Düşüncə Jurnalı

header photo

TƏŞVİŞLİ NEVROTİK POZUNTU

14-09-2016

Təşviş

Təşviş hər zaman mənfi deyil. Stressli vəziyyətlərdə diqqətinizi fokuslamağa və motivə olmanıza kömək edir. Lakin təlaş və qorxu həyat keyfiyyətlərinizə mane olmağa başlayırsa, bu halda təşviş problem olaraq dəyərləndirilir.

Təşvişli nevrotik pozuntunu anlamaq

Təzyiq altında və ya stress situasiya ilə qarşılaşdıqda narahatlıq, gərginlik və qorxu hisslərini keçirmək normaldır. Təşviş orqanizmin təhlükəyə qarşı verdiyi təbii reaksiyasıdır. Sağlam təşviş diqqətimizi toplamağa və oyanıqlıq vəziyyətinin qorunub saxlanmasını asanlaşdırır, hərəkətə keçirir və problemlərimizi həll etməmiz üçün motivasiya yaradır. Ancaq təşviş həyatınıza və münasibətlərinizə təsir göstərməyə başlayıbsa bu sizin normal təşviş sərhəddini keçdiyinizi və təşvişli nevrotik pozuntunun hüdudlarına daxil olduğunuzu göstərir. Təşvişli nevrotik pozuntu olduğunu düşünürsünüz? Əgər aşağıdakı simptomlardan bir neçəsini yaşayırsınızsa və bunları aradan qaldırmağın çətin olduğunu fikirləşirsinizsə, deməli təşvişli nevrotik pozuntunun olması barədə düşünə bilərsiniz:

  • Davamlı gərgin və narahatsınız?
  • Bu hal iş, məktəb və ailə məsuliyyətlərinizi yerinə yetirməyinizə mane olur?
  • Sizi əsəbləşdirən qorxularınız var və bunlardan xilas ola bilmirsiniz?
  • Bəzi şeyləri etmədikdə pis bir hadisə baş verəcəyini düşünürsünüz?
  • Sizi narahat etdiyi üçün gündəlik fəaliyyətlərdən uzaqlaşırsınız?
  • Anidən ürək döyüntülərinizin artmasını hiss edirsiniz?
  • Hər yerdə nəsə təhlükə və fəlakət olduğu düşüncəniz var?

Təşvişli nevrotik pozuntunun duyğusal simptomları:

  • Narahatlıq və gərginlik duyğuları
  • Fəlakətə köklənmə
  • Hər an nəsə pis hadisə baş verəcəyi duyğusu
  • Ən neqativ vəziyyəti düşünmə

Təşvişli nevrotik pozutunun fiziki simptomları:

Təşviş hissdir. Orqanizmin “mübarizə apar ya da qaç” reaksiyasına bağlı olaraq təşviş bir çox fiziki əlaməti ehtiva edir. Bu fiziki simptomlara əsasən bir çox insanlar nevrotik pozuntunun tibbi xəstəlik olduğunu düşünürlər. Təşvişli nevrotik pozuntu diaqnozu qoyulana qədər bir neçə həkimə müraciət edirlər.

  • Ürək döyüntüsü
  • Tərkəmə
  • İshal
  • Nəfəs darlığı
  • Titrəmə
  • Əzələlərdə gərginlik
  • Baş ağrısı
  • Halsızlıq
  • Yuxusuzluq

Təşvişli nevrotik pozuntunun terapiyası

Əgər atak keçirməkdən qorxduğunuz üçün müəyyən yer və situasiyalardan qaçırsınızsa, mütəxəssisə müraciət etməyiniz mütləqdir. Təşviş tutmaları tam olaraq korreksiya edilir və 5-8 seans müddətində prosesi nizamlamaq mümkündür.

Təşvişli nevrotik pozuntu zamanı nələri edə bilərik?

