Düşüncə Jurnalı

header photo

1-cilərin adaptasiyası

26-05-2014

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları analar nənələr və tərbiyəcilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.

Uşaqlar məktəbə qədəm qoyduqdan sonra belə xoş gecələr, çox vaxt qayğısız uşaq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur ki, uşaq əvvəlki uşaqlıq günlərinə qayıtmaq, istiliyi və məhəbbəti hiss etmək istəyir. Buna görə də valideyinlər uşaqları bu həzz-dən məhrum etməməlidir. Kişik məktəblilərə axşamlar öz həzin səsləri ilə nağıl oxumağa davam etməlidir. Əlbəttə bu nağılları məktəblilərə uyğun dəyişmək olar. Məsələn əşyalara münasibət haqda, sağlamlığa münasibət, dərsə münasibət, məktəb konfliktləri və s. Belə nağıllar uşağın təxəyyülünü və təfəkkürünü inkşaf etdirir. Bu nağıllarda uşaq qəhrəmanın davranışını izləyir, səhvini görür, bağışlamağı və sevməyi bacarır. Bu günkü nağılımız isə öz övladını birinci sinfə yola salacaq valideyinlər üçündür.

Məktəbə daxil olmaq - bu uşağın həyatında yeni mərhələdir. Əksər uşaqlar səbr və həyacanla məktəbə gedəcəyi günü gözləyir, çünki məktəb onlara sosial status - məktəbli statusu verir, bəziləri isə bu əlamətdar hadisəni heç kəsə məlum olmayan qorxu və həyacanla qarşılayır. Bəs birinciləri bu mənfi emosiyadan uzaqlaşdırmaq, onların məktəbə adaptasiyasını təmin etmək üçün nə etmək lazımdır? Əvvəlcə valideyinlərə səbr arzulayırıq, çünki ilk təhsil ili uşağın həyatında həddən artıq cətin və sınaq dolu bir dövrdür. Bu dövrdə uşağn ictimai münasibətləri, həyat tərzi dəyişir, psixoemosional yükü artır, oyun fəaliyyəti, təlim fəaliyyəti ilə əvəz olunur. Valideyinlər uşaqdan stolun arxasında düz oturmasını, diqqətini mərkəzləşdirməsini həmçinin zehni əmək tələb edir. 6-7 yaşlı uşaq üçün bu statik yükü daşımaq çox çətindir. Məktəb proqramı, televiziya proqramlarına maraq, bir çox halda müsiqi məktəbi, xarici dillər bütün bunlar uşağın fiziki fəallığını 2 dəfə artırır. Təcrübə göstərir ki, bütün uşaqlar buna hazır deyil. Hətta yüksək psixi inkşafa malik əksər birincilər öz öhdələrinə düşən təhsil almaq yükünü çətinliklə daşıyır.

Bəzi birincilər özləri ilə məktəbə oyuncaq götürmək istəyir. Valideyinlər bunu qadağan etməməlidir. Özü ilə məktəbə sevimli oyuncağını götürməklə uşaq özünü müdafiə olunmuş hiss edir. Bu utancaq uşaqlar üçün xüsusilə vacibdir. Onlar çətinliklə oyuna qoşulur, sinif yoldaşları ilə münasibət qura bilmir. Bütün bunlar tədricən olacaq amma hələlik qoyun sevimli oyuncağı onunla olsun.

Qeyd etdiyimiz kimi, ilk təhsil ili uşaq üçün xeyli çətindir. Elə buna görə də ilk həftədə və ilk ayda uşağın yorğunluq, baş ağrısı, yuxu pozğunluğu kimi şikayətləri, yersiz əsəbilik və tez-tez ağlamaq kimi problemləri ola bilər. Uşaqda iştah azalır, qorxu hissi, təhsilə, müəllimə mənfi münasibət yaranır, öz imkanları və qabiliyyətləri haqda düzgün olmayan təsəvvür yaranır.

Birincilərin orqanızmindəki bu dəyişikliyi xarici mütəxəssislər müxtəlif çür adlandırır. “adaptasiya xəstəliyi” “məktəb şoku” “Məktəb stresi”

Məsələ ondadır ki, hər bir uşağın şəxsiyyətə çevrilmə prosesində qaçılmaz çətinliklər var. Bu yaş böhranı adlanır və adətən 2 yaşdan 4 yaşa, 7 yaşdan 9 yaşa, 13 yaşdan 16 yaşa qədər olan dövrlərdə daha çox özünü biruzə verir. Bu dövrdə orqanizmdə mövcud dəyişikliklər baş verir: surətli boy artımı, ürək-damar, əsəb, tənəffüss sisteminin işində dəyişikliklər. Bütün bunlar qeyri adi daxili hisslərlə nəticələnir. Əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişməsi və.s. Bu dövrdə xarakterdə də nəzərəçarpacaq dəyişikliklər baş verir. Düzgünolmayan özünüqiymətləndirmə və uşaq üçün çətin dövr başlayır.

