təsir göstərir. Valideyn-övlad münasibətində o qədər bağlılıq yaranır ki, artıq ailə qurma prsesində də hər hansı konflikt olarsa, tərəflər düzəltməyə yox, boşanmaya gedirlər. Belə deyək ki, bir oğlu, bir qızı var. Qızı ailə qurub, problem yaşayıb. Ana-ata fikirləşir ki, niyə əziyyət çəkir ki? Gəlsin biz baxaq. Dünən necə baxmışıqsa, elə də baxarıq. Amma əvvəllər 7-8 uşaq olurdu, valideyn hansınınsa problemi olan kimi evə gətirmirdi. 8-ni hara gətirsin? Əvvəllər ailədə şiddət, problem yox idi? Var idi. Tərəflər özləri həll edirdilər. Bu gün isə biz addımbaşı müdaxilələr görürük. Eynilə də problemi oğlan yaşayanda ana deyir ki, bir oğlum var, bu qız olmasın, başqası olsun. Ana-atanın övlada ifrat bağlılığı uşaqların müstəqil ailə qurma prosesinə mənfi təsir göstərir. Bu da nəzərə alınmalıdır.

- Sosial şəbəkələrin ailələrə böyük zərbə vurduğu deyilir. Siz bu haqda nə deyə bilərsiz?

- Sosial şəbəkələrin ailədaxili konfliktlərin sayının artmasında rolu çoxdur. Bu gün qısqanclığın, psixi xəstələrin, sevgini izhar, nifrəti ifadə etməyin nə qədər forması ortaya çıxıb. Kimsə kiməsə nə isə söz atırsa, yaxud ər-arvad küsürsə, sosial şəbəkədə birbaşa olmasa da, dolayı yolla bunu yazır. İfadə forması dəyişib. Sosial şəbəkələr ailədaxili konfliktlərə çox böyük təsir göstərir. Bununla bağlı düşünürəm ki, ən böyük tədbir tərəflərin bir-birinə qarşı münasibətidir. Əgər tərəflər arasında münasibət sağlam olarsa, sosial şəbəkə təsir göstərə bilməz. Münasibət pis olarsa, sosial şəbəkə bunun daha da pisləşməsi üçün stimul ola bilər.

- Son günlər erkən nikahlar məsələsi gündəmə gəldi. Belə fikirlər də var ki, heç kim övladını məcburi evləndirmir, onlar özləri bu nikaha meyilli olurlar. Sizcə, yeniyetmələr evliliyə meyilli olurlar?

- Hər bir yeniyetmə yox. Bu cür hallar dövlət tərəfindən tənzimlənir. Belə hallar daha çox rayonlarda, kəndlərdə baş verir. Bunu hər rayona, kəndə də şamil etmək düzgün deyil. Eləcə də Bakı kəndlərində ola bilər. Əvvəlki illərlə müqayisədə kəskin azalma var. “Qızımız oxumasın, başını qaldırdı, ərə ver getsin” prinsipi ilə yaşayanlar 17-18 yaşı olmamış qızı ərə verir. Bu təfəkkür var. Hər insanın öz doğruları var. Bəzən evdə münasibət pis olur, yaxud zərərli vərdişdən asılı olan var. Bu cür hallarda yeniyetmələr evdən qaçmaq üçün ailə qururlar. Üçüncü isə, təhsildən yayınma ən böyük faktordur. Fikirləşir ki, məktəbi də qurtardım, bundan sonra görəcəyim heç bir iş yoxdur, ondansa ailə qurub bir evə baxım. Oxuyub təhsil alan da ailə qurur. Dünən kişi xanımın evdə oturmasını tələb edirdisə, bu gün deyir ikimiz də işləyib, bir-birimizə dəstək olaq. Bunlar artıq böyük bir prosesin tərkib hissəsidir. Biz istəsək də bundan geri qala bilməyəcəyik. O axın bizi də aparacaq. Biz necə edə bilərik ki, bu prosesdən sağlam çıxaq?

- Təhsil...

