Düşüncə Jurnalı

header photo

Bizə özümüzü unutduran kitablar

Elə kitablar var ki, onlar birnəfəsə oxunur: gündəlik qayğıları, görüləsi işləri, hətta nahar etməyi də bizə unutdurur.
Sonuncu cümləsinə qədər fasiləsiz oxuyacağınız 10 kitabı təqdim edirik:

Stefan Sveyq - "Bir qadının 24 saatı"

Avstriyalı yazıçı bu kitabı ilə insanın bütün intim, daxili aləmini oxuculara təqdim edib. Kitabdakı obraz və hadisələr o qədər mükəmməl təsvir olunub ki, oxucu "Bir qadının 24 saatı"nı mütaliə edərkən hər şeyi, sanki, öz gözləri ilə görür.

Coan Harris - "Portağalın beşdə dördü"

Balaca qızcığaza anasından kulinariya kitabı miras qalır. Qız anasının vəfatından sonra öz kafesində anasından qalan kulinariya kitabından öyrəndiyi yeməkləri bişirməyə və kitabdakı şifrələri açmağa başlayır. Sirlərlə dolu olan kitab oxucu önündə yeni dünyalar açır.

Qrum Uinston - "Forrest Qamp"

Qrum Uinstonun bu əsəri o qədər maraq doğurub ki, rejissor Robert Li Zemekis bu romana eyniadlı film çəkib. Film 6 "Oskar" mükafatına layiq görülüb.

Artur Heyli - "Aeroport"

"Aeroport" romanı 1968-ci ilin bestselleridir. Amerikalı yazıçı bu əsərində meqapolis həyatında baş verənlərə toxunub. Romana 1970-ci ildə eyniadlı film çəkilib.

Arkadi və Boris Struqatski  - "Bazar ertəsi şənbədən başlayır"

Boris Struqatski XX əsrin ən məşhur rus fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, "Bazar ertəsi şənbə günü başlayır", "Tanrı olmaq çətindir" kimi 30-dan çox roman və povest yazıb.

Sebastyen Japrizo - "Eynəkli qadın avtomobildə tüfəng ilə"

Möhtəşəm psixoloji detektiv əsər olan "Eynəkli qadın avtomobildə tüfəng ilə" əsəri özündə ən maraqlı obrazları birləşdirir. Kitab insanı sanki təbiət qoynuna səfərə çıxarır. Siz bu kitabı oxuduqca küləyin necə üzünüzə vurduğunu, dənizin qoxusunu, güllərin ətrini hiss edəcəksiniz.

Gi de Mopassan - "Əziz dost"

Müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısı Mopassanın  hekayələri lakonikliyi ilə seçilir. Yazıçının "Əziz dost" əsəri bu cəhətdən xüsusi yer tutur.

Romanda gənc və yaraşıqlı oğlan Jorj Dyuruanın həyatından bəhs edilir.

Yanuş Leon Vişnevski - "Şəbəkədə tək"

"Şəbəkədə tək" məşhur polyak yazıçı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir.

Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir.

Qabriel Qarsiya Markes  - "Vəba günlərində eşq"

Nobel mükafatçısı Qabriel Qarsia Markesin "Vəba günlərində eşq" romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqdadır.

Devid Mitçel - "Bulud atlası"

"Buludlu atlas" - romanı ingilis yazıçı David Mitçelin üçüncü kitabıdır. Roman 6 hissədən ibarət olub, oxucunu XIX əsr Sakit okean adalarından başlayıb postapokaliptik gələcəyədək aparır.

axar.az

Go Back

Sorğu göndər