Düşüncə Jurnalı

header photo

Blog posts : "ORXAN Fərəcli"

Epilepsiya tutması keçirən şəxsə yardım

Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir. Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır. Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır. Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır. Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç bir köməyi yoxdur. Epilepsiya tutması zamanı göstərə biləcəyimiz tək yardım maksimum soyuqqanlı olmaq və xəstənin başını tutaraq çiyni üzərində saxlamağa çalışmaqdır. Əksər hallarda tutma 5-10 dəqiqə davam edir və öz-özünə keçib gedir.

Tutmadan sonra şəxs özünü yorğun və yuxulu hiss edə bilər. Əgər tutma yenidən təkrarlanarsa yaxud tutmanın müddəti 10 dəqiqədən cox davam edərsə mütləq təcili yardım xidmətinə (103) müraciət etmək lazımdır. Epilepsiya zamanı istifadə olunan metod dərman müalicəsidir. Dərmanlar ixtisaslı həkim tərəfindən xəstənin fərdi xüsusiyyətləri, çəkisi, boyu nəzərə alınmaqla təyin edilir. Dərmanların bəlli bir dozada və düzgün qəbul edilməsi vacib şərtdir.

Qeyd edək ki, dünyada hal-hazırda 40 milyona yaxın epilepsiya xəstəsi var. Onlara ruhi xəstə kimi baxılmalıdır. Epilepsiya sinir xəstəliyidir və onlarda əsla zəka geriliyi olmaz. Epilepsiya müxtəlif səbəblərə görə yarana bilər. Buna ananın hamiləlik zamanı keçirdiyi infeksion xəstəliklərdən tutmuş doğuş zamanı yaşanmış travmaları, keçirilən kəllə - beyin zədələnmələri səbəb ola bilər.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin klinik psixoloqu Orxan Fərəcli

 

Go Back

Antidepressantlar asılılıq yaradırmı?

Əhali arasında antidepressantlar haqqında bəzi səhv fikirlər yayılıb. Bu səbəbdən də antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edirik:

- Antidepressant dərmanlar insanda süni bir xöşbəxtlik yaratmır. Tam tərsinə beyində pozulmuş müvazinatı yenidən bərpa edir. Bu dərmanlar sağlam insanlara təsir etmir.

- Antidepressant dərmanların təsiri gec başlayır (2-4  həftə), hərdən dərman qəbul etməklə depressiya sağalmaz.

- Antidepressantların qəbulunu həkim nəzarəti olmadan qəfildən kəsmək olmaz. Sağlamlığınızı əldə etsəniz belə, dərmanı 6 aydan tez kəsmək olmaz.

- Antidepressant dərmanlar asılılıq yaratmır.

 

- Pasientin əlavə çəki alma (kökəlmə) riski demək olar ki, yoxdur.

- Ürək, qaraciyər, mədə-bağırsaq sisteminə heç bir ziyan vermir.

- Antidepressantların heç bir narkotik təsiri yoxdur. Bəzən yuxululuq və keyləşmə kimi hisslər dərmanı yeni qəbul etdikdən sonra olsa da, bu hisslər ən uzağı 5-7 gün sonra keçib gedir.

Antidepressantlar nədir? Antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəlikərin müalicəsində ilkin seçim peraparatlarıdır. 30-dan çox ayrı-ayrı forması olmasına baxmayaraq, əsas 4 geniş qrupu var. Antidepressant dərmanların təsir mexanizmi tam aydın olmasa da, bunu izah edən əsas nəzəriyyə beyindəki “xoşbəxtlik hormonu” dediyimiz serotonin və noradrenalin maddəsinin miqdarının artırmasına əsaslanır. Serotonin və noradrenalin beyində sinirlər arasında əlaqəni təmin edən maddələrdir.

Bəs hansı hallarda biz dərman qəbul etməliyik? Təbii ki, hər dəfə əhvalımız aşağı olduqda, beynimizə istəmədiyimiz fikirlər gələndə dərman qəbul etməməliyik. Dərman o halda təyin edilir ki, əhvalsızılıq hissi, depressiv əlamətlər 2 həftədən çox davam edir, intihar barədə fikirlər pasiyentimizi narahat edir.

Antidepressantlarla müalicə qəbul edən xəstələrin 3 aylıq müalicənin sonunda 50-60 % da ciddi mənada yaxşılaşma qeyd olunur.

Antidepressantların əlavə təsirləri varmı? Vitaminlərdən tutmuş antibiotiklərə qədər hər bir dərman qrupunun əlavə və yan təsirlərinin olduğu kimi antidepressantların da bəzi əlavə təsirləri var. Ancaq bu dərmanlar həkim nəzarətində qəbul edildiyində qeyd etdiyimiz əlavə təsirlər ya heç olmur, ya da həddindən artıq qısa bir müddətə aradan qalxır. Adətən əlavə təsirlər müalicənin ilk həftəsində ortaya çıxır. Ağız quruluğu, qəbizlik, əllərdə yüngül əsmə, baş gicəllənməsi, cinsi həvəzsizlik, orqazm gecikməsi kimi əlamətlər tez- tez rastlaşdığımız əlamətlər olsa da, bu əlamətlər dərman kəsildikdən sonra sürətlə aradan qalxan problemlərdir. Dərman qəbulunun ilk günlərində baş gicəllənmə, diqqət yayınıqlığı olduğu üçün avtomobil idarə etməkdən, cihaz və dəzgahlarda çalışan insanların isə işdən 2-3 gün uzaq durmaları tövsiyyə edilir.

Yuxarıda da qeyd etdiyimiz kimi bu qrup dərmanlar alkoqol, nikotin, digər narkotik maddələr kimi heç bir asılılıq (öyrəşmə) yaratmır. Bəzi insanlarda dərman kəsilməsindən sonra ortaya çıxan halsızlıq, əsəbilik, bədəndə uyuşma hissi zamanla öz-özünə aradan qalxır. Həkim tərəfindən tərtib olunan və ya tövsiyyə olunan dərman kəsmə cədvəli və ya sxemi ilə yuxarıda qeyd etdiyimiz əlamətləri minimuma endirmək mümkündür.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC) - nin

klinik psixoloqu  Orxan Fərəcli

 

Go Back

Kişilərdə erkən boşalma

 

Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsi ilə 90-95 faiz tam aradan qalxan problemdir.


Erkən boşalma nədir?

Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibbdə erkən boşalmaya xəstəlikdən daha çox bir adaptasiya problemi olaraq baxılır. Yəni ailələrin bu problemi yaşamalarına səbəb xəstəlikdən daha çox cinsi həyatlarına uyğunlaşa bilməmək, onu idarə edə bilməməkdir.

Niyə tez boşalma olur?

Cinsi həyat haqqında çox ciddi tabularımızın, olduqca mühafizəkar əxlaq normalarının olduğu bir cəmiyyət olmağımız heç kəsə sirr deyil. Məhz bu səbəblərdəndir ki, cinsi həyat haqqında informasiyalar yanlış, yaxud da yetərsizdir. Erkən boşalma probleminin ən böyük səbəbi uşaq yaşlarında edilən masturbasiya (öz-özünü əl ilə boşaltma), həmin anda tutulma qorxusu və yaxalanmadan tez boşalaraq həzzi yaşayım düşüncəsi olmuşdur. Bundan başqa “partnyorum mütləq məndən razı qalmalıdır” düşüncəsi, partnyora hədsiz emosional bağlılıq, pul müqabilində edilən cinsi əlaqələr də erkən boşalmanın yaranma səbəbləri arasındadır.

İdeal cinsi əlaqə nə qədər davam etməlidir?

Həkim olaraq bizə tez-tez verilən suallardan biri də məhz cinsi əlaqənin ideal müddətinin nə qədər olması ilə bağlıdır. Qeyd edim ki, bu, olduqca individualdır, şəxsə, münasibətə, məkana, zamana görə dəyişən bir rəqəmdir. Bəzi cütlüklər üçün 1 dəqiqə kifayət etdiyi halda, digərləri üçün 12-15 dəqiqə kifayət etməyə bilər.

Tibbi təcrübədə erkən boşalma probleminin dərəcəsini müəyyən etmək üçün bəzi standartlar qəbul olunub. Əgər cinsi əlaqə başlamadan boşalma baş verirsə, bu, ağır dərəcəli olaraq təsnif edilir.