Valideyinlər bunları bilməklə kifayətlənməməli, problemi təyin etməli, qərar verməli, uşaqlarla konfliktdən qaçmalıdır. Biz böyükləri baş verənlərin aydın olmaması, anlaşılmazlıq qorxudur amma bəlkə bizim narahatçılığımız əbəsdir. Düşünün ki, eqoizm özünəhörmətdən yaranır, dediyini yeritmək həyat üçün vacib olan qərarlılıq əlamətidir, dəcəllik həyatda yaşanan çətinlikləri mərdanə yaşamaq qabiliyyəti, tərifə olan ehtiyac isə insanların xoşuna gəlmək və onlardan yaxşı qiymət almaq həvəsindən yaranır.

Uşağın məktəbə adaptasiyası

Məktəbə adaptasiya üç formada özünü göstərir. Fizioloji, psixoloji və sosial. Bunlardan hansı birindəsə çatışmamazlıq təlim uğursuzluğu ilə nəticələnir. Proqramı mənimsəmək, gələcəkdə uğurlu təhsil almaq üçün uşağın psixi inkişaf səviyyəsi fizioloji, sosial və psixoloji hazırlıqla bərabər getməlidir.

Adaptasiya mərhələsinə görə uşaqları 3 qrupa bölmək olar.

Birinci qrup uşaqlar ilk 2 ayın icərisində öyrənməyə alışır. Bu uşaqlar çox tezliklə kollektivə uyğunlaşır, yeni dostlar tapır. Onların demək olar ki, həmişə yaxşı əhval ruhiyyəsi olur. Belə uşaqlar sakit, xeyirxah olmaqla yanaşı müəllimin bütün tapşırıqlarını həvəslə yerinə yetirir. Hərdən uşaqlarla mübahisələri, məktəb tapşırığını yerinə yetirməkdə narazılıqları olsada oktyabrın sonuna qədər bütün çətinlikləri dəf edir. Uşaq tam olaraq məktəbli statusunu qəbul edir, yeni tələblərə və yeni rejimə alışır.

İkinci qrup uşaqlarda məktəbin tələbləri ilə davranışlarının üst-üstə düşməməsi nəticəsində adaptasiya müddəti xeyli ləngiyir. Uşaqlar yeni öyrənmə üsulunu, uşaqlarla və müəllimlərlə ünsiyyəti qəbul edə bilmirlər. Belə uşaqlar dərsdə oynaya yaxud mübahisə edə bilərlər, müəllimin iradına isə ağlamaqla cavab verirlər.

Ücüncü qrup uşaqlar sosial –psixoloji adaptasiyası cətin olan uşaqlardır. Onların davranışında neqativ formalar kəskin təzahür edən mənfi emosiyalar özünü göstərir. Belə uşaqlar dərsə mane olur və müəllimləri hər zaman onlardan şikayyət edir.

Diaqnoz

Əziz valideyinlər aşağıdakı bəndləri diqqətlə oxuyun, əgər uşağınızda bu davranış tərzini müşahidə edirsizsə deməli o məktəbə adaptasiya olunmayıb.

Etirazın aktiv forması. Uşaq dərsdə qaydaları pozur, heç kəsə qulaq asmır, tənəffüsdə sinif yoldaşları ilə mübahisə edir, onlara oynamağa mane olur. O heç bir iradı qebul etmir, etiraz edir, qışqırır və ağlayır.

Etirazın passıv forması. Uşaq nadir hallarda dərsdə əl qaldırır. Müəllimin tapşırıqlarını formal olaraq yerinə yetirir. Tənəffüsdə passivdir, kollektiv oyunlara maraq göstərmir, təkliyə üstünlük verir. Heç bir qayda pozmur, amma dərsə də maraq göstərmir. Əgər bir uşaq lövhədə səhv etdisə bütün sinif güldüyü halda, o heç bir reaksiya vermir.