- Təhsil çox böyük rol oynayır. Onsuz da amerikalının, avropalının etnopsixologiyası fərqlidir, bizimki fərqli. Onsuz da bu proses gedəcək. Boşanma onsuz da olacaq. Heç olmasa, müəyyən qədər azalsın. Yəni üz-üzdən utanacaq. Müəyyən dəyər kateqoriyalarını qabartmaqla boşanmanın qismən qarşısını ala bilərik. Boşanan 1000 ailənin 40 faizi sonra peşman olur. Biz o dəyərlərə istinad etməklə, heç olmasa 40 faizin qarşısını ala bilərdik.

- Bəzən qızlar seriallarda, filmlərdə görüb arzuladıqları sevgini real həyatda tapmırlar. Evlənəndən sonra isə xəyal qırıqlığı yaşayırlar...

- Məşhur yazıçı Jorj Sandın əsərində belə bir söz var: “Evlənərkən kim səhvə yol vermədi ki?” Xəyal qırıqlığı nisbi anlayışdır. Bu təkcə xanımlarda deyil, kişilərdə də olur. Bu bir durumdur. İnsan nə üçün evləndiyini biləndə, sonra xəyal qırıqlığı da az olur. Seriallarda hamısı villalarda yaşayırlar, işləmirlər, səhərdən-axşama evin içindəki söz-söhbəti həll edirlər. Kişi arada komfort maşında işə gedib, bir-iki tapşırıq verib, gəlir. Bunu izləyən xanım reallıqda görür ki, əri gedib daş daşıyır. Əslində serialların bir nömrəli məqsədi ailə institutunu parçalamaqdır. Bizdə daha çox türk seriallarına baxırlar. Onların da süjet xətti Avropdan götürülüb. Bu elə bir prosesdir ki, birbaşa görünmür, dolayısı ilə təsir göstərir. Topluma görünən və görünməyən müdaxilə var. Seriala baxıb ağlayırsan, gülürsən, amma fərqində deyilsən ki, o, ailə instititunu dağıdır.

- Türk filmlərini izləyən qızların bəziləri türk oğlanları ilə evlənməyə maraq göstərirlər. Hətta şəxsən tanıdıqları türkiyəli oğlan olmasa belə, “türk oğlanla evlənərəm” deyənlər olur... Xarici vətəndaşla evlənməyi arzu etməyin psixoloji tərəfləri varmı?

- Mən buna kompleksdən dolayı bir sevgi, ailə qurmaq deyərdim. Həmin şəxs düşünür ki, fikirlərini, hisslərini öz toplumunda olan insanlarla paylaşa bilməz. Əcnəbi olaraq isə bizə qardaş ölkə olan türkiyəliləri görürlər. Siz baxın, Türkiyə vətəndaşı ilə ailə quranların böyük bir qismi komplekslidir. Ya uzun müddət ailə qura bilməyib, ya sevgidə uğursuzluq yaşayıb. Adını da qoyub ki, mən bizimkilərə inanmıram. Özünü ifadə edib, karyerasını qurub xarici vətəndaşlarla evlənənlər az bir qisimdir. Amma əksəriyyəti kompleks yaşayanlardır. Orada daha sərbəst olurlar. “Aşkım, tatlım, yavrum” onları xoşbəxt edir. Ancaq azərbaycanlı gənc bunları deyə bilmir.

- Xarici ölkələrdə ailə dağılmaq təhlükəsi ilə üzləşdikdə, tərəflərdən ən azı biri ailəni qorumaq üçün psixoloqa üz tutur. Bizdə bu ənənə varmı?