Aktiv cinsi əlaqə başladıqdan 1 dəqiqə və ya daha tez boşalma olursa, bu, orta dərəcəli hesab olunur.

1-5 dəqiqə arasında boşalma aktı olarsa, bu, erkən boşalma adlanır. Nəzərinizə çatdırım ki, bu problemdən əziyyət çəkənlərin 70 faizi 1-5 dəqiqə arasında boşalan insanlardır.

Erkən boşalmanın müalicəsi varmı?

Əgər sizin orqanizminizdə erkən boşalmaya səbəb olacaq digər tibbi problemlər yoxdursa (böyrək, prostat və sair), heç bir dərman istifadə etmədən psixoterapevtik texnikalar vasitəsi ilə probleminizi aradan qaldırmaq mümkündür. Bəzən insanlar gec boşalmaq üçün müxtəlif dərmanlardan, spreylərden istifadə edirlər. Bu tip dərmanlar həmin cinsi akt üçün kömək etsə də, problemi kökündən həll etmək iqtidarında deyil. Problemin aradan qalxmasını, normal cinsi həyatınızın olmasını istəyirsinizsə, bunu kökündən həll etməlisiniz.

Ailem.az

Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı

 

Go Back

Panik atak

Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək özlərini müayinə etdirir, evdə olarkən təzyiqlərini ölçdürüb, əlləri ilə nəbzini və ya ürək döyüntülərini yoxlayırlar.

Pani̇k atakın əlamətləri̇:

Panik atakın təxminən 13 əlaməti var. Bu əlamətlərin
4 və ya daha çoxunun olması xəstədə panik atakın
olmasına işarə edir.
1 - Ürək döyüntülərinin sayının artması
2 - Tərləmə
3 - Titrəmə
4 - Boğulma
5 - Nəfəsin kəsilməsi
6 - Sinədə ağrı
7 - Ürək bulanması və ya qarında ağrı
8 – Gözlərin qaralması, başın fırlanması,
huşun itməsi
9 - Ətrafı hiss etməmək (sanki hər şeyi
yuxuda görür)
10 - Özünə nəzarəti itirmək
11 - Ölüm qorxusunun yaranması
12 - Bütün duyğuların ölməsi
13 - Eyni zamanda bir neçə hissi
yaşamaq (üşütmə, tərləmə və s.)

Panik atakın yaranma səbəbləri


Əksər hallarda səbəbsiz olaraq və ya hansısa kiçik bir qorxu hissindən yaranan panik atakın səbəbi kimi beyindəki serotoninin əskikliyi göstərilir. Cəmiyyətdə panik atak narahatlığıyla qarşılaşma faizi 1.5- 3% arasında dəyişir və xəstələrin ¾ -nü qadınlar təşkil edir. Panik atakda qohumluq faktoru olmasa da birinci dərəcəli yaxınlarda bu xəstəliyin müşahidə olunma riski digər şəxslərlə müqayisədə 4-7 qat daha çoxdur.

Müalicəsi

İlk öncə xəstədə paralel olaraq hanısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyasi ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.

Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.

Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.

Panik tutma zamanı nə etmək lazımdır?

Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan sakit bir şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz tövsiyyə edilmir.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC) - nin həkim psixiatrı
Orxan Fərəcli

Go Back

Sosial Fobiya

İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.
Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də social əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.
Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir.Yeri gəlmişkən qeyd edim ki, bu tip xəstələr spirtli içkilər qəbul edərkən özlərini nisbətən rahat hiss etdikləri üçün tez –tez alkoqolizmdən də əziyyət çəkə bilərlər.

Sosial fobiyanın əlamətləri:
Sosial fobiya xəstəliyində qorxu yaradan vəziyyətlə üz – üzə gəldikdə ilk öncə həyəcanın somatik əlamətləri özünü biruzə verməyə başlayır. Bunlar üzün qızarması, ürəkdöyünmə, tərləmə, ağız quruluğu, boğulma, əzələ gərginliyi və ayaqyoluna getmək istəyi ola bilər. Bu anda insanın beynindən keçən “mənim üzümün qızarmağını, əlimin titrəməsini hamı gördü, mən xmağam, mən çox zəifəm, mən səhv etməməliyəm, mən mükəmməl olmalıyam” kimi düşüncələrdir. Bu düşüncələr insanın daha da həyəcanlanmasına gətirib çıxarır.
Sosial fobiyalı xəstələr tez-tez “qaçınma davranışları” edirlər ki, bu davranışlarla onlar özlərini “sakit etməyə və qorumağa” çalışırlar. Həmin davranışlar bunlardır: insanlar çox olan yerlərdən uzaq durmaq, tanımadığı yerlərə müxtəlif bəhanələrlə getməmək, dərs zamanı ən arxa partada oturmaq, sifətinin qızarmasını gizlətmək üçün iri yaxalıqlı köynəklərdən istifadə etmək.

