Düşüncə Jurnalı

header photo

Narınc Uşaq Psixologiya Mərkəzində BİR GÜN

“Mərkəzdə bir gün” rubrikası altında bu dəfə Psixoloq Narınc Rüstəmovun baş rəhbərliyi altında fəaliyyət göstərən Narınc Uşaq Psixologiya Mərkəzinin Xətai rayonu üzrə filialının qonağı olduq. Bütün bir günümüzü Mərkəz daxilində keçirərək, mərkəzin iş prinsipi ilə yaxından tanış olduq, mütəxəssislərlə söhbət edib müsahibə götürdük.

Mərkəzə daxil olarkən gözləmə zalındakı şirin bir izdihamla qarşılaşdıq. Balacalarımız valideynləri ilə birgə öz konsultasiya vaxtlarının gəlməsini gözləyirdilər. Artıq insanların psixoloqun işi barədə bu qədər maariflənmiş olması və valideynlərin övladlarının inkişafına bu qədər həssaslıqla yanaşmaları içimizdə fəxr hissi oyatdı. Təbiidir ki, bütün bunlar Narınc Rüstəmova və onun Peşəkar komandasının əməkləri, Azərbaycanda uşaq psixologiyasının inkişafı naminə göstərdikləri səylər və bu yolda qazandıqları uğurlu nəticələr sayəsində mümkün olub.

Mərkəzdə bizi ilk olaraq Narınc Uşaq Psixologiya Mərkəzinin Xətai rayonu üzrə filialının rəhbəri, psixoloq Təranə Kazımlı qarşıladı. Təranə xanımla söhbətimiz səmimi bir aurada baş tutdu!

TƏRANƏ KAZIMLI - Narınc Uşaq Psixologiya Mərkəzinin Xətai rayonu üzrə filialının rəhbəri, uşaq psixoloqu

-Təranə xanım, Mərkəzə ən çox olunan müraciətlər nə ilə bağlı olur?

-Mərkəzimizə son zamanlar ən çox fəsillə əlaqədar kəkələmə problemi və həmişə olduğu kimi azyaşlı uşaqlarımızda nitq ləngiməsi , inkişaf geriliyi ilə bağlı problemlərlə müraciət edirlər.

-Valideynlərin ən çox təəccüb etdiyi və razılaşmaqda çətinlik çəkdiyi situasiyalar hansılar olur?

-Valideynlərlə işləyərkən qarşılaşdığımız problemlər bir neçə kateqoriyaya bölünür. Məsələn ,təbii olaraq ağlamaq azyaşlı uşağın instiktiv reaksiyasıdır. Peşəkar mütəxəssislər və həmçinin mən də bu halın bizi idarə etməsinə izn vermirik. Valideynlər daha çox “Siz bu uşağı necə susdurursuz axı, bunun üçün nədən istifadə edirsiniz?” kimi suallarla müraciət edirlər.

Məktəb yaşlı uşaqlarla problem onların bizə daha gec müraciət etməsindədir. Birdə yeniyetmələrlə konsultasiyada əsas məsələ odur ki, valideynlər onların rahat gəlib getməsinə şərait yaratmırlar. Qızların mentalitetlə bağlı problemlərini nəzərə almaq olar, amma 15-16 yaşlı oğlanlara bunun üçün şərait yaradılmalıdır. Valideynlərə dəfələrlə bildiririk ki, bunu etməyiniz onlarda özgüvənin formalaşmasına imkan yaradacaq.

-Uşağın tərbiyəsində rolu ən çox kim oynayır?

-Əlbəttə ki, uşağın tərbiyəsində onun böyüdüyü ailə böyük rol oynayır. Geniş Azərbaycan ailələrini nəzərə alsaq, bura  ata-ana ilə yanaşı  nənə, baba, bibi, xala, əmi, dayıları da daxil etməli oluruq.Amma əlbəttə ki, əsas olaraq ata-ana faktorunu götürürük.Sadəcə müraciətləri tam analiz etdikdə, statistik olaraq qarşımıza çıxır ki, ata-ana uşağı əvvəldən gətirmək istəyir, lakin nənə-baba buna səhlənkar yanaşır və yaxud da tam əksinə - cavan ailələr nənə-babadan daha səhlənkar yanaşır.Uşaqları adətən anaları gətirir. Biz konsultasiya zamanı təkcə uşağı gətirən ailə fərdini nəzərə almırıq. Ailənin neçə nəfərdən olması, kimin daha çox rolu olduğu haqqında məlumat alırıq ki, bu daha sonra bizə kömək olur.

