Düşüncə Jurnalı

header photo

ONKOLOJİ XƏSTƏNİN PSİXOLOGİYASI

17-09-2016

Tibbin inkişafı onkoloji xəstəliklərin yayılmasını azaltmadığı kimi qarşısını da ala bilmir. Digər tərəfdən ciddi bir xəstəliklə birlikdə yaşamaq çətindir və mübarizə gücü tələb edir.

Onkoloji xəstələrdə ağrı, iştahsızlıq, öz işlərini görə bilməmək, möhtac qalma kimi narahatlıqlara bağlı olaraq xəstənin psixoloji vəziyyəti daha da pisləşir. Bu zaman duyğu və düşüncələrini aradan qaldırmaq məqsədilə mütəxəssisə müraciət etmək əvəzinə eyni problemdən əziyən çəkən insanlarla bölüşür, onların təcrübələrini öyrənməyi üstün tutur. İntensiv şəkildə özünü digər xəstələrlə müqayisə edir. Buna görə də problemlə bağlı insanların doğru məlumat mənbələrini əldə etməsi mütləqdir. Bununla bağlı isə onkoloq və tibbi personala müraciət etmələri daha doğru olardı.

İlk öncə hər hansı narahatlıq keçirdikdə xəstələrin nə hiss etdiyinə nəzər yetirək. İlkin olaraq xəstə fərqli mərhələlərdən keçir.

  1. Əvvəlcə hər şeyin həmişəkindən fərqli olduğunu anlamağa başlayır;
  2. Artıq vəziyyətin fərqindədir və mütəxəssisə müraciət etməyi düşünür;
  3. Özünü mütəxəssisə həvalə eləyir;
  4. Müalicədən sonra artıq düzəlib və “sağlamlığıma qovuşdum” qərarını verib.

Onkoloji xəstə olmaq necə hissdir?

Bu problemdən əziyət çəkmək xəstə və yaxınlarının həyatını bir çox istiqamətdən dəyişdirir. Xəstə və yaxınları onkoloji xəstəlik diaqnozu ilə üzləşdikdə ilk əvvəl təəccüb hissi keçirirlər, kədər, əsəb, çarəsizlik, tənhalıq, qorxu kimi duyğularla qarşılaşırlar. Digər tərəfdən xəstə bu yeni vəziyyətin iş, maddi durum, ailə münasibətlərinə necə təsir göstərəcəyini düşünməyə başlayır. Aparılan tədqiqatlarda onkoloji xəstələrin 47%-də psixoloji problem olduğu aşkarlanmışdır. Xəstələrdə adaptasiya çətinliyi, çarəsizlik, ölüm qorxusu, həyat (karyera, ailə) ideallarının təhdid altında olması, fiziki problem yaşayacağı kimi düşüncə və təşviş hissi xroniki depressiyanın (distimiya) yaranmasına səbəb olur. Onkoloji xəstələrdə ümumi nüfuza əsasən intihar riski 2-4 qat daha çoxdur. Ortaya çıxan bu mənzərə onkoloji xəstələrin həyati keyfiyyətlərinə və müalicəyə adaptasiyasına mənfi istiqamətdə təsir göstərir. Buna görə də xəstələrə psixoloji tərəfdən dəstək böyük əhəmiyyətə malikdir.

Onkoloji xəstələrin yaşadığı psixoloji problemlər hansılardır?

- Xəstəliyi ilk öyrəndikləri zaman psixoloji reaksiya verirlər. Çox zaman şəxsiyyət dəyişikliyi müşahidə olunur;

- Adaptasiya problemləri yaşanır;

- Ətrafının və özünün narahat olduğu hər şeyi xəstəliklə bağlayır;

- Panik pozuntu və təşviş pozuntusu ortaya çıxır;

- Müalicə başlanıldığı ilk mərhələdə depressiya olması riski artır;

- Onkoloji problemə bağlı orqan itkisi depressiyanı şiddətləndirir;

- Xəstə alkoqol, asılılıq yaradan maddə istifadəsi kimi riskli davranışlara yönələ bilər.

Onkoloji xəstələrə xəstəlik haqqında reallığı demək lazımdır yoxsa bilməməlidir?

Bu son dərəcə böyük müzakirələrə səbəb olan məsələdir. Xəstənin və yaxınlarının diaqnozla bağlı məlumatlandırılması, müalicə seçimlərini bilməsi xəstənin adaptasiya olmasına yardım edir. Əslində hər insanın xəstəliyi haqqında gerçəyi bilməsi təbii və təməl haqqıdır. Xəstəyə müalicə seçimlərinin açıqlanması və terapiya proqramının təqdim olunması xəstəliyi qəbullanmasını asanlaşdırır. Bəlkə də əsas məqam problemi deyib-deməmək deyil, necə demək olmalıdır. Xəstənin ümidini zədələmədən reallığın qəbul olunmasına çalışmaq zərif balans daxilində tənzimlənməlidir. Digər tərəfdən xəstə məlumatlanmadığı təqdirdə qeyri-verbal ünsiyyət və problemə bağlı ünsürlər səbəbindən müəyyən narahatlıq olduğunu hiss edə bilər. Xəstənin problemə adaptasiyasında şəxsiyyət strukturu, duyğusal yetkinlik səviyyəsi, problemlə mübarizə qabiliyyəti xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda həkimin yanaşması və təcrübəsi də bu məqamda mühüm rol oynayır.

Xəstənin onkoloji diaqnoza reaksiyası necə olur?

