Düşüncə Jurnalı

header photo

Psixoloq: " Çox vaxt problemlər ailədən qaynaqlanır!" - MÜSAHİBƏ

"Müsahibələr" rublikasının bu dəfəki qonağı, Bakı Dövlət  Universitetinin "Sosial Elmlər və Psixologiya" fakultəsinin müəlliməsi, uşaq psixoloqu Əfsanə Talıbova oldu! Əfsanə xanımla "uşaq psixologiyası" ilə bağlı müsahibəmizi sizlərə təqdim edirik!!!

Uşaqlarla işləmək necədir?

Uşaqlarla işləmək böyüklərlə işləməkdən daha çətin və daha məsuliyyətlidir. Uşaqlarla işləyərkən konsultasiyaların müddəti daha uzun olur. Bəzən 1 ay, 2 ay və hətta bir ilə qədər də uzana bilir. Böyüklərdə isə bu daha uzun müddətli olur. Ona görə də uşaqlarla işləmək daha çətindir.

Bəs elə bir hal olurmu ki, uşaqda psixoloquna qarşı bağlılıq yaranır?

Əslində bizim belə bir problemimiz var. Uşaq psixoloquna bağlana bilir. Və bunun üçün hər dəfə uşaqla fərqli psixoloq olmalıdır. Amma burda uşaq faktoru da var. Əgər uşaq normaldırsa burda psixoloqa bağlanmağında elə bir problem yoxdu. Amma patologiyası olan uşaqlarda, məsələn, autizmli uşaqlarda bir nəfərə bağlananda problem yaranır. Çünki o öyrədilən hərəkəti ancaq həmin psixoloqa qaytarır. Məsələn uşağa saymağı öyrədirəm və o əgər mənə bağlanıbsa mənim öyrətdiyimi ancaq mənə qaytarır. Ona görə də daha uyğun olar ki, belə uşaqlarla fərqli psixoloqlar məşğul olsun. Əks halda onun sonrakı həyatında geriləmə və boşluq müşahidə olunur. Bunun üçün fərqli şəxslərlə ünsiyyətdə olması daha məqsədə uyğundur.

İndi ki, zamanda kompyuter və telefonların təsirindən uşaqlarda özünəqapalılığın müşahidə olunduğunu bilirik. Belə halda autizmli uşaqlarla bu uşaqları necə ayırd etmək olar?

Yeni doğulan uşaqlarda ancaq psixi inkişafın geriliyi ola bilər. 1,6 yaşdan qabaq uşağa autizm diaqnozu qoymaq düzgün deyil. Və ümumiyyətlə diaqnoz qoymaq çox çətin məsələdir. Bəzi uşaqlarda psixi inkişafın geriliyi ola bilər. Və belə uşaqlar 8-10 saat televiziya və ya telefon qarşısında olması onları autizmə gətirib çıxarda bilər. Amma psixi inkişafı geridə olan uşaqlarla autizimli uşaqları fərqləndirmək olur. Autizimli uşaqlarda sosial vərdişlər, oyun qurmaq bacarığı olmur və müəyyən təkrarolunan streotip davranışlar olur. Autizmli uşaqlar televiziyaya baxarkən çağırsan cavab vermirlər. Təbii ki, bu normal insanlarda da ola bilir. Amma onlar komandaları və tapşırıqları yerinə yetirə bilirlər. Autizmli uşaqların beyni sözləri gec qavradığından onlarla tez-tez danışmaq da olmaz. Ona görə də danışarkən hər sözün arasında 5 saniyə fərq qoymaq lazımdır. Əslində onların fizioloji quruluşu ilə bizim fizioloji quruluşumuz arasında fərq yoxdu. Ümumiyyətlə valideynlər bu məsələdə diqqətli olmalıdırlar.

Valideynlər az yaşlı uşaqlarla necə davranmalıdırlar?