- Var. Nəinki ailələr, hətta nişanlı cütlüklər də gəlirlər. Sevgili olan gənclər bir-birini daha yaxından tanımaq, psixoloji dəstək almaq üçün müraciət edirlər. Amma bu müraciətlər kütləvi halda deyil. Kütləvi olması üçün müəyyən stimullaşdırıcı tədbirlər görülməlidir. Bu iş aparılır. Bu gün xəstəxanalarda psixoloq ştatı var. Psixoloji rahatsızlığı olan insanların müraciət etməsi üçün 2012-ci ildə Psixi Sağlamlıq Mərkəzi yaradılıb. İstəyərdim ki, məhkəmələr boşanma üçün müraciət edənləri əvvəlcə psixoloqa yönəltsinlər, yaxud öz fəaliyyətlərində bir psixoloq cəlb etsinlər, o da ailələrlə psixoloji iş aparsın. Çünki dağılan bir ailə potensial başqa ailəni də oynadır. Yəni tutaq ki, üç bina yanbayandır, biri dağılırsa, ikisinə də təsir göstərir. Bununla bağlı birgə iş görmək lazımdır. Boşanma ilə bağlı problemlərin sferası da böyükdür. Məsələn, bizə təmizlik obsesiyası ilə bağlı müraciət edilib. Xanım bütün günü evi təmizləyir. İş təkcə evi təmizləməklə qurtarmır. Yoldaşı evə gələn kimi, üstünə düşür ki, get əlini yu, əynini dəyiş, bu paltarla evə girmə, əlini yumamış süfrəyə oturma və s. Bunlar normal qaydalar olsa da, aşırı dərəcədə olanda insanı bezdirir. Uzun müddət depressiyadan əziyyət çəkmək, yaxud hər zaman təşvişli olmaq, hər bir şeydən qorxmaq və s. kimi hallar ailə münasibətlərinə ciddi təsir göstərir. Bəzən dava-dalaş olmayınca psixoloqa müraciət etmirlər. Amma hər hansı psixoloji rahatsızlıq olanda da müraciət etmək lazımdır. Bu müraciət prosesində ailə lazımi dəstəyi alır və bir yerə gəlir.

- Cütlüklərin bir-birini yaxından tanımaq üçün psixoloqa müraciət etdiklərini dediniz. Bəs araşdırmada ortaya nələr çıxır? Bir-birilərini nə dərəcədə tanıyırlar?

- Ümumiyyətlə, qızla oğlan tanış olanda hər ikisi pislərindən deyil, yaxşılarından danışır. Ancaq ailə psixoloqu tərəflərlə iş aparanda genoqram hazırlayır. Onun əsasında da hərəkət edirlər. Ailə neçə nəfərdən ibarətdir? Kim neçənci uşaqdır? Hansı mühitdə böyüyüb və s. suallara ailə psixoloqu aydınlıq gətirəndən sonra lazımi tövsiyələrini verir.

- Qeyd etdiniz ki, 15-20 ilin ailələri də bəzən dağılır. Bu cür təməli olan ailəni hansı səbəblər dağıda bilər?

- Hər bir insanın həyatda bir ideyası olur. Belələri yanımıza gələndə deyir ki, həyat yoldaşımı 15 ildir səhv tanımışam. Onda kişi, qadın obrazı dağılır. O heç vaxt yoldaşını xəyanət edən, aldadan biri kimi təsəvvür etməyibmiş. Psixoloq yanına gələndə deyirlər ki, təsəvvürlərim dağıldı. 15 ildir inanıb yaşayırdım, indi nəyə, kimə inanım?

- Boşandığı üçün sonradan peşman olanlarla bağlı danışdıq. Bəs boşanmaq həddində psixoloqa müraciət edənlərin neçə faizi bu fikirdən daşınır?

- 80 faizi. Real prosesin içərisində olanda vəziyyətin başqa cür olduğunu görürsən. Ailələrlə işlədiyim üçün mən bunu deyirəm.

- Boşanma səbəbləri içərisində ən bəsit səbəblər nələr olur?

- Psixoloji problemləri olanlar var. Tutaq ki adam evə daxil olub, bütün evi gəzir ki, evdə başqa kişi olub. Adamın 65 yaşı var, həyat yoldaşını qısqanır. Deyir, arvad mənə xəyanət edir. Arvad yaşlı biridir, güclə hərəkət edir. Bu, psixiatrik problemdir.

- Qadınlarda kişi, kişilərdə qadın obrazı evlilikdən öncə və sonra fərqli olurmu?