-Valideynlərdən ən çox eşitdiyiniz sual?

-Çox qarşılaşdığımız sual “nəticəni nə vaxt alacağıq?”. Ailələr aylar, illər ərzində formalaşmış problemlərin nədənsə bir seansda həll olunmasını gözləyirlər.

Sıx-sıx rast gəldiyimiz problemlərdən biri də hiperaktivlikdir.Ümumiyyətlə, hiperaktivliyi valideynlər, həmçinin həkimlər də sadə diaqnoz kimi başa düşürlər. Lakin biz hiperaktivliyi psixoloji cəhətdən araşdıranda onun ağırlıq dərəcəsini, nə qədər müddətdir davam etdiyini müəyyənləşdiririk , hətta bəzi hallarda dərmana belə müraciət olunma halları meydana çıxa bilir.

Təbii ki, yaş fərqindən asılı olaraq da nəticə almaq fərqlənir. Buna görə də hər dəfə valideynlərə bunun 3-6 aya qədər davam edə biləcəyini bildiririk. Daha sonra konsultasiyaları həftədə bir dəfə, ayda bir dəfəyə qədər salmaqla uşağı nəzarət altında saxlayırıq.

Valideynlər nəticə almaq üçün tələsirlər, lakin nəticə həm də valideynlərdən asılıdır. Bizim verdiyimiz təlimatlar üzrə evdə necə işləyəcəklərindən asılıdır,bizim nəticənin tezləşməsində sosial cəmiyyətin də rolu vardır. Nəticənin tezləşməsində valideynin, məktəbin də rolu böyükdür.

Qeyd edək ki, uşaqlarla bütün konsultasiya müddəti Təranə xanımın otağında olan və bütün otaqlarda quraşdırılmış olan xüsusi kameralar vasitəsilə televizordan anbaan nəzarət altında saxlanılır və ehtiyac olduqda valideynlərə də izləmələri üçün şərait yaradılır! 

 

FƏRİDƏ HƏSƏNLİ – Pedaqoq, İnkişaf Geriliyi üzrə Mütəxəssis

 

-Fəridə xanım, Siz daha çox hansı problemlərlə  işləyirsiniz?

-Bizə ən çox psixiatrik və nevroloji narahatlığı olan uşaqlar müraciət edir. Son zamanlar daha çox rast gəldiyimiz diaqnozlar autistik əlamətlərdir. Mən sizə sırf bunun üzərindən danışmaq istəyirəm.

-Valideyn necə bilsin ki uşaq autizmdir və sizə müraciət etsin?

-Bir şeyi qeyd edim ki , autizmin özünün növləri var, bu diaqnostika nəticəsində dəqiq bəlli olur. Əlamətlər nədir: Əgər uşaqlar adını çağıranda gec baxırsa, danışarkən göz kontaktı qurmursa, stereotip davranışlar sərgiləyirsə, məsələn, işığı yandırıb söndürürsə, yaxud durmadan əlləri ilə oynayırsa, irəli – geri gedib gəlirsə və s., bu tip hərəkətlər uşaqlarda varsa, televizora durmadan baxırsa, ayıranda ağlayırsa, paltaryuyan maşının qabağında oturursa, maşının təkərləriylə oynayırsa, yarımdairəvi hərəkətlər varsa, bu uşaqlardan şübhələnə bilərik. Amma bu o demək deyil ki, bu uşaqda konkret autizm diaqnozudur. Sadəcə siqnal ola biləcək əlamətləri qeyd etmək istədim.

Autizm diaqnozu qoymaq üçün müəyyən şərtlər var. O şərtlərdən birincisi yaşdır. Yaşı nəzərə almaq lazımdır, məsələn, 3 yaşı olan uşağa biz autizm diaqnozu qoya bilmərik!