Səbəbləri nədir?
Ailəsində və ya yaxın qohumları arasında sosial fobiyası olan insanaların bu xəstəliyə tutulma riski daha yüksəkdir. Bununla belə müasir elmi nəzəriyyəyə görə beyindəki serotonin adlandırdığımız maddənin azalması da bu problemi yarada bilər. Eləcə də əvvəllər utanc verici bir vəziyyətə düşmüş şəxslərdə də bu problem ola bilər. Məsələn, lövhə qarşısında dərs danışarkən səhv etmiş, bu səbəbdən də sinif yoldaşlarının gülüş hədəfinə çevrilmiş uşaq sifət qızarması, əl titrəməsi yaşayıb. Gələcəkdə bu hal hər dəfə lövhə qarşısında heç bir səbəb olmadan da təkrarlana bilər.

Sosial fobiyaya qalib gəlmək olarmı?
Bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiya dərman terapiyası və psixoterapiya vasitəsi ilə müalicə olunur. Müalicənin ilk günlərində yüngül ürək bulanması, baş ağrıları və digər problemlər yaransa da qısa müddət ərzində keçir.Bu dərmanlar asılılıq yaratmır. Dərmanın təsirini gözləmək üçün 2 həftə lazım ola bilər. Müalicə müddəti 6-8 ay davam edə bilər.

Sosial fobiyanız varmı?
Bu test vasitəsilə sosial fobiyanın əlamətlərinin olubolmadığını öyrənə bilərsiniz.
1.İnsanların diqqət mərkəzində olmağından qorxursunuz?
2.Başqalarının qarşısında gülünc vəziyyətə düşməkdən qorxursunuz?
3.Aşağıdakı vəziyyətlərin hər hansı birindən uzaq durmağa çalışırsınız?
- Kütlə qarşısında danışmaq;
- Nüfuzlu şəxslər qarşısında çıxış etmək;
- İnsanların sizi müşahidə etməsi;
- Başqalarının qarşısında yemək yemək, içmək və ya yazı yazmaq;
- İctimai yerlərdə görüşlər.
4. Yuxarıda qeyd edilən vəziyyətlərlə üz-üzə qalanda hədsiz dərəcədə qızartı, titrəmə, sıxıntı, ürək bulanma hissinə qapılır və ya qəfil ayaqyoluna getmək hissi duyursunuz?
Əgər 1,2 və ya 3 nömrəli sualların hər hansı birinə “BƏLİ” cavabını verirsinizsə, sizdə social fobiya ola bilər.
Əgər 4 nömrəli suala “BƏLİ” cavabı verirsinizsə, dəqiq demək olar ki, sosial fobiyadan əziyyət çəkirsiniz.

 

Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin həkim psixiatrı
Orxan Fərəcli

Go Back

Yuxusuzluğa klinik yanaşma

Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu, panik atak kimi xəstəliklərlə yanaşı ikincili olaraq rast gəlinir.
Yuxu pozuntuları özünü bir çox formalarda göstərir. Daha tez-tez rast gəldiyimiz yuxuya getmədə çətinliklər və yuxunun keyfiyyətinin aşağı olmasıdır. Bunlardan başqa yuxuda qorxu sindromu, qorxulu yuxular, narahat ayaq sindromu, yuxu apnoyesi (tənəffüsün ani dayanması - daha çox xoruldayan insanlarda olur) kimi yuxu parasomniyaları məlumdur.
İnsomnia diaqnozunun qoyulması üçün xəstədən ətraflı məlumat toplanmalıdır. Belə ki, yaxın qohumlarda belə bir problemin olub-olmamasından tutmuş bu problemin nə vaxt başladığını, nə qədər davam etdiyini, artıb azalmaların olub – olmadığına qədər dəqiqləşdirmək lazımdır. Bundan başqa, xəstənin orqanizmində hər hansı digər tibbi problemlərin olub-olmamasını da araşdırmaq lazımdır (məsələn, xroniki ağrılar, qaraciyər problemi, allergik reaksiyalar və s). Eləcə də xəstənin yuxuya getməsinə mane ola biləcək spirtli içki qəbulu, narkotik maddədən istifadə məsələlərinə diqqət yetirməli, yataq otağının havalandırılmasına, otaqda pis qoxuların olmasına, səs - küyə, işıqlandırmanın hansı səviyyədə olmasına fikir verilməlidir.