Həyacanlı və özünəinamsız. Uşaq dərsdə pasivdir. Tənəffüsdə ozünə məşğuliyyət tapa bilmir. Uşaqların yanında olmağa çalışsada onlarla münasibət qura bilmir. O çox həssasdır, tez-tez ağlayır, qızarır, müəllimin ən kiçik iradına dözə bilmir, özünü itirir. Hərdən cavab reaksiyası olaraq kəkələyir, yaxud baş ağrısı, ürək bulanması, yorğunluq kimi hallar müşahidə olunur. Belə uşaqlar tez özünü itirir asta səslə danışır, hündürdən danışması tələb olunduqda susub ağlamağa başlayır. Bu tip uşaqların diqqət və qyğıya ehtiyacı daha çoxdur.

Birincilərin gün rejimi

Birincilərin gün rejiminə xüsusi diqqət yetirmək vacibdir. Onu məktəbdən vaxtında və sevdiyi insanlar götürməlidir. Əgər az da olsa imkan varsa onu günü uzadılmış qrupa verməyin.

Məktəbdən qayıtdıqdan sonra yatmağa vərdiş etməlidir, əks təqdirdə uşaq orqanizmi yorulur. Ev tapşırığını gecəyə saxlamaq olmaz. Nəzərə almaq lazımdır ki, sutka ərzində 9-dan 12-yə, 16-dan 18-ə beyin aktivliyi daha da artır, informasiya daha yaxşı mənimsənilir.
Saat 9 dan sonra uşaq yatmağa alışdırılmalıdır. 7 yaşına qədər uşaqlar 11 saatdan az yatmamalıdır.

Məktəbə getdikdən sonra uşağın fiziki fəallığı 2 dəfə azalır. Bu isə uşağn boy artımına ,inkşafına və nəhayət həyatına təsir edir. Buna isə hazır olmaq lazımdır.Yox əgər valideyinlər buna hazır olmaq istəmirlərsə, onda gün rejiminə idman və gəzintini mütləq əlavə etməlidirlər. Uşaq orqanizmi fəal hərəkətdə inkşaf etdiyi üçün gündə saat yarım, 2 saat olmaqla, həftədə ən azı 8 saat idmanla məşğul olmalıdır. Əks halda uşaq öz güçünü bərpa edə bilmir, tez-tez xəstələnir.
Çalışmaq lazımdır ki, boş vaxtını televizor qarşısında deyil, hərəkətdə kecirtsin. Hovuza yazdırın, səhərlər birlikdə idman edin, yatmazdan əvvəl gəzintiyə çıxın.

Öz evinizə diqqətlə baxın. Orda kiçik məktəblinin yaşadığını təxmin etmək olarmı?

O uşaq xoşbəxtdir ki, artıq 7 yaşında ikən valideyinləri onun otağının qapısını döymədən icəri daxil olmur. Bu uşaqda böyüklük, müstəqillik hissi yaradır. Uşağın ayrıca otağının olması çox yaxşıdır, bu mümkün olmadıqda belə onun evdə öz sahəsi, öz küncü olmalıdır. Burda onun stolu, çarpayısı, kitab rəfi və s. olmaqla yanaşı o, öz sahəsinin tam hüquqlu sahibi və çavabdehidir. Əgər uşaq ona ayrılmış sahəni səliqəyə sala bilmirsə, valideyinlər bunu birlikdə etməklə onu öyrədə bilər.Yox əgər valideyin uşaq olmadan onun sahəsini səliqəyə salırsa bu fakt belə qəbul olunur, “mənim sahəmi zəbt etdilər”. Sonra uşağın öz otağına maraq göstərməməsi sizi təcübləndirməməlidir. Nəzərə alın ki, uşaq öz otağında gizli əşyalarını saxlayır. Əlbətdə onların gizlətdikləri böyüklər üçün mənasız görünə bilər. Hansısa bir şəkil, çırılmış vərəqlər, qələm və s. Amma uşaq üçün onların hər birinin öz mənası var. Ümumilikdə 7 yaşın böhranını keçmək, məktəbin qayda qanunlarına uyğunlaşmaq üçün müəllimin isti münasibəti və qayğısı, valideyinlərin səbri, diqqəti və məhəbbəti, vacib olduğu anda psixoloqun məsləhəti çox vacibdir.

С. Харрison: Biz uşaqlarımızın təhsilinə o qədər aludə oluruq ki, ən böyük təhsilin xoşbəxt həyat olduğunu unuduruq. Doğurdanda xoşbəxt həyat bizim uşaqlarımıza və özümüzə ürəkdən istədiyimiz ən böyük arzumuzdur.

"Narınc Uşaq Psixologiya Mərkəzi"nin Nizami filialının psixoloqu,
Psixologiya üzrə fəlsəfə doktoru 
Ruhəngiz Mehmanqızı

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.