Son zamanlar çox rast gəldiyimiz, analar uşaqları səs salmasın deyə, onu televizorun qarşısına qoyurlar. Artıq uşaqda təktərəfli debat gedir. Kontaktı olmayan, bağçaya getməyən, evdən çıxmayan uşaq  yalnız təktərəfli olaraq televizora baxır və bu uşaqlarda ünsiyyət qurmaq bacarığı formalaşmır.

       

Pedaqoji baxımsızlıq nəticəsində də autistik əlamətlər ortaya çıxır. Əslində bunu autizm hesab etmirik, sadəcə əlamətlər fonudur. Autizm diaqnozu qoymazdan əvvəl uşağın anamnezini araşdırmaq lazımdır. Ananın doğumu, hamiləliyi necə keçib, müraciət olunan yaşa qədər baxımı necə olub, nevropatoloq yanında olubmu. Autizm diaqnozu qoymaq üçün sadəcə göz kontaktının olmaması, adına reaksiya verməməsi yetərli deyil. Autizmin 12 əsas, 32 əlavə əlamətlərindən azı 50%i olmalıdır ki, uşağa bu diaqnozu tam qoya bilək.

-Bu uşaqlarla  daha çox hansı metodikalarla işləyirsiniz?

Ümumiyyətlə, autizm diaqnozlu uşaqlarla bir neçə terapiyayla işləyirik. Mən ən çox Montosori proqramından istifadə edirəm. Bununla yanaşı ABA, Holding Therapy də tətbiq edirik. Amma normal olaraq uşaqla dəyərləndirmə aparmaq üçün 3 ay konsultasiya müddəti bitdikdən sonra yaş normativi üzrə də dəyərləndirmə aparırıq. Valideynlərə məsləhət olaraq plastilinlə, konstruktorlarla işi məsləhət görürük. Daha sonra uşağa idraki fəaliyyətlər lazımdır. Birdə valideynlərə bir məsləhətimiz var : uşaqlara yaş normativindən üstün bir şey öyrətməsinlər! Məsələn: saymağı  1 yaşında olan uşağa öyrətmək mənasızdır. Çünki bu onun mexaniki yaddaşına gedir, onun inkişafına bir faydası olmur. Ona görə də uşağın düzgün zehni inkişafı üçün valideynlər ya mütəxəssisə müraciət etsinlər, ya da internetdən, müvafiq kitablardan maariflənib məlumat əldə etsinlər.

AYŞƏN RZA – Uşaq Psixoloqu

  

Ayşən xanımın konsultasiya apardığı otağa daxil olduqda balaca pasienti ilə maraqlı bir  oyun oynadığını gördük.

Ayşən xanımın sözlərinə görə balacamızla kartları uyğunlaşdırma işi aparır. Uşaq bir şəkilə baxaraq ora hansı əşyaların aid ola biləcəyini düşünür. Bu onun hadisələri analizetmə qabiliyyətinin artmasına yardımçı olur.

Ayşən xanım eyni zamanda bildirdi ki, bəzi balacalarımızla yaxın məsafədə konsultasiya önəmlidir. Çünki bu həmin uşaqlar üçün nəticəni yaxşılaşdırır, məsələn əgər  balacamız hədsiz hiperaktiv olarsa konsultasiya zamanı kənar şeylərə meyl edir. Onunla yaxın məsafədən konsultasiya aparıldığı zaman uşaq yalnız psixoloqa diqqət edir, kənar şeylərdən uzaq olur.

Balacamızla konsultasiyadan sonra Ayşən xanımla kiçik bir söhbətimiz baş tutdu.

-Hansı yaş aralığında uşaqlarla işləyirsiniz?

-Yaş yarımdan on yaşına qədər uşaqlarla işləyirəm. Uşaqların problemləri təbii ki müxtəlifdir. Iki yaş yarımdan – beş yaşına qədər olan uşaqlarda nitq ləngiməsiylə bağlı daha çox müraciət olur. Yəni sahəm daha çox nitq ləngiməsidir.