- Onlar bir-birini tamamlayan məqamlardır. Kişinin qadın obrazında öz anasının, xanımın kişi obrazında isə atasının ştrixləri var. Tam olmasa da, müəyyən qismi var. Münasibət pis ola, yaxud hansısa mübahisələr yaşana bilər. Biz hər zaman tövsiyə edirik ki, o obrazı dağıtmayın. Kişi obrazı dağılmamalıdır, yoxsa qadının güvəni sarsılır. Qadın kiməsə güvənmək istəyir. Eyni zamanda da qadın kişidə qadın obrazını dağıtmamalıdı. Nəyə görə obraz deyirəm? Var sevgi obrazı, var sevginin özü. Mövlana deyir: mən səni yox, sənə olan yolu sevirəm. Sənə qədər olan yolu sevirəm, səni sevmirəm ki. Biz kimisə seviriksə, onun haqqında təsəvvürləri sevirik. Biz özümüzü inandırırıq ki, ən yaxşısı, ən gözəli odur. Sizə tərəf müqabilinizlə bağlı nə isə xoş olmayan bir nünas deyiləndə, “ola bilməz” deyirsiz. Niyə? Çünki beyindəki obraz bunu qəbul etməyəcək. Sevərkən biz reallıqdan uzaqlaşırıq. Məsələn, gənc bir qız düşünür ki, saat 8-də evə gəlsəm, başımı kəsəcəklər. Amma iş elə alınır ki, 10-da gəlir. Qapı açılanda valideyn deyir ki, qızım gec gələcəyinlə bağlı bir xəbər verərdin, narahat olduq. Görür ki, ona heç nə etmədilər. Deməli, evə gələnə qədər o, real ailəsi ilə yox, onun obrazı ilə söhbət edirmiş.

Aygün Asimqızı 

kaspi.az

Go Back

Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır

09-01-2016

Psixoloq Aydan Talıbova: “Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur”.

 

Uşaqlar ağ kağız kimidirlər, nə yazsanız, onun izi qalacaq deyirlər. Beyinləri heç bir məlumatla kirlənməyən uşaqların hər hansı bir hadisəni və ya məlumatı problemsiz yaddaşlarına yazmaları da təəccüblü olmamalıdır. Çox zaman uşaqlarının bu qabiliyyətini dəyərləndirən valideynlər onların daha çox uğur qazanmaları və həyata daha tez atılmaları üçün məktəbə erkən başlamasının tərəfdarı olurlar. Lakin nəzərə almaq lazımdır ki, istedad məktəbə tez başlamaqla və ya 3-4 şeir əzbərləməklə əldə edilmir. Uşağı vaxtından əvvəl ağır bilgilərlə yükləmək hər zaman müsbət nəticələr verməyə bilər. Bir çox Avropa ölkələrində bu sahədə araşdırma aparılır və maraqlı məlumatlar ortaya çıxarılır. Belə ki, bu yaxınlarda Almaniyanın Münhen Lüdviq-Maksimilian Universiteti apardığı araşdırma zamanı uşaqların erkən yaşda məktəbə başlamasının onlarda diqqət dağınıqlığı və hiperaktivliyin pozulmasına səbəb olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticələri Fransada aparılan tədqiqatın nəticələri ilə eyni olduğundan psixoloqlar məktəbə vaxtından tez başlamağın doğru olmadığını hesab edirlər. Almaniyada 600 minə yaxın uşağın bu problemdən əziyyət çəkdiyi ehtimal edilir. Araşdırmanın rəhbəri professor Jörq Batsinq bu hala daha çox oğlan uşaqlarında rast gəlindiyini bildirib. Bəs, görəsən, uşaqların məktəbə başlaması üçün ideal yaş hansıdır? Məktəbə erkən başlamaq onların daha tez öyrənməsinə kömək olurmu? Uşağın qavrama qabiliyyəti necə müəyyənləşdirilir? Azərbaycanlı psixoloqlar bu barədə nə düşünürlər?

 “Məktəbə başlama yaşı uşağın öyrənmə qabiliyyətinə görə dəyişir”

Məsələ ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən psixoloq Aydan Talıbova uşaqların məktəbə başlamaq üçün ən uyğun yaşının 7 olduğunu bildirdi. Onun sözlərinə görə, hiperaktivlik məktəbə başlamaq üçün bir göstərici deyil: “Uşaqların 6 və ya 7 yaşında məktəbə başlamalı olduğuna dair bir qanun yoxdur. Uşağın hiperaktivliyi onun məktəbə başlaması üçün də bir göstərici deyil. Ümumiyyətlə, məktəb üçün ən uyğun dövr 7 yaş hesab olunur. Lakin bu, uşağın qavrama qabiliyyətinə görə dəyişir. Elə uşaq var ki, 7 yaşı var, amma 5 yaş səviyyəsindədir və ya tam əksinə, 6 yaşı olub, 7-8 yaş səviyyəsində olan uşaqlar da az deyil. Bunlar hamısı dəqiqləşdirilməlidir. Bildiyiniz kimi, uşaqlar məktəbə başlamazdan əvvəl imtahan olunurlar. Onların bilik səviyyəsi, dərketmə və öyrənmə bacarıqları yoxlanılır, daha sonra bu uşaq məktəbə başlaya bilər ya yox müəyyənləşir. Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur. Bu yaş tənzimlənməli, öyrənmə bacağına yiyələndikdən sonra uşaq məktəbə götürülməlidir”.