Klinik praktikada tez-tez rast gəldiyimiz yuxusuzluq formaları aşağıdakılardır:
1.Psixofizioloji insomnia- şəxs hec bir ciddi stress yaşamamasına baxmayaraq, insan yuxuya gedə bilmir, yataqda çevrilir, ağlına müxtəlif fikirlər gəlir, keçmişi və gələcəyi haqqında dayanmadan fikirləşir. Lakin beynində əsas olan fikir, təkrar yata bilməyəcəyini düşünməkdir.
2.Kəskin insomnia – bəlli bir stressdən sonar yaranan yuxu pozuntusudur. Bu problem müəyyən bir müddətdən sonra aradan qalxır.
3.Yuxu keyfiyyətinin düzgün dəyərləndirilməməsiŞəxs gün ərzində 6- 8 saat yatmasına baxmayaraq, hər dəfə səhər oyananda heç yata bilmədiyini söyləyir.
4.İdiopatik insomnia - Gənclik illərində meydana gəlir və yuxu oyaqlıq balansının pozulması ilə özünü göstərir. Şəxslərdə gündüz yatıb əvəzində gecə yatmamaq problemi olur.
5.Pis yuxu gigiyenasına bağlı yuxusuzluq - Burada yuxunun pozulmasına yataq otağının yaxşı havalandırılmaması, ətrafında səs-küyün olması və s. kimi səbəblər təsir edir. Bu problemlər aradan qalxan kimi yuxu problemi də həllini tapır.

Dərman terapiyası
Pozulmuş yuxu funksiyasının qaydaya salınması məqsədilə istifadə etdiyimiz dərmanlar müxtəlifdir. Lakin onların hamısı üçün bəzi təsdiqlənmiş istifadə şərtləri var:
1.Dərmanlar hər gün eyni vaxtda qəbul edilməlidir.
2.Bu dərmanların yuxu məqsədilə iki aydan çox qəbul edilməsi yol verilməzdir.
3.Dərman qəbuluna bütün hallarda ən kiçik dozadan başlamaq lazımdır.

 

Go Back

Heç bir şey olmadığı halda özünüzü xəstə hiss edirsiniz?

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və bu insanlara daim ölüm qorxusu hakim kəsilir...

Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirmələrinə baxmayaraq belə adamlar yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər. Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, onlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daim sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişikliklərinə belə reaksiya verirlər.

İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez tez dərmanların təlimat qaydalarını çox diqqətlə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi öz üzərində hiss edirlər. Məhz bu səbəbdən də ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər.

Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir haldır. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi ola bilər.

Xəstəlik daha çox 20-40 və 50-70 yaş arasında olan insanlarda tez-tez müşahidə edilir. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Onlar dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Fərd birmənalı şəkildə bu cür davranışlardan qaçmalıdır. Yanaşmanı dəyişin, həyatınızı doya-doya yaşayın.

 

Psixologiya və Konsultasiya Mərkəzi
(PCC)-nin Psixiatrı
Orxan Fərəcli

Go Back

Obssesiv - Kompulsiv pozuntu

 

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər.

Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir.

Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?
OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.
Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır:
-Təmizlik - Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.
-Simmetriya - Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.
-Dini - Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər.
-Cinsi - Doğmalarına qarşı cinsi obssesiyalar.
-Ehtiyat - Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq.
Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır: 
-Təmizlik - saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə.
-Təkrar etmə - yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə.
-Sayma - binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma.
-Yoxlama - dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama.
OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır.

Orxan Fərəcli
Klinik-Psixoloq

Go Back

8 blog posts