- Bu yaxınlarda ikinci dəfə ana oldunuz. Bu münasibətlə sizi təbrik edirik. Adətən, birinci uşaq özündən sonra doğulan bacı və ya qardaşının evə gəlməsini qısqanclıqla qarşılayır. Belə nüanslar olmasın deyə, siz böyük oğlunuzu buna nə cür hazırlaşdırdınız? Bu barədə gənc ailələrə hansı məsləhətləri verə bilərsiniz?
- Təşəkkür edirəm. Çox gözəl hissdir. Allah olmayanlara da nəsib etsin. Məsudun 5 yaşı var. Kiçik qardaşı barəsində onu əvvəlcədən psixoloji olaraq hazırlamışdıq. Buna görə də körpə evə gələndə böyük çətinlik çəkmədik.
Adətən, 6-8 ayından sonra körpə yeriməyə, danışmağa başlayanda böyük bacı və ya qardaşı tərəfindən ikinci uşağa qarşı qısqanclıq yaranır. Əlbəttə, birinci uşaq evə ikincinin gəlişinə hazır olmadıqda 10 günlük körpəni də qısqana bilər, diqqət çəkmək üçün aqressiv şəkildə onu yamsılamağa başlayar.
Bunlar yaranmasın deyə, ilk növbədə, birinci uşağa ata və analıq hissini təbliğ etmək lazımdır. Biz Məsuda atalıq hissini aşıladıq. Artıq Elnar evə gələndən sonra onunla maraqlanmağa və mənə yardım etməyə başladı.
- İllər əvvəl valideynlər psixoloqla məsləhətləşməyi özləri üçün böyük kompleks hesab edirdilər. Hazırda müraciətlərdə dəyişklik varmı?
- Əvvəlki illərlə müqayisədə indi müraciətlər çoxalıb. Bunda KİV-in də rolu böyükdür. Kişilərə nisbətən qadınlar daha çox müraciət edirlər. Çünki əks cinsin nümayəndələri “mən kişiyəm, problemimi özüm həll etməliyəm” kimi düşüncə tərzi ilə yaşayır və psixoloqdan məsləhət almağı özlərinə kompleks hesab edirlər.
- Valideynlər sizə uşaqla bağlı daha çox hansı problemlərlə müraciət edirlər?
- Əsas müraciətlər valideynlərin uşaqla düzgün ünsiyyəti ilə bağlıdır. Problemlər mövsümə görə dəyişə bilir, məsələn, sentyabr-oktyabr və yanvar aylarında məktəbə uyğunlaşmaqla, yay aylarında davranışla, mart ayında depressiya, xasiyyətdəki dəyişkənliklə bağlı müraciətlər olunur. Bundan başqa tərbiyə üsulu ilə əlaqəli müxtəlif müraciətlər daxil olur.
- Belə bir deyim var: “Hər insanın bir, hər psixoloqun isə iki psixoloqa ehtiyacı var”. Bu, nə dərəcədə realdır? Psixoloq xəstələrin neqativ yüklənməsindən özünü necə xilas etməlidir?
- Əlbəttə, psixoloq özündə emsional yanma sindromu, yəni yorğunluq hissi, iş fəaliyyətinin aşağı düşməsi, hər şeyə qarşı istəksizlik və s. duyarsa, o zaman digər psixoloqa müraciət etməlidir. Bu cür halların qarşısını almaq üçün sağlam qidalanma və yuxu rejimi olmalı, hər zaman yeniliklər axtarmalıdır. Bu, emosional yanmanın sürətini azaldır. Hər bir psixoloq mütləq psixionaliz testindən keçməli, daha sonra iş həyatına başlamalıdır.
- Siz və həyat yoldaşınız (tanınmış psixoloq Elnur Rüstəmovdan söhbət gedir - red.) eyni sahənin insanlarsınız. Ətrafdakılar ailədə hər iki tərəfin psixoloq olduğunu biləndə, həmin ailəyə ideala yaxın ailə kimi baxırlar. Bu, doğrudan da belədir?
- Biz bir-birimizi işdə sevib ailə qurmuşuq. Evlilik qərarı verdikdə isə ətrafdakıların diqqətini çəkməyə başlamışdıq. Çünki insanlar düşünürlər ki, eyni peşə sahibləri arasında uğurlu nikah olmur. Ya onların hər zaman dava edəcəyi, ya da ayrılacağını deyirlər. Eyni peşəyə sahib olduqları üçün iş sahəsində də bir-birini qısqana bilərlər.
Lakin biz ailəmizin təməlini sağlam şəkildə qoyduğumuza görə, çox insanlara gözəl nümunə olduq. Bizdən sonra xeyli psixoloq və psixiatr tanışlarımız bir-birilə ailə qurdular. Həmin fikri biz “yıxdıq”, bu mövzuda insanlara bizim böyük təsirimiz oldu.
Ailə münasibətləri ilə iş münasibətlərini bir-birinə qatmaq olmaz. Psixoloq ailəsinin bir üstünlüyü də odur ki, probleminin səbəbini çözə bildiyi üçün arada yaranan xırda söz-söhbətlər böyük konfliktlərlə nəticələnmir.
- Sizə ailəsindən dəfələrlə şiddət gördüyünü deyən uşaqlar müraciət edirlər?
- Azərbaycanlı uşaqlar fikir bildirməkdə çətinlik çəkirlər. Çünki böyüklər həmişə onlara “sən sus”, “özünü tərbiyəli apar” kimi ifadələrlə nəyəsə münasibət bildirməyə şərait yaratmırlar.
Sadəcə seanslarda mənimlə “anam mənə deyir ki, hər gün dişlərini fırçala, amma özü buna əməl etmir”, “atam mənə bayırdan evə gələn kimi əllərini yu deyir, özü isə yumayır” və s. kimi müşahidələrini bölüşürlər.
Aytən Sadıqzadə
www.oxu.az