Nitq ləngiməsi olan uşaqlarda analizetmə qabiliyyəti zəif olur, diqqətləri yayınır, söz ehtiyatı həddən artıq az olur, cümlə qura bilmirlər. Bunun üzərində işləyirik, uşaqlarda əvvəlcə diqqət, analiz, daha sonra isə şəkillər üzərində qavrama yaradırıq. Söz anbarı çoxaldıqca nitqi də bərpa olunmağa doğru gedir.

6-10yaşlı uşaqlarda isə əksərən hiperaktivlik müşahidə olunur.

Hiperaktivliyin 3 əlaməti olduğu üçün biz daha çox çoxhərəkətlilik, diqqət dağınıqlığı və implusivlik üzərində işləyirik. Hiperaktivliyin kökündə diqqət dağınıqlığı olduğu üçün biz daha çox onların diqqətini korreksiya edərək hiperaktivliyi nisbətən azaltmış oluruq. Uşaqlarda hiperaktivlik mənfiyə yönəlik olduğu zaman  hərəkət pozğunluqları da baş verir. Çox zaman ilk bunun üzərində işləməli oluruq. Davranış pozğunluğu olduğu üçün onlara biheverial terapiya tətbiq edirik. Biheverial terapiya tətbiq olunduqdan sonra valideynlərə evə də müvafiq təlimatlar verilir.

  

-Hiperaktivlikdən danışırıqsa, deyə bilərsinizmi valideyn üçün mütəxəssisə müraciət etdirəcək əlamətlər hansılardır?

-Əgər uşaq gün ərzində həddindən artıq hərəkətlidirsə, iyə qarşı həssasdırsa, tərləmələri əsasən boyun hissəsində olursa, aşırı diqqət dağınıqlığı olursa artıq ilkin şübhələr yaranmalı və valideyn  mütəxəssisə müraciət etməlidir. Belə uşaqlarda qeyri-ixtiyari diqqət güclü olur. Lakin qeyri-ixtiyari yaddaşı şərhlənə bilmir,çünki  oturma qabiliyyətləri yoxdur. Oturma qabiliyyəti olmadığı üçün diqqət də olmur. Diqqət olmadığı üçün yaddaş da olmur. Oturma qabiliyyəti formalaşdırıldıqdan sonra ixtiyari-diqqət üzərində işlənilir ki, artıq yavaş-yavaş hiperaktivlik azaldılsın. Təbii ki, idmana müraciət etmələri bizim üçün daha əlverişlidir, üzgüçülüyü daha çox məsləhət görürük. Bu zaman beyin hüceyrələri sakitləşir, enerjilərini ata bilirlər.

-Ən çox hansı yaşda müraciət edildikdə uğurlu nəticə almaq olar?

-Təbii ki, biz hər zaman psixoloqa yaxınlaşmaq üçün ən ideal vaxtın 3 yaş olduğunu bildiririk. 3 yaşda şəxsiyyət, beyin, eqo formalaşır. bu yaşda üzərinə düşülsə daha yaxşı və tez nəticə əldə edilir. Məktəbəqədər dövrdə psixoloqa müraciət etmək artıq şərtdir. Əgər bu zaman müraciət olunmazsa,  məktəb dövründə bu problem daha da çox qabarır.

Vaxt keçsə də gözləmə zalındakı sıxlıq səngimirdi. Valideynlər həm balacalarının konsultasiya vaxtlarının, həm də onların psixoloji narahatçılıqlarının günbəgün azalmasını gözləyirlər... Valideynlərdən bir neçəsinə yaxınlaşdıq və kiçik bir söhbət apardıq.

`

 

    -    Bura artıq üçüncü dəfədir gəlməyimə baxmayaraq, uşağımda xeyli dəyişiklik, irəliləyiş görürəm. Həm evdə biznən davranışı, həm də dostları ilə münasibəti əməlli başlı yaxşılaşıb. Kənardan eşidirdim inanmırdım, amma özüm gəldim və gördüm. Hər kəsə, əgər uşaqlarnda hansısa narahatlıqlar görürlərsə mütləq psixoloqa müraciət etməyi məsləhət görürəm.