 “3-4 şeir əzbərləmək uşağın istedadlı olduğunu göstərməz”

Psixoloq onu da vurğuladı ki, məktəbə tez başlayan uşaqda əvvəl heç bir problem görünməsə də, bir müddət sonra, dərslər çətinləşdikcə onlarda ciddi psixoloji fəsadlar ortaya çıxa bilər: “Elə uşaqlar var ki, 6 yaşında məktəbə tamamilə hazır olur. Onlar birinci sinifə başlayırlar və 4 illik ibtidai sinifdə dərsləri normal öyrənirlər. Lakin yuxarı sinfə qalxdıqca dərslər daha da çətinləşir və uşağın öyrənmə qabiliyyəti aşağı düşür. Beləliklə də, öz yoldaşlarından geri qalan uşaqda depressiv hallar və psixoloji sarsıntılar baş qaldırır. Yəni valideynlər elə düşünməsinlər ki, uşaq 3-4 şeiri tez əzbərləyirsə, o, fitri istedad olacaq. Məktəbə başlamaq uşağın həyatında ən önəmli addımdır və onun bütün həyatını əhatə edir. Ona görə də həm valideynlər, həm də məktəb direktorları bu məsələyə daha diqqətli və həssas yanaşmalıdırlar. Bəzən valideynlər elə hesab edirlər ki, uşağın məktəbə tez başlaması onun bir addım öndə olması deməkdir. Bu, bəziləri tərəfindən uşağın həyata daha tez atılması kimi dəyərləndirilə bilər, lakin bu addım düzgün istiqamətdə atılırmı, onu düşünmək lazımdır”.

Psixoloq A. Talıbova məktəbəqədər hazırlığın həm fiziki, həm də psixoloji cəhətdən uşağın həyatında önəmli rol oynadığını qeyd etdi: “Bildiyiniz kimi, uşaqlarda 3 yaşdan sonra bağça dönəmidir. Bu yaşda onlara hər şey oyun fonunda öyrədilir. Qalibiyyət, məğlubiyyət, paylaşmaq və s. kimi xüsusiyyətləri bu dövrdə öyrənirlər. 5 və 6 yaşda isə uşaqların məktəbəqədər hazırlıq dönəmidir. Həmin dövr uşaqlar üçün çox önəmlidir. Burada parta arxasında oturmaq, nəyi neçə dəqiqə etməli olduğu və bu kimi vərdişlər öyrədilir. Eyni zamanda bağça və məktəbəqədər hazırlıq uşağa valideyndən müəyyən bir müddətliyə ayrı qalmağı, onu gözləməyi öyrədir. Uşağın birbaşa evdən və ya bağçadan məktəbə göndərilməsi yanlışdır. Uzun müddət valideyndən ayrılmayan, həmişə onların yanında olan uşağın birdən-birə məktəbə başlaması onda ciddi psixoloji problemlərə səbəb ola bilir”.

Xəyalə Sadıqova

zaman.az

Go Back

AZƏRBAYCANDA QADINLARIN SPİRTLİ İÇKİLƏRƏ MARAĞI NİYƏ ARTIB

19-12-2015

Azərbaycanda spirtli içki  qəbul edən və hətta bunu gündəlik yaşam tərzinin bir hissəsinə çevirən qadınların sayı durmadan artmaqdadır. Bəs qadınları buna vadar edən nədir? Psixoloji problemlər, yoxsa artmaqda olan qərbyönlü tendensiya?

Bu mövzuyla əlaqədar problemi daha kökündən araşdırmaq üçün psixoloq, sosoiloq və həkimdən  açıqlama almaq qərarına gəldik.

