Düşüncə Jurnalı

header photo

KAPQRAS SİNDROMU

26-04-2017

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunmuşdur. Bu sindrom əlamətlərinə görə sayıqlama pozuntusuna bənzəyir və paranoid şəxsiyyət pozuntusunda daha çox müşahidə olunur. Sindrom nadir hallarda rastlandığı üçün tədqiqat sahəsi məhduddur. Lakin problemin əsas səbəbi kimi neurobioloji və neuropsixoloji səbəblərin olduğu aşkarlanmışdır.

Əlamətləri:

Kapqras sindromu olan pasiyentlər duyğusal bağlılığı olan insanlar, əşyalar və ya heyvanlara qarşı yadlaşma hissi keçirirlər. İnsanları tanımaqda çətinlik çəkirlər, başqalarının keçirdiyi emosional vəziyyəti doğru anlaya bilmirlər. Xatırlaya bilmədikləri insanlardan uzaqlaşmağa, onlarla ünsiyyəti kəsməyə çalışırlar. Həmin insanların zərər verə biləcəyini, öz mənfəəti üçün münasibət qurduqlarını düşünürlər. Daha ağır situasiyalarda onları saxtakar kimi düşünürlər və aqressiv olurlar, hətta bu vəziyyətdən uzaqlaşmaq üçün intihara cəhd edirlər. Kapqras sindromunun əsas xüsusiyyəti “duyğu” ilə “görüntü” arasındakı uyğunsuzluqdur. Bu hal limbik sistemlə (müxtəlif situasiyalarda göstərdiyimiz reaksiyalarımız) görmə mərkəzi arasındakı əlaqənin doğru formada olmadığını bildirir. Kapqras sindromlu insanlar virtual şəkildə yaxınlarıyla ünsiyyətdə ola bilirlər, lakin real ünsiyyətdə ciddi problemlər yaşayırlar. Məsələn: pasiyent anasını tanıya bilmir, onunla bağlı xatirələri beynində canlandırır lakin anasına qarşı heç bir hiss duymur. Yəni, bu insanlar reallığı qavramada çətinlik çəkirlər.

Səbəbləri:

Beynin paryetal lobunda (təpə payı) travma və ya şiş olarsa, Kapqras sindromu yarana bilər. Beynin bu nahiyəsi ətrafın dərki və tanınması, onlar arasındakı bənzərlik və hadisələrin istiqamətinin müəyyənləşməsini təyin edir. Reallığın dərki bu hissə vasitəsilə təmin olunur. Planlama, yadda saxlama prosesləri təpə payının yardımıyla reallaşır. İnsanlar sadəcə başqalarını və əşyaları deyil, eqosunu və orqanizmini də bu nahiyə vasitəsilə tanıyır. Təpə payında yaranan pozuntu travmanın dərəcəsinə görə bütün bu xüsusiyyətlərin hamısını əhatə edir.

Təpə payında hər hansı travma və ya pozuntu olmadığı halda da Kapqras sindromu müşahidə oluna bilər. Ambivalent duyğular bu prosesə təsir göstərir. Yaxın insanlara qarşı nifrət hiss etdikləri üçün özlərini günahlandırır, bu hissi özünə etiraf etməkdən qorxur və həmin insanla ünsiyyəti kəsməyə çalışır. Bu halda şüuraltı prosesə müdaxilə edir və orqanizmi neqativ təsirdən qorumaq üçün “qavrama oyunları” yaradır.

Adaptasiya və güvən problemləri ilə xarakterizə olunan “paranoid” əlamətlər də Kapqras sindromunun səbəblərinə aid olunur.

Terapiyası:

Kapqras sindromu, mənbələrin qeyd etdiyinə əsasən psixiatrın təyinatı ilə antipsixotik preparatların qəbulu ilə ilkin terapiya olunur. Müalicə müddətində dərmanın dozası tədricən artırılır.

Beynin sağ hemisferində (yarımkürəsində) hər hansı zədə, atrofiya (kiçilmə) olarsa, cərrahi müdaxilə vasitəsilə aradan qaldırıla bilər.

 Nərmin Quliyeva

PCC-nin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər