Düşüncə Jurnalı

header photo

ELNUR RÜSTƏMOV: "“İllərlə güvəndiyin bir insan qəfil hansısa hərəkəti ilə özünə qarşı inamı yox edir. "- MÜSAHİBƏ

 

“Xəyanət - etibarsızlıq, ümidi, gözləntini doğrultmamaq formasında da ola bilər. Valideynlərə, yaxın adamlara qarşı da xəyanət olur. Bu gün bu məsələ çox aktualdır”.

 

Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Elnur Rüstəmov deyib.

 

Psixoloq hesab edir ki, xəyanət etməmək üçün insan ilk növbədə dünyagörüşünü artırmalıdır: “Dünyagörüşü geniş olan insan hər hansı ideya uğrunda savaşmağa qadirdir. Biz texnogen əsrdə yaşayırıq. İnsanın nəfsi artıb. İnsanların bir-birindən gözləntisi dəyişib, maddiyat ön plana çıxıb. Bu da insanlar arasında inamsızlıq, etibarsızlığa gətirib çıxarıb. Xəyanət mənəvi böhran halında baş verir. Psixoloji travma alan insanda bir boşluq yaranır. O da bu boşluğu doldurmağa çalışır. Şübhəsiz ki, hamı bunu doğru yerdə tapa bilmir. Və zaman keçdikcə bu böyük problemlərə yol açır. Bunun çarəsi yalnız özünə yatırım etməkdir. Özünü inkişaf etdirən insan, həm də özünə hörmət etməyi öyrənir. Bu həm də qarşıdakı insana da hörmət etməyə yardımçı olur”.

 

Bu gün insanların güvəncinin azadlığını bildirən E.Rüstəmov, bunu böyük bəla hesab edir: “İllərlə güvəndiyin bir insan qəfil hansısa hərəkəti ilə özünə qarşı inamı yox edir. Zaman keçdikcə də bu başqalarına qarşı münasibətdə özünü büruzə verir”.

 

“Kişinin xəyanət etdiyi xanım gözəl deyilsə, həyat yoldaşı güzəştə gedə bilir”

 

Psixoloq bildirib ki, qadın xəyanəti ilə kişi xəyanəti bir-birindən fərqlənir: “Hərəsi bu məfhuma fərqli prizmadan yanaşır. Ailə psixologiyasında belə bir məqam var-xəyanətə uğrayan xanım, rəqibinin gözəl, yaxud daha cavan olduğunu düşünür. Yəni, zahiri keyfiyyətlərə daha çox fikir verirlər. Təcrübə göstərir ki, kişinin xəyanət etdiyi xanım gözəl deyilsə, həyat yoldaşı güzəştə gedə bilir. Əks halda, depressiyaya düşə, özünə qapana bilər. Kişi isə tam fərqli düşünür. O özünə sual verir ki, görəsən, xanımına nəyi verə bilməyib? Hər bir halda, sağlam ailədə xəyanət ola bilməz. Təbii ki, müəyyən problemlər hər ailədə yaşanır. Məsələn, kişi kiminləsə ünsiyyət qurur, əgər ailəsindən dəstək istəyirsə, inanıram ki, ailəsi ona dəstək olacaq. Bir çox hallarda bunu gizlədirlər. Nəticədə problem böyüyür. Hətta şantaj, təhdid halları yaşana bilər”.

 

Elnur Rüstəmov bu problemlə qarşılaşan cütlüklərin seansa birgə gəldiyini deyib: “Hətta ayrı-ayrı gəlmək istəsələr belə, tövsiyə edirik ki, birgə gəlsinlər. Bundan əlavə, kişilərə hər zaman tövsiyə edirik ki, yaxınını itirən xanımları xüsusilə qorumaq lazımdır. Çünki xanımlar bu böhranı daha çətin keçirirlər. Hətta onların bu ərəfədə yenidən aşiq olma ehtimalı çoxdur. Yaranan mənəvi boşluq ailə dəstəyinin köməyi ilə dolarsa, bu cür hallar az baş verəcək”.

 

“Əks halda ailə dağıla bilər...”

 

Xanımların baş verən hadisələrin, xəyanətin heç zaman unutmadıqlarını deyən psixoloq, uzun müddət keçsə də, onların baş verən hadisənin detallarını öyrənməyə çalışdıqlarını əlavə edib: “Çünki xanımın beynində müəyyən bir ailə başçısı obrazı var. O obraz heç zaman qırılmamalıdır. Əks halda, ailə dağıla bilər. Xanımlar fədakardırlar. Tərəflər arasında hörmət olarsa, ən minimal şərtlərdə belə xanımlar ailəni qoruya bilirlər.  Bəzi hallarda maddi sıxıntılar əslində mövcud olan, lakin qabarmayan problemləri də üzə çıxara bilir. Bu gün kişilər də, xanımlar da aktivdirlər. Bəli, xəyanət həmişə olub. Sadəcə, bugünkü kimi deyildi. Bu günün insanı bir yerdə qərar tuta bilmir. Bu da mənəvi cəhətdən yarımçıqlığa səbəb olur”. 

apa.tv

Go Back

Sorğu göndər