   - Oğlumun 4 yaşı var, kəkələmə problemi ilə müraciət etmişdik. Öncələri onun gələcəyindən çox narahat idim. Artıq neçə vaxtdır ki , bura gəlib –gedirik və oğlumun nitqində hiss olunacaq dərəcədə düzəlmə var.

Təxminən günorta saatlarında Narınc xanım Rüstəmova mərkəzə gəldi və günlük işlərlə maraqlanmağa başladı. Komandamızı salamlayan Narınc xanım bildirdi ki, əsasən Narınc Uşaq Psixologiya Mərkəzinin 9-cu mikrorayon ofisində olsam da, mütəmadi olaraq Təranə xanımla əlaqəli şəkildə işləyirik. Həftənin müəyyən günləri burada, müəyyən günləri isə digər mərkəzimizdə pasientlərimi qəbul edirəm.......

Narınc xanım bizə, Azərbaycana ilk dəfə olaraq gətirdiyi və tətbiq etməyə başladığı psixoloji testdən də söz açdı. Qeyd etdi ki, “2006-cı ildən Psikoloji Testler Derneği olaraq işinə başlayan test tətbiqi təlimlərindən başqa oyun terapiyası, ailə terapiyası, cinsi problemlərin konsultasiyası üzrə təlimlər verir. Və bu dərnəyin veridiyi, dünyada keçərli olan ilk sertifikatı 9 ay üzərində çalışaraq Azərbaycanda  ilk olaraq mən əldə etdim  və sırf Azərbaycan uşaqları üçün uyğunlaşdırma icazəsini aldım. Artıq 3 aydır ki , bu testin rəsmi şəkildə tətbiqinə başlamışıq.

                     
40 ildən çox Avropa ölkələrində tətbiqi ilə həmişə öndə olan WİSC-R testi artıq AZƏRBAYCANDA, NARINC Uşaq Psixologiya Mərkəzində də mövcuddur!
 

1949-cu ildə David Wecsler tərəfindən 1939-cu ildə yetişkinlər üçün hazırlanmış testə istinadən 6-16 yaş aralığı uşaqlar üçün hazırlanaraq WİSC (Wechsler Uşaqlar üçün Zəka Ölçümü) kimi təqdim edilmişdir. 1974-cü ildə isə yenidən dəyişiklər edilmiş və indiki WİSC-R (revise edilmiş versiyası) testi halına salınmışdır. 

Narınc xanım bizə WİSC-R testi ilə əlaqəli təməl məlumatlar verdi.

WİSC-R Testinin növü: Bacarıq, zəka testidir.
WİSC-R testinin tətbiq ediləcək yaş qrupu: 6-16 yaş qrupuna yönəlmiş bir testdir. 
WİSC-R testinin tətbiq ediləcək şəxs sayı: Fərdi bir testdir və bir şəxsə tətbiq olunur. Tətbiqi 1-1,5 saat davam edir. 
WİSC-R testinin tətbiq forması: Hər testin suallarını təlimatlarına uyğun şəkildə uşağa yönəldilir və uşaqdan bu sualları cavablaması istənilir.

   

Uşağı tərbiyə edərkən valideynlərin ən çox etdikləri səhvlər hansılardır? Və nələrə diqqət etməlidirlər ?

- Valideynlər  uşaqdan supermen olmalarını gözləyirlər. Gözləntiləri hədsiz çoxdur. Uşaqları bacarıqlarına görə qiymətləndirmirik, uşağı öz beynimizdə tutduğumuz ideal modelə uyğunlaşdırmağa çalışırıq və ən çox səhvlər də bu zaman edilir. Müqayisə olunur, tənqid olunur, təhqir olunur. Uşağa onun bacarıqlarına uyğun olaraq individual yanaşlmalıdır. Valideynlərdə bu halları tez-tez müşahidə edirik və beləcə özünə güvənsiz bir cəmiyyət formalaşdırırıq. Daha sonra uşağı davamlı olaraq özümüzdən asılı edirik. Indi  “ana-uşaq simbiozuna” çox rast gəlirik. Ana uşağın hər şeyini kontrol edir. Dost seçimini, yeməyini, içməyini, hətta saat neçədə yatıb, neçədə durduğunu. 14-15, 20 yaşlı uşaqlara belə hədsiz müdaxilələr edirlər. Uşağı o qədər idarə edirlər ki, uşaq tamamən anadan asılı olur və anadan  ayrılanda ortalıqda qalmış kimi hiss edir, nə edəcəyini bilmir, anaya hər zaman ehtiyac duyur. Analar biraz o əzizləmələri, oxşamaları, tərifləmələri tənzimləməlidirlər. Bu da uşağın hər yaş dövrünə uyğun olmalıdır.