- İlkin mərhələdə ən çox rastlanılan reaksiya şok olma, inanmama, “niyə mən?” sualıdır. Buna görə də psixoloji istiqamətdən hazırlanması, sosial və duyğusal dəstəyin təmin olunması, problemin tədricən deyilməsi daha doğru olar;

- Daha sonra aqressiya və depressiya formalaşır. Nələr olacağı haqqında qeyri-müəyyənlik, gələcəklə bağlı narahatlıq hissi, çarəsizlik, olduğu mühitdən uzaqlaşma ilə bağlı düşüncələr bu mərhələdə əsas ünsürlərdir. İnsan güvən və balans axtarmağa çalışır.

- Üçüncü mərhələ xəstənin reallığı qəbul edib, enerji və ruhi gücünü yeni həyata yönəltdiyi adaptasiya dönəmidir. Xəstə müalicəylə bağlı ümid bəsləməyə başlayır və mübarizə aparır.

Bəzən öz-özümdən niyə bizim başımıza gəldi deyə soruşuram. Bu vəziyyətdə nə etməliyəm?

Əvvəlcə “bu xəstəlik niyə məni tapdı?”, “bu qədər insan varkən niyə bizim başımıza gəldi” kimi heç bir nəticə verməyən, faydası olmayan, əksinə sizi yoracaq, zamanınızı və əhvalınızı korlayacaq sual və düşüncələrdən uzaqlaşmalısınız. Bu sualların nə xəstəyə, nə də xəstə yaxınlarına hər hansı bir faydası yoxdur. Ona görə də enerjimizi bu suala cavab axtarmaqla tükətməyək. İlk öncə xəstə yaxınları güclü olmalıdır ki, mübarizə gücünü xəstəyə aşılaya bilsin. Həmişə hər xəstəliyi qalib gələ biləcək qədər gücümüz olduğunu ağlımızda saxlamalıyıq.

Kimya terapiya xəstənin psixologiyasına necə təsir göstərir?

Onkoloji xəstəliklə bağlı tətbiq olunan kimyaterapiya uzun müddəti əhatə edən və xəstənin dəfələrlə xəstəxanaya getməsinə və müəyyən analizlərdən keçməsinə səbəb olan ağır müalicə üsuludur. Xəstənin psixoloji vəziyyəti, xəstəliyinin fərqində olması, dərmanların yan təsiri kimi bir çox faktorlara bağlı olaraq mənfi istiqamətə dəyişə bilər. Bundan başqa xəstəliyə bağlı şikayətlərin ağırlığı da xəstəyə mənfi təsir göstərə bilər. Xüsusən də xəstəxanada yataraq kimyaterapiya alan xəstələrdə rastlanılan psixoloji narahatlıqlar daha çoxdur. Çünki xəstəxanada yataraq müalicə alan xəstələrdə təşviş və depressiv epizod əlamətləri mütəmadi müşahidə olunur.

Radioterapiya (şüa terapiyası) xəstənin psixologiyasına necə təsir göstərir?

Radioterapiyanın tətbiqi xəstədə yeni narahatlıq və qorxular yarada bilər. Sümük iliyinin təzyiqə məruz qalması və infeksiya riskinə bağlı olaraq məcburi izolyasiya xəstənin psixologiyasına təsir göstərir. Bu mərhələdə xəstənin daha çox yaxınlıq və qayğıya ehtiyacı var.

Onkoloji xəstələrin müalicəsi rahat və çoxluq olmayan mühitdə, xəstənin həkimi ilə ünsiyyəti zamanı narahatlıqlarını rahatlıqla bildirəcəyi zamanın ayrıldığı məkanlarda olmalıdır. Bu məqamların olması və tibbi heyətin xüsusi qayğısı xəstənin stressinin azalmasına kömək edir.

Uzun müddət davam edən stress, orqanizmdə adrenalin və kortikosteroid kimi stressə səbəb olan hormonların miqdarını artıraraq həzm sistemində problelərin yaranmasına, orqanizmin özünü müdafiə və onkoloji xəstəliklə bağlı mübarizə bacarığının azalmasına səbəb olur.

Psixoloji yardım nəyə kömək edəcək?

Psixoloji yardım vasitəsilə xəstənn zədələnmiş mənlik dəyəri korreksiya olunur. Yeni həyat planı və gələcəklə bağlı planları formalaşdırılır. Keçmişdəki güclü tərəfləri yenidən qazandırılır və xəstəyə mübarizə etmə yolları dəstəklənir. Bənzər problemləri olanlarla aparılan qrup terapiyaları, xəstəliyə qalib gəlmiş insanla görüşlərin təşkili terapiyaya kömək edir. Həmçinin psixoterapiya vasitəsilə depressiv göstəricilər azaldılır, həyat keyfiyyətləri yüksəldilir. Onkoloji xəstəlik ailə xəstəliyi olaraq təsnifatlandırılır. Xəstənin ailəsində də stress və depressiya səviyyəsi xəstənin göstəriciləri ilə paralel olur. Son tədqiqatlarda melanxoliklərdə onkoloji xəstəliyin daha çox olduğu müəyyənləşdirilmişdir. Həmçinin depressiv xəstələr və depressiv epizod keçirən insanlarda da xəstəliyə tutulma riskinin yüksək olduğu qeyd edilmişdir.

Ümumiyyətlə, onkoloji xəstələrdə tibbi, psixiatrik, sosial və psixoloji yardım eyni səviyyədə, paralel şəkildə tətbiq olunmalıdır.

Heç vaxt ümidimizi itirməməliyik. Nə baş versə də həyata daima pozitiv gözlə baxmalı, hər şeyi müsbət düşünməli, hazırkı durumumuzdan daha ağır vəziyyətdə yaşayan insanların ola biləcəyini unutmamalıyıq!

Nərmin Quliyeva

pcc.az

 

Go Back

Sorğu göndər