Düşüncə Jurnalı

header photo

" X Lady" kitabından seçmələr

11-11-2014

– Bir dəqiqə! Mənə elə bir söz deyin ki, sabaha qədər rahat ola bilim. Yoxsa görüşməyimiz mümkünsüz olar. Ölmək istəyirəm, bezmişəm həyatdan. Hamıya nifrət edirəm! 

Çıxılmaz vəziyyətdə qalmışdı. Gerçəkdən həyatda elə bir sehrli söz varmı ki, onunla bütöv yaşamı dəyişmək mümkün olsun? Bəlkə də var! Sadəcə həmin situasiyada, hansı sözü demək lazım olduğunu düşünəndə insan çətinə düşür. Bütün hallarda xanımı sabaha qədər bir cümlə ilə ovutmaq lazım idi. O anda beyninə gələn tək fikir gəldi!

- Xanım, mümkünsə ölməyi görüşümüzə qədər təxirə salaq. Qoy bu da bizim sonuncu şansımız olsun...

***

Ev onun üçün bu dünyanın ən sakit guşəsi idi. Bu guşəni tapmaq üçün yaşamı boyu baş vurmadığı yer qalmamışdı. Tam otuz yaşında  istədiyinə çatdı. Yuva tapmadı, onu qurdu. Demək olar ki, sıfırdan. O isti yuvanı, bir qism insanlar bir ömür boyu tapmaqda, başqa bir qism isə tapdıqlarını dəyərləndirməkdə çətinlik çəkirlər. Bu yer məhbəs də ola bilər, dünyanın ən səfalı yeri də! Hər əlbisə hər insana yaraşmadığı kimi, hər məkan da hər insana uyğun ola bilməz. Önəmli olan özünü o yuvada necə hiss etməyindir. Üçqatlı villada göz yaşı axıdan, hüzur tapmayan insanlar da gördü, avtomobil qarajında dörd nəfərdən ibarət xöşbəxt bir ailənin var olduğunu da! Həyat da, zatən bu mənfi ilə müsbət arasında məsafədən başqa bir şey deyil.  Növbəti səhərə qədər bu məsafəni qət etdi... 

***

– Arvadından ayrılıb. Artıq üç ildir ayrı yaşayırlar. Mən də hər dəfə ona “arvadının yanına qayıt” deyirdim. İnanın, onu ailəsinə qaytarmaq üçün əlimdən gələn hər bir şeyi etmişəm. Ancaq hələ ki, alınmır.

– Arvadının yanına qaytarmaq istəyinizin səbəbini necə izah edərdiniz?

– O zaman rahat olaram. Bilərəm ki, həyatında bir mən, bir də arvadı var. Bu vəziyyətdə çoxlu qızlarla görüşür, bu da məni çox əsəbiləşdirir. Onun ətrafında qızlar çoxdur. Özüm görmüşəm. Ona görə də çox vaxt qısqanclığım tuturdu,  tez-tez zəng vurub onu bezdirirdim. Ona görə də onun arvadına qayıtmasını istəyirəm!

***

– Həyat yoldaşınızın Sizə övladı kimi yanaşması, Sizi qıcıqlandırmırki?

– Çox qıcıqlandırır! Artıq bezmişəm! Özümü xanım kimi hiss etmək istəyirəm. Bəlkə də, o mənə bir xanım kimi yanaşsaydı, bu cür vəziyyət yaranmazdı. Ona görə də artıq onu görmək belə istəmirəm. Sizə bir şeyi də deyim, biz yatağımızı da çoxdan ayırmışıq.

– Təşəbbüskar kim oldu?

– Özüm! Sadəcə onu istəmirəm. Onunla özümü qadın kimi hiss etmirəm! Mən qadın olmaq  istəyirəm!

***

– Nə zamandan xoşbəxtlik axtarışındasınız?

– Özümü tanıyandan...  İstədiyim adamla ailə qurmağıma icazə verilməyən gündən...

***

– Başqaları ilə danışarkən, Sizə rahatlıq verən nə olur?

– Heç nə! Mən bunu rahatlıq əldə etmək üçün etmirəm. Sadəcə mənə belə xoşdur. Ürəyim istəyir. Ərimdən qisas alıram. Görmədiyim diqqəti görürəm. 

***

Hər kəs xoşbəxt olmaq istəyir. Həyat, xoşbəxtliyi yaşamın müəyyən dönəmlərində hər bir insana dadızdırır. Ancaq onu doyunca yaşamaq hələ heç bir bəndəyə qismət olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Çünki, bu İlahi harmoniyanın pozulması, bəlkə də həyatın sonu olardı. Bizə qalan mübarizə aparmaqdır. Hərçənd ki, apardığımız mübarizədə sonun nədən ibarət olduğunu gözəl bilirik. Ancaq buna baxmayaraq, yenə içində nələrsə tapıb onun uğrunda yaşayırıq. Öncə ana-ata, sonra sevdiyin insan, sonra övlad, nəvə, nəticə və başqa yaxınlar... Bəhanələr qurtardıqda ölüm də gerçəkləşir. Ağır xəstələrlə iş prosesində ən yaxşı həkim, ən yaxşı ümid verəndir. Xəstə öləcəyini gözəl bilir. Bu məqamda kiminsə ona yalnız ümid verməyini istəyir.

***

X Lady-də bütün yer kürəsində yaşayan xanımlar kimi xoşbəxt olmağı arzulayırdı. Bütün sonrakı həyatını da onun üzərində qurmağa çalışmışdı. Bu istiqamətdə oxudu, təhsil aldı, ailə qurdu, gərəkən çox şeyləri etdi. Sonda nə oldu? Dediklərinin hər birini həyata keçirməsinə baxmayaraq etdiklərinin heç birində xoşbəxtliyi tapa bilmədi....

***

 

"– Mümkünsə qəbulunuza gəlmək istəyərdim. Nə zaman mümkündür? İndi gələ bilərəmmi?!
– Xanım, artıq iş gününü sonudur və mən getməyə hazırlaşıram.
– Bəs sabah necə, alınarmı ?!
– Sizə necə müraciət edə bilərəm?
– X Lady! "

***

"Şəkillərə nəzər yetirməyə başladı. İlkin olaraq xüsusi bir şey diqqətini çəkmədi. Şəkillərə birdə baxdı. Baxdı, bu dəfə dəhşətə gəldi....."

 

Müəllif: Elnur Rüstəmov

Go Back

Sorğu göndər