Mərkəzdə olan və xüsusi formada dizayn edilmiş “Sensor otaq” çox diqqətimizi çəkdi. Psixoloq Fəridə Həsənli Sensor otağın konsultasiya prosesinin gedişatında çox köməklərinə çatdığını söylədi. Fəridə xanımdan Sensor otaq barədə bizlərə daha geniş məlumat verməsini xahiş etdik.

Sensor otağın nə kimi faydası var?

Biz autizmin korreksiyasında sensor otaqdan  istifadə edirik. 

Ilk olaraq  bilirik ki, autistik uşaqlarla ünsiyyət qurmağa çalışarkən onlar müəyyən müddət aqressiv olurlar. Aqressiyanın azaldılması üçün Sensor otağında quraşdırılmış işıq terapiyasından, aroma terapiyasından istifadə edirik . Çünki  autistik uşaqlar iyə qarşı həssas olur.

                          

Bu otaq sakit və qapalı olur. Uşağın sinir krizi tutarsa onu sakitləşənə qədər burada  buraxırıq. Otağın divarları da olduqca yumşaq material ilə örtülüdür, yəni uşaq sinir boşalması yaşarkən heç bir halda özünə zərər verə bilməz.

Sensor otada  ağac, dəniz, halqa terapiyaları  üçün də mövcud şərait yaradılmışdır. Uşağın yaşından və diaqnozunun ağırlığından asılı olaraq Sensor otaqda terapiyanın müddəti 5-15 dəqiqəyə qədər olmalıdır. Əgər uşağı sakitləşdirmək üçün istifadə edilirsə daha çox qalması mümkündür, lakin sırf ağac terapiyası və digər sadaladığımız terapiyaların effektivliyi  üçün bu vaxtdan artıq müddəti uzatmaq olmaz!

Ağac terapiyası uşaqların sosiallaşma fonunda inkişafına kömək  edir.

Bu terapiyada bir neçə nəfər iştirak edə bilir, assistentlər, müəllimlər, valideynlər. Misal üçün deyək ki, hərənin  əlində bir top var. Uşağa deyirik get topu gətir anaya ver ,uşaq getmir. Bu zaman biz hamımız birlikdə gedib topu gətirib anaya veririk. Sanki bir ağacın budaqları kimi birlikdə hərərkət edir , birlikdə düşünürük.

Halqa terapiyası uşaqlarda emossional sferanı artırmaq üçün istifadə olunur.Bura yelləncək, emossional oyunlar (uşaqla səmimi və zövq alacağı oyunlar oynamaq , ayağın üstünə qoyub yellətmək və s.) təşkil edir.

Bu oyunların hər birinin öz ardıcıllığı var. İlkin olaraq  halqa terapiyası, sonra dəniz, daha sonra ağac terapiyası tətbiq olunmalıdır. Çünki halqa terapidə emossiyaları oturduruq, dəniz terapisində uşaqların intellektual səviyyəsini inkişaf elətdiririk (müxtəlif əşyaları tökürəm mənə filan şeyi gətir, seçmə, eyniləşdirmə ). Artıq son mərhələdə ağac terapiyası ilə sosial kontaktını işləyirik. Daha sonda Ağac terapiyasını sensor otaqdan kənarda da tətbiq edərək, onu cəmiyyətə açırıq.

Əminə Mazanova – pedoqoq,inkişaf geriliyi üzrə mütəxəssis

Son zamanlarda daha çox yaş dövründən körpəlik dövrünə keçid  mərhələsində olan uşaqlarla inkişaf geriliyi və nitq ləngiməsi problemi üzərində işləyirik.