Yeni doğulan uşaqlarla emosianal vasitəsiz ünsiyyətdə olmaq lazımdır. Onları əzizləmək lazımdır. Analar diqqət eləməlidirlər ki, uşaqlarının psixi inkişafı necədir. İşığa qarşı reflekləri və tutma reflekslərini yoxlamalıdırlar. Çağalar tutarkən əli bərk sıxırlar. Sıxma refleksləri güclü olur. Amma problemli uşaqlarda sıxma refleksi olmur və süd əmərkən tərləmə olur. Ümumiyyətlə bəzi davranışlar var ki, valideynlər ona diqqət eləməlidir. Çox təəssüf ki, bizdə valideynlər 10 yaşlı uşağı belə özləri geyindirirlər. 2 yaşdan etibarən heç olmasa uşaqları heç olmasa əlindən tutaraq eləmək lazımdı. Bilirsinizmi insan orqanizmində böyük motorika və kiçik motorika adlı iki sistem var. Böyük motorika bədənin müvazinətini təmin edir. Məsələn velosiped sürmək, tullanmaq, oyun oynamaq. Kiçik motorika isə barmaq uclarında olur. Ona görə böyük motorika olmasa kiçik motorika da inkişaf edə bilməyəcək. Ona görə də 5-6 yaşlı bir uşağın anası tərəfindən yedirilməsi heç də normal deyil və bu onun gələcək inkişafına da mənfi təsir göstərir.

Bilirik ki,bəzən valideynlər öz övladlarını görmək istədikləri kimi olmadıqda psixoloq yanına gətirirlər. Məsələn ata gəlib deyir ki, mənim oğlum qorxaqdı ya qızım aqressivdir. Bu vaxt siz neyləyirsiniz?

Çox vaxt belə problemlər ailədən qaynaqlanır. O ailədə daha çox valideynlərlə konsultasiya aparmaq lazımdır. Xüsusən oğlan uşaqlarında “kişi ağlamaz” deyilərək hisləri basdırılır. Bəzən hətta belə olur ki, valideyn oğluna “sən oğlansan möhkəm vur” , “Söyüş söy” kimi sözlər deyirlər. Bu düzgün tərbiyə növü deyil. Əgər oğlanda qorxaqlıq varsa bu atadan da qaynaqlana bilər. Əvvəlcə o qorxunun qaynağını tapmaq lazımdır. Bu cəmiyyət qorxusudan tutmuş ailə qorxusuna qədər ola bilər. Aydınlaşdırmaq lazımdır ki, bu qorxunun kökü hardan gəlir. Məsələn Freyd şüuraltı ilə əlaqələndirərək deyirdi ki, ana bətnindən çıxarkən uşaq hündürdən düşürsə belə uşaqlarda hündürlük qorxusu olur. Və yaxud ana bətnindən qaranlıq mühitə düşən insanlar qaranlıqdan qorxurlar. Freyd ümumiyyətlə hər şeydə uşaqlığa enirdi.

Psixoloq həyatınızda yadınızda qalan ən maraqlı fakt nə olub?

Əlbəttə. Mən çox seminarda eşidirdim ki, autizmin müalicəsi yoxdu və xüsusilə də 6 yaşdan sonra. Amma mənim məşğul olduğum uşaqlardan üçü artıq məktəbə gedəcək. Halbuki deyirdilər ki, autizimli uşaqlar məktəbə gedə və cəmiyyətə qarışa bilməz. Təbii ki, bunun belə olmaması məni sevindirir. Deməli ki, işləyəndə düzəlir. Mümkün olmayan bir şey yoxdu.

Son olaraq nə deyə bilərsiniz?

Valideynlər diqqətli olsunlar. Uşaqlarının sualları çox olsa da onları səbirlə cavablandırsınlar. Bəzən uşaq evdən diqqət görməyəndə məhz diqqət üçün gedib hansısa qabı sındırır. Ona görə uşaqlara qarşı səbrli və diqqətli olmaq lazımdır.

Hazırladı: Fuad Əsədov

Go Back

Sorğu göndər