Psixoloq Elnur Rüstəmov ATV.az-a bildirdi ki, qadınların spirtli içki və nikotindən istifadə etməsi onların görkəminə və səhhətinə mənfi və digər tərəfdən psixoloji təsir göstərir. Bu aludəlik zamanla qadında davranış və şəxsiyyət problemi yaradır. Nəticədə, ailəlidirsə, ailə münasibətində problemlər, subaydırsa, zaman keçdikcə ailə məsuliyyətindən qaçmaq kimi problemlə üz-üzə qalırlar. Ona görə də bu məsələ ilə bağlı müəyyən maarifləndirmə işləri aparılmalıdır. Bu aludəlik qadında əsasən gender bərabərliyinin (qadın-kişi hüquqlarının bərabərliyi) səhv anlaşılması ucbatından yaranır. Yəni əgər kişi alkoqollu içilərdən istifadə edirsə, mən niyə etməyim? Avropada çəkilən filmlərə nəzər salsaq, qadınların  spirtli içkilərə həddindən artıq meyilli olduqlarının şahidi oluruq. Bir şeyi də qeyd edim ki, alkoqollu içkilər qadın orqanizminə daha tez təsir edərək sıradan çıxarır. Hər bir qadın potensial anadır. Spirtli içkilərin qəbulu hamiləlik dövründə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə doğulan uşaqlar psixoloji travma ilə doğulurlar. Qadınlar rəngli alkoqoldan istifadə etsələr belə, bu heç də problemi azaltmır, əksinə daha da qabardır.

Mövzumuzu sosioloq Rafiq Təmracovun açıqlaması ilə davam edirik.

O bildirdi ki, tarixən qadınların siqaretdən, içkidən istifadə etməsinə bir əxlaq dəyəri kimi baxılıb.  Dinimizə zidd olmasına baxmayaraq, təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də spirtli içkilərdən kifayət qədər istifadə edilir. Ancaq Azərbaycanda içki və siqarətdən istifadə digər ölkələrə nisbətən azdır. Bu yaxşı haldır. Ancaq burda bir tendensiya ( dinamika)  məsələsi var. Bizdə son dövrlər siqaret və içkiyə münasibət dəyişib. Yəni kişilərlə bərabər qadınlar da spirtli içkiyə daha çox meyillidirlər. Əslində bunun bir neçə səbəbi var: qloballaşmanın mənfi tendensiyaları, başqa cəmiyyətin dəyərlərinin,  müəyyən keyfiyyətlərinin əxz edilməsi. Artıq, şahid oluruq ki, kişilər də qadınlara spirtli içkilər təklif edirlər. Digər tərəfdən  isə, qadınlar alkoqoldan istifadə etmələrinin ziyanları barədə maarifləndirilməlidirlər.

Bəs gəlin diqqət edək, görək spirtli içkilər qadına tibbi cəhətdən necə təsir edir?

Terapevt Nahid Məhərrəmov vurğuladı ki, bəzən xəstələr belə sual edirlər ki, arada 100 qr filan alkoqollu içki qəbul etmək olarmı? İstər çox, istərsə də az, spirtli içki ziyanlıdır. Nəinki kişilərə, həmçinin qadınlara və hamilələrə də məsləhət deyil. Fərqi yoxdur hansı içkidir. Tərkibində spirt varsa, ziyanlıdır. Ancaq spirt qidadırsa, orqanizm onu normal bir şəkildə mənimsəyə bilir. Kişilərə nisbətən qadınların orqanlarında da bir incəlik var. Dozadan artıq spirt qadınların mədə-bağırsaq sisteminə daha ciddi təsir edə bilər. Hətta bağırsaq qanaxmaları, öd-qaraciyər, kolit və.s problemlərə də səbəb ola bilər.  Hamilələ qadınlarda isə spirtli içkilərin qəbulu gələcəkdə uşağın sağlam doğulmamasına şərait yarada bilər. Həm də bu körpənin ana bətnindəykən alkoqola meyillənməsinə səbəb olur.

Tahirə Əlirzayeva

http://news.atv.az/az/health/54197-azerbaycanda-qadinlarin-spirtli-ickilere-maragi-niye-artib

Go Back

20 nəticə göstərilir