-Nitq ləngiməsinin səbəbləri nələrdir?

-Daha çox genetik faktorla əlaqəli olur, bununla bərabər pedoqoji baxımsızlıq, nevroloji problemlərdən də qaynaqlana bilir.

-Uşaqları qəbul  edərkən konsultasiya zamanı adətən hansı istiqaməti tutursunuz?Konsultasiyanın gedişatını nə cür planlanlayırsınz?

  

Uşaq ilk gələn zaman birinci onun yaş analizini aparır, kiçik motorik bacarıqlarının nə səviyyədə olduğunu yoxlayırıq. Əvvəl kiçik motorik bacarıqları üzərində işləyir daha sonra diqqətini, analiz qabiliyyətini korreksiya edirik. Valdeynlər də bizimlə birlikdə işlədiyi, evdəki tapşırıqları məsuliyyətlə yerinə yetirdiyi zaman nəticələrimiz də qısa zamanda və uğurlu olur. Birdə valideynlərin etdiyi ən böyük səhv uşaqları 6-8 aylığından birbaşa televizora məruz qoymalarıdır. Bu uşaqların nitq inkişafına, yaş inkişafına olduqca mənfi təsir göstərir. Təssüflər olsun ki, son zamanlar bu cür pedoqoji baxımsızlıq ucbatından yaranmış inkişaf geriliyi sindromları daha da çoxalmışdır.

Ofelya Məmədova – Yeniyetmələrlə iş üzrə mütəxəssis, psixoloq

Mərkəzdə sadəcə uşaqlarla deyil, eyni zamanda yeniyetməliyə keçid mərhələsində və yeniyetmə yaşlarında olan uşaqlarla və abituriyentlərlə də işlər aparılır. Mərkəzin Xətai rayonu üzrə filialında bu işi Ofelya xanım həyata keçirir.

    -  Yeniyetməlik dövründə uşaqlarda hansı dəyişikliklər görülür və bu onlarda hansı narahatlıqları yara bilir?

     -   Fiziki dəyişikliklərə boy uzanması, çəki artımı, səsin qalınlaşması, üzdə sızanaqların əmələ gəlməsi, cinsi dəyişikliklər və s. aiddir.

Psixoloji narahatlıqlara isə bu yaşlarda daha çox rast gəldiyimiz özünə qapanma, inadkarlıq, utancaqlıq, özgüvən aşağı olması, tez incimək,küsmək, aqressiya,  sərbəstliyə həddən artıq meyl, istəklərin artması, eqoistlik, qarşı cinsə meyl, gələcək haqda narahatlıq və s. misal göstərmək olar. Bunlar diqqətə alınmadığı təqdirdə dərslərdə zəifləmə, valideynlərlə münasibətlərin gərginləşməsi, inadkarlıq və s. bu kimi neqativ hallar yarana bilər.

     -    Valideynlər yeniyetmə dövründəki uşaqlarına necə davranmalı?

     -  Valideynlər ilk öncə onu bir şəxsiyyət kimi qəbul edib, hörmət bəsləməlidirlər. Hansısa bir qərar alınacaqsa onun da fikrini almalıdırlar. Unutmayın, onun üstünə nə qədər çox getsəniz, bir o qədər özünüzdən uzaqlaşdıracaq, daha da aqressiv edəcəksiniz.  Onu anlamağa çalışın, fikirlərinə dəyər verin,  danışarkən qorxutma, təhdit və şiddətdən uzaq olun. Ona güvəndiyinizi və hər zaman yanında olduğunuzu hiss etdirin!

     -         Bəs abituriyentlərlə çalışarkən hansı metodika daha yaxşı təsir edir?

     -         Əlbəttə ki Pozitiv terapiya və özgüvənini qaldırmaq yönümündə çalışmalar.

 

GÜLNAR HƏSƏNOVA – DEFEKTOLOQ-LOQOPED

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi Gülnar Həsənova ilə uşaqlarda kəkələmə problemləri , əqli gerilik üzərində danışdıq.

