Düşüncə Jurnalı

header photo

Uşaqlarımız və din

07-11-2013

Mücərrəd mövhum olduğu üçün uşağa Allah qavramının öyrədilməsi zamanı müəyyən çətinliklər yarana bilər. Hər ailənin dini yaşayışı müxtəlif olduğundan uşağın Allahı anlaması da fərqli olur. Dinin, insanların həyatında önəmli yeri var. Bu səbəbdən də böyüklərin yaşayış tərzi, dinə münasibəti evdə böyüyən uşaqlara da təsirini göstərir. Uşaqların dini fikir və hisləri də onların gündəlik həyatlarına, insanlarla münasibətinə nüfuz edir. Xüsusilə, məkəbəqədər dövrdə uşaqlar (xüsusi dini təhsil almasalar da) valideyn və nənə babalarının təsiri ilə müəyyən dini biliklərə yiyələnirlər. Məktəbəqədər dövrdə nənə-babanın təsiri çox böyük və danılmazdır.
Uşaqlara Allah qavramını öyrədərkən, müsbət şeylərdən bəhs etmək yaxşı nəticələrə gətirib çıxarar. Bəhs etdiyimiz müsbət maraq yaratma ailənin dini yaşayışı ilə sıx bağlıdır. Əgər ailədə təzyiq yaradan, doğru olmayan bir dini mühit varsa, uşaq dinə yaxınlaşır kimi görünsə də, müəyyən vaxtdan sonra onlarda müqavimət yarana bilər. Məsələn, bəzən ailələr intizam yaratmaq üçün uşaqlarda Allah qorxusu yaradırlar. Bu istiqamətdə “Allah səni daşa çevirər”, “Allah səni vurar” kimi ifadələrdən istifadə edirlər. Amma bu, həm intizam baxımından, həm də Allahı öyrənmə baxımından düzgün deyil. Yəni dini inancın bazası qorxu olarsa, gələcəkdə bu, uşaqların daha üsyankar olmasına gəirib çıxara bilər.
9-10 yaş yaşında uşaqlarda dini təsəvvürlər artıq tam formalaşır. Övladı olan hər bir ana bu yaşda uşağına “səncə Allah nəyə bənzəyir?” sualını verərək onun fikirlərini öyrənə bilər. Əgər Allahı ağsaqqallı, gülərüz bir insan kimi təsəvvür edirsə, - müsbət, əsəbi və sərt ifadəli kimi təsəvvür edirsə, - mənfi təsəvvürün formalaşdığı müəyyənləşir.
Allah, yaxud da inanc qavramının uşağa düzgün öyrədilməsi onun bəzi problemlərinin həllində də köməkçi ola bilər. Allah inancını güvən verici ailədə yaşayan və öyrənən uşaq bəzi sıxıntıları aradan qaldırarkən bu inancdan dəstək alırlar. Yəni güvənsizlik və ya yaşına uyğun qarşılaşdığı sosial problemlərin həlli zamanı Allaha inancı, dua etməsi ona mənəvi dəstək verir. Ancaq ana və atalar uşağa dua etməyi öyrədərkən Allahı hər diləyi qəbul edən kimi göstərməməlidirlər. Çünki bu, sonralar uşaqda müəyyən inamsızlıq formalaşdıra bilər. Onun yerinə “Sən sidq ürəkdən dua et, Allah sənin üçün nə xeyirlidirsə onu yerinə yetirəcək” demək daha yaxşıdır.
Aparılan statistik araşdırmalara görə, dua etmək imtahan zamanı uşaqları daha rahat və səmərəli edir. Daha sonrakı yaşlarda, xüsusən, yeniyetməlik çağında gənclər arasında son illərdə artan bir çox problemlər, o cümlədən – intiharın qarşısını almaq istiqamətində dini inanc çox təsirli ola bilər. Xüsusilə, İslam dinində intihar etmək günah olduğu üçün Allah anlamının uşaqlara düzgün anladılması mühüm və vacibdir.

Narınc Rüstəmova
Psixologiya və Konsultasiya
Mərkəzinin rəhbəri, psixoloq

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.