Düşüncə Jurnalı

header photo

MÜƏLLİMLƏRƏ PSİXOLOJİ YARDIM EDİLMƏSİ TƏKLİF OLUNUR- müsahibə

28-01-2016

“Müəllimin şagirdə əl qaldırması bütün hallarda təqdir edilmir və doğru deyil. Tərbiyə prosesində cəzalandırmada zor, şiddət yoxdur. Təhsildə digər cəza üsulları tətbiq edilə bilər. Məsələn, qiyməti aşağı sala bilər. Bundan əlavə, valideyni dəvət edib onunla söhbət oluna bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, müəllim özü də insandır. Onun da hissləri, düşüncəsi, ailəsi və qayğıları var. O da robot deyil. Ona görə də orta məktəblərdə psixoloqlar həm şagirdlərlə, həm də müəllimlərlə işləməlidirlər. Məktəblərdə psixoloqların işi gücləndirilməlidir”.

Bunu Milli.Az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov məktəblərdə müəllimlərin şagirdlərə qarşı zor tətbiq etməsi halları ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.


Ekspertin fikrincə, təkcə uşaqların yox, müəllimlərin də fiziki və psixoloji narahatlığı olur və o, təhsil prosesində lazımi dəstəyi almalıdır. Bundan əlavə, valideynlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır: “Bəzən çətin tərbiyə olunan, qavraması zəif və ya əqli cəhətdən yüngül formada, zəif inkişaf edən uşaqlar olur. Onlar dərs prosesində digər uşaqlardan fərqlənirlər, onların qavraması, davranışı, reaksiyaları adekvat olmur. Belə hallarda müəllim məktəbdə çalışan psixoloqa, eyni zamanda məktəbin rəhbərliyinə məlumat verməlidir. O, çətin vəziyyətlə qarşılaşdığını deməli və kömək istəməlidir. Müvafiq şəxslər də bununla bağlı lazımi ölçü götürməlidirlər”.


Məktəblərdə müəllimlərlə şagirdlər arasında baş verən hadisələrlə bağlı video materialların sosial şəbəkələrdə paylaşılmasına gəlincə, psixoloq hesab edir ki, buna ehtiyac yoxdur, çünki mənfi nəticələri ola bilər:

“Çünki bundan həm müəllim, həm şagird, həm də valideynlər əziyyət çəkən tərəf olur. Nəticədə hansısa neqativ halı bir müəllimə görə hamısına şamil edirlər. Bu proseslərdə çox ümumiləşdirmə gedir ki, bu, doğru deyil. Əgər problem varsa, məhz həmin problem həll olunmalıdır. Bir daha qeyd edirəm ki, orta məktəblərdə psixoloqların işi gücləndirilməli, valideyn-məktəb əlaqələri möhkəmləndirilməlidir. Əgər davranışında və qavramasında problem olan uşaqlar varsa, onlarla məxsusi iş aparılmalıdır və bu prosesə həmin müəllimləri də cəlb etmək lazımdır. Bunlar sosial şəbəkələrdə paylaşılanda isə bilən də danışır, bilməyən də danışır, kim nə istəyir, yazır. Nəzərə alın ki, o müəllim də vicdan əzabı çəkir. Məgər onun üçün rahatdır ki? Onların da doğmaları, yaxınları var. Bu məsələ sosial şəbəkədə müzakirəyə niyə çıxarılır? Bu, doğru deyil. Rəhbərlik var, təhsilə cavabdeh olan şəxslər var. Çağırardılar, araşdırardılar, lazımi qaydada da cəzalandırardılar. Bunu sosial şəbəkələrə çıxarmaq doğru deyil. Bunun mənfi fəsadları ola bilər. Biri deyir ki, o müəllim əlimə keçsəydi, belə edərdim, biri də deyir, elə edərdim. Fərz elə ki, bu elə sənin yaxınındır, doğmandır, qohumundur, bacındır. Başa düş. Axı sən nə bilirsən, həmin anda müəllimin nə dərdi olub, oraya gələndə nə vəziyyətdə gəlib? Bəlkə, evində, ailəsində problemi var. Biz bir hadisəni götürüb onun əsasında ümumi münasibət bildiririk. Bir az dərinə getmək lazımdır. Neqativ hal hər sahədə var, hər yerdə pis mütəxəssis də var, yaxşı da. Buna görə digərlərini, vicdanlı müəllimləri niyə zərbə altına qoymalıyıq?”


E.Rüstəmov həmçinin 7-8 yaşlı uşaqların mobil telefon işlətməsi və telefonla məktəbə gəlməsinə də münasibət bildirib: “Valideyndə uşağın dərs qrafiki var və tənəffüsdə zəng vurub övladı ilə danışa bilər. Yoxsa ki, götürüb istənilən vaxt zəng edir, çatlaşır, mesaj atır və s. Belə telefonlar həm uşağın diqqətini dərsdən yayındırır, çünki hər dəqiqə baxır ki, telefonda yeni nələr var, ikincisi də bu onların sağlamlığı üçün ziyandır. Valideynlərin çoxu bunu dərk etmir və yalnız öz rahatlığını düşünür. Uşaq mobil telefon, planşet istəyir, ata-ana da alıb verir ki, ağzını yumub bir küncdə otursun, ona mane olmasın. Bununla belə, bu valideynin seçimi və istəyidir, özü bilər. Amma həmin telefonlar məktəbdə dərsin gedişinə mane olmamalıdır. Təsəvvür edin ki, bir sinifdə 10-15 uşağın başı öz telefonlarına qarışır, oyun oynayır. Bu axı dərsin gedişinə mane olur, müəllimə pis təsir edir, onu qıcıqlandırır. Ona görə də şagirdin məktəbə telefon gətirməsi doğru deyil. Bunu valideynlər nəzərə almalıdırlar. İndi əllərdə olan bahalı telefonların funksiyaları çoxdur. Bununla uşaq əlavə lazımsız informasiya alır. Əgər söhbət valideynin uşaqla əlaqə yaratmasından gedirsə, çox yaxşı olardı ki, şagirdlər üçün xüsusi mobil telefonlar olsun”.

İlkin İzzət

http://news.milli.az/country/401155.html

 

Go Back

Sorğu göndər