     -   Uşağın problemindən asılı olaraq onun loqopedik iş müddəti yarım saatdan bir saata kimi dəyişə bilir. Əsasən 3-6 yaş aralığındakı uşaqlarla daha çox məşğul oluram. Elə kəkələmə də məhz bu yaşlarda, uşağın nitq qabiliyyətinin formalaşmağa başladığı dönəmdə ortaya çıxır. Nə qədər tez mütəxəssisə müraciət edilərsə, bir o qədər də erkən , uğurlu nəticə ala bilirik.

Gülnar xanım xüsusilə vurğuladı ki, nəinki nitq problemlərində, eləcə də bütün problemlərdə valideynlərin səyi nə qədər çox olarsa, o qədər gözəl nəticə ala bilərik. Çünki uşaq bizim yanımızda bir saat, yarım saat olur, amma digər bütün zamanını valideynlərinin və ailəsinin əhatəsində yaşayır. Ona görə də bu zamanı düzgün dəyərləndirmək və onlara verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq da valideynlərin və digər ailə üzvlərinin payına düşür.

Əgər  uşaq iki yaşına gəlibsə və nitqi yoxdursa və ya demək olar ki çox azdırsa,  göz kontaktı qurmursa, istəklərini izah edə bilmirsə artıq valideyn ilkin həyəcan siqnallarını almağa başlamalıdır.

Digər psixoloqlarımızənda ayrı-ayrılıqda  qeyd etdiyi kimi ən qlobal problem valdeynlərin uşaqların həddindən çox televizor izləmələrinə yol vermələridir. Biz də Gülnar xanıma bu işin norması nədir deyə sorduq. Yəni uşaqlar hansı yaş aralığında hansı müddətdə televizor izləyə bilərlər?

-         2-3 yaş (körpəlik dövrü) arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaşlılar (məktəbəqədər dövr) 1 saat, 6-9 yaşlı (kiçik məktəbli ) uşaqlar  2-3 saat televiziya izləyə bilərlər. Bu vaxtlar gün boyu 20-30 dəqiqəlik bölgülər halında qurulmalıdır. Uşaqlarınızın nəyi izlədiyinə nəzarət etmək istəyirsinizsə, uşağınızla birlikdə izləyin və sonra izlədiklərinizi onunla müzakirə edin. Daim onlarla sohbətinizi diskusiya şəklində qurun , bu onun nitqinin inkişafina və ətrafında baş verənləri analizetmə qabiliyyətinin formalaşmasına təkan verəcək!

   Günün sonunda yenidən yolumuzu Təranə xanımın yanından saldıq. Bizə yaratdığı şərait  üçün ona sonsuz təşəkkür edərkən son sualımızı verdik.

      -    Valideynlər niyə “Narınc”uşaq psixologiya mərkəzini seçməlidirlər?

   - Bizi seçməkdə birinci faktor kimi onu qeyd etməyim kifayətdir ki, Azərbaycanda ilk dəfə ayrıca olaraq uşaq psixologiya mərkəzi,  məhz  Narınc xanım Rüstəmova tərəfindən təsis edilib və uğurla fəaliyyətə başlayıb.

  İkinci əsas faktor, bizim məsələyə yanaşma tərzimiz fərqlidir, biz məsələyə kompleks yanaşırıq. Sıfırdan, yəni, uşağın yeni doğulma dövründən ta bizim yanımıza gəldiyi yaşa qədər bütün məlumatlar toplanır. Lazımdırsa həkimə, fizioterapevtə, psixiatra yönləndirir, psixopedaqojik, loqopedik iş aparırıq. Əgər problem bizlik deyilsə insanlara yalnış məlumat verib özümüzdən asılı hala salmırıq! Bizim əsas fərqimiz budur! Dəqiq problemin kökü araşdırılır və buna uyğun iş görürük!

       

      PS: Narınc Uşaq Psixologiya Mərkəzi 

      Xətai rayon filialı - 012 480 47 81 ; 055 258 27 00

      9-cu mkr. filialı - 012 480 40 16 ; 055 254 27 00

 

     HAZIRLADI: Fəridə Qasımova

 

 

Go Back

Sorğu göndər