Düşüncə Jurnalı

header photo

Panik atak

09-04-2014

Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna baxmayaraq, xəstə tutmadan sonra çox halsız və ümidsiz olur. Bu səbəbdən də evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir adamın olmağını istəyir. Eləcə də tez-tez müxtəlif həkimlərə gedərək özlərini müayinə etdirir, evdə olarkən təzyiqlərini ölçdürüb, əlləri ilə nəbzini və ya ürək döyüntülərini yoxlayırlar.

Pani̇k atakın əlamətləri̇:

Panik atakın təxminən 13 əlaməti var. Bu əlamətlərin
4 və ya daha çoxunun olması xəstədə panik atakın
olmasına işarə edir.
1 - Ürək döyüntülərinin sayının artması
2 - Tərləmə
3 - Titrəmə
4 - Boğulma
5 - Nəfəsin kəsilməsi
6 - Sinədə ağrı
7 - Ürək bulanması və ya qarında ağrı
8 – Gözlərin qaralması, başın fırlanması,
huşun itməsi
9 - Ətrafı hiss etməmək (sanki hər şeyi
yuxuda görür)
10 - Özünə nəzarəti itirmək
11 - Ölüm qorxusunun yaranması
12 - Bütün duyğuların ölməsi
13 - Eyni zamanda bir neçə hissi
yaşamaq (üşütmə, tərləmə və s.)

Panik atakın yaranma səbəbləri


Əksər hallarda səbəbsiz olaraq və ya hansısa kiçik bir qorxu hissindən yaranan panik atakın səbəbi kimi beyindəki serotoninin əskikliyi göstərilir. Cəmiyyətdə panik atak narahatlığıyla qarşılaşma faizi 1.5- 3% arasında dəyişir və xəstələrin ¾ -nü qadınlar təşkil edir. Panik atakda qohumluq faktoru olmasa da birinci dərəcəli yaxınlarda bu xəstəliyin müşahidə olunma riski digər şəxslərlə müqayisədə 4-7 qat daha çoxdur.

Müalicəsi

İlk öncə xəstədə paralel olaraq hanısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyasi ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.

Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.

Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.

Panik tutma zamanı nə etmək lazımdır?

Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan sakit bir şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz tövsiyyə edilmir.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC) - nin həkim psixiatrı
Orxan Fərəcli

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.