Tez-tez narahatlıq yaşayan insanlarda nevrotik pozuntu olmur. Daha çox işləmək, yuxusuzluq və ya idmandan uzaq olmaq, ev və ya işdəki stress, hətta çoxlu miqdarda qəhvə qəbulu sizdə təşviş yarada bilər. Nəticədə, nevrotik pozuntuya bağlı olmayan, həyat tərzindən qaynaqlanan durum stress və təşviş hisslərinizi artıra bilər. Əgər hədsiz dərəcədə təşviş hissi keçirirsinizsə, özünüzə nə qədər zaman ayırdığınızı nəzərdən keçirin:

  • Hər gün istirahətə nə qədər zaman ayırırsınız?
  • Orqanizmin tələb etdiyi duyğusal dəstəyi ala bilirsiniz?
  • Şəxsi gigiyenanıza diqqət ayırırsınız?
  • Məsuliyyətiniz çoxdur?
  • Ehtiyacınız olduğu təqdirdə kömək istəyirsiniz?

Başqa insanlara etibar edəcəyiniz məsuliyyətləriniz ola bilər. Çalışın ətrafınızda güvənəcəyiniz insanlar olsun. Narahatlığınız haqqında sadəcə danışmaq belə onların qorxuducu olmadığını göstərir.

Təşvişli nevrotik pozuntunun aradan qaldırma yolları

1) Neqativ düşüncələrə meydan oxuyun

Narahatlığınızı qeyd edin. Təşviş keçirdiyiniz zaman həmin andakı hisslərinizi dəftərə qeyd edin. Yazmaq düşünməkdən daha çətindir. Beləliklə, neqativ düşüncələrin aradan qaldırılması ehtimalı artır.

Özünüzə təşviş saatı yaradın: hər gün 10-20 dəqiqəlik təşvişiniz üçün fəda etdiyiniz “təşviş zamanı”nı müəyyənləşdirin. Bu zaman daxilində sadəcə neqativ və sizdə narahatlıq yaradan düşüncələrə köklənin. Lakin günün digər saatlarında bu barədə qətiyyən düşünməyin. Gün ərzində narahat düşüncələr sizi narahat edərsə, onları dəftərə qeyd edin və “təşviş saatı”nda bu barədə düşünün.

2) Özünüzə diqqət edin

  • Rahatlama texnikalarından istifadə edin: davamlı olaraq istifadə olunan mərhələli əzələ rahatlama və diafraqma nəfəsi alma kimi texnikalar təşviş simptomlarını azaldır. Sağlam qidalanın: günə səhər yeməyi ilə başlayın, gün ərzində tez-tez və az-az yeyin. Uzun müddət yemək yeməmək qanda şəkərin miqdarının azalmasına gətirib çıxarır və bu da zamanla təşviş səviyyəsini artırır.
  • Alkoqol və nikotin istifadəsini azaldın: çünki hər iki vasitənin istifadəsi sizdə təşviş yarada bilər
  • Davamlı olaraq idmanla məşğul olun: idman təbii stress azaldıcı və narahatlığın təbii aradan qaldırma üsuludur. Daha yaxşı nəticə almaq üçün hər gün 30 dəq zamanınızı idmana ayırın.
  • Yuxunuza diqqət göstərin: yuxu azlığı narahat düşüncə və duyğuların yaranmasına təkan verir. Buna görə də gecə 7-9 saat yatmağa xüsusi diqqət göstərin

Nə vaxt mütəxəssis yardımı almalısınız?

Əgər təşviş və narahatlığınız həyat keyfiyyətlərinizə təsir göstərəcək səviyyədə yüksəkdirsə, mütləq şəkildə psixoloji yardım almalısınız. Əks təqdirdə proses irəlilədikcə digər psixoloji narahatlıqların yaranmasına zəmin ola bilər. Seans müddətində təşvişli nevrotik pozutunun dərəcəsi müəyyənləşdirildikdən sonra ehtiyac görüldüyü təqdirdə paralel şəkildə həkim-psixiatr təyinatı ilə farmakoterapiya tətbiq oluna bilər.

Təşvişli nevrotik pozuntu zamanı psixoterapiya

Bihevioral terapiya ən çox istifadə olunan texnikalardan biridir. Problemin əsas mənbəyini yaradan psixoloji konflikt və keçmişdə yaşanmış problemlərə köklənərək əsas səbəbləri üzə çıxarmağı hədəf götürür. Təşvişin aradan qaldırılması istiqamətində bihevioral terapiya 5-20 həftəlik seanslarla davam edir.

  • Koqnitiv-bihevioral terapiya: davranışla yanaşı düşüncələrə fokuslanır. Təşviş yaradan, qeyri-iradi düşüncə qəliblərini tanımanıza və onlara meydan oxumanıza kömək edir.

Nərmin Quliyeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər